YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisidir

Müsahibimiz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, YAP Siyasi Şurasının üzvü Seymur Orucov

- Seymur müəllim, 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır. Təsadüfi deyil ki, bu gün həyata keçirilən dövlət siyasətin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Ümumiyyətlə, Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. 
Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Təbii ki, dövlətin bu istiqamətdə gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək. Belə ki, gəncliyin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. 
Mən dövlət gənclər siyasətinin əhəmiyyətini faktlara əsasən vurğulamaq istəyirəm. İlk olaraq, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Qeyd edim ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Milli Məclis tərəfindən isə «Dövlət gənclər siyasəti haqqında» qanun qəbul olundu. 

- Gənclərin inkişafı ilə bağlı davamlı olaraq müxtəlif dövlət proqramları həyata keçirilir. Sizcə, bu proqramların əhəmiyyəti nədən ibarətdir?  

- Qeyd etdiyim kimi, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramını təsdiq edilərək həyata keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqlədi. 
Xüsusilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi gənclər siyasətini daha da inkişaf etdirməyə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə xidmət edir. Proqramda da bu reallıq öz əksini tapıb ki, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Yəni, qəbul olunan proqramda gənclərlə bağlı bütün həlli vacib məsələlər öz əksini tapıb. 
Eyni zamanda, ölkə Prezidentinin fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, 2 iyul 2013-cü il tarixli Fərmanı ilə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdırlar.

- Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Sizcə, bu sənəd Azərbaycan gəncliyinin nə kimi töhfələr verəcək? 

- Əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Prezident İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bir daha dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisdir. 
Bildiyiniz kimi strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.  Strategiyada vurğulanır ki, son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb, insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olub. Bu, əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün iqtisadi imkanların yeni səviyyədə yaradılması, hüquqların genişləndirilməsi və maddi təminatın möhkəmləndirilməsi deməkdir. Ötən dövrdə sosial müdafiə sistemi təkmilləşdirilib, aktiv məşğulluq siyasətinə əsaslanan əmək bazarı formalaşdırılıb, yoxsulluğa qarşı mübarizə uğurla davam etdirilib. Bunlarla yanaşı, mədəni irsin qorunması, gənclərlə iş və idman siyasətinin çevikliyinin artırılması, demoqrafiya və miqrasiya məsələlərinin effektiv tənzimlənməsi kimi vacib tədbirlər yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalının inkişafını təmin edib.
Sevindirici haldır ki, gənclərin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir. Strategiyada da qeyd edilir ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib. Eyni zamanda, minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlib. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olublar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınıb, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılıb. 
Bilirsiniz ki, xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlmiş, onların idarəetmədəki rolu artıb. Strategiya bu istiqamətdə fəallığın daha da artırılması zəruriliyini vurğulayır.  
Sənəddə də qeyd olunduğu kimi, hazırda paytaxt və bölgələrdə 250-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Müstəqilliyin ilk illərində gənclərin əsasən beynəlxalq qurumlar tərəfindən dəstəklənən təşəbbüsləri, son illərdə dövlət büdcəsindən maliyyələşən fondlar və digər təsisatlar vasitəsilə dəstəklənməyə başlayıb. Gənclərin qeyri-hökumət təşkilatlarına yönləndirilmiş maliyyə vəsaitinin həcmi ilbəil artaraq gənclər arasında könüllülüyün dəstəklənməsini, onların liderlik bacarıqlarının artırılmasını və müəyyən mənada həm də məşğulluğunu təmin edib.
Diqqətəlayiq haldır ki, strategiyada gənc ailələrin soial müdafiəsi, gənclərin intellektual, mənəvi və fiziki inkişafına dair mühüm müddəalar əksini tapıb. Hesab edirəm ki, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" gənc nəslin gələcəyə hazırlanması baxımından müstəsna əhəmiyyət kəsb edir. Çünki gələcək gənclərindir və gənclərin yüksək səviyyədə formalaşdırılması cəmiyyətimizin intellektual potensialının gücləndirilməsində xüsusi rol oynayır.

- Seymur müəllim, Yeni Azərbaycan Partiyasının gənclər siyasəti haqqında da fikirlərinizi bilmək istərdik. Partiyanın bu istiqamətdəki siyasəti gənclər üçün hansı imkanlar açır?

- Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü və mütəşəkkil siyasi təşkilatıdır. Ümumilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası  qısa bir zaman kəsiyində gördüyü işlər sayəsində xalqımızın etimadını qazanaraq, ən mütərəqqi Azərbaycan ziyalılarını ətrafına toplamağı bacardı. Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasına  ümid mənbəyi kimi baxırdılar. Ulu öndərimizə xalqın sevgisi YAP-ın ümumxalq partiyasına çevrilməsində mühüm rol oynadı, vətəndaşlar onun ətrafında sıx toplaşmağa başladı.
Bu gün də bu uğurlu siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirilərək, xalqımızın inamını qazanmaqda davam edir.  
Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Biz, ölkə gənclərinin mütləq  intellektual potensialını ətrafına toplayan YAP Gənclər Birliyi  olaraq, hər zaman ölkə Prezidentinin daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyirik. Gənclərimiz bu partiyanın üzvü olmaqdan qürur duyurlar. Partiyada gənclərimizin sayı 250 min nəfərə qədərdir. Bu, böyük potensiala malik olan gənclər ordusudur.

- YAP Gənclər Birliyinin fəaliyyəti də genişspektrlidir. Bu mənada başa vurduğumuz 2014-cü il ərzindəki fəaliyyətiniz haqqında məlumat vermənizi xahiş edirik...

- Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi 2014-cü ildə öz fəaliyyətini müxtəlif istiqamətdə quraraq,  Azərbaycan həqiqətlərinin dünyada təbliği,  beynəlxalq əməkdaşlıq, vətənpərvərliklə  bağlı kifayət qədər layihələr həyata keçirib, cənab Prezident İlham Əliyevin daxili və xarici siyasət strategiyasını dəstəkləyib.YAP Gənclər Birliyinin ötən il xüsusi önəm verdiyi istiqamətlərdən biri də vətənpərvərliklə bağlı təşkil edilən tədbirlər olub. 2014-cü il ərzində YAP gəncləri  vətənpərvərliklə bağlı kifayət qədər tədbirlər həyata keçirib, maarifləndirmə işləri aparıb, şəhid ailələrini ziyarət ediblər. Belə ki, 20 yanvar hadisələrinin növbəti ildönümü ilə əlaqədar olaraq,  YAP Gənclər Birliyi  Şəhidlər Xiyabanını ziyarət edib və Birliyimizin  bir qrup üzvü  azadlıq və istiqlalımız uğrunda canından keçmiş şəhidlərin ailələrinə baş çəkib. Bütün dünyada insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımlardan biri olan Xocalı Soyqırımının növbəti ildönümü münasibətilə  2014-cü ilin 25 fevral günündə YAP Gəncləri “Ana Harayı” abidəsini ziyarət edib və elə həmin gün YAP Gənclər Birliyinin Ofisində keçirilən tədbirdə soyqırım zamanı xalqımızın başına gətirilən müsibətlər, insanımızın etnik təmizləməyə məruz qalması, qocaların, qadınların, körpələrin rəhm edilmədən  vəhşicəsinə öldürülməsi  vurğulanmış, bu soyqırımın insanlığa qarşı bir cinayət olduğu qeyd edilib. Bundan başqa, il ərzində YAP Gənclər Birliyinin Ofisində gənclər tərəfindən vətənpərvərliklə bağlı  bir sıra layihələr həyata keçirilmişdir.Bunlara misal olaraq “Əzəli Yurdum Qarabağ”, “Qəhrəmanlıq səlnaməsi”, “Şuşam Mənim” və.s  layihələri qeyd etmək olar.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ötən il ölkəmizdə keçirilən  bələdiyyə seçkilərində də aktiv iştirak etmişdir. Bələdiyyə seçkilərində partiyanın təbliğat-təşviqat işinin həyata keçirilməsində YAP Gənclər Birliyi xüsusi aktivlik nümayiş etdirdi. YAP Gənclər Birliyi istər paytaxtda, istərsə də regionlarda partiya tərəfindən namizədliyi irəli sürülən gənc namizədlərə dəstək oldu. Partiyamızın Gənclər Birliyinin üzvü olan gənclər həm seçici, həm  müşahidəçi,  həm də məntəqə sədri kimi seçkilərdə aktiv iştirak ediblər. Eyni zamanda, partiyamızın gənc üzvləri  namizədlərin təbliğat plakatlarının, bukletlərin əhaliyə çatdırılmasında, seçki maarifçiliyinin artırılmasında mühüm rol oynadılar. YAP tərəfindən namizədliyi irəli sürülmüş gənclərin əksəriyyəti  xalqın etimadını qazanaraq,  bələdiyyə üzvlüyünə seçildilər. Bütövlükdə, YAP gəncləri bütün seçkilərdə olduğu kimi,  bələdiyyə seçkilərində də aktiv iştirakı ilə fərqləndilər.

- Bəs bu müddətdə hansı layihələr reallaşdırılıb? Bu layihələr gənclər tərəfindən necə qarşılanır? 

- İlk olaraq vurğulamaq istəyirəm ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ənənəvi olaraq ötən il ərzində də  yay və qış liderlik məktəbləri təşkil etmişdir.Hər il ölkəmizin ictimai, təhsil, mədəniyyət, siyasət, iqtisadiyyat və universitet sektorunun ən aktiv gəncləri partiyamızın təşkil etdiyi yay və qış məktəblərində iştirak edirlər.Yay və qış məktəbləri gənclərimizin hərtərəfli formada təşkilatlanması, onların ictimai fəallığının artırılması, region gəncləri ilə paytaxt gəncləri arasında səmərəli ünsiyyətin qurulması, gənclərin praktik fəaliyyətinin artırılması, onların müasir mühitə, qloballaşan dünyaya hazırlıqlı  şəkildə inteqrasiyası üçün olduqca önəmlidir.Yeni Azərbaycan Partiyasının təşkil etdiyi yay və qış  liderlik məktəblərində iştirak edən gənclər  bu məktəblərdən sonrakı dövrdə də əməkdaşlıq edərək, bütövlükdə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına öz  töhfələrini verirlər. 
Bundan əlavə, YAP Gənclər Birliyi hər il olduğu kimi  bu ildə müxtəlif səpki və istiqamətdə layihələr, tədbirlər, seminarlar, dil kursları təşkil edib. Hazırkı dövrdə,  əhəmiyyəti baxımından olduqca vacib olan bu layihələr YAP Gənclər Birliyinin təşkilatçılığı ilə birliyin Ofisində və digər məkanlarda həyata keçirilib. YAP Gənclər Birliyi tərəfindən təşkil olunan layihələr kütləvi xarakter daşımaqla, ölkə gəncliyi tərəfindən dəstəklənib. İl ərzində təşkil olunan bu layihələr vətənpərvərlik, siyasi, iqtisadi, sosial, xeyriyyəçilik və.s istiqamətlərdə olmaqla bütövlükdə  Azərbaycan gəncliyinin hərtərəfli inkişafına xidmət edib.Təşkil olunan layihə, təlim, kurslar sırasında “İdeyanı bizimlə paylaş” layihəsi,  “Biznes təlimi”, “ingilis və rus –dili kursları”, “Tarix klubu” layihəsi, “təhsil sistemimiz-yeniliklər və imkanlar” mövzusunda seminar,  “Hansı Proqramlaşdırma dilini öyrənməli və haradan başlamıyam” mövzusunda  təlim,  “PR təlimləri”,  “Mədəniyyətə səyahət” layihəsi, “Əzəli Yurdum Qarabağ” layihəsi, “Azərbaycanda internetin bu günü və sabahı” adlı forum,  “Foundraising” mövzusunda təlim, “Biznes etikası Biznes uğuru” layihəsi, “Natiqlik təlimi”, “Sağlam komputer” layihəsi,  “Heydər Əliyev – 45 il Azərbaycan uğrunda” mövzusunda müzakirə, “Qarabağ salnaməsi” layihəsi, “Gənc maliyyəçilər  üçün yay məktəbi” layihəsi, “Ekologiyasız Həyat Yoxdur” pilot layihəsi və digərlərini qeyd etmək olar. 
Təşkilatımız YAP-ın yaranmasının 22-ci ildönümü münasibətilə də silsilə tədbirlər həyata keçirib. 2014-cü ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəaliyyətinin əsas cəhətlərindən birini  gənclərin intellektual cəhətdən maariflənməsi təşkil etmişdir. Ölkə Prezidentinin  həyata keçirdiyi siyasi xətti dəstəkləmək üçün intellektual,  savadlı gənclərin olmasını vacib hesab edən YAP Gənclər Birliyi öz fəaliyyətində də buna böyük diqqət ayırmışdır. Məhz, buna görə il ərzində YAP Gənclər Birliyi tərəfindən bu istiqamətdə kifayət qədər  tədbirlər həyata keçirilmişdir.YAP Gənclərinin əsas üstünlüklərindən biri də müasir texnologiya vasitələrinin sirlərini bilməklə yanaşı, bu imkanlardan dövlətimizin inkişafı naminə istifadə etməkdir.YAP Gənclər Birliyi sıralarında birləşən gənclər öz savadları ilə hər zaman fərqlənməyi bacarmışlar.
2014-cü il ərzində YAP Gənclər Birliyi üzvlərinin tarix sahəsində olan biliklərinin artırılması, ölkəmizin tarixinin daha dərindən mənilsənilməsi üçün Birliyin Ofisində “Tarix Klubu” pilot  layihəsi həyata keçirilmişdir. YAP Gənclər Birliyinin Ofisi daima intellektual layihələrin keçirildiyi məkan olmuşdur. İl ərzində birliyin Ofisində “Natiqlik təlimi”,  “Öz biznesinə başla”,  “Gənc iqtisadçılar forumu”  və.s layihələr təşkil edilərək, ölkə gəncliyinin xüsusi intellektual  biliklərinin artmasında mühüm rol oynamışdır. 
Biz bu ildə də bir sıra layihələri həyata keçirməyi nəzərdə tuturuq. Çalışırıq ki, öz fəaliyyətimizlə partiya rəhbərliyinin etimadını doğruldaq.