YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qlobal Bakı Forumu dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həll olunmasına böyük töhfə verəcək

Müsahibimiz Milli Məclisin deputatı, professor Kamilə Əliyeva

-Kamilə xanım,  Azərbaycanın beynəlxaq nüfuzundan bəhs edərkən  iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsi xüsusi qeyd edilir. Ölkəmizin bu uğurunu şərtləndirən amillər hansılardır?

-Son dövrlər paytaxtımız Bakı şəhəri mütəmadi olaraq  bütün dünyanı narahat edən problemlərlə bağlı beynəlxalq yığıncaq və forumlara ev sahibliyi edir. Bu tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən çox maraqla qarşılanır. Çünki təşkil edilmiş bu forumlarda dünyanı narahat edən problemlər səsləndirilməklə yanaşı geniş şəkildə müzakirə olunur və çıxış yolları haqqında təkliflər irəli sürülür. Bu cür forumların Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu Azərbaycan dövlətinə və ölkəmizin başçısı Prezident cənab İlham Əliyevə olan hörmətin və yüksək etimadın nümunəsidir. Cənab İlham Əliyev həm ölkə başçısı olaraq, həm də dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının sədri qismində istər siyasi, istər iqtisadi, istərsə də humanitar sahələrdə dünyanı narahat edən qlobal problemlərin həll olunmasında yaxından iştirak edir, səmərəli təkliflərlə çıxış edir və problemin aradan qaldırılması işinə böyük dəstək verir.

Koronavirusun ən sərt dönəmlərində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına, eləcə də 30 dan çox dövlətə göstərdiyi humanitar yardım və maliyyə dəstəyi  bütün dünyada böyük rəğbətlə qarşılanmışdır. Bu gün də Azərbaycan dünyanın ərzaq və enerji  təhlükəsizliyində mühüm rol oynayır.

-Ənənəvi keçirilən Bakı Qlobal Forumları dövrün aktual məsələlərinin müzakirəsi baxımından diqqətçəkəndir.  IX Bakı Qlobal Forumu özündə hansı çağırışları ehtiva etdi?

-Keçən həftə Bakıda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu keçirildi. Bu forum hal hazırda dünyada baş verən geosiyasi, iqtisadi, humanitar problemlərin, eləcə də yer kürəsinin ərzaq böhranı ilə üzləşdiyi bir zamanda baş tutmasını labüd edirdi. Qlobal Bakı Forumu dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həll olunmasına böyük töhfə verəcək.  Bu gün Avropada mövcud vəziyyət, ərzaq böhranının yaxınlaşması və bu böhranın yaradacağı problemlər barədə məsələlər forumda geniş müzakirə olundu və səbəblərin aradan qaldırılması üçün önəmli təkliflər də səsləndirildi.

-Forumun gündəliyi, iştirakçılarının yüksək statusu  dünyada foruma olan marağın göstəricisidir. Dövlət başçısı İlham Əliyevin IX Bakı Qlobal Forumun açılış mərasimindəki nitqi  tədbirin qlobal əhəmiyyətinə işıq salmaqla yanaşı, dünyaya ünvanlanan mesajlarla da zəngin oldu. Bu barədə fikirlərinizi bilmək istərdik...

-Forumda dünyanın bir neçə nüfuzlu beynəlxalq təşkilatlarınn rəhbərləri, keçmiş dövlət və hökumət başçıları, eləcə də dünyanın tanınmış ictimai siyasi xadimləri iştirak edirdi. Bu forumun gündəliyində müzakirəyə çıxarılan məsələlərin dünya üçün çox aktual olmasından və əvvəldə də qeyd etdiyim kimi Prezident cənab İlham Əliyevə olan yüksək hörmətdən və ehtiramdan irəli gəlirdi.

Forumun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı və qaldırdığı məsələlər bütün dünyaya bir mesaj oldu. Ölkə başçımız aparıcı beynəlxalq təşkilatların, habelə böyük maliyyə institutlarının ərzaq böhranı ilə mübarizə aparılması üçün onların böyük rolunun olması barədə təklif irəli sürdü. Bu gün Avropada yaranmış vəziyyət Avropanın özündə və ümumilikdə bütün dünyada enerjiyə böyük tələbat olduğundan  böyük problemlər yaranmışdı. Bu problemlərin həll olunması üçün bütün dövlətlərin, beynəlxalq təşkilatların əməli fəaliyyətə keçməli olduğunu da ölkə başçımız xüsusi vurğuladı. Cənab İlham Əliyev ərzaq böhranının yaranacağı təqdirdə dünya əhalisinin böyük çətinliklərlə üz üzə qalacağını və nəticədə daha bir təhlükə kimi qarşısı alınmaz miqrant problemlərinin də yaşanacağı barədə bütün dünyaya bir mesaj verdi. Ölkə başçımızın forumdakı çıxışı dünyanın bir çox ölkəsinin kütləvi informasiya vasitələrində işıqlandırılıb. Məqalələrdə cənab İlham Əliyevin dünya üçün qlobal problemlərin həll olunmasında söylədiyi fikirlər, eləcə də regionun təhlükəsizliyində Azərbaycan  dövlətinin  həyata keçirdiyi müsbət addımlar yer alıb.

-Kəmilə xanım, postmünaqişə dövrünün reallıqlarının diktə etdiyi əsas hədəf bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün  sülh müqaviləsinin imzalanmasıdır. IX Bakı Qlobal Forumunda Azərbaycanın sülh təklifi  təqdir edildi. Ermənistanın sülh müqaviləsinin imzalanmasına  yanaşması hansı qənaətə əsas verir?

Bu gün tək Azərbaycanın yerləşdiyi regionda deyil, bütün dünyada təhlükəsizliyin təmin edilməsi qarşıda duran ən vacib məsələdir. Azərbaycan dövləti hər zaman bütün dünyada təhlükəsizliyin, sülhün  beynəlxalq hüququn bərqərar olmasının tərəfdarı olmuşdur.  Vətən Müharibəsində Qələbə qazanmaqla Azərbaycan həm ədaləti, həm də beynəlxalq hüququ bərpa etdi. Artıq sülh haqqında danışmaq və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması vaxtıdır. Artıq Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və  təcavüzkar kimi tanındı. Müharibə başa çatdıqdan sonra Qarabağa səfər edən xarici qonaqlar, diplomatlar ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə gördülər.

Bu gün sülh sazışının imzalanması üçün hər iki dövlət bir birinin ərazi bütövlüyünü tanımalıdır. Sərhədlərin delimitasiyası üçün Azərbaycan tərəfindən komissiya yaradılıb. Ermənistan tərəfi də bu istiqamətdə addımlar atmalıdır. Ermənistanın  münasibətlərin normallaşdırılmasında 28 il heç bir iş görməyən Minsk qrupunun yenidən cəlb olunması təklifləri gülünc və mənasızdır. Çünki münaqişə həll olunub. Artıq iki dövlət arasında münasibətlərin normallaşdırılması üçün əməli addımlar atılmalıdır. Bunun üçün Azərbaycan dövləti üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir, Ermənistanın da bu cür addımlar atmasını gözləyir. Azərbaycan Qarabağ münaqişəsini özü həll edib və Minsk qrupunun fəaliyyəti nə ehtiyac yoxdur.  Minsk qrupu fəaliyyətini çoxdan itirib. Azərbaycan sülh sazışının imzalanması və hər iki dövlətin bir birinin ərazi bütövlüyünün tanınması istiqamətində beynəlxalq hüquqa söykənən 5 prinsipdən ibarət təklif irəli sürüb. Ermənistan 2020 ci il noyabrın 10 da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq kommunikasiyaların açılmasına riayət etməlidir. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla quru yolla əlaqə qurmalıdır. Bəyanatın imzalanmasından 2 ilə yaxın vaxt keçsə də Ermənistan tərəfindən kommunikasiyaların açılması istiqamətində heç bir əməli iş görülməyib və bu Ermənistanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etməsi anlamına gəlir.

Redionda sülhün yaranması üçün Zəngəzur dəhlizi mütləq açılmalıdır. Əgər Zəngəzur dəhlizinin açılması mümkün olmasa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması çətin olacaq,  birgə yaşayış və qonşuluq münasibətlərinin qurulması istiqamətində görüləcək işlər uğursuz olacaq.

Ölkə başçımız beynəlxalq tədbirlərdə çıxışı zamanı hər zaman vurğulayır ki, Azərbaycanda yaşayan erməniəsilli əhali Azərbaycan vətəndaşlarıdır. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi ermənilərin də hüquqları Azərbaycan Konstitusiyasına əsasən qorunur və təhlükəsizlikləri  təmin edilir. Ermənistanda bəzi qüvvələrin qaldırdığı Qarabağın statusu məsələsinə gəlincə bu gün Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi mövcud deyil. Azərbaycan Respublikası Parlamentinin qərarı ilə 1991 ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib. Qarabağın dırnaqarasl statusu ilə bağlı istənilən hər hansı istinad gələcəkdə yeni qarşıdurmaya səbəb ola bilər. Ermənistan hökuməti bunu anlamalıdır ki, bu cür yanaşma onları hansı təhlükə ilə üzbəüz qoya bilər. Əgər Ermənistan cürət edib Azərbaycanın ərazi bütövlüyünü sual altına qoysa Azərbaycan tərəfi də buna adekvat addım olaraq Ermənistanın  ərazi bütövlüyünü tanımayacaq. Buna Azərbaycanın tam hüququ vardır. 1920 ci ildə Sovet hakimiyyəti Azərbaycanın tarixi torpağı olan Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirib. Güman edirəm ki,  Ermənistan bu tarixi həqiqətləri göz önünə gətirib Azərbaycanın  ərazi bütövlüyünə ziyan gətirəcək heç bir addım atmayacaq.