YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident və onun komandası Azərbaycan xalqının maraqlarını düzgün ifadə edir və xalq tərəfindən də dəstəklənir

Müsahibimiz Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, PA İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azad Azərbaycan” televiziyasının “Həftə sonu” analitik informasiya proqramına müsahibə verib. Kaspi.az-a istinadən müsahibəni təqdim edirik

- Əvvəla, bizə vaxt ayırdığınız üçün sizə təşkkür edirik. Eyni zamanda, Sizi təbrik edirik. Cənab Prezident tərəfindən sizə böyük etimad göstərildi, səlahiyyətləriniz genişləndirildi. 

- Təşəkkür edirəm. Əlbəttə, mən bu məsələyə heç cür münasibət bildirə bilmərəm. 20 ilə yaxındır ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edirəm. Bu 20 il ərzində gördüyüm işlər, əlbəttə, həm cəmiyyət üçün, həm də cənab Prezident üçün aydındır. Bizim vəzifəmiz işləməkdir, rəhbərlik də bunu dəyərləndirir. Əlbəttə, böyük etimaddır. İstər-istəməz, hər bir vəzifə, etimad əlavə məsuliyyət, yük, əlavə zəhmət tələb edir. Heç bir iş zəhmətsiz başa gəlmir. İctimai-siyasi sahə elədir ki, bütün gün ərzində işləmək lazımdır. Yəni gəldim Administrasiyada 5-10 saat işlədim, bu, yetərli deyil. Demək olar ki, insanın bütün zamanı ictimai-siyasi proseslərin izlənməsinə, proqnozlaşdırılmasına, proqramlaşdırılmasına və idarə olunmasına sərf olunur. Bu, elə-belə sahə deyil. Azərbaycanın inkişafının təməlində sabitlik dayanır, Azərbaycan xalqının maraqlarının düzgün dərk olunması, proqramlaşdırılması və həyata keçirilməsi dayanır. Ona görə də ictimai-siyasi iş də gün ərzində insanın vaxtını, o cümlədən əməyini tələb edir. Və biz də bu sahədə bacardığımız işi görürük. 

- Əli müəllim, ölkədəki hazırkı ictimai-siyasi mühiti necə qiymətləndirirsiniz? 

- Azərbaycanın hakimiyyəti son iyirmi ildə yürütdüyü siyasətdə xalqın maraqlarını, əhalinin istək və arzularını nəzərə alır. Sabitliyi poza bilən iki amil ola bilər. Birinci amil ondan ibarətdir ki, sabitliyin qarantı olan xalq mövcud hakimiyyətin siyasətini dəstəkləmir və onun yürütdüyü siyasətə müxtəlif səviyyələrdə narazılıq ifadə edir. Gördüyünüz kimi, bu, yoxdur. Bu yoxdursa, deməli dövlət düzgün istiqamətdə öz siyasətini formalaşdırır, Prezident və onun komandası Azərbaycan xalqının maraq və mənafelərini düzgün nəzərə alır, dövlət nə etdiyini və bunu həyata keçirməyin yollarını bilir və xalq tərəfindən dəstəklənir. Sabitliyin ikinci şərti ölkədəki mövcud ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyəti institutları, siyasi institutlar, milli, dini qurumlar və əhalinin digər kəsimləridir. Əgər bunların da maraqları dövlətin siyasətində öz əksini tapırsa və yürüdülən siyasət eyni zamanda hamının maraqlarını nəzərə alırsa, deməli buradan da dəstək var. Bildiyiniz kimi, Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə mütəmadi olaraq dialoqlar aparırıq, onların fikirlərini, maraqlarını izləyirik, dinləyirik, ümumiləşdiririk. O cümlədən siyasi institutlar və digərlərinin də. Ona görə də Azərbaycanda ictimai-siyasi sabitlik, bu gün olduğu kimi, düşünürəm ki, gələcəkdə də qalacaqdır. Prezident İlham Əliyev və onun komandası Azərbaycan xalqının maraqlarını düzgün ifadə edir və xalq tərəfindən də dəstəklənir.

- Son aylarda siyasi partiyalarla iş daha da fəallaşıb. Xüsusilə iqtidar-müxalifət dialoqunu buna misal göstərmək olar. Amma təəssüflər olsun ki, müxalifətin radikal qanadı özünəqapanma ilə məşğuldur. Bu isə əks effekt verir, daxili parçalanmaya səbəb olur. Bu proseslərə münasibətiniz necədir?

- Mən əslində bu radikal kəsimin özünü proseslərdən kənarda saxlamasına qiymət vermək istəmirəm. Cəmiyyətdə bu barədə açıq müzakirələr gedib, hazırda da gedir və gələcəkdə də gedəcəkdir. Azərbaycan cəmiyyətinin sabitliyində maraqlı olan bütün qüvvələr buna münasibət bildiriblər. Ona görə də tərəf olaraq, biz iqtidarıq. Mən iqtidarı o görüşlərdə, danışıqlarda təmsil edirəm. İqtidar olaraq biz buna münasibət bildirmirik. Qoy cəmiyyət özü münasibət bildirsin ki, nəyə görə onlar özlərini kənarda saxlayırlar və bu kənarda qalma onların, cəmiyyətin xeyrinədir, ya ziyanınadır. 
Başqa məsələni demək istəyirəm. Cəmiyyətdə qarşılıqlı anlaşma mühitinin qurulması iqtidarın mövcud siyasətidir. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən daxili qüvvələrlə, ictimai-siyasi təşkilatlarla, QHT-lərlə, mətbuatla mütəmadi olaraq işçi dialoq aparılıb. Bilirsiniz ki, Azərbaycan dövləti bunlarsız ölkənin gələcəyini təsəvvür etmir. Mən il ərzində həm QHT-lərlə, həm mətbuat nümayəndələri ilə, həm də siyasi partiyalarla bir neçə görüş keçirirəm. Və bu görüşlərin nəticəsi olaraq dövlət siyasətinə bu və ya digər korrektələr edirik, bu və ya digər məsələlərdə onların təklif və rəylərini nəzərə alırıq. Çünki cəmiyyət təkcə hakimiyyət və ona bu mandatı verən xalqdan ibarət deyil. İqtidarla xalqın arasında üçüncü bir qüvvə də var. Bu da dediyim kimi, mövcud vaxt çərçivəsində hakimiyyətə iddialı olan, lakin hakimiyyətə gələ bilməyən siyasi partiyalardır. Onlar opponentlik funksiyasını yerinə yetirir və onların vəzifəsi bundan ibarətdir. Mütəmadi olaraq cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq müxtəlif vətəndaş təşəbbüslərini reallaşdıran QHT-lər var, onların maraqları, gündəlik təşəbbüsləri və digər məsələlər nəzərə alınmalıdır. 
Mətbuat isə xalqla dövlət arasında, dövlətlə ictimai-syasi institutlar arasında bağlayıcı vasitədir. Hər birinin fəaliyyətini işıqlandırır, cəmiyyətn onlara qiymətini gündəmə gətirir. Mətbuatla iş qurulmalıdır. Azərbaycan çoxmillətli dövlətdir. Onlar arsında balanslı milli siyasət yürüdülməlidir. Azərbaycan tolerantlıq iddiasındadır və bölgənin ən tolerant ölkəsidir. Biz bunu dünyaya böyük məmnuniyyətlə yayırıq. Deməli Azərbaycandakı müxtəlif dini konfessiyalar araındakı münasibətlər öyrənilməlidir. Onlarla mütəmadi görüşlər keçirilməli və onların maraq və mənafeləri nəzərə alınmalıdır. Bütün bunları ümumiləşdirəndə, demək olar ki, Azərbaycanda bu istiqamətdə yürüdülən dövlət siyasəti təqdirəlayiqdir. Bunu tək biz deyil, opponentlərimiz, o cümlədən bizi əhatə edən dövlətlərin ictimai-siyasi xadimləri də Azərbaycana gələrkən və ya biz xaricdə onlarla görüşərkən qiymətləndirirlər. 

- Bəzi xarici təşkilatlar Azərbaycanda özlərinin “beşinci kolon”larını yaratmaq siyasəti yürütməyə çalışıblar və hər dəfə də rəsmi Bakının yerində müdaxiləsi ilə bunlar zərərsizləşdirilib. Bu siyasət onları daha da aqressivləşdirir, ikili standartları çərçivəyə sığmır. Beynəlxalq təşkilatlarla bağlı son vəziyyət necədir? 

- Mən 20 ilə yaxındır ki, daxili və xarici QHT-lərlə işləyirəm. Bunların əksəriyyətinin məqsəd və məramı, missiyası hamıya bəllidir. Əlbəttə, QHT ayrı-ayrı vətəndaşların, vətəndaş qruplarının təşəbbüsləri əsasında yaranır və onların bu və ya digər ideyalarını reallaşdırmağa xidmət edir. Amma təəssüflər olsun ki, beynəlxalq QHT-lərin çoxu müəyyən qlobal güclər tərəfindən yaradılıb və dünyada dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərdə əlavə resurs kimi istifadə olunur. Təkcə bir faktı xatırladım. “Avroviziya” müsabiqəsi zamanı, Azərbaycan belə böyük Avropa mədəni aksiyasına ev sahibliyi edərkən bəzi QHT-lər antiAzərbaycan koalisiyası yaratdılar. Məqsəd isə o idi ki, o vaxta qədər bəzi qlobal güclərin Azərbaycan dövlətinə qəbul elətdirə bilmədiyi, Azərbaycan dövlətini yönəldə bilmədiyi istiqamətlərə bu resurslardan istifadə etməklə Azərbaycanı yönəltsinlər. Bununla bağlı kampaniyalar aparıldı. Belə kampaniyalarla daxildə və xaricdə Azərbaycanın imicinə təsir göstərilməyə çalışıldı. Bu il də bilirsiniz ki, Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Hər bir dövlət bu cür tədbirləri təşkil etməyi istəyir və bunlar dövlətin beynəlxalq imicinə mütləq şəkildə təsir göstərir. Lakin yenə həmin qruplar təşkilatlanmağa, qruplaşmağa və bəzi beynəlxalq güclərin əlində alət olaraq bu tədbirdən istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışırlar. 
Hər bir xarici dövlət, beynəlxalq təşkilat Azərbaycanı öz istədiyi kimi görmək istəyir. Amma Azərbaycan dövləti onların maraq və istəyinə uyğun dövlət ola bilməz. Azərbaycan dövlətinin təməlində Azərbaycan xalqının maraqları, mənafeyi dayanır. Deməli, dövlət olaraq onun birinci vəzifəsi xalqın maraq və mənafelərinin təmin edilməsidir. Bütün digər məsələlər vasitədir. Hansısa təşkilatlarla münasibət, musiqi, idman yarışları xalqın həyatında məqsəd ola bilməz. Bunlar xalqın gələcək həyatını yaxşılaşdırmaq üçün vasitədir və bu vasitələrdən biz məharətlə istifadə edirik, etməyə çalışırıq. Və belə olan halda, biz beynəlxalq təşkilatları da anlayırıq. Onların fəaliyyətinin, siyasətlərinin köklərini də bilirik. Amma onların nəyi nə qədər istəmələrindən asılı olmayaraq, biz bir dövlətik. Dövlətin isə maraqları, bu maraqların obyekti, subyekti, fəaliyyətinin istiqamətləri var. Prezident İlham Əliyev elə bir siyasətçidir ki, ona heç kim kənardan təzyiq göstərə bilməz. Onunla ancaq dost, tərəfdaş olmaq olar. İndiyədək kimsə ona təsir göstərə bilməyib, onu öz haqq yolundan, öz millətinin, dövlətinin maraqları istiqamətində fəaliyyətindən sapdıra bilməyib, bundan sonra da mümkün deyil. 

- I Avropa Oyunlarına hazırlıq istiqamətində çoxlu işlər görülüb. Ölkənin birinci xanımı, təşkilat komitəsinin sədri Mehriban Əliyevanın gördüyü işlər əvəzsizdir. Hazırda bu hazırlıq işləri nə yerdədir? 

- Bununla bağlı geniş məlumat verməyəcəyəm. Çünki görünən dağa nə bələdçi? Artıq demək olar ki, dünyanın bütün aparıcı ölkələrində, dünya siyasətinin, mədəniyyətinin, dünya idmanının əsas mərkəzlərində təqdimatlar keçirilib. Bilirsiniz ki, biz “Avroviziya”da elə bir standart ortaya qoyduq ki, bizdən sonra onu keçirənlər cəhd göstərirlər ki, Azərbaycan standartları səviyyəsinə qalxsınlar. İndi də Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir. Deməli, Azərbaycan ilk standartları müəyyənləşdirir. Əslində bu oyunlar, məsələn, ötən il Soçidə keçirilən Qış Olimpiya oyunlarından daha geniş əhatə dairəsinə malikdir. Yəni idmançıların, onları müşayiət edəcək personalın sayına görə Qış olimpiadasından bəlkə də 2-3 dəfə çox iştirakçı gözlənilir. Ona görə də bu, çox mühüm, amma eyni zamanda məsuliyyətli və çətin bir tədbirdir. Lakin Azərbaycan dövləti son zamanlar bütün dünyaya sübut edib ki, biz nəinki belə oyunları təşkil etməyə qadirik, bundan yüksəyini də bacararıq. 
Prezident İlham Əliyev, çox hörmətli Mehriban xanım Əliyeva başda olmaqla, həm dövlət strukturları, həm Heydər Əliyev Fondu və onun rəhbərliyi altında olan xarici ölkələrdəki strukturlar, eyni zamanda 2015-ci il Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Mehriban xanımın rəhbərlik etdiyi komanda çox ciddi fəaliyyət həyata keçirir və bu fəaliyyətin də nəticələri artıq göz qarşısındadır. Düzdür, yenə bəzi QHT-lər, daxili və xarici qüvvələr ayrı-ayrı mövcud olmayan məsələləri uydururlar, guya hansısa beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarını əsas gətirərək Avropa Oyunlarını boykota çağırırlar. Amma bunların heç bir əsası yoxdur. Cəhdlər var, amma quru divara palçıq yapışdırmaq mümkün olmadığı kimi, bizim haqq işimizə də heç kim kölgə sala bilməz. 

- Əli müəllim, ötən həftənin əsas hadisəsi öncə Mehriban xanım Əliyevanın, daha sonra cənab Prezident İlham Əliyevin İtaliya səfərləri, Vatikan görüşləri oldu. Bu səfərləri şərh edərdiniz. 

- Bilirsiniz ki, son zamanlar Azərbaycan Avropanın əsas enerji təminatı mərkəzlərindən birinə çevrilib. Hal-hazırda “Şahdəniz 2” layihəsi çərçivəsində Avropanın gələcək qaz təminatında mühüm bir faktora çevrilərək Azərbaycan transmilli layihələr həyata keçirir. TAP, TANAP, bunlardan əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və digər bu kimi transmilli layihələrdə Azərbaycan ev sahibliyi edir. Prezidentin Bolqarıstana səfəri Azərbaycanın reallaşdırmaq istədiyi və təməlini qoyduğu layihələrə Şərqi Avropa ölkələrinin qoşulması təşəbbüslərini müzakirə etmək, mövcud imkanları araşdırmaq, Bolqarıstanla gələcək ikitərəfli, çoxtərəfli münasibətləri, o cümlədən enerji və digər məsələləri müzakirə etmək və tənzimləmək məqsədi ilə reallaşdırıldı. Səfərin kifayət qədər müvəffəqiyyətli, uğurlu yekunları var. Bu haqda ictimaiyyətə məlumatlar verilir və veriləcək. O ki qaldı hörmətli Mehriban xanımın Romaya səfərinə, Vatikanda keçirdiyi görüşlərə, Romada baş tutan 2015-ci il I Avropa Oyunlarının təqdimatı mərasiminə, bilirsiniz ki, bunlar sistemli tədbirlərin tərkib hissəsidir. Dünya ölkələrinin Oyunlara qatılmayan kəsiminə belə, keçiriləcək oyunlar, Azərbaycanın mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri, musiqisi və s. çatdırılır. Təkcə oyunların keçiriləcəyi günlərdə deyil, hazırlıq dövründə də Azərbaycanın təbliği sahəsində o qədər möhtəşəm işlər görülür ki, hesab edirəm, bizim əlimizə heç də tez-tez belə imkan düşmür.