YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın bu gün əldə etdiyi uğurlar Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir

   Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Ayaz Orucov

- Ayaz müəllim, uğurlu başlanğıc növbəti uğurlar üçün stimulverici amil kimi dəyərləndirilir.  24 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın dünənini bu günü ilə müqayisə etdikdə  hansı  ümumiləşdirmələrin tarixi əhəmiyyətini qeyd  edərdiniz? 

- Dünya tarixinin təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları uğurlu gələcəyə aparan yolun başlanğıcıdır. Onların dünyagörüşü,  həyat təcrübəsi və siyasi iradəsi  inkişaf strategiyasının  əsas istiqamətlərini müəyyənləşdirir, ən çətin məqamlarda düzgün seçim  etməyə geniş imkan yaradır. Bu baxımdan  «Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir» fikri müstəqilliyimizin ilk illərindəki Azərbaycanın bugünkü Azərbaycanla müqayisəsi fonunda daha aydın  ifadəsini tapır.  Ümummilli lider Heydər Əliyev  hakimiyyətinin hər iki dövründə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, tarixi ilə  qürur duyduğu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Sovetlər birliyi dövründə ölkəmizi  qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə  hakimiyyətə  qayıdışı ilə  dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu  yolun başlanğıcını qoydu. Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında hər iki dövrdə dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərini önə çəkərək, bugünkü uğurların təməli kimi dəyərləndirir: «Məhz  Heydər Əliyevin müdrikliyi və fəaliyyəti nəticəsində Azərbaycan 1982-ci ildə sovet respublikaları arasında ən qabaqcıl yerlərə  çıxmışdır.  Əgər o vaxt  müttəfiq respublikalar arasında cəmi iki respublika özü-özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Bu gün də ölkəmizin inkişafına xidmət edən çox güclü infrastruktur, yeni sənaye sahələri  məhz o illərdə - 1970-ci illərdə yaradılmışdır. O illərdə  kənd təsərrüfatı inkişaf etmişdir və Azərbaycan vətəndaşları daha da yaxşı yaşamağa başlamışdır. O illərdə bütün səylər qoyulmuşdur ki, Azərbaycanda yeni  müəssisələr, fabriklər, zavodlar yaradılsın, yeni yollar, dəmir yolları  salınsın. Məhz bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevə daim  çox böyük məhəbbətlə və inamla yanaşırdı. Bu məhəbbət və inam  daim Azərbaycan xalqının qəlbində yaşayır.» Dövlət başçısı İlham Əliyev dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövründəki xidmətlərinin müqayisəli təhlili fonunda  bu reallığı da diqqətə çatdırır: «1993-cü ildə də oxşar vəziyyət yaranmışdı. Müstəqilliyimizin cəmi iki yaşı var idi. Ancaq artıq Azərbaycanın müstəqilliyi şübhə altına qoyulurdu. Ölkəmizə qarşı ərazi iddiaları artıq torpaqlarımızın işğalına gətirib  çıxardı. Şuşanın, Laçının, Kəlbəcərin işğalı nəticəsində, demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yarandı. Belə ağır vəziyyətdə Azərbaycanın ümumiyyətlə gələcək inkişafı şübhə altında  idi. Biz müstəqil ölkə kimi  yaşaya biləcəyik, yoxsa yox?! Azərbaycan xalqı müstəqil xalq kimi öz müqəddəratını özü müəyyən edə biləcək, yoxsa yox?!  Bu suallar  o vaxt havada idi, o suallar verilirdi. Azərbaycan  xalqı o vaxt ölkəmizin taleyi üçün həlledici anda  düzgün seçim etmişdi. Öz liderinə üz tutub  Heydər Əliyevi siyasi hakimiyyətə  dəvət etmişdir və 1993-cü ildən Azərbaycanda  inkişaf, sabitlik və tərəqqi dövrü başladı. İlk növbədə  vətəndaş müharibəsi dayandırıldı, bütün qanunsuz birləşmələr tərksilah edildi, ölkədə sabitlik yaradıldı və Azərbaycan bu sabitlik əsasında  inkişaf etməyə başlamışdır.» Qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsi olaraq, böyük inam və fəxr hissi ilə qeyd edirik ki,  müstəqil, iqtisadi cəhətdən qüdrətli, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rol oynayan, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilən Azərbaycan kimi  bir dövləti yaratmaq dahi şəxsiyyət Heydər Əliyevə nəsib oldu.   24 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilən Heydər Əliyevin ideyaları qarşıdakı illər üçün də ölkəmizə biri-birindən əhəmiyyətli, daha böyük uğurlar vəd edir. Məhz bu ideyalar əsasında Azərbaycan günbəgün qüdrətlənir, güclənir, regionun və dünyanın əsas aparıcı dövlətinə çevrilir.

- İnkişafın təməl daşı iqtisadiyyatdır. Bu gün iqtisadi inkişafı ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyi ələ alan Azərbaycanın  uğurlarını şərtləndirən amilllər hansılardır?

- Dahi şəxsiyyət Heydər Əliyev ölkənin hərtərəfli inkişafında  iqtisadi tərəqqini  əsas amil kimi önə çəkirdi. Eyni zamanda bildirirdi ki, bunun üçün  sabitlik, normal biznes mühitinin mövcudluğu  mütləqdir.  Zəngin təbii resurslara, əlverişli coğrafi məkana malik olan ölkəmiz hər zaman dünya dövlətlərinin, şirkətlərin diqqət mərkəzində olub. Bu reallıq hər zaman önə çəkilir ki,  müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ölkədə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasını şərtləndirdi. Dövlət başçısı İlham Əliyev həmin dövrü belə səciyyələndirir: «O vaxt Azərbaycan xarici investorlar  üçün çox riskli bir yer kimi tanınırdı. O vaxt -  1994-cü ildə dünyanın aparıcı enerji  şirkətlərini Azərbaycana cəlb etmək və onları inandırmaq ki, sərmayələri burada qorunacaq və bu sərmayələr onlara xeyir gətirəcək, bütün bunlar çox böyük siyasi təcrübə, bilik və  məharət tələb edirdi. Ulu öndər buna nail oldu və Azərbaycan tarixində  ən önəmli hadisələrdən biri- «Əsrin müqaviləsi» imzalandı. 1994-cü ildə baş verən bu tarixi hadisədən sonra Azərbaycana dünya birliyi tərəfindən inam artdı. Azərbaycana böyük sərmayələr qoyulmağa, ölkədə məhz Heydər Əliyevin rəhbərliyi  və təşəbbüsü ilə  siyasi və iqtisadi  islahatlar icra edilməyə başlanmışdır. Bütün sahələrdə inkişaf  meyilləri güclənmişdir, tənəzzülün qarşısı alınmışdır və Azərbaycan uğurla inkişaf etməyə başlamışdır.»   

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir:  «Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır.» Özünün də qeyd etdiyi böyük amallar uğrunda çətin və səmərəli, müqqədəs mübarizə yoluna qədəm qoymuş Ulu öndər Heydər Əliyev xalqın gücünə arxalanaraq  Azərbaycan dövlətçiliyinin  inkişaf etdirilməsinə, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb vəzifələrin həlli üçün ölkə həyatında vacib olan işlərə- dövlət intizamının, qanunçuluğun, ordunun möhkəmləndirilməsinə başladı.

İqtisadi  imkanların genişlənməsi hər sahədə uğurlu addımların atılmasına zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları biri-birini əvəzləməyə başladı. Azərbaycana artan inam imzalanan neft və qaz müqavilələrinin, Anlaşma Memorandumlarının sayında da özünü göstərdi. Vaxtilə çoxlarına  əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərləri gerçəkliyə çevrildi. Bu gün artıq dünya «Cənub» qaz dəhlizinin perspektivlərindən danışır. Təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanan Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu günbəgün artırır. Bir layihənin icrasının uğurla başa çatması növbəti layihənin gündəmə gətirilməsini şərtləndirir. Hazırda ölkəmizin iqtisadi və maliyyə imkanları gündəmə gətirilən, eyni zamanda dövlətimizin maraqlarına uyğun olan hər bir layihəni uğurlu sonluqla başa çatdırmağa imkan yaradır. Dövlət başçısı İlham Əliyevin böyük qətiyyət və inamla söylədiyi «Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür» fikri də Azərbaycanın bugünkü reallıqlarına, iqtisadi və  maliyyə imkanlarına əsaslanır.

- Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən  qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları necə şərh edərdiniz?

- Daim vurğulandığı kimi, 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan  iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafını  diqqətdə  saxlayır. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını vacib amil kimi önə çəkərək, bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atır. Regional inkişaf proqramlarını, o cümlədən Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarını təsdiqləməklə, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün stimul yaratdı. Artıq regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı icra olunmaqdadır. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki,  üçüncü Dövlət Proqramının  da icrası  digər Proqamlar kimi vaxtında  başa çatacaq, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunacaq.  Bu günlərdə  Nazirlər Kabinetinin  2015-ci ilin  birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran  vəzifələrə həsr olunmuş  iclasında səsləndirilən rəqəmlər də  bu inamın reallığa əsaslandığını təsdiqləyir. Cari ilin ötən dövrü ərzində  ümumi daxili məhsul  5 faizdən çox, qeyri-neft sektoru 7 faiz artıb. Dövlət başçısı İlham Əliyev bu artımı belə əsaslandırmışdır: «Bu da son illər ərzində  aparılan  düşünülmüş  iqtisadi siyasət nəticəsində  mümkün olmuşdur. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə  siyasəti,  qeyri-neft sektorunun inkişafı imkan verir ki,  iqtisadiyyatımız  dayanıqlı surətdə inkişaf  etsin, bir sektordan- neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada  neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir.» Möhtərəm Prezidentimiz İlham Əliyev  qeyd etmişdir ki, qeyri-neft  sektoru yenə də  prioritet olaraq qalacaq. Regionlarda müsbət  meyillərin müşahidə olunması Dövlət Proqramlarının uğurlu icrasını nümayiş etdirir. Cari ilin birinci rübündə 30 minə yaxın yeni iş yeri açılıb. Bunlardan 25 mini daimi iş yeridir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, daimi prosesdir. Təbii ki, əhali artır,  belə olan təqdirdə yeni iş  yerlərinin yaradılması daimi proses olmalıdır. Möhtərəm Prezidentimiz uğurlarımızın fonunda bu reallığı diqqətə çatdırdı: «Əgər biz vaxtilə  ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr o qədər də  ürəkaçan olmazdı. Əksinə bizi staqnasiya, resessiya gözləyə bilərdi, necə ki, biz indi dünyada, bölgədə bəzi  yerlərdə bunu müşahidə edirik.» Məhz iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulmasının nəticəsidir ki, 2008-ci ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranı Azərbaycana heç bir təsir göstərmədi. Əksinə ölkəmizi iqtisadi inkişafı, uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın diqqətini özünə çəkdi, beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qorudu. Azərbaycanın adının 10 islahatçı ölkə arasında ön yerdə çəkilməsi də uğurlu sosial-iqtisadi islahatlara, düzgün təmələ əsaslanan siyasətə söykənir. O da məlumdur ki, Davos Dünya İqtisadi Forumu  ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görüb. Möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da diqqəti bu uğurumuza yönəldərək bildirmişdir: «İldən-ilə bizim yerimiz yaxınlaşır. Biz daha bir pillə qalxmışıq və dünya miqyasında rəqabətqabiliyyətliliyə görə 38-ci  yeri tutmaq  hesab edirəm ki,  gənc dövlət üçün böyük nailiyyətdir və bu yeri biz neftə, qaza görə yox, məhz düşünülmüş islahatlara görə qazanmışıq. Bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir, milli maraqlar və daxili  resurslar üzərində qurulubdur.» Müşavirədə bu gerçəklik də qeyd edilmişdir ki, Azərbaycan  indi özünü donor kimi, həm başqa ölkələrə, eyni zamanda,  beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarını təqdim edir. Bu da ölkəmizə  əlavə  mənfəət gətirir. Azərbaycan iqtisadi  müstəqilliyini  tam şəkildə  əldə etdikdə təbii ki, siyasi müstəqillik daha da güclənir.

- Ayaz müəllim, bu həqiqət hazırda beynəlxalq səviyyədə də etiraf olunur ki,  Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlər üçün  ideal məkandır. Ölkəmizə bu uğuru qazandıran amillərə qısaca bir baxış keçirməyinizi istərdik...

- Bu gün dünya inkişafın Azərbaycan modelinin mövcudluğundan bəhs edirsə, təbii ki, bu, uğurlu siyasətin təntənəsi, ölkəmizin bütün sahələrdə qazandığı uğurlara verilən dəyərdir. Ölkəmizdə hər bir sahənin inkişafına xidmət edən Dövlət Proqramlarının qəbulu və icrası, eyni zamanda hər ilin konkret bir sahəninin adı ilə bağlanaraq, bu istiqamətdə zəruri işlərin görülməsi  hərtərəfli inkişafı təmin edir ki, bu da beynəlxalq baxışa öz müsbət təsirini göstərir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər gün, hər ay Azərbaycan bu və ya digər sahəni əhatə edən beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tədbirlər Azərbaycan reallıqlarının təbliğində, hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycanın bu kimi tədbirlər üçün əsas məkan seçilməsi təbii ki, ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olduğunu ortaya qoyur. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, siyasət real məsələlər, konkret işlərdir. Bu gün hansı sahəyə diqqət yetirsək, ancaq və ancaq uğur, yüksək göstəricilər əldə olunduğunu görmüş olarıq. İqtisadi və siyasi islahatların vəhdətliyi uğurların davamlılığında əhəmiyyətli rol oynayır. Beynəlxalq aləmdə demokratiya təcrübəsi digər dövlətlərə nümunə göstərilən Azərbaycan eyni zamanda iqtisadi möcüzələr ölkəsi kimi tanınır və nüfuz qazanır.   Adı dünyanın 10 xoşbəxt ölkəsi sırasında  çəkilən Azərbaycana diqqət və marağın günbəgün artması qaçılmazdır.

- Ölkəmizin bu il birinci  Avropa  Oyunlarına ev sahibliyi etməsini  necə dəyərləndirirsiniz?

- Qeyd etdiyimiz kimi, Azərbaycanın bu gün əldə etdiyi uğurlar, beynəlxalq aləmdəki nüfuzu ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış  siyasətinin nəticəsidir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ulu öndər Heydər Əliyevin idman siyasətinin təntənəsi kimi dəyərləndirilir. Dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir: «İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və  hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində  tanınır. Demək olar ki,  idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir  vasitə yoxdur.» Ümummilli lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə idmanın inkişafına xüsusi diqqət yönəltmiş, fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsinə səy göstərmişdir. Bütün fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin bu sahədə biri-birindən daha əhəmiyyətli addımlardan da aydın görünür.  
«Azərbaycan dünyada və Avropada  idman dövləti kimi tanınır» söyləyən  Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, bizim artıq bu sahədə  gözəl təcrübəmiz vardır: «Biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi  göstərməklə  hər növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda  yüksək səviyyədə keçirilir və hesab edirəm ki,  Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir.» Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  I Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlərdən bəhs edən dövlət başçısı İlham Əliyev bildirmişdir: «Avropa Oyunlarının keçirilməsinə az vaxt qalır. Biz Nazirlər Kabinetinin növbəti toplantısını ilin altı ayının yekunlarına həsr edəcəyik. Ona görə Avropa Oyunlarına qalan müddət ərzində bütün müvafiq qurumlar daha da fəal işləməlidir. Əslində, biz bütün hazırlıq işlərini artıq başa çatdırırıq. Nəqliyyat, infrastruktur, təhlükəsizlik, texniki-təşkilati məsələlər öz həllini tapır. Təşkilat Komitəsi çox fəal və səmərəli işləyir. Beynəlxalq Əməliyyat Komitəsi də fəal işləyir. İdman obyektlərimiz demək olar ki, hazırdır. Keçən ay biz Bakı Olimpiya Stadionunun və Bakı Atıcılıq Mərkəzinin açılışını qeyd etdik. Su İdmanı Sarayında son tamamlama işləri gedir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təmir işləri başa çatır. Bulvarda yerləşən idman sarayında da işlər yekunlaşır. Bildiyiniz kimi, həm yeni idman obyektləri yaradılır, həm əvvəlki illərdə yaradılan obyektlər əsaslı şəkildə təmir olunur, əslində yenidən qurulur.» Bu fikir də xüsusi qeyd edilmişdir ki,   I Avropa Oyunları  qarşıdakı illərdə nəzərdə tutulan başqa  yarışlar üçün bazadır. Təbii ki, beynəlxalq yarışların keçirilməsi  böyük məsuliyyət olmaqla, eyni zamanda, Azərbaycan  həqiqətlərinin, inkişaf dinamikasının dünyada tanıdılması baxımından da vacibdir. Ümumiləşdirilmiş şəkildə desək, idman sağlamlıqla yanaşı, eyni zamanda siyasətdir. Yarışlarda qazanılan qələbələr hər bir ölkənin təqdimatında əhəmiyyətli rol oynayır.  «Bizim əsas uğurlarımızın mahiyyəti ondan ibarətdir ki, ardıcıllıq təmin edilir. Peşəkar idmançılar bizi sevindirirlər, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında idman şöhrətimizi yüksəklərə qaldırırlar və gənc nəsil də yetişir» söyləyən dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin vurğuladığı kimi gənc, peşəkar idmançılar bizim fəxrimizdirlər. Onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər. Azərbaycan idman dövləti kimi artıq özünü təsdiq edib. «Bu Oyunların keçirilməsi, eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki ancaq güclü dövlətlər belə böyük tədbirləri, idman tədbirlərini keçirə bilərlər. Azərbaycan da güclü dövlətdir. Son illərdə aparılan islahatlar, görülən işlər nəticəsində ölkəmiz gücləndi, güclü iqtisadiyyata malikdir, siyasi proseslər müsbət istiqamətdə gedir. Beynəlxalq aləmdə Azərbaycan çox böyük hörmətə malik olan bir ölkədir. İdman aləmində isə qeyd etdiyim kimi, idmana rəhbərlik edən bütün vəzifəli şəxslər Azərbaycanın uğurlarından danışırlar» söyləyən Prezident İlham Əliyev  ölkəmizə qarşı bəzi dairələrin qısqanc münasibətini əsassız hesab edir. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın «Sizin gördüyünüz işlər, töhfələriniz bütünlüklə cəmiyyətin inkişafına, təhsil sisteminin daha da təkmilləşməsinə, daha səmərəli olmasına müsbət təsir göstərməklə yanaşı, idmançıların beynəlxalq yarışlarda uğur qazanmalarına və dünya səviyyəsində Azərbaycanın imicinin möhkəmlənməsinə səbəb olur. Bütün bunların nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda çoxlu sayda medallar qazanırlar. Mən inanıram ki, idmanla mədəniyyət tədbirlərinin vəhdəti çox maraqlı olacaq» sözləri də  ölkəmizə verilən dəyərin nümunəsidir. 

Təbii ki, bu inam və dəyərə  əsas yaradan Azərbaycanın uğurları, beynəlxalq aləmdə yüksək səviyyədə təqdir olunan inkişaf modelidir. Düzgün təmələ əsaslanan siyasət dayanıqlı inkişaf üçün əsasdır. 24 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu inkişaf və tərəqqini uğurlarının davamlılığı fonunda dünyaya nümayiş etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla  gedir, güclənir, möhkəmlənir və çox güclü  regional  amilə çevrilib.