YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

   Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova

- Hicran xanım, Azərbaycanda qadın hüquqları bir məsələ olaraq gündəmə necə gəlib?

- İlk öncə qeyd etmək istərdim ki, qadının cəmiyyətdə  böyük rolu var.  Bugünkü cəmiyyət məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsuludur. Qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəaldırsa   gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Bir məsələni də  unutmaq olmaz ki, hər bir dövlətin, xalqın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı  var və  qadınlar  belə bir məsuliyyəti öz üzərinə götürməyi  həmişə bacarıblar. Azərbaycan tarixinə nəzər salsaq, kifayət qədər misallar  göstərə bilərik : qəhrəman qadın hökmdarlar Tomris, Nüşabə, Heyran Nisə Bəyim, ilk diplomatlarımız Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultan xanım Tuti Bikə, təkcə əsərləri ilə deyil, həm də  ictimai-siyasi fəaliyyətləri seçilən  Məhsəti Gəncəvi,  Xurşudbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Aşıq Pəri və digərləri.  Zaman keçdikcə, nə qədər istedadlı, ağıllı və cəsarətli qadının adı tarixə yazıldı. Xüsusi ilə də,  XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş  formada, indiki terminlə desək, yeni gender münasibətlərinin kontekstini yaradırdılar. Və məhz onlar, adi xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər  fəal qadın qruplarının formalaşmasına dəstək oldular. Burada xüsusilə  qeyd etmək lazımdır ki, bu prosesdə həmin xanımların həyat yoldaşları da onlara böyük yardım edir, birgə fəaliyyət göstərirlər. Azərbaycanın görkəmli ziyalıları, sahibkarları xalqı maarifləndirmək, ona öz hüquq və vəzifələrini anlatmaq yolu ilə ictimai rəyə təsir göstərməyə çalışırdılar. XIX əsrin ikinci yarısında maarifçilər, ədiblər, nasirlər, siyasi xadimlər, ziyalılar “qadın bir şəxsiyyət kimi azad olmayınca onun problemləri həll olunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Artıq XIX əsrin 60-cı illərindən başlayaraq Bakıda, Şamaxıda, Şuşada, Zaqatalada, Naxçıvanda, Qazaxda, Zərdabda və digər yerlərdə qızlar məktəbləri fəaliyyət göstərməyə başladı. Qızlar üçün ilk dünyəvi məktəbin açılmasından isə 120 il ötür. Bütün bu maarifçiliyin nəticəsi nə oldu, bir neçə nümunəni qeyd edə bilərik.1904-cü ildə Leyla Şaxtaxtinski tibb təhsilini davam etdirmək üçün İsveçrəyə getdi. O, Avropada təhsil alan ilk azərbaycanlı qadın idi. 110 il bundan əvvəl, yəni 1911-ci ildə ilk qadın jurnalı “İşıq” təsis olundu. Dövrün maarifpərvər ziyalısı Xədicə  Əlibəyova Azərbaycan mətbuat tarixinə ilk xanım baş redaktor kimi düşdü.    1912-ci ildə  Həmidə Cavanşir Tiflisdə keçirilən Zaqafqaziya Pambıqçılarının 13-cü qurultayında geniş məruzə etdi. Bu, azərbaycan qadınının beynəlxalq yığıncaqda ilk çıxışı idi. 1917-ci ildə Moskva Ümumrusiya Müsəlmanlarının Qurultayında Ə.M. Topçubaşovla  birgə Səlimə xanım Yaqubova da iştirak edirdi.  Bu, Azərbaycan qadının kişilərlə bir yerdə rəyasət heyətində ilk təmsilçiliyi idi. Şəfiqə Əfəndizadə 1917-ci ildə Cənubi Qafqaz müsəlman qadın müəllimlərinin Kazan şəhərində çağırılmış qurultayına nümayəndə seçilmiş, qurultayda iştirak edərək söylədiyi nitqində Şərq qadınlarının hüquqsuzluğundan danışmış, yeni məktəblərin, teatrların açılmasını tələb etmişdir. Pərixan Sofiyeva 1918-ci ildə öz yaşadığı regionda Gürcüstan Sosialist Federalistlər partiyasını məğlub edərək, bitərəf millət vəkili kimi Gürcüstan parlamentinə daxil olmuşdur. Müsəlman dünyasında ilk seçilən qadın deputatdır. Hələ 103 il bundan əvvəl, 1918 - ci ildə qadınlarımız müsəlman Şərqində ilk dəfə olaraq seçmək və seçilmək hüququ qazandılar. Halbuki, həmin dövrdə seçki sahəsində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta ABŞ və Avropa dövlətlərinin əksəriyyətində hələ öz həllini tapmamışdı. 23 ay yaşamasına baxmayaraq, az bir zamanda, qadın hüqularının müdafiəsi, qadın iştirakçılığının təmin edilməsi sahəsində elə bir ideyalar, sosial institutlar yarandı və möhkəm təməl qoyuldu ki, bu gün  o, özünü həm dövlət qadın siyasətində göstərir, həm də Azərbaycan qadını məhz bu bəhrədən qidalanır.  Sonrakı dövrlərdə də qadınlarımızın cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Onlardan bir neçəsinin adlarını qeyd etmək olar. Məsələn, İlk qadın pedaqoq Mədinə Qiyasbəyli, ilk  dramaturq Səkinə Axundzadə, ilk qadın-bəstəkar Ağabacı  Rzayeva,  Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, ilk xanım opera müğənnisi Şövkət Məmmədova, balet  sahəsində ilk nümayəndəmiz Qəmər Almaszadə, ilk peşəkar  rəssam Maral Rəhmanzadə, ilk qadın heykəltəraş Zivər Məmmədova, ilk həkim-ginekoloq  Ədilə Şaxtaxtinskaya.  İlk kinoaktrisa, ilk xanım neft mühəndisi və ilk xanım kimyaçı akademik   İzzət Orucova, biologiya sahəsində ilk qadın akademik  Validə Tutayuq, ilk uşaq pediatrı Adilə Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biridir. İlk qadın oftalmoloq Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində  həm də ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. Həmin sırada  elmimizin fəxri, tanınmış şərqşünas, professor Aida xanım İmanquliyevanın adını xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu siyahını daha da genişləndirmək olar. Biz bu xanımlarla fəxr edirik! Onlar həm Azərbaycan elminə, həm  ölkənin ictimai-siyasi   inkişafına öz layiqli töhfələrini vermiş, özlərindən sonra böyük elmi-mədəni –ictimai irs qoymuşlar.

- Müasir dövrdə Azərbaycan qadının cəmiyyətdə rolunu necə qiymətləndirmək olar?

- Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, istər sovet hakimiyyəti, isərsə də müstəqillik dövründə milli qadın hərakatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Ulu Öndər qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi.Qadınlarla bağlı heç bir yığıncağ, iclas, qurultay  nəzərindən kənarda qalmırdı. Müsqəilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman  imzaladı.   1998-ci ildə  Azərbaycan Respublikasının Qadın  Problemləri üzrə  Dövlət Komitəsi yaradıldı.  Zaman  keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu.  Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusilə, qeyd etmək lazımdır ki,  MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var.   Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Artıq hər dəfə mən bunu bildirirəm ki, bu qanunların qəbul olunmasında Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rol var. Ailə, Cinayət, İnzibati Xətalar, Mülki Məcələlərinə dəyişiliklər və əlavələr edildi.  Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur. Bu gün ölkədə həyatın bütün sahələrində qadınların sayı artmaqdadır, sahibkarlıqda, qərarqəbuletmə və idarəetmədə, hüquq-mühafizə orqanlarında, diplomatiyada, elm və təhsildə. Qadınlar  ölkə əhalisinin ümumi sayının 50,1 faizini təşkil edir. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların 77,6 faizi qadındır.  Azərbaycanda   hər 100 təhsil alana 47 qadın və 53 kişi düşür.  Bütövlükdə savadlılıq 100%-ə çatdırılıb. 15 və yuxarı yaşlı qadınlar arasında savadlılıq 99,8%, kişilər arasında isə 99,9%- dir. 2000-ci ildə millət vəkilləri qadınların sayı dörd tam onda üç (4,3%) faiz təşkil edirdisə, 2020 - ci ildə qadın deputatların sayı artaraq on səkkiz tam onda iki (18,2%)  faiz təşkil etmişdir. Dövlətimizin müstəqillik tarixində ilk dəfə Milli Məclisin spikeri qadın seçildi.  2004-cü ildə bələdiyyə orqanlarında qadınlar 4 faiz təşkil edirdisə. 2019-cu ildə (sonuncu bələdiyyə seçkisi) bələdiyyəyə seçilən qadınların xüsusi çəkisi 39 faiz olmuşdur.   Hazırda prokurorluq orqanlarında qadınların sayı artmaqdadır. Qadın hüquqlarının müdafiəsi ilə əlaqədar fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayı artmışdır.  ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında keçirilən tədbirdə Respublikanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva  qeyd etmişdir ki, “elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir”. ICESCO-nun xoşməramlı səfiri olaraq  bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edən Mehriban xanım qadın və qızların bu istiqamətdə fəaliyyətinin gücləndirilməsini xüsusi vurğuladı: “Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq”. Son illər biz qadın və qızlarımızın texniki və texnoloji sahələrə maraq göstərirlər. Məşğulluqda, iqtisadiyyat növləri üzrə 2005-ci ildə  dörd mindən çox (4328) qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2016-ci ildə onların sayı 8278, 2019-cu ildə 10162  nəfərə çatmışdır. Və ya 2005-ci ildə peşə, elmi və texniki fəaliyyət ilə on dörd mindən çox (14 811) qadın məşğul olurdusa, 2015-ci ildə onların sayı iyirmi beş mini (25 386) ötmüşdür. 2019-cu ildə 25 032 olmuşdur. Ölkədə 2017/2018-ci tədris ili üzrə texniki və texnoloji ixtisaslar qrupu üzrə bakalavr səviyyəsində təhsil alan qızların sayı 9 minə yaxınlaşır. 2019/2020-ci tədris ili üzrə isə bu rəqəm 10 mini ötmüşdür (10 312) Bu ixtisas üzrə magistratura sahəsində təhsilini davam etdirən qızların sayı 2 minə çatır.  2019/2020-ci tədris ili üzrə isə artın 3000 minə yaxınlaşmışdır.  Lakin əlbəttə ki, bəzi çətinliklər də var, gender əsaslı zorakılığa qarşı mübarizə davam etdirilməlidir, aparılan maarifləndirmə işləri daha da gücləndirilməlidir. Qadınların rəhbər vəzifələrə irəli çəkilməsində hələ də stereotiplər mövcuddur, bunu aradan qaldırmalıyıq. Xüsusilə də qadınlarda özünə inam hissi olmalıdır.

Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev demişdir: “Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər.”  Bəli, həqiqətən bu gün Azərbaycan qadını -  ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Onlar,  yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın  inkişafında fəal iştirak edirlər. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Bu Azərbaycan qadının unikallığıdır! Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlarımız kişilərlə bərabər  dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmiş, ailələrində də vəzifələrini layiqincə yerinə yetirmişlər. Belə bir balans və harmoniya mümkündür.  Bu gün bizim qadınlarımız arasında belə nümunələr var. İlk növbədə Respublikanın  Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanı misal çəkə bilərik. Öz kreativliyi, müasir təfəkkürü ilə seçilən, hər zaman  milli köklərimizə söykənərək vətənə sadiq, xalqın maraqlarını qoruyan  Mehriban xanım,  eyni zamanda, ana kimi, həyat yoldaşının yaxın silahdaşı kimi  nəinki ölkə, həm də dünya qadınları üçün nümunədir.

- Hicran xanım, qarşıdan 8 Mart Beynəlxalq Qadınlar günü gəlir, Qadınlara sözünüz, arzularınız...

- Bütün dünyada qəbul olunmuş faktdır ki, qadınların fikirləri, istəkləri, məsləhətləri nəzərə alınmırsa, həmin dövlətdə, bölgədə, kənddə, ailədə - tərəqqidən, yaşayış səviyyəsinin yüksəlməsindən söz gedə bilməz, bu mümkün deyil. Beynəlxalq analitiklər təsdiq edirlər ki,  siyasi strukturlarda qadınların təmsil olunma faizi 20 % dən çoxdursa, həmin dövlətdə, sosial, təhsil və səhiyyə sahələrinin inkişafında real dönüşlər müşahidə edilir. Qeyd edim ki, bu fikir  böhranlı vəziyyətlərdə, hələ də davam edən pandemiya dövründə bir daha öz təsdiqini tapdı. Biz COVİD-19 pandemiyası, 44 günlük Vətən müharibəsində qadınlarımızın cəsarətinə bir daha şahid olduq. Hər bir qadınımız müasir qəhrəmanlıq tarixinə yeni nümunələr gətirdi, Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Bu bizim tarixən tanınmış qadınlarımızın yeni təcəssümüdür. Şəhid bacımız Arəstə ilə, övladının,  həyat yoldaşının cənazəsini öz çiynində son mənzilə yola salan  anal- bacılarımızla  qürur duyuruq! Biz onlara bir daha baş sağlığı veririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qadın həm də anadır, Vətəni müdafiə edən, onun inkişafına töhfə verən övlad yetişdirir. Biz analarımızla fəxr edirik! Mən fürsətdən istifadə edib, qadınları, anları, bacıları, qızlarımızı  8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti  ilə ürəkdən təbrik edirəm. Onların ailələrinə  səadət, fəaliyyət göstərdikləri sahədə isə nailiyyətlər arzulayıram. Çünki onların uğuru Azərbaycanın daha da güclənməsi və firavanlığı  yolunda bir addımdır.