YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan qlobal proseslərdə söz sahibi olan aparıcı ölkələr sırasına daxil olub

Müsahibimiz Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli

- Hadi müəllim, bu gün Azərbaycan dinamik inkişaf dövrünü yaşayır. Bu inkişaf prosesində ölkəmizdə həyata keçirilən sosial siyasətin üstünlükləri nədən ibarətdir? 

- İqtisadi sahədə keçid dövrünü uğurla başa vuran Azərbaycan sosialyönümlü bazar iqtisadiyyatının formalaşması sahəsində böyük müvəffəqiyyətlər əldə edib, əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirləri addım-addım reallaşdırıb. Son 11 ildə inkişaf tempinə görə dünyanın lider ölkələrindən birinə çevrilən, rifahlı cəmiyyət, müasir dövlət quruculuğunun geniş vüsət aldığı, həmçinin tolerantlığın təkrarsız nümunəsi kimi dünyada böyük nüfuz qazanan Azərbaycan artıq mühüm əhəmiyyət kəsb edən qlobal proseslərdə söz sahibi olan aparıcı ölkələr sırasına daxil olub.
Belə bir möhtəşəm nailiyyətin əldə olunmasında əsas faktor lider amilidir. Hər hansı bir ölkənin uzun onilliklər boyu əldə edə biləcəyi bu tarixi nailiyyətlər Ümummilli lider Heydər Əliyevin vətənimizin firavan gələcəyinin qurulmasına xidmət edən müdrik strategiyası əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və ölkəni böyük perspektivlərə doğru aparan uğurlu siyasətin, beynəlxalq aləmdə gedən proseslər fonunda Azərbaycanın maraq və mənafelərini daha dolğun şəkildə təmin etmək üçün atılan qətiyyətli və məqsədyönlü addımların nəticələridir.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi kurs cəmiyyətin sosiomədəni bazisinin mərhələlərlə postindustrial dəyərlər və ənənələr məcrasına transformasiyasına imkan yaratdı, milli tərəqqinin sabitliyini və davamlılığını təmin etdi, ölkəni beynəlxalq münasibətlərin obyektinə yox, aparıcı subyektinə çevirdi. Dövlət başçısının iqtisadi sferada həyata keçirdiyi siyasətin indi də özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsidir. Bu mənada Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar sırasında ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlərin xüsusi yer tutması təbii xarakter daşıyırdı. Digər tərəfdən, elmi-nəzəri, iqtisadi əsaslara söykənən, sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərini təşkil edir. Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr seçkilərindən sonra imzaladığı ilk fərmanlar sırasında yer alan “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanı və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkə iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə yanaşı, nəticə etibarilə sosial rifah halının getdikcə yüksəlməsinə xidmət etdi. 
“Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır” deyən dövlət başçısının bu məqsəd naminə apardığı uğurlu siyasətin nəticəsidir ki, yoxsulluq səviyyəsi son 11 ildə azalaraq 5 faizə düşüb. Bu mənada ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerlərdə qərar tutub. Ümumiyyətlə, 2003-2014-cü illərdə İnsan İnkişafı İndeksinin artım sürətinə görə Azərbaycan orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin ilk 15-liyinə daxil olub.

- Bu gün Azərbaycanın müasirləşməsi, modernləşməsi prosesində sosial prioritetlər nə kimi əhəmiyyət kəsb edir?

- Hazırda nəinki bölgənin, hətta dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq yarada bilib. Daha doğrusu, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticə isə çox qürurvericidir: Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb: Bu, modern Azərbaycan dövləti modelidir. 
Prezident İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyətliliyi ondadır ki, onun mövcud istiqamətləri var. Belə ki, birinci istiqamətində sosial müdafiənin elementi olan müavinət sistemindən sığorta sistemi ayrıldı. Prezidentin modern sosial siyasətində ikinci mühüm addım regionlarla idarəetmədir. Üçüncü istiqamət, cənab İlham Əliyevin sosial müdafiənin ayrı-ayrı sahələrini dəqiq dövlət proqramları ilə inkişaf etdirməsidir. Dördüncü istiqamət, bu, çox mühüm faktdır və məhz sosial problemləri yaradan səbəblər aşkarlanır. Çox təəssüf ki, hələ də dünyanın bir çox ölkələrində bu gün də problemlərin həllində nəticə ilə mübarizə aparırlar. Ancaq möhtərəm Prezidentimiz İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı xüsusi dövlət proqramları mövcuddur. Prezident İlham Əliyevin modern dövlət modelində sosial siyasətinin beşinci istiqaməti qeyri-hökumət təşkilatlarının timsalında cəmiyyətin sosial müdafiəyə cəlb olunmasıdır. Bunun fonunda ən böyük aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu artıq dünya miqyasına çıxıb və xeyriyyəçiliklə, sosial müdafiənin təşkili ilə məşğul olur. İlham Əliyevin sosial siyasətinin digər bir önəmli istiqaməti milli-mənəvi dəyərlərə hörmət göstərilməsi və insanlarda xeyriyyəçilik ruhunun, humanistliyin tərbiyə olunmasıdır. 

- Azərbaycanda davamlı olaraq pensiya islahatları həyata keçirilir. Bu baxımdan, “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyasının əhəmiyyəti nədən ibarətdir? 

- Bu gün ölkəmizdə həyata keçirilən modern sosial siyasət malik olduğu konkret parametrlərlə diqqət cəlb edir. Həmin parametrlərdən bəhs edərkən görərik ki, burada əsas cəhətlərdən biri sosial müavinət sisteminin sığorta-pensiya sistemindən ayrılması istiqamətində həlledici addımların atılması, buna xidmət edən “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanunlarının qəbuludur. Ölkə rəhbərinin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” isə növbəti mərhələdə sığorta-pensiya sistemində yeni islahatların aparılmasını, sosial ədalətin gücləndirilməsini, yeni institutların formalaşdırılmasını və digər önəmli dəyişiklikləri özündə əks etdirir. Bu sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır. Konsepsiyanın həyata keçirilməsi nəticəsində təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcək, pensiya təminatı sisteminin yığım potensialı güclənəcək, qanunvericilikdə sığortaya dair prinsiplər, sosial sığorta haqqı normativinin strukturu təkmilləşdiriləcək.

- 3 dekabr tarixi hər il dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bir neçə gün öncə bununla bağlı  ölkəmizdə də bir sıra tədbirlər keçirildi.   Təbii ki, sağlamlığı məhdud olan insanlar sosial müdafiəyə ehtiyacı olan əsas təbəqələrdən biridir. Bu baxımdan, ölkəmizdə əlillərə göstərilən qayğı hansı səviyyədədir?

- Hər bir ölkədə elə qrup insanlar var ki, onlara münasibət daha böyük diqqət və həssaslıq tələb edir. Bunlar daim sosial və eləcə də mənəvi qayğıya ehtiyacı olan əlillərdir. Əlillik anadangəlmə də ola bilər, sonra da yarana bilər. İstənilən halda bu insanlar cəmiyyətin ayrılmaz hissəsidir. Onların reabilitasiyası, cəmiyyətə inteqrasiyası mühüm sosial vəzifələrdən biridir. Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda isə əhalinin 5,6 faizi, yəni 530 min nəfər əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının səbəblərindən biri ölkə əhalisinin gənc olmasıdır. Ölkəmizdə əlilliyin artmasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin rolu olub. Respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 12 minə yaxın vətəndaşımız əlil olub. Digər tərəfdən, ayrı-ayrı xəstəliklərin müalicəsinin düzgün və ya vaxtında aparılmaması onların ağırlaşaraq əlillik vəziyyətinə çevrilməsinə şərait yaradıb. Anadangəlmə və müalicəsi mümkün olmayan xəstəliklər, yol qəzaları və texnogen qəzalar zamanı alınan zədələr, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında və sovet qoşunlarının tərkibində Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etmək əlilliyə gətirib çıxaran səbəblərdir.
Qeyd etdiyiniz kimi dekabr ayının 3-ü bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən Beynəlxalq Əlillər Günü 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunur. Məhz bu fakt ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu göstərir. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası gücləndirilib. Ümummilli lider Heydər Əliyev tərəfindən əlilliyi olan insanlara diqqət və qayğının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin ilbəil güclənməsinə şərait yaratmışdır. 
Son 11 ildə Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, belə insanların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşıb. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Belə ki, bu illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri istifadəyə verilib. Həmçinin, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində uşaq bərpa mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Həmin mərkəzlərdə hər il orta hesabla 8 min nəfərə yaxın əlil və sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin edilir. Əlillərin xarici ölkələrdə müalicəsinin təşkili daim diqqətdə saxlanılmış və hər il yüzlərlə əlilin xarici ölkələrdə bərpa müalicəsi, istirahət zonalarında istirahəti təşkil olunur. Ölkəmizdə əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi respublikada əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi 6 faizə qədər yüksəlib. Son illərdə əlillərin mənzillə təminatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Təkcə son 9 ayda bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək. Eyni zamanda, əlillərə pulsuz avtomobillər də verilir. 
Əlillərə qayğıdan söhbət düşmüşkən, Heydər Əliyev Fondu nun fəaliyyəti xüsusi vurğulanmalıdır. Azərbaycanda bu gün vətəndaş cəmiyyətinin ən nümunəvi elementinə çevrilmiş Heydər Əliyev Fondu da məhz Ümummilli lider Heydər Əliyevin sosial siyasət kursunun həyata keçirilməsində mühüm işlər görməklə Azərbaycan dövlətinin sosial funksiyasının reallaşdırılmasına əməli kömək göstərir. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara qayğının artırılması fondun genişspektrli fəaliyyətinin mühüm istiqamətlərindəndir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əlillərin problemlərini daim diqqətdə saxlayır. 
Heydər Əliyev Fondu tərəfindən son illər həyata keçirilən sosial islahatlar nəticəsində əlillərin sosial müdafiəsinin hüquqi cəhətdən tənzimlənməsində mühüm irəliləyişlər əldə edilib, bu sahədə yeni istiqamətlər, prioritetlər və məqsədlər müəyyənləşdirilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Bu mənada Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb.  
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində görülən işlərin başlıca məqsədi onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasını təmin etməkdir.

- Hadi müəllim, dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Hazırda seçkilərin təbliğat mərhələsidir və Siz də YAP-ın səlahiyyətli nümayəndəsi olaraq seçicilərlə görüşlər keçirirsiniz. Necə hesab edirsiniz, partiyamızın proqramında sosial prioritetlər necə özünün əksini tapır? 

- Azərbaycanın ən aparıcı siyasi qüvvəsi olan olan YAP bütün seçkilərdə qələbə qazanıb. Bu da təsadüfi deyil. Çünki partiya öz fəaliyyətində Heydər Əliyev ideyalarına əsaslanır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni-yeni uğurlara imza atır. Partiyamız ötən dövr ərzində  ölkənin iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar aparmaq yolu ilə vətəndaşların layiqli həyat şəraitini təmin etməyə, insanlara sağlam həyat tərzi aşılamaq üçün məqsədyönlü sosial siyasət yürütməyə çalışmışdır. Partiyanın üstünlük verdiyi sosialyönümlü iqtisadi model sosial ədalətin və sosial müdafiənin təminatı, eləcə də, iqtisadi-sosial həyatın humanistləşdirilməsi məsələlərini ön plana çəkir. Bu model radikal bazar iqtisadiyyatı ilə mərkəzləşdirilmiş planlı iqtisadiyyat arasında aralıq mövqe tutur. 
YAP-ın seçki platformasında ölkənin sosial siyasətinin mahiyyəti dolğun şəkildə əksini tapmışdır. Partiya hesab edir ki, hər bir insanın yaxşı yaşamağa haqqı vardır və zəngin təbii ehtiyatlara malik Azərbaycan vətəndaşları üçün layiqli həyat səviyyəsinin təmin edilməsi ümdə vəzifədir. YAP əməkhaqqı və pensiya təminatı sistemində islahatlar aparılmasını, əməkhaqqının, pensiyaların, sosial ödənişlərin artırılmasını, yeni iş yerlərinin açılmasını özünün başlıca vəzifələrindən hesab edir. Bu yöndə də davamlı olaraq addımlar atılır. Təbii ki, bu prinsiplər YAP-ın bələdiyyə seçkiləri kampaniyasının təbliğat mərhələsində əhalinin diqqətinə çatdırılır. Və biz görürük ki, insanlar məhz partiyamızın seçki proqramını, onun irəli sürdüyü ideyaları dəstəkləyir. Bu mənada qarşıdan gələn seçkilərdə partiyamızın namizədlərinin böyük üstünlüklə qalib gələcəyi şübhəsizdir.