YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan Prezidenti İlham Əliyev Zəfər yürüşünün bayraqdarıdır

   Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

-Musa müəllim, hazırda Azərbaycan xalqı tarixi günlər yaşayır. 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində azad olundu. Sizcə, qələbəmizi şərtləndirən əsas amil nədən ibarətdir?

-Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Artıq “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusutorpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub.

Müstəqilliyimizin ilk illəri xalqımız üçün çox ağır illər oldu, itkilər verdik, mərhumiyyətlər yaşadıq,  çox  bərkə- boşa düşdük, ağrıdıq, sızıldadıq, ağladıq, dərd-qəm çəkdik, harayımızı dünya eşitmədi, bir- birimizdən küsdük- incidik. Doğru olan yolu isə  bizə 1993-cü ilin iyunun 15-də yenidən ölkə rəhbərliyinə qayıtmaqla  dövlətiçiliyimizi xilas edən Ümummilli Lider Heydər Əliyev göstərdi, söylədi və  inandırdı ki, uğurumuz bir yerdə yumruq kimi birləşərək güclü dövlət qurmaqdan, qüdrətli ordu yaratmaqdan keçir. Xalq Ona inanırdı, çünki öz Liderini çox yaxşı tanıyırdı, ona görə də dara düşəndə Xilaskar kimi Onu çağırdı, o gəldi, dövləti dağılmaqdan, milləti məhv olmaqdan qorudu, məmləkətin özü kimi tikə- parça olmuş ümidlərimizi bir yerə yığdı, məlhəm qoydu, sarıdı, sağaltdı. Eynən mahir bağbanın qasırğadan qəddi sınmış fidan tingini sarıyıb təzədən bitişdirib böyüdən kimi böyütdü milləti Böyük Xilaskar. Sonra tamamlayıb başa çatdıra bilmədiyi işləri özü kimi inandığı varisinə- cənab İlham Əliyevə həvalə etdi.
Cənab Prezident İlham Əliyev 2003- cü ildə Prezident kimi ilk andiçmə mərasimində bütün dünyaya bəyan etdi: Bizim yolumuz Heydər Əliyev yoludur! Bu yol bizi işıqlı, xoşbəxt, firavan günlərə aparacaq.
17 ildir cənab Prezidentin müəyyən etdiyi kursla uğura doğru, işığa doğru, haqqa doğru gedirik.

Bu yolda qarşımıza nələr çıxmadı, hansı maneələri dəf etmədik, hansı aysberqləri adlamadıq?
Biz bütün maneələri adlayaraq bir xalq kimi daha da mətinləşdik, bütövləşdik, bərkidik, böyüdük! Biz bu illər ərzində başqa xalqların bəlkə də 100 illərlə keçə bilmədiyi yenilənmə, tərəqqi, özünüdərk, milli- psixoloji transformasiya yolu keçdik.

Bizi bu yolda qətiyyətlə, mətin addımlarla inamlı qələbələrə aparan cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir dövlət qurduq, özümüzü dünyaya sübut etdik, güclü, modern  ordu yaratdıq, BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik elədik, Kosmos Klubunun üzvü olduq, Avroviziya mahnı müsabiqəsinin qalibi olduq, Avropa Oyunlarına, İslam Olimpiya oyunlarına, onlarla beynəlxalq  iqtisadi, siyasi, humanitar tədbirlə ev sahibliyi etdik, uğur qazandıq, uğurumuzu bölüşdük.
Bu illər ərzində milli-psixoloji transformasiyamızda heç şübhəsiz ki, Birinci Vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın böyük xidmətləri mütləq qeyd olunmalıdır. Məhz hörmətli Mehriban xanım müstəqil Azərbaycan dövlətində Birinci xanım institutunu yaratdı, formalaşdırdı və mühüm dövlətçilik atributuna çevirdi.
Məhz Mehriban xanım Əliyevanın yaratdığı və rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda humanizm, xeyirxahlıq, şəfqət, sosial dəstək ünvanına çevrildi.
Ulu öndər Heydər Əliyev böyük uzaq görənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə  isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi.
Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin iki üzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi.

Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi.
Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Cənab İlham Əliyev öz xalqı ilə birlikdə bu işi bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı.
Yəqin ki, tədqiqatçılar Azərbaycanın 44 günlük zəfər yürüşü fenomeninin müxtəlif aspektlərini araşdıracaq, nəticələr çıxaracaq, nümunə kimi göstərəcəklər. Lakin indidən bir həqiqət gün kimi aydındır: Qələbənin uğur formulu çox sadədir: müzəffər Komandan+ müzəffər Ordu+ müzəffər Xalq. Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, Dəmir Yumruqdur- xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını ilan başı kimi əzən dəmir yumruq!
Azərbaycanın tarixi qələbəsinin şəksiz və şəriksiz qəhrəmanı isə Cənab Ali Baş Komandandır!
Cənab Prezident bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının  maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Həmişə də inamlı danışdı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intellekt, dərin bilik və diplomatik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə də öz yerini göstərdi.
Cənab Prezidentin qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi.
Cənab Ali Baş Komandan oktyabrın 4 də Cəbrayılın işğaldan azad edilməsi müjdəsini böyük sevinc və qürur hissi ilə xalqına çatdırdı, bundan sonra isə Zəngilan, Qubadlı, Fizuli rayonları, Suqovuşan və Horadiz qəsəbələri və digər yurdlarımız işğaldan azad edildi.

 Heç şübhəsiz ki, Şuşanın işğaldan azad edilməsi düşmənin belini qırdı və məğlub ölkənin rəzil olmuş rəhbəri təslim aktını imzalamağa vadar oldu.
" Qarabağ münaqişəsi" deyilən bir termin tarixə qovuşdu, regionda davamlı sülhün bərqərar olunması üçün münbit şərait yarandı.
Ən qiymətlisi isə odur ki, üç böyük rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan işğaldan azad olundu. Bu tarixdə nadir hallarda rast gəlinən hərbi-siyasi qələbədir!
İndi artıq bölgədə yeni dönəm başlamışdır. Bu reallığıAzərbaycan yaratdı - prezident İlham Əliyev və onun Xalqı yaratdı.

-Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində sosial ədalət prinsipi də mühüm faktorlardan biridir. Bu barədə nə deyə bilərsiniz?

- Müasir Azərbaycan dövlətinin müstəqillik tarixinin yarıdan çoxu cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin  layiqli  davamçısı olan cənab İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən ilk prezidentlik inaqurasiyasında "mən hər bir azərbaycanlının prezidenti olacağam", - söyəldi və arxasında böyük məna və məsuliyyət yükü olan bu fikirləri öz prezidentlik fəaliyyətində daim təsdiq etdi, əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi.
Təbii ki, hər bir yaxşı rəhbər kimi, cənab İlham Əliyev də prezidenti olduğu hər bir vətəndaşın və bütövlükdə azərbaycan xalqının əmin-amanlıq şəraitində, güvənli maddi təminat və sosial rifah içərisində yaşamağını istəyir və bu istəyi reallığa çevirmək üçün  ən mütərəqqi proqramlar qəbul etmiş, ən mütərəqqi qərarlar, fərman və sərəncamlar vermiş, qanunlar imzalamışdır.
Prezident İlham Əliyevin sosial siyasəti iki klassik prinsipə əsaslanır: sosial ədalət və sosial rifah!
Sosial ədalət hər bir cəmiyyətin demokratikliyinin lakmus kağızıdır, sosial ədalət pozulan cəmiyyətin digər dəyərləri də deformasiya olunur, fərdlər və qruplar arası gərginlik daim münaqişə ocağına çevirilir. Sosial ədalətin çərçivəsi cəmiyyətin tələblərinə uyğun dəyişir və təkcə qanunlar və proqramlarla deyil, eyni zamanda mənəvi dəyərlər, ənənələr, liderin humanizmi və şəxsi nümunəsi ilə təmin olunur.
Sosial ədalət müəllifi Ümummilli Lider Heydər Əliyev olan Konstitusiyamızda da əsas prinsiplərdən biri kimi  təsbit edilmişdir.
Sosial ədalət ölkənin maddi və mədəni sərvətlərinə bütün vətəndaşların əlçatanlığını təmin  etmək siyasətidir. Elə bir siyasət ki, imkansıza, gücsüzə, köməyə ehtiyacı olana dövlət dəstək verir, eyni zamanda cəmiyyəti də bu xoş mərama təşviq edir. Azərbaycan sosial dövlət olaraq bütün vətəndaşların sosial müdafiəsini təmin etməyi öhdəlik kimi öz üzərinə götürmüşdür.
Bununla yanaşı, xüsusi sosial müdafiəyə ehtiyacı olan qruplar var ki, müxtəlif qanunlar və proqramlar vasitəsi ilə onlara daim dəstək verilir. Bizim qanunvericilik yaşayış minimumu, ehtiyac meyarı, minumum əmək haqqı, minimum pensiya kimi hədlər müəyyən eləmişdir ki, vətəndaşımızın yaşam şərtləri o həddən aşağı səviyyəyə enməsin.
Sosial dövlət vətəndaşlara uyğun şərtlərlə sağlamlıq, təhsil, məşğulluq imkanları yaratmaqla, müəyyən proqramlarla ehtiyacı daha çox olan təbəqənin bu imkanlara əlçatanlığını dəstəkləməklə sosial ədaləti təmin etmiş olur.
Cənab Prezident İlham Əliyev  2003 - cü ildə öz seçki proqramında qarşıdakı beş il ərzində 600 min yeni iş yeri açılmasını təmin edəcəyini söyləyəndə bu cəsarətli çağırış çoxları üçün fantastik bir arzu kimi görünürdü. Çünki o zaman ölkədə işsizlik 50%, yoxsulluq 49% təşkil edirdi. Ən ədalətli hakim olan zaman göstərdi ki, cənab İlham Əliyev nəinki uzaqgörən və praqmatik bir siyasətçidir, o eyni zamanda müdrik və realist bir dövlət xadimidir. Cənab İlham Əliyev 600 min yeni iş yeri açacağıq söyləyəndə həm də 600 min ailənin həyat səviyyəsinin yüksələcəyini düşünürdü. Beş il ərzində ölkədə vəd olunan 600 min iş yeri əvəzində 900 min yeni iş yeri açıldı ki, bunun da 700 mini daimi iş yerləri idi.

-Əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan addımlar bu siyasətin tərkib hissəsidir...

 -Əhalinin məşğulluğunun təminatı sonrakı illərdə də dövlət başçısının diqqəti mərkəzibdə oldu və bu illər ərzində ölkədə 1 milyon 800 mini daimi olmaqla 2 milyon yeni iş yeri açıldı. İşsizlik on dəfə aşağı düşdü. İndi Azərbaycanda işsizlik 2003- cü illə müqayisədə 10 dəfə azalaraq , 4,9% təşkil edir və ölkəmiz işsizlik göstəricisinə görə dünyada ən öndə gedən ölkələrdən biridir. İndi Azərbaycan vətəndaşları iş yeri axtararkən daha geniş seçim imkanları əldə etmişlər, 90- cı illərin əvvəllərində metro girəcəyində "bakuş", yaşayış binalarının həyətlərinfə "xlor" qışqıran insanlar indi daha layiqli,  rahat və daha çox əmək haqqı təminatı verən iş tələbi irəli sürürlər.
2003- cü ildən bu yana ölkədə minimum əmək haqqı 10 dəfədən çox artmış, 2019-cu ildən isə minimum əmək haqqı 250 manat olmaqla yaşayış minimumunu (190 manat) 31.5% üstələmişdir.
Prezident İlham Əliyevin sosial siyasət kursunun çox mühüm istiqamətlərindən biri aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırılır, ünvanlı sosial yardım və özünü məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar.
2008 - ci ildə cənab Prezident İlham Əliyev daha bir cəsarətli və humanist təşəbbüslə çıxış etdi: "Qarşıdakı beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq, bir nəfər də məcburi köçkün vaqonlarda, yeraltı qazmalarda yaşamayacaq! "
Yenə şübhələr, tərəddüdlər oldu; yüz minlərlə insanın məskunlaşması üçün milyonlarla kvadrat metr mənzil tikilməlidir, onlarla şəhər, qəsəbə salınmalıdır, milyardlarla manat vəsait xərclənməlidir. Lakin zaman yenə də göstərdi ki, cənab Prezidentin  bütün qərarları kimi, bu qərarı da ölçülüb biçilmiş, zamanında verilən düzgün qərardır. Növbəti illərdə nəinki çadır şəhərcikləri tarixə qovuşdu, yüzlərlə qəsəbələr salındı, yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil- məişət şəraiti yaxşılaşdı, məşğulluğu təmin edildi, biz Qarabağın qayıdış simvolu olan Cocuq Mərcanlını bərpa edib orada həyata yeni nəfəs verdik.
Cənab Prezidentin məcburi köçkünlərə qayğısı təkcə bir rəhbər məsuliyyətindən doğan qayğı deyil, eyni zamanda yüksək mənəviyyatlı insana və vətəndaşa məxsus humanistlik hissindən qaynaqlanır.
Hər kəsə məlumdur ki, dövlətimizin başçısı sadə həyat tərzinə üstünlük verir, təm-tarağı sevmir, daim məmurları da sadə və təvəzökar olmağa çağırır. Özününün əlli illik yubileyini ailə üzvləri, şəxsi dostları, yaxınları ilə deyil Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə birlikdə qeyd etməsi həm prezident İlham Əliyevin humanizminin və qayğıkeşliyinin ifadəsi idi, həm də cəmiyyətə bir mesaj idi. Cəmiyyət də, dost da, düşmən də bir daha gördü ki, Azərbaycan prezidentinin ən yaxın dostları elə Azərbaycanın ən sadə vətəndaşlarldır. Bu ənənə indi də davam edir, cənab Prezident ad günlərində, bayramlarda, əlamətdar günlərdə sosial müdafiəyə ehtiyacı olan insanlarla birlikdə olur, onlara mənzillər, minik avtomobilləri hədiyyə edir, parklar, körpülər, yollar açır, müəssisələri, yeni iş yerlərini işə salır.
Neft gəlirlərini insan kapitalına çevirmək! Bu da cənab prezident İlham Əliyevin irəli sürdüyü və uğurla həyata keçirdiyi onlarla tarixi ideyalardan biridir!
Alimlər ölkələrin inkişafının əsasında digər faktorlarla yanaşı, 3 mənbənin olmasını vacıb hesab edirlər: zəngin təbii sərvətlər, o cümlədən karbohidrogen  ehtiyatlarının olması, müasir texnologiyalara malik olmaq və onların istehsalında öncüllük, dərin elmi potensiala malik insan kapitalının olması.
Bunlardan biri gec- tez tükənən, digəri isə köhnələn sərvətdir. İnsan kapitalı isə tükənmir, köhnəlmir, əksinə, münbit şəraitdə daha da inkişaf edir.
İkinci dünya müharibəsindən sonra Yaponiyanın, iyirminci əsrin sonlarından isə, Cənubi Koreyanın, Sinqapurun inkişafı məhz insan kapitalı, süni intellektlə bağlıdır.
Müstəqilliyinin ilk illərində torpaqları işğal olunan, iqtisadiyyatı çökən, bir milyona yaxın qaçqın və məcburi köçkünü olan, sovetdən qalma təhsil sistemi süqut edən,  onsuz da zəif olan maddi texniki bazası köhnələn təhsil və elm sahəsini gücləndirmək, köhnəlmiş zərərli stereotipləri qırmaq, yeni kadrlar hazırlamaq milyardlarla manat vəsait, gərgin əmək, güclü siyasi iradə tələb edirdi, lakin cənab Prezident qısa vaxt ərzində bunu da bacardı. Təhsil sisteminin modernləşdirilməsi siyasəti ilə yanaşı olaraq təhsilin maddi- texniki  bazası demək olar ki, yenidən quruldu, 3500 dən çox məktəb və uşaq bağçası yenidən tikildi, müasir avadanlıqla təchiz edildi, yeni kolleclər, universtetlər yaradıldı, xaricdə təhsil proqramı qəbul edildi, 5 mindən çox azərbaycanlı gənc bu proqram vasitəsi ilə dövlət vəsaiti hesabına dünyanın tanınmış universitetlərində təhsil aldılar. İndi o gənclərin bir qismi Vətənə dönərək Azərbaycan dövlətinin idarə olunmasında yaxından iştirak edir, xaricdə qalanlar isə diaspor təşkilatımızı gücləndirərək Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər.
İnsan həyatının keyfiyyətli və faydalı olması üçün vacib şərtlərdən biri, bəlkə də birincisi sağlımlıqdır. Heç təsadüfi deyildir ki, bütün dünyada sağlam yaşamaq hüququ insanın ən fundamental hüquqlarından biri kimi tanınır. Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşamasının təmin olunması, tibbi xidmətin keyfiyyəti və bu xidmətlərə pasientlərin əlçatanlığı cənab prezident İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən biridir.
Ölkə başçımız vətəndaşların sağlamlığının hər iki istiqaməti - tibbi profilaktika və tibbi yardım üzrə tədbirlərə ciddi önəm verir. Qədimdən məlum olan bir deyim bu gün də aktualdır: sağlamlığı qorumaq onu itirdikdən sonra bərpa etməkdən daha asan və daha ucuz başa gəlir. Məhz bu baxımdan xəstəliklərin qarşısının alınması üçün idman sağlamlıq tədbirlərinin ekoloji çirklənməmiş hava, su, qida təminatı hər bir ölkə üçün önəmlidir. Azərbaycan prezidenti  gənc nəslin sağlam və güclü vətəndaş kimi böyüməsi üçün məmləkətin bütün bölgələrində Olimpiya İdman Komplekslərinin, üzgüçülük hovuzlarının, stadionların tikilməsini təmin edən proqramlar qəbul etmiş, gənclərin inkişaf mərkəzlərinin tikilməsi, parkların, istirahət zonalarının açılması üçün sərəncamlar imzalamışdır. Ölkə vətəndsşlarının davamlı və keyfiyyətli su təchizatının həyata keçirilməsi üçün görülən tədbirlərin, qida , ərzaq məhsullarının bolluğu və təhlükəsizliyi istiqamətində aparılan işlərin iqtisadi əhəmiyyəti ilə yanaşı tibbi- sağlamlıq baxımından da faydalı olduğu hər kəsə aydındır.
Vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyəti və əlçatan olması da cənab prezidentin sosial siyasətində həmişə aktual olmuşdur. Dövlət büdcəsinin vəsaiti ilə 700- dən artıq xəstəxana və poliklinika əsaslı təmir edilib, ən müasir avadanlıqla təchiz edilmiş, onlarla yeni klinikalar açılmışdır.
Maddi- texniki bazanın yenilənməsi ilə yanaşı, səhiyyənin idarə edilməsi və kadr təminatı sahəsində də dərin islahatlar aparılmışdır.
Xarici ölkələrin qabaqcıl tibb təcrübəsinin ölkəmizə gətirilməsində Türkiyə, Almaniya və digər ölkələrin universitetlərində təhsil almış, klinikalarında təcrübə qazanmış həkimlərimizin böyük xidməti vardır.
Bu yeni nəsil tibb kadrlarının yetişməsi də cənab prezident İlham Əliyevin səhiyyə siyasətinin mühüm tərkib hissəsidir.

Azərbaycan Tibb Universitetində tibbi rezidentura pilləsinin yaranması, Naxçıvan Dövlət Universitetinin tibb fakultəsinin uğurlu fəaliyyəti, Seçenov adına Moskva Tibb İnstitutunun Bakı filialının açılması müasir biliklərə malik  tibb kadrlarının hazırlanmasında xüsysi mərhələ kimi əhəmiyyətlidir.
Cənab prezident İlham Əliyev  vətəndaşların  tibbi maariflənməsinə, profilaktik dispanser müayinələrə cəlb olunmasına həmişə qayğı ilə yanaşır, rayonlara səfərlərində əhali ilə görüşlərdə hər kəsi ildə azı iki dəfə tibbi müayinələrdən keçməyə dəvət etməsi, dövlət vəsaiti hesabına hər il beş milyondan çox vətəndaşın icbari dispanserizasiyaya cəlb olunmasına təminat yaratması məhz vətəndaşın sağlamlığına rəhbər qayğısının ifadəsidir.
Tibbi xidmətlərə əlçatanlığın təmin olunması, tibbi xidmətlərin vaxtında və keyfiyyətli göstərilməsi üçün səhiyyə idarəçiliyinin ən optimal forması sayılan icbari tibbi sığorta sisteminə keçid prezident İlham Əliyevin sosial sahədə apardığı ən fundamental islahatlardan biridir. İcbari tibbi sığorta səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq, sağlam rəqabət mühiti yaratmaqla yanaşı, maliyyələşdirmə xərclərini də dövlət, işəgötürən və işləyən arasında paylaşmaqla daha mütənasib ödəmə sistemi təklif edir.

Təbii ki, səhiyyə sistemini uzun illər ərzində formalaşan sovet maliyyələşmə və idarəçilik üsulundan birdən qoparıb yeni sistemə keçirmək mümkün deyildi. İcbari tibbi sığortanın qüsursuz və mükəmməl çalışmasi üçün vacib olan şərtlər həll olunmasa, ən mükəmməl bir sistem də iflasa uğraya bilərdi. Məhz hər hansı qərara kompleks yanaşan və qərar qəbulu zamanı  bütün amilləri öncədən nəzərə alan cənab prezident İlham Əliyev ilkin olaraq icbari tibbi sığorta sistemində fəaliyyət göstərən klinikaların müasir tələblər səviyyəsində qurulması və təchiz edilməsini həyata keçirdi: həm dövlət ,həm də özəl sektorda onlarla yüksək təchizatlı və tibbi- sanitar standartlara cavab verən klinikalar yaradıldı, müasir tibb texnologiyanı yaxşı mənimsəyən həkim və orta tibb işçiləri yetişdi,  tibbi heyətlər formalaşdı, respublika üzrə minimum və orta əmək haqqı yüksəldi, qeyri-leqal məşğulluğun aradan qaldırılması üçün iqtisadi və hüquqi nəzarət mexanizmləri formalaşdı. İcbari tibbi sığorta3 il ərzində pilot şəklində Mingəçivir , Yevlax və Ağdaş şəhərlərində uğurla sınaqdan çıxandan sonra bu sistemin  2020- ci ildə bütün ölkə ərazisində tətbiq olunmasına başlanıldı. Qrafik üzrə birinci rübdə  şimal bölgəsini əhatə edən 20 rayonda icbari tibbi şığorta fəaliyyətə başladı. Təəssüf ki, koronavirus pandemiyasının aradan qaldırılması üçün Səhiyyə sisteminin və TƏBİB- in bütün resurslaının bu bəla ilə mübarizəyə səfərbər olunması İTS- nin bütün ölkədə tətbiqini ləngitdi. Heç şübhəsiz ki, koronavirus problemi həll ediləndən sonra icbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər tamamlanacaq, daha da təkmilləşəcək və yaxın vaxtlarda  Azərbaycanda nümunəvi bir səhiyyə sisteminin və tibb xidmətinin yaranmasının şahidi olacağıq.

-Bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işləri necə dəyərləndirirsiniz?

-Yola salmaqda olduğumuz 2020-ci il  bəşər tarixində yeni bir bəla – koronavirus pandemiyası ilə mübarizə ili kimi qalacaqdır. Heç kəsin gözləmədiyi bir zamanda meydana çıxan və bütün yer kürəsini cənginə alan bu dəhşətli virus epidemiyası həm də dövlətlərin idarəçilik sistemini və liderlərin siyasi iradəsini sınağa çəkmiş oldu.

"-Hər zərərin içində bir xeyir var"-,  deyiblər. Koronavirus pandemiyası bir tərəfdən iqtisadiyyatımıza zərər vurdusa da, sosial ictimai həyatımıza məhdudiyyətlər gətirdisə də, digər tərəfdən dövlət idarəçiliyinin çevikliyinin və operativliyinin, səhiyyə və sosial müdafiə sistemimizin səviyyəsinin indikatoru oldu. Cənab Prezidentin rəhbərliyi altında görülən kompleks tədbirlər sayəsində qısa müddətdə pandemiyanı nəzarət altına ala bildik.
Geridə qoyduğumuz dövrü dünyadakı vəziyyətlə müqayisəli şəkildə qiymətləndirərək deyə bilərik ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə, ən az itki vermiş,  ən uğurlu nəticələr əldə etmiş ölkələr sırasındadır.
Pandemiyanın dünyada tüğyan etduyi ağır günlərdə cənab Prezident İlham Əliyev öz xalqının əsil xilaskarı  kimi mübarizənin önünə çıxdı, bir Rəhbər müdrikliyi ilə, bir Sərkərdə cəsarəti ilə, bir Lider qətiyyəti ilə bütün resursları bir məqsədə yönəldərək, kompleks mübarizə tədbirlərinin həyata keçirilməsini təşkil etdi.
Cəmi 2 həftə ərzində ölkəyə 20 - dən artıq test- laboratoriya gətirildi,  tibbi maska, qoruyucu kombinzon, dezinfeksiya vasitələrinin istehsalı müəssisələri quruldu.
46 xəstəxana koronavirusla mübarizə üçün səfərbər olunmuş, 12 yeni mobil xəstəxananın tikintisinə vəsait ayrılmış, 2 milyon 400 minə yaxın insanda test analizi aparılmışdır.

Vətəndaşların sağlamlığı, sosial müdafiəsi, iqtisadiyyatın qorunması məqsədi ilə büdcədən 3,5 milyard manata yaxın vəsait ayrılmış, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan çox vəsait toplanmışdır.

Həmişə olduğu kimi  bu proseslərdə də cənab prezident İlham Əliyev və 1- ci vitse- prezident Mehriban xanım Əliyeva xoşməramlı təşəbbüslərlə çıxış edərək xalqa əsil vətəndaş nümunəsi göstərdilər.
Azərbaycan həkimlərinin koronavirusla mübarizədə göstərdiyi fədakarlıq dövlət rəhbərlərimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Cənab preziden İlham Əliyevin fərmanı ilə onların əmək haqları 3-5 dəfə artırılmış, dövlət başçısı, ölkənin 1- ci vitse- prezidenti, millət vəkilləri dəfələrlə tibb işçilərimizi  ayaq üstə alqışlamışlar.
Koronavirusla mübarizə dövründə bir çox ölkələrin rəhbərləri " öncə iqtisadiyyat, yoxsa əhalinin sağlamlığı" dilemması qarşısında qaldığı halda, Azərbaycan xalqının lideri cənab İlham Əliyev birmənalı və qəti şəkildə bəyan etdi: "
Mənim üçün birinci əhalinin sağlamlığıdır!"
Bu mövqe öz xalqını ürəkdən sevən ona bağlı olan, onun qayğıları ilə yaşayan əsil liderin və rəhbərin mövqeyi idi.

Koronavirusla mübarizədə cənab Prezidentin beynəlxalq miqyasda səyləri və töhfələri onun bir dünya lideri kimi rolunun  və nüfuzunun yeni təntənəsi oldu. Azərbaycan güclü və humanizm prinsipləri ilə yaşayan bir dövlət olduğunu növbəti dəfə  nümayiş etdirərək, koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait köçürtdü, 30-dan çox ölkəyə humanitar yardım göstərdi.

Məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən iki beynəlxalq konfrans–Türk Şurası dövlətlərinin və Qoşulmama Hərakatının Təmas Qrupunun zirvə toplantıları dünyada ilk dəfə COVİD-19-la  mübarizədə beynəlxalq çağırışlarla yadda qaldı.

Məhz Azərbaycan xalqının Liderinin təşəbbüsü ilə  bu ilin dekabr ayının 3-4-də BMT-nin koranavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirildi.

Koronavirusla mübarizənin gərgin və məsuliyyətli günlərində cənab prezident İlham Əliyevin irəli sürdüyü “Biz Birlikdə Güclüyük!” tezisi xalqımız tərəfindən birmənalı dəstəkləndi, həyat tərzinə,  mübarizə, inkişaf və tərəqqi kredosuna çevrildi.

Bəli, biz birlikdə güclüyük! Zaqatala və Şamaxı zəlzələlərindədə, Kür-Araz daşqınlarında da, 2016-cı ilin aprel qələbəsində də, Avropa Oyunları və İslam Olimpiadasının təşkilində də, Valday, Aşqabad, Münxen uğurlarında da, Qarabağda Zəfər Yürüşündə də!

Biz birlikdə çox uğurlara imza atmışıq, çox çətinlikləri dəf etmişik, bütün sınaqlardan şərəflə, üzüağ çıxmışıq.  Birliyimiz sayəsində koronavirus  epidemiyasını da aradan qaldıracağıq. Bu  mübarizədən qələbə ilə ayrılacağıq.

-Müsa müəllim, dövlətimizin başçısının Sərəncamı ilə “YAŞAT” Fondunun yaradılmasının əhəmiyyəti haqqında da fikirlərinizi bilmək istərdik...

-Yaratmaq Tanrının işidir. Ona şərik qoşmaq olmaz. Tək hüceyrəli canlını da, külli- aləmi də yaradan Odur. Tanrı öz yaratdıqlarını yaşatmağı isə təbiətə- günəşə, torpağa,  küləyə,  suya həvalə edir. Bir də seçdiyi insanlara. Tanrının seçdiyini xalq da seçirsə, bu rəhbər adamın çiyninə daha böyük missiya düşür: idarə etmək, qorumaq, yaşatmaq.
Cənab Prezident İlham Əliyev məhz buna görə söyləyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Cənab Prezident həmişə çalışır ki, ölkəmizin maddi nemətləri ədalətli bölünsün, sərvətlərimizdən hər kəsə pay çatsın. Ona görə də xüsusi proqramlar qəbul olunur, sosial müdafiə xarakterli sərəncamlar verilir.
Heç şübhəsiz ki, Vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində canından və sağlamlığından keçən insanların ailəsinə xüsusi diqqət və qayğı göstərilməsi həm dövlətin, həm də cəmiyyətin vəzifəsi , borcu və şərəf işidir. Dövlətin gördüyü sosial müdafiə tədbirləri çox şaxəlidir, şəhid ailələri 20 adda, müharibədə əlil olan şəxslər 14 adda  təminat və sosial qayğı ilə əhatə olunublar.

Bu prosesə cəmiyyətin fəal inteqrasiyası və göstərilən dəstəktədbirlərinin sistemli, ardıcıl və məqsədyönlü olmasını təmin etmək məqsədi ilə cənab prezident İlham Əliyevin 8 dekabr 2020-ci il  tarixli fərmanı ilə YAŞAT Fondunun yaranması həm də yeni humanist münasibərlərin və yanaşmaların formalaşmasına xidmət edəcəkdir. Məhz YAŞAT Fondu vasitəsi ilə həm ölkə vətəndaşları, həm də ölkədən kənarda yaşayan soydaşlarımız, eləcə də Azərbaycanı sevən hər kəs öz xüyriyyəçilik niyyətini çox asanlıqla və şəffaf şəkildə həyata keçirə biləcəkdir. YAŞAT Fondunun dəstəyi ilə bütün şəhid ailələrinin və qazilərimizin bir çox sağlamlıq, məişət və sosial problemləri davamlı  və şəffaf şəkildə öz əksini tapacaqdır.

Prezident İlham Əliyev öz siyasətini formaca çox sadə, lakin məna yükü çox böyük olan dörd kəlmə ilə ifadə edir: Bizim siyasətimiz, bizim işimizdir!
Məhz sözlə əməl bir olanda ölkədə inkişaf olur, ədalət olur, xalqın öz sabahına inamı olur, bu inamı yaradan Liderinə etibar, etimad və məhəbbət olur.
Daha çox qayğıya ehtiyacı və haqqı olan şəhid ailələrinə , Qarabağ müharibəsində əlil olmuş şəxslərə, qaçqın və məcburi köçkünlərə, ahıl insanlara münasibətdə cənab Prezidentin davranışı onlara dövlət başçısının hörmətinin ifadəsi olduğu qədər də, cəmiyyətə bir xoş məram nümayişi, nümunə və çağırışdır.
... Xatırlayaq,  Prezident Sarayındakı qəbulda tribunada çıxış edərkən qəhərlənən şəhid atasına Prezidentin kürsüdən qalxıb su süzüb verməsi anını...

...Xatırlayaq, Şamaxıda zəlzələ zamanı evi zərər çəkmiş ağbirçəyi ölkə başçısının bir övlad mehribanlığı ilə qucaqlayıb təskinlik verməsini...
...Xatırlayaq, Prezidentin ad gününü Taxta körpü qəsəbəsində məcburi köçkün ailəsi ilə birlikdə qeyd etməsini..

.... Xatırlayaq, 24 aprel 2014- cü ildə Praqadakı  "Türkiyə burada yoxdur, mən buradayam" təəssübkeşliyini...
... Xatırlayaq 4 oktyabr 2019- cu ildə Soçidə "Valday" Diskusiya Klubunda " Qarabağ Azərbaycandır və nida işarəsi!" bəyanatını...

Xatılayaq, 11 oktyabr 2019 - cu ildə Aşqabadda və 10 fevral 2020- ci ildə Münhen də işğalçı və təcavüzkar Ermənistanın baş nazirinə verilən tarix dərsini...

... Xatırlayaq  Milli Ordumuzun 44 günlük Zəfər yürüşündə Ali Baş Komandanın mübarizə əzminin simvoluna çevrilmiş “Dəmir yumruq” tezisini...

Xatırlayaq cənab Prezidentin və hörmətli Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımızı, Xudafərin kürpüsünü, Ağdam məscidini necə qürurla və məhəbbətlə ziyarət etdikləri anları...
Bu addımların hər biri humanizm, insana qaygı və fərdi qəhrəmanlıq nümunəsidir.
Bu addımların hər biri vətəndaşa hörmət, təsəlli, vətənə sevgi və xidmət mümunəsidir.
Bu addımlarınhər biri xarizmatik Liderin öz xalqı və Vətəni üçün fədakarlığıdır!
Bu addımların hər biri tarixin sınaqlarından çıxmış Lider-  Xalq birliyini daha da möhkəmlədən, daha da mətinləşdirən addımlardır!
Məhz bu birliyin sayəsində biz, torpaqlarımızı da işğaldan azad etdik, ərazi bütöblüyümüzü  bərpa etdik, tarixi yurdlarımıza dönüşü reallaşdıra bildik.
Cənab Prezidentin irəli sürdüyü "Biz birlikdə güclüyük!" şüarı isə bütün dövrlərin birlik və həmrəylik himninə çevriləcəkdir!
Hər günü gərgin keçən bu 44 günün içərisində biz Azərbaycanın növbəti uğur tarixini yazdıq. Bu tarixin isə bir qəhrəmanı var: Azərbaycan xalqı və onun yenilməz Lideri cənab İlham Əliyev!