YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qələbə gününü səbirsizliklə gözləyirik!

   Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov

- Eldar müəllim, son günlər Azərbaycan Ordusu işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatı həyata keçirir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik...

- Təcavüzkar Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bu işğal nəticəsində 1 milyondan çox həmvətənimiz öz doğma yurdlarından didərgin düşüblər. 30 ildir ki, bu işğal davam edir. Beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən münaqişənin həlli ilə bağlı sənədlər qəbul olunsa da, Ermənistan buna məhəl qoymur. Bunun bir səbəbi də ondan ibarətdir ki, sənədlərin qəbul olunmasına baxmayaraq, onların icrası istiqamətində Ermənistana heç bir təzyiq göstərilmir. Ona görə də, Ermənistan beynəxalq hüquq normalarına məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir, həmin ərazilərdə Azərbaycana məxsus hər şeyi məhv edir.

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə işğalçı dövlət təxribatlarını daha da artırdı, faktiki olaraq danışıqlar prosesini pozdu. Sentyabrın 27-də isə səhər saatlarında işğalçı Ermənistanın hərbi birləşmələri yenidən təxribat törədərək döyüş mövqelərimizi, yaşayış məntəqələrini və dinc insanları hədəfə alaraq ağır artilleriyadan atəşə tutublar. Bu hadisəı bir daha Ermənistanın təıcavüzkar niyyətindən əl çəkmədiyini, Azərbaycana qarşı işğal siyasətini davam etmək məqsədində olduğunu bir daha təsdiqləyir. Ermənistan hakimiyyətinin, baş nazir Paşinyanın, müdafiə nazirinin və digərlərinin bəyanatları bu faktı sübut edir. Ancaq Azərbaycan dövləti, Silahlı Qüvvələrimiz işğalçılara layiqli cavab tədbirlərinə başladı. Erməni hərbi birləşmələrinin  mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb, Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Hazırda ordumuzun uğurlu əks-həmlələri davam edir. bunun nəticəsində düşmən pərən-pərənə düşüb.

- Yaranmış vəziyyətlə əlaqədar işğalçı Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Sizcə, burada təcavüzkar dövlətin məqsədi nədir?

- Məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinin nəticəsində belə hadisələr baş verir. Bir tərəfdən Ermənistanda daxili vəziyyətin böhranlı həddə çatması, digər tərəfdən Azərbaycanın son zamanlar əldə etdiyi beynəlxalq uğurlar mənfur qonşumuzu çox narahat edir. Ermənistan hərbi bölmələrinin növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Vəziyyətin bu həddə çatmasında bir başa Ermənistan günahkardır.

Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxışı zamanı işğalçı Ermənistanın yeni təxribat planları haqqında dünya ictimaiyyətini məlumatlandırdı. Dövlətimizin başçısı,  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında işğalçı Ermənistana layiqli cavab veriləcəyini bəyan etdi. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycanın işi haqq işidir. Təmas xəttində atəşkəs rejiminin pozulmasına yönələn bu kimi təxribatçı hərəkətlər Ermənistanın çirkin, məkrli və təcavüzkar siyasətinin təzahürüdür və bunun məsuliyyəti işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Dövlətimizin başçısı İlham Əliyev sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında təmas xəttində baş verən son hadisələrlə bağlı sualları əsaslandırılmış şəkildə cavablandırdı və Ermənistanın işğalçılıq siyasətini, təxribatçı hərəkətlərini bir daha ifşa etdi.

Hesab edirəm ki, hazırkı vəziyyətlə bağlı beynəlxalq birlik obyektiv münasibət bildirməli, ermənistanın təcavüzkar siyasətini pisləməlidir. Beynəlxalq təşkilatlar və dövlətlər təkçə atəşkəs çağırışı yox, Ermənistanın işğal etdiyi torpaqlarımızdan çıxmasını tələb etməlidirlər.

- Hazırkı vəziyyətdə Azərbaycan cəmiyyətində yüksək vətənpərvərlik əhval-ruhiyyəsi hökm sürür. Vətəndaşlar könüllü surətdə döyüşə gedib torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək istəklərini ifadə edirlər...

- Bilirsiniz ki, sentyabrın 28-dən ölkəmizdə hərbi vəziyyət elan olunub. Hesab edirəm ki, ölkədə hərbi vəziyyətin elan edilməsi çox doğru qərardır və butün imkanlarımız torpaqlarımızın işğaldan azad edilməsinə yönəldilib. Cəbhədən sevindirici xəbərlər davam edir. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Artıq Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Goranboy istiqamətində isə Murovdağ yüksəkliyi, eləcə digər bir sıra strateji yüksəkliklər azad olunub.

Şübhə yoxdur ki, rəşadətli ordumuz tərəfindən bu proses davam etdiriləcək və biz yeni-yeni qələbə xəbərləri eşidəcəyik. Onu da qeyd edim ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Bütün ölkə vətəndaşları cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirilər. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu  bir daha nümayiş etdirir. Bütün cəmiyyətimiz, xalqımız  bu məsələdə yekdil mövqedədir, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli ordumuza güclü dəstək nümayiş etdirir. Vətəndaşlar silaha sarılaraq torpaqlıarımızın işğaldan azad olunmasında iştirak etməyə hər an hazır olduqlarını bəyan edirlər.

Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz  Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə buna qadirdir. Tezliklə bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırıq! Həmin günü səbirsizlikə gözləyirik!