YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zəfər Paradı tariximizə qızıl hərflərlə yazılan möhtəşəm hadisədir

Müsahibimiz Milli Məclisin deputatı Anar Məmmədov

-Anar müəllim, bildiyimiz kimi dekabrın 10-da Bakıda Zəfər Paradı keçirildi. Bu möhtəşəm tədbir cəmiyyətimizdə böyük ruh yüksəkliyi ilə qarşılanıb. Zəfər Paradının əhəmiyyətini necə dəyərləndirirsiniz?

-Dekabrın 10-da Bakıda, “Azadlıq” meydanında keçirilən Zəfər paradı öz haqq mübarizəsindən qalib çıxan Azərbaycanın bütün dünyaya qələbəsinin, Türkiyə-Azərbaycan əbədi qardaşlığının nümayişi idi. Azərbaycan xalqı ilk növbədə tarixi ədalətin bərpa edilməsini bayram edərək mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan etdi. Bu hərbi parad Azərbaycanın tərəfdaşlarına həm də rəqibləri üçün böyük və əhəmiyyətli siyasi bir ismarıc idi.

Belə ki, hər zaman qonşuların ərazi iddiaları nəticəsində süverenliyimiz və müstəqilliyimiz təhdid altında olsa da, Azərbaycan Qarabağ mövzusunda ictimaiyyət, ordu, müxalifət və iqtidar bir yerdə bir yumruğa çevirilib erməni qəbskarlarının layiqli cavabını verə bildi. Prezident İlham Əliyevin də dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Həqiqətən də, 44 günlük Vətən müharibəsi dövründə biz bütün güclərimizi səfərbər edərək, mənfur düşmənin mübarizə əzmimizi qırmasına imkan vermədik, düşmən üzərində qələbə qazandıq, tarixi ədaləti bərpa edib bütün dünyaya qalib Azərbaycan, məğlub Ermənistanı göstərmiş olduq. Azərbaycan əsgəri sübut etdi ki, biz mübariz xalqıq. O, illərlə formalaşmış “uduzmuş xalq” sindromunu qırdı. Artıq biz “qalib xalqıq”, bizim özümüzə inam hissimiz artıb. 44 gündə və hazırkı dövrdə hələ də xalqımız tərəfindən elə nümunələr göstərilir ki, bu, bizim bütövlükdə mərd, vətənpərvər, igid xalq olduğumuzu bir daha təsdiqlədi. Xalqımız yumruq kimi, cənab Prezidentin dediyi kimi, dəmir yumruq kimi bir amal uğrunda birləşdi.

Silahlı Qüvvələrimiz döyüş meydanında əldə etdiyi nailiyyətlər, o cümlədən düşmən tərəfindən ələ keçirilən qənimətlər, zirehli və yüngül texniklar, artilleriya vasitələri və topları bu paradda nümayiş etdirməklə, düşmən ordusunu nə qədər böyük zərərə uğratdığını göstərmiş oldu. Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi, ən əsası isə İkinci Qarabağ müharibəsində iştirak edən hərbi hissələrin nümayəndələrinin, qazilərimizin, həmçinin Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlərin sıra addımı ilə Qələbəni qeyd etməsi hər birimizdə qürur və şərəf hissi yaratdı. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət gözlənilən gün - o böyük gün gəldi, vədə əməl olundu və biz bütün dünyaya qalib Azərbaycan Ordusunun Zəfər paradını nümayiş etdirdik. Beləliklə, Zəfər paradı tariximizə qızıl hərflərlə yazılan möhtəşəm hadisədir.

Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdə qardaş Türkiyənin böyük payı var. Vətən müharibəsi dövründə qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini bütün dünya gördü. Azərbaycan xalqı, ordusu daim arxasında bu güclü əli hiss etdi, bu bizi qələbəyə daha da ruhlandırdı. Bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Qələbə Paradında iştirakı və qardaş Türkiyə ordusunun Azərbaycan ordusu ilə çiyin-çiyinə olması ayrıca qürurverici hadisə idi. Bu, bir daha xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcə də düşmənə, onun havadarlarına xüsusi mesaj idi. Biz əminik ki, artıq Birinci Qarabağ savaşında və Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları şaddır!

-Uzun illər danışıqlar prosesi davam etsə də, münaqişənin həllində hərbi yol qaçılmaz oldu...

-Azərbaycan 30 illik həsrətdən sonra nəhayət işğala son qoydu və Ermənistanı həm hərbi arenada, həm də siyasi arenada məğlub etdi. Təəssüf ki, münaqişənin hərbi yolla həll edilməsi qaçılmaz idi. Çünki ermənilər torpaqlarımızı sülhlə vermək istəmir, danışıqları imitasiya məqsədilə aparır və sadəcə torpaqlarımızda möhkəmlənmək üçün vaxt qazanmağa çalışırdı.

Ermənistan tərəfi xüsusilə son 2 il ərzində təxribatçı addımları, bəyanatları və hərəkətləri ilə müharibədən başqa çıxış yolu olmadığını sübut etdi. Onu da qeyd edim ki, son illərdə beynəlxalq hüquq və prinsiplərin kobudcasına pozulması Qarabağ münaqişəsinin həllinin diplomatik yollarla olmasına inamı get-gedə azaltdı. Hər kəs müşahidə edirdi ki, bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatır, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri sadəcə kağız üzərində qalaraq, heç bir məcbur edici funksiya daşımırdı. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində idi. Azərbaycan Ordusu cəbhədə, səngərdə qələbə qazanmalı idi ki, tarixi ədalət bərpa olunsun, BMT Təhlükəsizlik Şurasının qətnamələti yerinə yetirilsin və məcburi köçkünlər illərdir ki, həsrətini çəkdikləri öz yurd-yuvalarına qayıtsınlar. Və ordumuz bunu, cəmi 44 günə etdi. Nəticədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi.

Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli, tarixi, əbədi Azərbaycan torpağıdır.

-ATƏT-in Minsk qrupunun həmsədrləri  regiona səfər etdi. Sizcə, Minsk qrupuna bundan sonra ehtiyac varmı?

- ATƏT-in Minsk qrupu ötən 28 il ərzində münaqişənin həllində heç bir rol oynamadı. Əslində, vasitəçilik problemi həll etməyə yönəlmiş fəaliyyətdir. Beynəlxalq hüquqda problemin həlli üçün hamı tərəfindən qəbul olunmuş konkret normalar var. Bu, ilk növbədə hər bir ölkənin tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərpası məsələsidir. İkincisi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi faktının qeyd olunduğu digər başlıca sənədlər BMT TŞ-nin qəbul etdiyi 4 qətnamədir. Vasitəçilər isə "siz nəyə razılaşsanız, biz onu qəbul edəcəyik" fəlsəfi kimi neytral, yaxud laqeyd mövqe nümayiş etdirirdilər. Vasitəçilik missiyası və vəzifəsi özündə BMT TŞ-nin 4 qətnaməsinin tələblərinin yerinə yetirilməsini ehtiva etməli idi. Təəssüf ki, biz həmsədrlərin fəaliyyətində bunu görmədik. Hələ bu günədək biz bir dəfə də rast gəlmədik ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb etsinlər ki, bu problemin həlli yolu BMT TŞ-nin qəbul etdiyi qətnamələrdən keçir və heç olmasa Ermənistanı çağırırıq ki, bu qətnamələrin tələblərini yerinə yetirsin. Bu günə qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın bir hissəsinin işğal olunmasına, 1 milyon insanın öz vətənində məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Minsk Qrupu təcavüzkarın adını indiyə kimi çəkməmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 12-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən bildirdi ki, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Əgər həqiqətən də onlar problemin sülh yolu ilə həllinin tərəfdarı olsaydılar o zaman bitərəf mövqe sərgiləyərdilər. Zaman göstərdi ki, onların fəaliyyəti bəzi Avropa ölkələri, təşkilatları kimi ikili standartlara söykənib. Onların səriştəsiz fəaliyyəti nəticəsində torpaqlarımız illərdir ki, işğal altında qaldı. Artıq məlum olduğu kimi onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Bunun əksinə olaraq isə Azərbaycan dövləti hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyasına nail olduq. Bəyanatı imzalamağa məcbur etdik.

Qarşıdakı müddətdə isə ATƏT-in Minsk qrupu həmsədrlərinin hər üçü artıq yeni fəaliyyət proqramı təqdim etməli, konkret olaraq neytral mövqe nümayiş etdirərək xalqların sülhə hazırlanması, etnik barışığın təmin olunması kimi məsələlərə yeni canlanma gətirməlidirlər. Nəzərə alsaq ki, Minsk qrupu həmsədrlərinin bu səfəri onların öz təşəbbüsləri ilə olub və onlar Azərbaycana dəvət edilməyib, deməli artıq özləri mövcud vəziyyətlə barışmalı və yeni reallıqlar fonunda konkret təkliflərlə çıxış etməlidirlər.