YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ermənistan ordusunun mülki insanları, yaşayış məntəqələrini hədəfə alması beynəlxalq cinayətdir

Müsahibimiz Milli Məclisin deputatı Anar Məmmədov

- Anar müəllim, son günlər Azərbaycan Ordusu təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi üçün uğurlu hərbi əməliyyatlar keçirir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik…

- Güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Hər bir xalqı dünyada tanıdan, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun silahlı qüvvələridir. Bu gün Azərbaycan Ordusu Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir. Düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir.

Torpaqlarımızın bir hissəsinin azad olunması, yüksəkliklərin ələ keçirilməsi, düşmənin hərbi obyektlərinin məhv edilməsi onu göstərdi ki, Vətənimizin hər qarışı uğrunda can verməyə hazırıq. Yetər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Azərbaycan Ordusu düşmənə vurduğu son zərbələri ilə ermənilərə nəinki dərs verdi, həm də sübut etdi ki, onların özləri barədə yaratdıqları mif “sabun köpüyü” imiş.

Azərbaycan əsgəri Azərbaycan xalqının ondan gözlədiyi nəticəni əldə etmək üçün artıq neçə gündür işğalçıları məhv etməkdə, onun Azərbaycan xalqına qarşı indiyə qədər sərgilədiyi münasibətinə son qoymaqdadır. Əsgərlərimiz əks hücum əməliyyatları ilə qısa bir müddətdə xalqımıza sevincli anlar yaşatdı. Elə ilk anlardan etibarən yeddi kəndin işğaldan azad edilməsi, iki yüksəkliyin nəzarətinin ələ keçirilməsi, daha sonra isə Cəbrayıl şəhəri və onun bir sıra kəndlərinin, strateji əhəmiyyət kəsb edən Tərtərin Suqovuşan və Talış kəndlərinin, Füzuli rayonun isə bir neçə kəndinin azad olunması çox böyük hərbi uğurdur.

Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanlar, canını fəda edənlər heç vaxt unudulmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşılır. Dövlətimizin başçısı Azərbaycan bayrağının torpaqlarımızın hər qarışında dalğalanması üçün lazım gələn bütün addımları atır, ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirməkdən ötrü böyük inam və qətiyyətlə çalışır, yurdumuzun işğaldan tam azad edilməsi üçün böyük cəsarət və əzm göstərir. Azərbaycan vətəndaşları da öz dövlətinə və Prezidentinə inanır, ona güvənir, Azərbaycan dövlətinin və Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur. Bu gün maddi-texniki bazası ardıcıl olaraq möhkəmləndirilən Azərbaycan Ordusu işğal altında olan doğma torpaqlarımızın düşmən əsarətindən azad olunacağı günü hər gün daha da yaxınlaşdırır.

- Ermənistan hərbi birləşmələri müharibə qanunlarına zidd olaraq mülki insanları, şəhərləri, mülki obyektləri hədəfə alır. Buna münasibətiniz necədir?

- Əfsuslar olsun ki, ordumuzun əks-hücumlara başladığı və şiddətli döyüşlərin getdiyi ilk gündən bəri Ermənistan tərəfi yenə də öz çirkin xislətini göstərərək mülki əhalini hədəfə alır. İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində 30-a yaxın dinc sakin həlak olub, xeyli sayda  yaralanıb. Eləcə də, çoxlu sayda yaşayış evinə, mülki obyektlərə külli miqdarda ziyan vurulub. Bütün bunlar, müharibə qanunlarına ziddir, beynəlxalq cinayətdir. Bununla da, Ermənistan tərəfi ənənəvi şəkildə yenə də belə təxribatlara əl ataraq cəbhədəki məğlubiyyətlərini mülki əhalidən qisas almaqla unutmağa çalışırlar.

Qürurverici hal isə odur ki, cəbhə zonasında yerləşən kənd və şəhərlərdə yerli əhali öz evlərini əsla tərk etmir. Onların hər biri öz dövlətlərinə və əsgərlərinə güvənir. Xalqımızın mətinliyi, dözümlüyü və Azərbaycan əsgərinin döyüş ruhu Azərbaycan gənci üçün də bir nümunədir. Erməni ordusunda fərarilik, döyüş bölgəsindən qaçmaq halları baş alıb getdiyi halda Azərbaycan qadını öz oğlunu sevinc göz yaşları ilə cəbhəyə yola salır.

Qazandığımız qələbələr, əldə etdiyimiz yüksəkliklər, hərbi sirr kimi olsa da, qarşıda əldə edəcəyimiz uğurların açarı kimi də hesab edilir. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ümid edirik ki, Azərbaycan xalqı olaraq tarixi qələbəni tezliklə qeyd edəcəyik. Azərbaycanın qələbə paradını tezliklə Qarabağda keçirəcəyik.