YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

“Şuşa İli” Böyük Qayıdışın başlanması deməkdir

Müsahibimiz Milli Məclisin deputatı Aydın Mirzəzadə

- Aydın müəllim, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edildi. Bu mühüm hadisə hansı məqamları özündə ehtiva edir?

- 2021-ci il “Nizami Gəncəvi İli”ndən sonra növbəti ilə elə bir ad seçilməli idi ki, o, Nizami Gəncəvi yüksəkliyinə, onun məna dərinliyinə bərabər olsun. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsini çox əhəmiyyətli hadisə adlandırıram. Şuşa sıradan bir region deyil. Şuşa sadəcə bir yer adı deyil. İlk dəfədir ki, Azərbaycanda il hansısa bir regionun adı ilə adlandırılır. Amma bu gün hər bir azərbaycanlı üçün Şuşa tariximiz, Şuşa mədəniyyətimiz, Şuşa qürurumuz, Şuşa 44 günlük müharibə nəticəsində əldə etdiyimiz böyük zəfərdir. Sərəncamda da qeyd edildiyi kimi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Bu il Şuşanın əsasının qoyulmasının 270 ili tamam olur. Bu yubileydir.  Eyni zamanda, bu, yubiley zirvəsindən Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, öz torpağına bağlılığına baxışdır. Şuşanın Böyük Britaniyanın tanınmış arxitekturlarından birinin iştirakı ilə Baş planının hazırlanması onun sözün əsl mənasında dünyanın mədəniyyət paytaxtlarının birinə çevrilməsinə səbəb olacaq.  Şuşa tarixi, Şuşa mədəni, Şuşa yeniliklər şəhəri olacaq. Tarixi qorunub saxlanılmaqla, coğrafi şərait nəzərə alınmaqla tamamilə yeni bir Şuşa yaranır. Burada həm köhnə Şuşanın, həm də yeni Şuşanın yeri vardır. Beynəlxalq tədbirlər, musiqi festivalları, görüşlər keçirmək mümkün olacaq. Şuşa həm şuşalıların, həm də hər bir azərbaycanlının doğma şəhəri olacaq. Orada fəaliyyət göstərəcək mədəniyyət ocaqları, hətta ali məktəblər Azərbaycanın fəxri olacaq. Şuşanın dirçəlməsi, onun dünyanın diqqətini cəlb edən bir mədəniyyət ocağına çevrilməsi mümkündür.

- 2021-ci ildə görülən işlər fonunda 2022-ci il üçün müəyyənləşdirilən  hədəflər  Böyük Qayıdış barədə hansı təsəvvürləri yaradır?

- Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi birincisi, Böyük Qayıdışın başlanması deməkdir. Artıq Zəngilan rayonunda Ağalı kəndində salınan yeni yaşayış massivi az bir zamandan sonra yerli əhalinin oraya köçürülməsinə səbəb olacaq. Eyni zamanda, Ağdamda, Cəbrayılda şəhərin əsasının qoyulması, digər rayon mərkəzlərinin və iri yaşayış məskənlərinin Baş planlarının hazırlanması məcburi köçkünlərin artıq geri qayıtması prosesinin başlanmasından xəbər verir. Bunun üçün torpaqlar minalardan təmizlənməli, təhlükəsizlik təmin edilməli, infrastruktur yaradılmalı idi ki, bu istiqamətində il yarım ərzində çox böyük işlər görüldü. Bu böyük işlərin içərisində Şuşanın mədəniyyət paytaxtımız elan edilməsi və Şuşanın adına, tarixinə uyğun olaraq yenidən qurulması diqqət çəkir. Cənab Prezidentin ötən il regionlara səfərlərinin böyük əksəriyyəti işğaldan azad edilmiş ərazilərədir. Onların içərisində isə ən çox səfər Şuşa şəhərinədir. Şuşa artıq turist marşrutlarının planına salınmışdır. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanının açılması işğaldan azad olunan zonalarda bərpa işlərinin təmin olunması ilə əhalinin qayıdışına, investisiya qoyuluşuna böyük şərait yaratmaqla yanaşı, eyni zamanda, Şuşanın bir mədəniyyət paytaxtı kimi şöhrətlənməsində mühüm əhəmiyyət daşıyacaq.

Azərbaycan dövlətinin bu məsələdə əzmi var, düşünülmüş planı var və lazımi işlər də görülür. Bu məsələdə cənab Prezidentin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Onun işğaldan azad edilmiş ərazilərimizin bərpa məsələsini daim diqqətdə saxlaması, vaxtaşırı həmin zonalara gedərək orada görülən işlərlə tanış olması, gələcəklə bağlı tapşırıqlar verməsi həmin regionlarda qısa zamanda əhalinin məskunlaşmasına böyük imkanlar yaradır. Ölkə Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin infrastrukturunun yenilənməsi, hər bir şəhərin, yaşayış məskəninin müvafiq infrastukturlarla təmin edilməsi üçün tapşırıqlar verməsi günün əsas mövzularından biridir.

Cənab İlham Əliyevin Şuşaya məhəbbəti sonsuzdur. Onun Şuşa ilə bağlı planları, çağırışları, söylədikləri hər kəsin diqqətini cəlb edir. Şuşa cənab Prezidentin diqqəti və qayğısı nəticəsində Azərbaycanın sözün əsl mənasında mədəniyyət ocağına, iftixar yerinə və eyni zamanda, ölkəmizi tanıdan çox əzəmətli simvollardan birinə çevriləcək.