YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İnformasiya müasir dünyanın canıdır

Müsahibimiz “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu

Alqış müəllim, 147 yaşı olan Azərbaycan mətbuatının inkişaf yolunu və hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

- Mətbuat yaranandan bəri onun tarixi, təyinatı, rolu, imkanları barədə müxtəlif fikirlər söylənilib. Bir-birindən fərqli dəyərləndirmələr mövcuddur. İstinad edilməyə, xatırlanmağa  layiq  onlarla, yüzlərlə belə mötəbər mənbələr, sanballı müəlliflər  var. Yəqin ki, bundan sonra da proses davam etdikcə yeni, bir-birindən orijinal yanaşmaların şahidi olacağıq.

Amma məncə, müasir dövrümüzdə mətbuatın yerini ən dəqiq və qeyri-adi bir həssaslıqla müəyyənləşdirən kamil düşüncə ulu öndərimiz Heydər Əliyevə məxsusdur. Yəqin xatırlayarsınız, 1993-cü ildə iyunun 15-də Milli Məclisin sədri seçilən Heydər Əliyev növbəti iclasların birində  belə bir bəyanat səsləndimişdi: “Mətbuat, informasiya bu gün  müasir dünyanın canıdır”. Ulu Öndərimizin həmin fikri aktual olaraq qalır. Bu fikrin və məntiqin davamı olaraq Ümummilli Liderimiz hakimiyyətə qayıdışının ilk günlərindən ölkəmizin düşdüyü informasiya blokadasını yarmaq üçün fəaliyyətə başladı. Onun hər müsahibəsi, hər səfəri məhz  bu məqsədə xidmət edirdi. Heç təsadüfi deyildi ki, Azərbaycanın xəritəsi əlində Avropanı az qala addım-addım dolaşıb Azərbaycan həqiqətlərini dünyaya təbliğ edirdi. Belə məzmunlu saysız-hesabsız faktlar sadalamaq mümkündür.

Ümumiyyətlə, dahi öndərimizin hər addımının informativ yükü və dövlətçilik məzmunu vardı. O vaxtlar Heydər Əliyevin qəbullarından (xarici ölkə nümayəndələrindən, dövlət rəhbərlərindən tutmuş adi qonağa kimi) geniş reportajlar verilirdi. Bəzən məhdud dünyagörüşlü adamlar bu reportajların nəyə hesablandığın anlamaqda çətinlik çəkirdilər. Əslində, həmin reportajlar bir əyani vəsait idi. Bu üsulla Heydər Əliyev müstəqilliyini yenicə elan etmiş, ciddi problemlərlə üzləşən bir ölkənin vətəndaşını, siyasətçisini, ziyalısını, alimini, qocasını, gəncini, məktəblisini proseslərin hansı məcrada getdiyi və hansı mərhələdən necə keçdiyi barədə məlumatlandırırdı. Başa düşənlər üçün həmin reportajlar adi efir nümunəsi deyildi, Heydər Əliyev məktəbinin ustad dərsləriydi.

Bu gün qeyd-şərtsiz qəbul edilən bir qənaət var: Azərbaycanın siyasi təqvimi Heydər Əliyevin adıyla bağlıdır. Heydər Əliyevin adı həm də bizim mətbuat tariximizə böyük hərflərlə yazılıb. Onun fəaliyyəti təkcə ölkəsini informasiya blokadasından çıxarmaqla kifayətlənmədi. O həm də informasiya mühitinin özünün liberallaşması və blokadadan çıxması üçün tarixi qərarlar qəbul etdi.

Fakt budur ki, Azərbaycan mətbuatı yarandığı gündən - “Əkinçi” qəzetindən başlayaraq ötən əsrin 90-cı illərinə qədər senzuranın ağır şərtləri altında fəaliyyət göstərib. Milli mətbuatımızın üzərindən senzuranın götürülməsi Heydər Əliyevin müstəsna xidmətlərindən biridir. Azərbaycan mətbuatının son 147 ildə dərc etdiyi ən dəqiq və ən gözəl xəbər də Heydər Əliyevin qurtuluşçuluq missiyasının təkzibedilməz və heç vaxt təkzib edilməyəcək bir məqamıdır. Belə ki, 2 il əvvəl Azərbaycan mətbuatı Şuşanın azad edilməsiylə bağlı Ali Baş Komandan İlham Əliyevin müjdəsini tarixinin və taleyinin baş xəbəri olaraq dərc etdi.

Çox maraqlı bir məsələni də  qeyd etmək istərdim. Ulu öndərimizin Moskvadan Bakıya və oradan Naxçıvana dönüşü ilə milli mətbuatımızın təvəllüdü eyni günə -22 iyula təsadüf edir. Bu  tarixi günlər arasında o qədər doğmalıq, daxili bir bağlılıq, vəhdət və ardıcıllıq var ki, mən bunu sadəcə faktların üst-üstə   düşməyindən daha çox missiyaların bir-birini tamamlaması və davam etməsi kimi dəyərləndirərdim...

- Yazılarınızda, müsahibələrinizdə hər zaman qeyd edirsiniz ki, Ulu Öndərimizin jurnalistlərə qarşı spesifik, doğma bir münasibəti vardı...

Elədir. Amma xüsusi vurğulamaq gərək ki, Heydər Əliyevin jurnalistlərə, mətbuata münasibəti ümumilikdə onun sözə münasibətindən qaynaqlanırdı. Onun mətbuata, yazıçıya, jurnalistə münasibəti heç vaxt mövsümi xarakter daşımayıb, cari hədəflərə ünvanlanmayıb. Onun mətbuatla davranışının əsasında mühüm bir strateji xətt, dərin bir dövlətçilik anlayışı dayanırdı. Heydər Əliyev üçün söz enerji daşıyıcısı, həm də bir alternativsiz enerji daşıyıcısı idi. O, XX əsrin nadir, azsaylı siyasi liderlərindəndir ki, sözün enerjisini bütün çalarlarıyla duya bilir, səfərbər edir  və mili dövlətçilik maraqları, cəmiyyətin bütövlüyü naminə yönləndirə bilirdi.

Gəlin bəzi tarixi hadisələri yad edək.

1990-cı ilin qanlı yanvar faciəsini götürək. Yanvarın 20-də xalqımız fiziki və mənəvi baxımdan əzilmişdi. Xalqımız və tariximiz böyük bir  sual qarşısında təkbətək və köməksiz  qalmışdı: bundan sonra necə olacaq?

Azərbaycan xalqı yenidən toparlanıb, ayaq üstə dura biləcəkmi? Bunu bacaracaqsa, bu dirəniş nəyin və kimin hesabına baş verəcəkdi?

Belə bir çətin vaxtda  Heydər Əliyev səhhətindəki problemlərə və şəxsinə qarşı   təhdidlərə baxmayaq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Kremlin qulağının dibində və sovet rəhbərliyinin gözünün içinə dik baxaraq bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı haqlıdır, bu mübarizədə o tək və köməksiz deyil, onun Heydər Əliyev kimi Ali oğlu və Lideri var. Həmin gün Heydər Əliyev sözünün gücü və gurşad  enerjisi ilə Azərbaycan xalqına təpər verdi, inam aşıladı, yıxıldığı yerdən ayağa qaldırdı.

Başqa bir misal. 1993-cü ilin 4 oktyabrında Azərbaycan dövləti təhdidlə qarşılaşmışdı. Azərbaycan Prezidenti həmin gecə xalqa müraciət etdi. O həyəcanlı günlərdə edilən müraciətin ayrı-ayrı cümlələri indi də hafizəmdədir.

Müraciətdə deyilirdi: “Analar, bacılar, qardaşlar. Gecədən xeyli keçsə də, təcili olaraq prezident sarayının qarşısına gəlin, sizə sözüm var”. O gecə Heydər Əliyevin bir sözüylə bütün Azərbaycan ayağa qalxmışdı. Heydər Əliyev sözünün gücüylə Azərbaycan xalqını ətrafında birləşdirib dövlətimizə qarşı yönəlmiş təhlükəni dəf edə bildi, terrorçu qüvvələri, silahlı birləşmələri zərərsizləşdirdi.

İndi biz birlikdən, bütövlükdən çox rahatlıqla danışırıq. Amma bu birliyə nail olana qədər Azərbaycan xalqı çox ağrılı proseslər yaşayıbdır. Acı olsa da, etiraf etmək lazımdır ki, xalqımızın uzun onilliklər, əsrlər boyu bir məxrəcə gəlməsi üçün çarə axtarıblar, səbəb gəziblər. Amma milli birliyə nail ola bilməmişik. Təəssüf ki, bir gündə yüz yerə, min yerə parçalanmaq üçün bəhanələr asanlıqla  tapılıb, nəticədə  zaman-zaman yüz yerə, min yerə parçalanmışıq. Heydər Əliyev yeganə milli faktorudur ki, uzun əsrlərdən sonra Azərbaycan xalqı onun böyük adı və böyük sözü ətrafında birləşə, ortaq məxrəcə gələ bildi.

İndi ötən günləri təhlil edərək çox asanlıqla deyirik, “1993-cü ildə AXC-Müsavat hakimiyyəti xalqın tələbi ilə Heydər Əliyevi hakimiyyətə dəvət etdi”, “xalq Heydər Əliyevi hakimiyyətə gətirdi” və sair. İndi bu ifadələrin ciddi redaktəyə ehtiyacı var.

Xalq Heydər Əliyevi hansı hakimiyyətə dəvət etmişdi? Halbuki 93-cü ilin qızmar iyun günlərində Azərbaycan hakimiyyəti, dövləti adına heç bir ciddi nişanə, atribut yox idi. Azərbaycan cəmiyyəti paramparça, Azərbaycan dövləti çilik-çilik edilmişdi.

Bu bir gerçəklikdir ki, maddi, maliyyə, hərbi resursların məhdud olduğu 90-cı illərdə Azərbaycan xalqı yalnız Heydər Əliyev sözünün enerjisi hesabına yaşadı, fəaliyyət göstərdi, müstəqil Azərbaycan dövlətinin əsaslarını möhkəmləndirə bildi.

Ona görə də Heydər Əliyev fenomeninin mahiyyətini onun sözə münasibətini nəzərə almadan sona qədər dərk etmək mümkün deyil.

- Hazırda ənənəvi medianın bəzi obyektiv çətinliklərlə üzləşməsi dünyanın reallığıdır. Ölkəmizdə çap mediasının qayğıları və inkişafı haqqında nə deyə bilərsiniz?

- Bu gün bu sahədə həllini gözləyən bir sıra məsələlər  var. Onları  doğuran səbəblər isə  kifayət qədər genişdir. Yalnız bir səbəb  üzərində dayanmaqla problemlərin həlli yollarını göstərmək olmur. Amma bütün obyektiv və subyektiv çətinliklərə rəğmən dövlətin ənənəvi medianın yaşamasında və inkişafinda maraqlı olduğu  ortadadır. Media haqqında mükəmməl deyə biləcəyimiz qanun qəbul olunub. Son vaxtlar çap mediasının inkişafında müsbətə doğru dəyişikliklər baş verir. Dövlət  çap mediasının yaşaması üçün gərəkən bütün addımları atır. Çap mediasının yaşaması həm də onun oxunmasından birbaşa asılıdır. Bu da peşəkarlıqla, cəmiyyətin mütaliəyə münasibəti ilə bağlıdır.

Oxumağa, mütaliəyə münasibət heç vaxt birmənalı olmayıb. Ancaq bir həqiqət mövcuddur ki, bəşəriyyət özünün cahil keçmişiylə yazıyla, yazı mədəniyyəti vasitəsilə vidalaşa bilib.

Mən həmişə deyirəm və o fikrimi bir daha təkrarlamaq istəyirəm. Hazırda çap mediasını sıxışdırmaqda iddialı görünən onlayn media hadisəni ictimai fikrə, milli şüur hadisəsinə çevirmək gücündə deyil. Sadəcə olaraq onlayn media ictimai fikir üçün xammal təklif edə bilir. Onlayn medianın tamaşaçısı daha çoxdur, amma onu nəzərə almalıyıq ki, ictimai fikir konkretləşdirilmiş və oturuşmuş düşüncə tərzidir. Onlayn media, sosial şəbəkələr düşüncə tərzi formalaşdıra bilmir. Düşüncə tərzini yazılı mətbuat, çap mediası yarada bilər və yaradır. Mən yenə o fikirdəyəm ki,- əlbəttə ki, mən bunu çap mediasını təmsil etdiyimə görə demirəm,- bəşəriyyətin gələcəyini quranlar oxucuların içərisindən çıxacaq, tamaşaçıların yox.