YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bütün məcburi köçkünlər bu gün böyük Qələbənin sevincini yaşayırlar

Müsahibimiz Milli Məclisin deputatı Aqil Məmmədov

-Aqil müəllim, bu gün Azərbaycan cəmiyyəti qələbə sevincini yaşayır. Bu haqda sizin fikirlərinizi bilmək istərdik...

-Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də düşmənin təxribatlarına cavab olaraq əks-hücuma başladığı vaxtdan bütün xalqımız yüksək əhval-ruhiyyədə idi. Çünki hər bir vətəndaşımız bu günü səbirsizliklə gözləyirdi. Sentyabrın 27-dən etibarən demək olar ki, hər gün müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərimiz haqqında məlumat verilirdi. Təbii ki, bu məlumatları eşidərkən bizlərin sevincinin həddi-hüdudu yox idi.

Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində şanlı ordumuz, qəhrəman əsgərlərimiz işğalçılara öz gücünü göstərdi. Xain düşmən isə ordumuzun qarşısında aciz qaldığı üçün dinc insanları, döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhərlərimizi, kəndlərimizi qadağan olunmuş silahlarla atəşə tuturdu. Bunun nəticəsində uşaq və qadınlar da olmaqla 100-ə yaxın mülki şəxs həlak oldu. Eyni zamanda, Ermənistan hakimiyyəti müharibə dövründə həm öz ictimaiyyətinə yalan məlumatlar verməklə məşğul oldu. Eləcə də, işğalçı ölkə dünya ictimaiyyəti üçün yalan informasiyalar yaymaqla öz işğalçılıq xislətini ört-basdır etməyə çalışdı. Məqsədi o idi ki, Azərbaycanın beynəlxalq imicinə zərbə vurulsun. Amma məqsədinə nail ola bilmədi. Heç bir qüvvə Azərbaycanı öz haqlı mübarizəsindən dayandıra bilməzdi. Belə də oldu.

Müzəffər Ali Baş Komandanımız Vətən müharibəsinin davam etdiyi müddətdə dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr verərək Azərbaycanın haqq mübarizəsi apardığını, bizim mübarizəmizin beynəlxalq hüquq normalarına və tarixi ədalətə əsaslandığını beynəlxalq birliyə bəyan etdi. Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm diplomatik cəbhədə, həm də informasiya müharibəsində böyük üstünlük qazanmış oldu.

İşğalçı Ermənistanın başqa dövlətlərdən yardım istəkləri də heç bir nəticə vermədi. Şuşa şəhəri işğaldan azad edildikdən sonra Nikol Paşinyan noyabrın 10-da birgə bəyanata imza atmağa məcbur oldu. Bu, əslində onun məğlubiyyətə imza atması demək idi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılmalı idi. Artıq Ağdam və Kəlbəcər rayonları işğaldan azad olunub. Dekabrın 1-də isə Laçının azad olunması sevincini yaşayacağıq. Sənəddə həmçinin, məcburi köçkünlərin Dağlıq Qarabağ regionuna qayıtmasının təmin edilməsi və digər məsələlər əksini tapır. Bütövlükdə, bu tarixi sənəd Azərbaycanın maraqlarına cavab verir və bizim qələbəmizdir.

-Siz parlamentdə Kəlbəcər rayonunun seçicilərini təmsil edirsiniz. Bu gün məcburi köçkün həyatı yaşayan insanların, o cümlədən kəlbəcərlilərin əhval-ruhiyyəsi necədir?

-Bu gün bütün məcburi köçkünlər qazandığımız böyük qələbənin sevincini yaşayırlar. Çünki, doğma torpaqlarımız işğaldan azad olunub. 30 ilə yaxındır ki, 1 milyona yaxın insan məcburi köçkün həyatı yaşayır. Doğrudur, indiyədək dövlətimiz tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm addımlar atılıb, bu məqsədlə 100-dən çox müasir tipli qəsəbə tikilib istifadəyə verilib, məcburi köçkünlər üçün aylıq müavinət verilir və onların digər imtiyazları da var. Amma bütün bunlara baxmayaraq, həmin insanlar Vətən həsrəti ilə yaşayırdılar, bu günü həsrətlə gözləyirdilər. Çox şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. Buna görə də, müzəffər Ali Baş Komandanımıza və rəşadətli ordumuza sonsuz minnətdarlığımızı bildiririk.

Təbii ki, cənab Prezident İlham Əliyevin noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması ilə bağlı verdiyi müjdə hər bir kəlbəcərlinin sonsuz sevincinə səbəb oldu. Bu gün bizim sevincimizin həddi hüdudu yoxdur. Artıq Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanır. Müdafiə Nazirliyi tərəfindən də rayonumuzun görüntüləri yayılmaqdadır. Bilirsiniz ki, Kəlbəcər respublikamızın ən gözəl, füsunkar bölgələrindən biridir. 30 ilə yaxın müddətdə vəhşi düşmən digər ərazilərdə olduğu kimi, Kəlbəcər rayonuna qarşı da soyqırımı həyata keçirib. Evlər, infrastruktur dağıdılıb, tarixi, mədəni, dini abidələrə, təbiətə ciddi ziyan vurulub. Ermənilər son günlərdə Kəlbəcəri tərk edərkən də, evləri yandırır, meşələri məhv edirdilər. Bütün bunlar dünyanın göz qarşısında baş verdi.

Əlbəttə ki, ermənilər bu cinayətlərinə görə cavab verəcəklər. Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq və müvafiq beynəlxalq məhkəmələrə çıxarılacaq. Ermənistan bu vandalizmin bədəlini ağır ödəməli olacaq. Ərazilərin minalardan təmizlənməsindən sonra yəqin ki, bu məsələlər həllini tapacaq. Daha sonra isə quruculuq işlərinə başlanılacaq. Artıq dövlətimizin başçısı müvafiq tapşırıqlaını verib, aidiyyatı dövlət qurumları öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək. Sonrakı mərhələdə isə insanlar öz ata yurdlarına qayıdacaq, Kəlbəcərə yeni nəfəs gələcək.

-Sizcə, qısa müddət ərzində böyük qələbənin qazanılmasının əsas amilləri nədən ibarətdir?

-Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 17 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu illər ərzində ölkəmizin iqtisadiyyatı dəfələrlə artıb, əhalinin sosial rifahı daha da yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb və dünyada etibarlı tərəfdaş imici qazanıb.

Ötən illərdə Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə qlobal səviyyədə enerji və nəqliyyat layihələri həyata keçirilib ki, bütün bunlar  beynəlxalq aləmdə mövqelərini daha da gücləndirib. Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən sənədlər qəbul edib, ölkəmizin ərazi bütövlüyü dəstəklənib. Bütün bunlar isə, haqq işimizdə bizə güclü dəstək verdi.

Təbii ki, ölkəmizin iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna da böyük dərəcədə təsir etdi. Bilirsiniz ki, uzun illərdir dövlət büdcəsindən ən çox vəsait məhz müdafiə xərclərinə ayrılır. Bu da öz məntiqi nəticəsi ilə yekunlaşdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu formalaşdırıldı. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu da çox yüksəkdir. Belə bir rəşadətli ordumuz qısa müddətdə düşmən ordusunu məğlub etdi.

Bundan əlavə, xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandanın birliyi - bu üçlük dəmir yumruq kimi birləşdi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Cənab Prezidentin dediyi kimi, düşmənin başına elə yumruq vurduq ki, uzun müddət özünə gələ bilməyəcək.

Biz bundan sonra da bir olmalıyıq, cənab Prezidentin ətrafında daha sıx birləşməliyik. Bundan sonrakı mərhələlərdə də güclü olmalıyıq. Düşmənimizi tanıyırıq. Ona görə də birliyimizi, ordumuzu daha da gücləndirməliyik ki, düşmən bir daha təxribatlar etməsin. Əgər etsələr, yenə də layqili cavabları verilsin. Necə ki, bu gün cavablarını alıblar. Artıq düşmən ordusu tamamilə dağılıb, bunu özləri də etiraf edirlər. Həmçinin, Ermənistanda ictimai-siyasi vəziyyət də gərgindir. Onlar bu vəziyyəti yaşamalı idi. Çünki başqasının torpağını işğal etmişdilər. Azərbaycan isə öz torpaqlarnı azad etmək uğrunda haqlı mübarizə aparırdı. Ölkəmiz bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi.

-Aqil müəllim, Fransa Senatının qəbul etdiyi qərəzli qətnaməyə münasibətiniz necədir?

-Əlbəttə ki, Fransa Senatının qətnaməsi bizim üçün qəbulolunmazdır. Ona görə də, həm Azərbaycan cəmiyyəti, həm də dünyada sülhsevər, ədalət tərəfdarı olan cəmiyyətlər tərəfindən etirazla qarşılanır.

Məlumdur ki, Fransa BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu dövlət 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinə səs verib. Hansı ki, həmin qətnamələr erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz tərk etməsini nəzərdə tuturdu. Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Həmsədrlər 30 ilə yaxın müddətdə münaqişənin həlli üçün heç bir addım atmadı. Həmsədrlərdən biri kimi Fransa bu məsələdə tərəf tutmamalı və öz fəaliyyətini beynəlxalq hüquq çərçivəsində qurmalı idi. Amma Senatın verdiyi qərar onu göstərir ki, Fransa özü-özünü inkar edir. Bu ölkə həm BMT Təhlükəsizlik Şurasında səs verdiyi sənədlərə qarşı çıxır, eləcə də  həmsədrlik missiyasına zidd addımlar atır.

İnanırıq ki, Fransa höküməti Senatın bu qətnaməsini təsdiqləməyəcək. Fransa Senatı öz səhvini başa düşüb Azərbaycan xalqından üzr istəməlidir.