YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bu gün Azərbaycan cəmiyyəti illərlə gözlədiyi qələbə ovqatındadır

Müsahibimiz Milli Məclisin deputatı Kamran Bayramov

-Kamran müəllim, işğalçı Ermənistanın sentyabrın 27-dən başlanan hərbi təxribatlarına cavab olaraq ordumuz tərəfindən uğurlu əks-hücum əməliyyatları həyata keçirilir. Rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 ilə yaxındır gözlədiyi qələbə gününü yaxınlaşdırır və ərazi bütövlüyümüz təmin olunmaqdadır. Bu barədə fikirlərinizi bilmək istərdik...

-Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı parlaq zəfərlər xalqımızı sevindirməkdədir və bu gün Azərbaycan cəmiyyəti illərlə gözlədiyi qələbə ovqatındadır. Hərbçilərimizin apardıqları uğurlu əməliyyatlar nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, onlarla kənd, strateji yüksəkliklər işğalçılardan azad edilib.

Yüz minlərlə soydaşımız məcburi köçkün adı ilə vidalaşır, bir çox əzəli torpaqlarımız “işğal altında olan” damğasından azad olunur. Artıq hamı 30 ilə yaxındır ki, həsrətlə gözlədiyi Böyük Qələbənin çox yaxında olduğuna əmindir. Rəşadətli Ordumuz cəbhədən gələn hər bir qələbə xəbərləri ilə bizi addım-addım xəyallarımızdakı o günə yaxınlaşdırır.

Bu ilin iyul ayında dövlət sərhədimizin Tovuz istiqamətində dinc və mülki əhalini, eləcə də sıravi əsgərimizdən generalımıza qədər terrora məruz qoyan işğalçı Ermənistanın sentyabrın 27-də yenidən törətdiyi təxribata cavab vermək üçün Ordumuz istənilən hücuma hazır vəziyyətdə olduğunu bir daha sübut etdi. Ali Baş Komandanın hər bir əmrinə hazır olan, Onun ətrafında sıx birləşən xalqımızın ordumuzla həmrəyliyinin bir daha şahidi olduq və bu gün canlı şahidiyik.

“Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanının icrası ilə əlaqədar ölkəmizdə qismən səfərbərlik elan edilmişdir. Azərbaycan vətəndaşları, xüsusilə də gənclərimiz ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün bu gün də böyük həvəslə müraciət edirlər. Bu onu göstərir ki, xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsinə görünməmiş ruh yüksəkliyi ilə qoşulmaq niyyətindədirlər.

Əminliklə demək olar ki, Böyük Qələbəmizi yaxınlaşdıran başlıca amillər Ali Baş Komandan cənab İlham Əliyevin cəsarəti, Ordumuzun rəşadəti, xalqımızın isə həmrəyliyi və birliyidir.

-Yaranmış vəziyyətlə bağlı beynəlxalq birliyin mövqeyini necə şərh edərdiniz? Xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin proseslərə yanaşmasını necə dəyərləndirirsiniz?

-Qeyd etmək lazımdır ki, torpaqlarımızın işğal olunduğu dövrdən etibarən beynəlxalq ictimaiyyət hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunub. Eyni zamanda, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq və regional təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək müvafiq sənədlər də qəbul ediblər.

Lakin buna baxmayaraq, Ermənistan 30 ilə yaxındır ki, bu sənədlərə məhəl qoymurdu. İllər ərzində Azərbaycan məsələnin sülh yolu ilə həllinə tərəfdar olub, yarandığı vaxtdan bu günədək ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda konstruktiv mövqe nümayiş etdirib. Ermənistan tərəfi isə müxtəlif bəhanələrlə danışıqları ya uzadıb, ya boyun qaçırıb, ya da məqsədyönlü şəkildə pozub və bu gün də pozmaqdadır. Təkcə son yarım ayda humanitar atəşkəs haqqında üç dəfə əldə olunmuş razılaşmalara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələrini - Gəncəni, Bərdəni, Mingəçeviri, Naftalanı, Goranboyu, Daşkəsəni, Tərtəri, Ağcabədini, Yevlaxı, Beyləqanı və digər şəhər və rayonlarımızı mütəmadi olaraq ağır artilleriya və raket atəşinə tutmuşdur.

ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyətinə gəldikdə isə etiraf etmək lazımdır ki, onların fəaliyyəti münaqişənin ilk illərində fəal olsa da, sonradan səngiyib və təəssüf ki, heç bir nəticə verməyib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğunu vurğulasalar da, onun dəyişməsi üçün heç bir real tədbir görməmişlər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bir ayda olan fəaliyyəti və baş verən hadisələrə münasibəti isə ümumiyyətlə anlaşılan deyildir. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin raket atəşinə tutulması, beynəlxalq humanitar hüququn Ermənistan tərəfindən kobudcasına pozulması kimi faktlara bu qurum biganəlik nümayiş etdirir və sanki, bunu qəbul edir. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti və münaqişəyə münasibəti köklü şəkildə dəyişilməli, həmsədrlər məsələyə obyektiv baxış sərgiləməlidirlər.

- Sizcə, Azərbaycan Ordusunun zəfərləri Ermənistanda daxili ictimai-siyasi proseslərə nə dərəcədə təsir edir?

-Sentyabrın 27-dən erməni təxribatları ilə başlayan döyüşlərdən əvvəl də Ermənistandakı daxili ictimai-siyasi və sosial-iqtisadi vəziyyət böhran içərisində idi. Baş nazir Nikol Paşinyanın Ermənistana rəhbərlik etdiyi dövrdə isə iqtisadiyyatda çökmə daha da dərinləşdi, cəmiyyətdə əhval daha aşağı səviyyəyə düşdü. Döyüşlər başlayandan sonra onsuz da zəif büdcəsi olan Ermənistan iqtisadiyyatına çox ciddi zərbə vuruldu.

Paşinyan Ermənistan tarixində yalnız populist, təxribat dolu çıxışları ilə yadda qaldı və onun bu bərbad idarəçiliyi Ermənistan cəmiyyətində gərginliyin artmasına səbəb oldu. Əslində, Paşinyanın bu populist çıxışlarında, bəyanatlarında əsas məqsədi ölkə daxilində mövcud olan problemlərdən əhalinin diqqətini yayındırmaq və öz səriştəsizliyini gizlətmək idi. Son günlər baş verən döyüşlər göstərdi ki, Paşinyan nəinki ölkəsini, heç özünü də idarə edə bilmir. Elə xalqına ünvanladığı son müraciətləri də yalanlarla dolu idi. Amma müəyyən etiraflar da etdi ki, cəbhədə vəziyyət ağırdır, ordu böyük itkilərə məruz qalıb və Ermənistana çox böyük zərbə vurulub. Təbiidir ki, bu itkilərə görə günahkar məhz Paşinyan özüdür və yeritdiyi səriştəsiz siyasətidir.

Göründüyü kimi, Ermənistanda ciddi ictimai-siyasi böhran yaşanmaqdadır və böhran bundan sonra da dərinləşəcək. Çünki Ermənistan məğlub olan tərəfdir və heç bir əsas, səbəb gətirə bilmirlər, ancaq yalan dolu bəyanatlar verirlər ki, guya taktiki baxımdan geri çəkilirlər, amma Ermənistan cəmiyyətinə həqiqəti deməkdən çəkinirlər. Düşünürəm ki, bütün hadisələr ona gətirib çıxaracaq ki, Ermənistanda vəziyyət daha da pisləşəcək, ağırlaşacaq.