YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

20 Yanvar faciəsi xalqımızın milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi

Müsahibimiz Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli

- Fəzail müəllim, xalqımız bu günlər 20 Yanvar faciəsinin 25-ci ildönümünü, şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Sizcə, 20 Yanvar hadisəsinin Azərbaycan tarixində yeri və rolu nədən ibarətdir?

- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda XX əsr tarixinin ən faciəli hadisələrindən biri baş verdi. Azərbaycanın dinc əhalisinin üzərinə vəhşicəsinə hücuma keçən sovet əsgərləri ən müasir silahlardan istifadə edərək yüzlərlə günahsız insanları qətlə yetirdilər. 
20 Yanvar faciəsi beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı, bu dövlətə az-çox inanan insanların inamını sarsıtdı. Xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu qanlı terror Azərbaycan xalqının milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni bir mərhələyə daxil oldu. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar və bununla da 20 yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər.

- Bu faciənin baş verdiyi dövrün ictimai-siyasi vəziyyətini necə xarakterizə edərdiniz? Sizcə, qanlı hadisəyə hansı amillər səbəb oldu?

- 20 Yanvar faciəsinə hər hansı bir zaman kəsiyində baş verən hadisə kimi baxmaq olmaz. Bu faciəyə gedən yol 1988-ci ildən başlamışdı. 80-ci illərin sonunda Sovetlər Birliyində ictimai-siyasi həyatın demokratikləşməsi nəticəsində Azərbaycanda başlanan siyasi oyanış sovet rəhbərliyini  ciddi narahat edirdi. Bu oyanışın qarşısını almaq üçün bəhanə axtaran Moskva elə səbəbi də, bəhanəni də özü hazırladı. Hadisələrin gedişinə diqqət yetirək. 1980-ci illərin ikinci yarısında Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən təxribatçı “Krunk” erməni ekstremist təşkilatı SSRİ-dəki və xaricdəki erməni “Milli müqəddəratın müstəqil təyin edilməsi birliyi” və “Siyasi məhbusların müdafiəsi erməni komitəsi”nin himayəsindən istifadə edərək fəaliyyətini gücləndirdi. “55-lər komitəsi” adlanan orqanın göstərişləri əsasında “Krunk” vilayətin erməni əhalisini Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etməyə çağırırdı.
1988-ci ilin yanvarından etibarən “Türksüz Ermənistan” və Dağlıq Qarabağ uğrunda millətçi hərəkatın planlı fəaliyyəti başlandı. 1988-ci il yanvarın 25-də Ermənistanda yaşayan azərbaycanlıların ilk qrupu öz torpaqlarından didərgin salındı. Artıq fevralın 23-nə qədər qovulanların sayı 4 min nəfərə çatdı. Bu hadisə bir tərəfdən Ermənistanda yaşayan azərbaycanlılar arasında vahimə yaradır, digər tərəfdən isə Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirir, nəhayət, erməni-azərbaycanlı münaqişəsinin törədilməsinə rəvac verirdi. Moskva və dünya dövlətlərinin gözü qarşısında baş verən bu hadisələrə heç bir reaksiya verilmirdi. 1988-ci il fevralın 19-da Muxtar Vilayətin Ali Sovetinin sessiyasının keçirilməsi, DQMV-nin statusu məsələsinə baxılması haqqında SSRİ Ali Sovetinə müraciət qəbul edilməsi çağırışları altında kütləvi antiazərbaycan mitinqləri keçirildi. Elə həmin gün Bakıda da bu hadisələrə etiraz edən kütləvi mitinq təşkil olundu.
Baş verə biləcək milli toqquşmaların qarşısının vaxtında alınmaması və SSRİ rəhbərliyinin  ermənipərəst mövqedə dayanması erməniləri daha da şirnikləşdirdi. 1988-ci il fevralın 28-də Sumqayıt hadisəsi baş verdi. Hadisənin istintaqı zamanı üzə çıxarılmış 96 cinayətkar arasında müxtəlif millətlərin nümayəndələrinin, o cümlədən, qırğının əsas təşkilatçısının erməni olmasına baxmayaraq, cinayətin guya ancaq azərbaycanlılar tərəfindən törədilməsi haqqında erməni mətbuatı dünyaya iftiralar yaydı. 

- O zamanki respublika rəhbərliyinin səriştəsizliyi və qətiyyətsizliyi bu faciənin baş verməsinə nə dərəcədə təsir göstərdi?  

- Bütün bu hadisələrə münasibətdə Azərbaycanın milli mənafeyindən çıxış etməyən, Moskvanın iradəsi ilə hərəkət edən respublika rəhbərliyinin gözləmə mövqeyi ölkədə narazılığı daha da artırırdı. Azərbaycanda sosial-iqtisadi və siyasi böhranın getdikcə dərinləşdiyi bir şəraitdə Ermənistandan didərgin salınan 191 min 175 nəfərin qaçqın vəziyyətində Azərbaycana gəlməsi, qovularkən 217 adamın öldürülməsi, 1154 nəfərin yaralanması ölkədə gərgin olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirdi. Qaçqınlara olan səriştəsiz və ögey münasibət siyasi sabitliyi pozan əsas amillərdən birinə çevrildi.
Real vəziyyət, azərbaycanlılara qarşı tətbiq edilən zorakılıq və işgəncələr haqqında əhalidə obyektiv informasiyanın olmaması faktı da əhalini gərginlikdə saxlayır, vəziyyəti daha da mürəkkəbləşdirirdi. 1988-ci il noyabrın 17-də Ermənistanın təcavüzkarlığına, Dağlıq Qarabağda  yaşayan ermənilərin Şuşanın Topxana meşəsində törətdiyi vəhşiliyə, nadir ağacların qırılmasına etiraz əlaməti olaraq başlanan mitinq Azadlıq meydanında gecə-gündüz davam edən 19 günlük meydan hərəkatına çevrildi. Dekabrın 4-dən-5-nə keçən gecə meydan hərəkatının zor gücünə yatırılmasından sonra respublikada ictimai-siyasi vəziyyət gündən-günə gərginləşməyə başladı. Vəziyyəti gərginləşdirən amillərdən biri də Azərbaycanda ermənilərin hələ də yaşamaqda davam etməsi idi. Ermənistan SSR-də bir nəfər belə azərbaycanlının yaşamadığı halda, Azərbaycanda ermənilərin yaşaması mərkəzin burada milli zəmində istənilən vaxt təxribat törətməsi üçün şərait yaradırdı.
Təxribatın törədilməsinə şərait yaradan digər amil isə respublikada hakimiyyətsizliyin hökm sürməsi idi. Belə ki, bir sıra rayonlarda ikihakimiyyətlilik yaranmışdı. Azərbaycan KP-nin rayon partiya komitələri gücü olmayan formal hakimiyyət, Azərbaycan Xalq Cəbhəsi isə hüquqi hakimiyyəti olmayan, lakin hakimiyyət funksiyalarını yerinə yetirən orqanlar kimi çıxış edirdi. Bütün bu və buna bənzər bəzi hərəkət və çağırışlar Moskvanın Azərbaycanda hər cür təxribat törətməsinə münbit şərait yaradırdı və Azərbaycanı cəzalandırmaq üçün belə bəhanələrin yaradılmasına Moskva son dərəcə maraqlı idi.
Məhz buna görə də, 1990-cı il yanvarın əvvəllərində mərkəzin göstərişi ilə müxtəlif qoşun hissələri Bakıya gətirildi. Yanvarın 3-dən 6-na qədər Bakıda olmuş Moskva nümayəndələri Barannikov, Ludayuskas, Babkov və başqaları məxfi olaraq Gəncəyə gəlmiş SSRİ müdafiə naziri Yazov tərəfindən orada qəbul edilmiş, xüsusi tapşırıqlar almış və Bakıda “Tayfun”, yəni “Qasırğa” əməliyyatının planı hazırlanmışdı.
Azərbaycan rəhbərliyinin müstəqil siyasi xəttinin və dəqiq, sabit mövqeyinin olmaması Moskvanın respublikada həyata keçirmək istədiyi “siyasətin” reallaşmasına şərait yaradırdı. Yanvarın 13-də Bakıda bir erməni tərəfindən iki azərbaycanlının öldürülməsinə cavab olaraq yanvarın 13-14-də Bakının bəzi yerlərində ermənilərin təqib olunması mərkəz tərəfindən bütün təfsilatına qədər düşünülmüş, taktiki baxımdan hərtərəfli hazırlanmış təxribatın həyata keçirilməsi üçün zəmin yaratdı. İnzibati orqanların, hərbi hissələrin tam hazır vəziyyətdə olmasına baxmayaraq, ətrafda baş verənlərə qarşı heç bir tədbir görülmədi. Azərbaycan xalqına “dərs vermək”, milli-azadlıq hərəkatını boğmaq məqsədilə 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərmanı qəbul edildi. Lakin bu fərmanın qəbulu ilə əlaqədar əhaliyə heç bir məlumat verilmədi. Hərbi hakimiyyət orqanları Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edildiyini və qadağan saatı qoyulduğunu yalnız yanvarın 20-də səhər saat 7-də elan etdilər. Artıq bu vaxt hərbçilər 82 adamı öldürmüş, 20 nəfəri ölümcül yaralamışdılar. Ümumiyyətlə, 20 Yanvar faciəsi zamanı 130  nəfərdən artıq adam öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər qanunsuz həbs edilmiş, 4 nəfər itkin düşmüş, küllü miqdarda maddi və mənəvi zərər vurulmuşdu.

- 20 Yanvar faciəsi ərəfəsində Azərbaycan informasiya blokadasına alınmışdı. Amma o zaman Moskvada yaşayan Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı çıxış edərək Sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayəti bütün dünyaya bəyan etdi. Bu bəyanatın tarixi əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı iflic vəziyyətinə - informasiya blokadasına salınmış, radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. O günlərdə Azərbaycan xalqı sanki başsız qalmışdı. Belə ağır vəziyyətdə xalqına həyan çıxan o vaxt siyasi səhnədən kənarda olan Ümummilli lider Heydər Əliyev oldu. O, böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirdi, 20 Yanvar faciəsinin mahiyyətini açıqladı. İmperiya rəhbərliyini qatil adlandıran Heydər Əliyev faciənin törədilmə səbəblərini və təşkilatçılarının adlarını açıqladı. 20 Yanvar faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini qətiyyətlə tələb edən Heydər Əliyev baş vermiş faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdi. Ulu öndərin Moskva nümayəndəliyindəki tarixi çıxışının mətni bütün maneələrə baxmayaraq, dünyaya yayıldı. Bu çıxış məhz o zaman informasiya blokadasında olan Azərbaycanda baş verən 20 Yanvar faciəsinə əsl siyasi qiymət idi.
Eyni zamanda, Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da Ulu öndər Heydər Əliyev   bu məsələni diqqət mərkəzində saxladı. Məhz Onun təşəbbüsü ilə ölkə parlamenti 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Həmçinin, 20 Yanvar şəhidlərinin adları əbədiləşdirildi, onların ailələri qayğı ilə əhatə olundu. Bu gün Prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir və 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. 

- Fəzail müəllim, sizcə, 20 Yanvar hadisəsini Azərbaycanın müstəqillik uğrundakı mübarizəsində dönüş anı kimi dəyərləndirmək olarmı?

- 20 Yanvar faciəsi respublikada milli-azadlıq hərəkatına və demokratik proseslərə zərbə vursa da, müstəqillik uğrunda xalqımızın apardığı mübarizəni dayandıra bilmədi. Əksinə, 20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu. Baş verən hadisələr, milli münaqişələr sovetlər imperiyasının çökməsi ilə nəticələndi və Azərbaycan öz tarixi müstəqillik haqqına qovuşdu.
Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi abidəsi hər bir azərbaycanlının ürəyində ucalır. Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir.
Şəhidlərin uğrunda canlarını qurban verdiyi Azərbaycan dövləti bu gün beynəlxalq münasibətlər sistemində söz sahibidir. Özünün daxili və xarici siyasəti ilə böyük uğurlar qazanan Azərbaycan regionda və dünyada iqtisadi qüdrətinə, siyasi sabitliyinə görə xüsusi nüfuz sahibinə çevrilib. Vaxtilə: “Yox millətimin imzası imzalar içində” - deyə fəryad edib dünyasını dəyişən babalarımızın da ruhu şaddır. İndi dünyanın ən uca bayrağının dalğalandığı Azərbaycanın hər bir vətəndaşı  “Var millətimin imzası imzalar içində!” sözünü qürurla deyə bilər.