YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Əldə edilən razılaşmalar türk dünyasının birliyinin möhkəmlənməsinə də mühüm töhfələr verəcək

Müsahibimiz Milli Məclisin deputatı Ramil Həsən

-Ramil müəllim, bildiyimiz kimi Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağına dair Anlaşma Memorandumu imzalanıb. Sizcə, bu razılaşmanın əhəmiyyəti nədən ibarətdir?

-Ümumiyyətlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ötən illər ərzində ölkəmiz hər bir sahə üzrə inkişaf edib, nailiyyətlər qazanıb. O cümlədən, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artması, dünya siyasətində yerinin və rolunun möhkəmləndirilməsi istiqamətində də çox böyük nailiyyətlər əldə edilib. Bu prosesdə mühüm amillərdəm biri Azərbaycanın həyata keçirdiyi uğurlu enerji siyasəti,  ölkəmizin müəllifi və iştirakçısı olduğu transmilli, qlobal xarakterli layihələrdir. Hesab edirəm ki, Azərbaycanla Türkmənistan arasında  “Dostluq” yatağına dair imzalanmış Anlaşma Memorandumu da məhz bu siyasətin tərkib hissəsidir.

Qeyd etmək lazımdır ki, bu gün Xəzəryanı ölkələr arasında geniş əməkdaşlıq münasibətləri mövcuddur. Bu platformanın yaradılmasında və funksionallığının təmin olunmasında Azərbaycanın rolu əvəzsizdir. Azərbaycan hər zaman Xəzərdə dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasına böyük səy göstərib və dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın imzalanması da buna nümunədir.

Qeyd edim ki, Azərbaycanın uğurlu neft strategiyasının müəllifi Ümummilli Liderimiz Heydər Əliyevdir.  Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində bütün dünyada məşhur olan transmilli şirkətlərlə Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında tarixə "Əsrin müqaviləsi" kimi düşən sənəd imzalandı. "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın hərtərəfli inkişafında müstəsna rolu oldu.

Bilirsiniz ki, "Əsrin müqaviləsi"ndən sonra da Xəzər dənizinin zəngin resurslarının işlənməsinə dair yeni kontraktlar imzalandı. Prezidentimiz İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi neft strategiyasını uğurla davam etdirməsi sayəsində  bu sahədə ölkəmiz üçün son dərəcə mühüm olan müqavilələr imzalandı. Bir neçə il öncə “Əsrin müqaviləsi”inin müddətinin uzadılması haqqında sazişin imzalanması, Cənub Qaz Dəhlizi layihəsinin həyata vəsiqə alması və s. bunun sübutudur.

Hazırda əksər region dövlətləri, eləcə də Avropanın ayrı-ayrı ölkələri özlərinin enerji təhlükəsizliyini respublikamızın təşəbbüsü və fəal iştirakı ilə yaradılan şaxələndirilmiş mənbələr və dəhlizlər vasitəsilə təmin edirlər. Görünən odur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı  “Dostluq” yatağı da  zəngin neft-qaz ehtiyatlarına malikdir.  Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl respublikamızın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. "Dostluq" yatağının işlənməsi üzrə memorandumun imzalanması ilə dövlət başçısının verdiyi mesaj həyatda öz təsdiqini tapdı. Bu layihə Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi önəmi artacaq.  Memorandumun imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından çox önəmli addımdır.

Düşünürəm ki, bu sənədin imzalanması Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, Avropanın enerji təhlükəsizlyinin güclənməsinə əhəmiyyətli təsir göstərəcək. Digər vacib məqam isə ondan ibarətdir ki, əldə edilən razılaşmalar türk birliyinin möhkəmlənməsinə də mühüm töhfələr verəcək. Ona görə də, bu sənədin imzalanması həm milli maraqlarımıza, həm də türk dünyasının maraqlarına uyğundur. 

-Məlumdur ki, Vətən müharibəsinin başa çatmasından sonra müvafiq razılaşmalara əsasən regionda kommunikasiyaların bərpası nəzərdə tutulur. Kommunikasiyaların bərpası türk dünyası üçün nə kimi perspektivlər vəd edir?

-44 günlük Vətən müharibəsində Azərbaycan dövləti və xalqı parlaq qələbə qazandı.  Bunun nəticəsi olaraq, ötən ilin 10 noyabrında Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. İmzalanmış bəyanatın müddəalarından biri kommunikasiyaların bərpası, nəqliyyat layihələrinin reallaşdırlmasıdır. Bu il yanvarın 11-də Moskvada imzalanmış üçtərəfli bəyanatda isə bu məsələ konkret detallarla öz əksini tapır. 

Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev qısa zaman ərzində işğaldan azad edilən  bölgələrin dünyanın ən abad, müasir, inkişaf etmiş regionuna çevrilməsi barədə mesaj verib. Düşünürəm ki, kommunikasiyaların bərpası da bu baxımdan çox önəmlidir. Hesab edirəm ki, yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüş Azərbaycanın maraqlarına tam uyğundur. Azərbaycan hərb meydanında olduğu kimi, diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Hər zaman xalqın və dövlətin maraqlarını Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hər şeydən üstün tutaraq Azərbaycanı iqtisadi, siyasi cəhətdən dünyanın ən öndə gedən ölkələrindən birinə çevirməklə yanaşı, Ali Baş Komandan kimi xalqımıza Zəfər bəxş edən Prezident İlham Əliyev görüşdən sonra verdiyi bəyanatda imzalanmış sənədin məqsədinin bölgədə sülhün, iqtisadiyyatın inkişafına yönəldiyini qeyd etdi.

Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Həmçinin Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Kommunikasiya xətlərinin açılışı, ilk növbədə, Azərbaycanla yanaşı region ölkələrinin də iqtisadi inkişafına təsir edəcək.

Şübhəsiz ki, bu layihələrin reallaşdırılması türk dünyasını, türk dövlətlərini  bir birinə daha sıx bağlayacaq. Bu amil türkdilli ölkələrin iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, siyasi baxımdan da böyük önəm kəsb edir. Biz bütün bunların bəhrəsini gələcəkdə daha aydın şəkildə görəcəyik.

-Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və bərpa işlərində də dost ölkələrinin şirkətlərinin iştirakı nəzərtə tutulur...

-30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliyin, vandalizm aktlarının miqyası ölçüyəgəlməzdir. Yaşayış binaları, tarixi və dini abidələrimiz dağıdılmış, infrastruktur tamamilə yerlə-yeksan edilmiş, hətta 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Laçın, Ağdam rayonları boşaldılan zaman ermənilər evləri, ağacları yandıraraq ekoloji terror aktları törətmişlər.

Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bir daha diqqəti ermənilərin işğal edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklərə yönəldərək qeyd edib ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür. Bəşər tarixində dünyada müharibələr və dağıntılar çox olub, lakin XX əsrdə belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib. Bu, mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz.

Möhtərəm Prezidentimiz bu mühüm məqamı da qeyd edib ki, azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirik. Ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb ediləcək. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında müharibə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyənlər vardır. Bu mövzu Türk Şurası çərçivəsində müzakirə edilərək gələcək üçün planlar hazırlanacaq.

Ümumilikdə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, sadəcə, ölkəmizin deyil, bütün türk dünyasının böyük zəfəridir. İnanırıq ki, dost və qardaş ölkələr quruculuq və bərpa işlərində fəal iştirak edəcəklər. Bu torpaqlar heç vaxt sahibsiz olmayıb, bu torpaqların həqiqi sahibləri var, onlar bu torpaqları özlərinə qaytardılar. Tezliklə bu torpaqlar bərpa ediləcək, onların əvvəlki şöhrəti, zəngin siması özlərinə qayıdacaq.