YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişafını uğurla davam etdirir

   YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov

- Aydın müəllim, dünya bazarında neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycan iqtisadiyyatının potensialını necə səciyyələndirirsiniz?

- Qlobal böhranın neftin qiymətinin ucuzlaşması fonunda bir çox ölkələrin iqtisadiyyatına vurduğu zərərlərin miqyasının artmasına baxmayaraq, Azərbaycan hökuməti bu təsirləri dəf edərək dinamik inkişafı təmin edən sistemli tədbirlər görüb. Hökumət ilin əvvəllərindən başlayaraq qlobal böhran fonunda ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün müxtəlif ssenarilər hazırlayıb və nikbin ssenarilərə uyğun müxtəlif layihələr həyata keçirməkdədir.
2015-ci ilin artıq birinci yarısını başa vurmaqda olan Azərbaycan iqtisadiyyatı ötən dövr ərzində öz dayanıqlı inkişafını davam etdirib, maliyyə sabitliyinin qorunması təmin edilib. Mükəmməl iqtisadi strategiya Azərbaycan iqtisadiyyatının şaxələndiyini, neftdən kənar sahələrin dinamik inkişaf etdiyini təsdiqləyir.
Yanvar-aprel aylarında ümumi daxili məhsul (ÜDM) istehsalı 5,5 faiz artaraq 16,6 milyard manat təşkil edib, qeyri-neft sektorunda 6,8 faiz artım qeydə alınıb.
Hazırda ÜDM-in 60%-dən çoxu qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorunun 7 faiz artım tempi iqtisadiyyatın strukturunda dəyişikliklərin baş verdiyini, kənar sahələrin inkişafının göstəricisi sayıla bilər.
Hazırda Azərbaycan dövləti qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin modernləşməsi və diversifikasiyası, sənaye məhsullarının ixracının artırılması, sənaye istehsalında regionların payının yüksəlməsi, yeni iş yerlərinin yaradılması, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirməkdədir.
Məlum olduğu kimi 2014-cü ilin sonlarından etibarən qlobal əmtəə bazarlarında enerji daşıyıcılarının qiymətlərinin kəskin aşağı düşməsi, eyni zamanda ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya meyillərinin güclənməsinin psixoloji təsiri daxili valyuta bazarında xarici valyutalara, xüsusilə dollara tələbi yüksəldib. Bu isə valyuta bazarında müəyyən tədbirlərin görülməsinə zərurət yaradıb. Qlobal maliyyə sistemində baş verən dəyişikliklərin nəticəsi olaraq Azərbaycan hökuməti tərəfindən fevral ayında həyata keçirilən devalvasiyadan sonra iqtisaiyyatdakı maliyyə -valyuta bazarında sabitlik qorunub saxlanılıb.
Devalvasiyadan sonra maliyyə sektorunda və dünya iqtisadiyyatında baş verən mürəkkəb proseslər fonunda Azərbaycan iqtisadiyyatı dinamik inkişafını davam etdirib. İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı məqsədyönlü siyasətin davam etdirilməsi, ölkə iqtisadiyyatının inkişafını təmin edən əsas mənbə kimi qeyri-neft sektorunda hərarətin daha da yüksəlməsi iqtisadi artımın tarazlılığını təmin edib.

- Sizcə, yeni məzənnə siyasəti hansı müsbət nəticələrə gətirib çıxarıb?

- Manatın korreksiyasına baxmayaraq Azərbaycanın istehlak bazarına nəzarət tədbirlərinin gücləndirilməsi, müvafiq qurumların süni qiymət artımlarının qarşısının alınması ilə bağlı atdığı addımlar 2015-ci ilin ötən dövründə təkrəqəmli inflyasiyanın qeydə alınmasına səbəb olub. Ən zəruri istehlak məhsullarının qiymətləri məqbul səviyyədə saxlanılıb.
Yeni məzənnə siyasəti üzrə ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığının gücləndirilməsinə yönəldilmiş qərarlar qəbul edilib. Dövr ərzində məzənnə siyasəti üzrə yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılıb.
Məsələ ondadır ki, manatın korreksiyası ilə bağlı qərardan sonra milli iqtisadiyyatın şaxələndirilməsi üçün  əlavə stimullar yaranıb, ölkəmizin beynəlxalq rəqabət qabiliyyəti və ixrac potensialı daha da güclənib, tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin edib.

- Necə hesab edirsiniz, Azərbaycanın ixrac potensialının artırılması üçün görülən işlər hansı effekti verir?

- Dolların məzənnəsinin bahalaşması xarici ölkələrə məhsul ixrac edən Azərbaycan biznesmenləri üçün əlavə imkanlar yaradıb və valyuta dəyişkənliyi onların gəlirlərinin artmasına zəmin yaradtığından son aylarda Avropa ölkələrinə və Rusiyaya qeyri-neft və kənd təsərrüfatı məhsullarının ixracı çoxalıb.
2015-ci ilin ilk 5 ayında qeyri-neft məhsullarının ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 1 milyard manata yaxın olub. Qeyri-neft ixracının strukturunda meyvə-tərəvəz, bitki və heyvan mənşəli yağlar, çay, şəkər, süd məhsulları, alkoqollu və alkoqolsuz içkilər, kimya sənayesi məhsulları, pambıq, qara metallar və onlardan hazırlanan məmulatlar, alümlnium və digər metal məmulatları, məişət məhsulları əsas yer tutur.
Dolların məzənnəsinin hazırkı səviyyədə qalması 2015-ci və sonrakı illərdə yerli istehsalın stimullaşdırılması və ixrac imkanlarımızın artması baxımından sərfəlidir. “Manatın məzənnəsinin aşağı salınması daxili istehlak bazarında və maliyyə-kredit sistemində müəyyən mənfi meyillərə səbəb olsa da, əslində ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının dərinləşməsi, milli ixracatçıların xarici bazarlarda mövqeyinin möhkəmlənməsi  və qeyri-neft sektorunun gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda xarici valyutanın dəyərinin artması milli ixracatçıları xaricə mal çıxarmaq üçün həvəsləndirir.

- Aydın müəllim, vacib məqamlardan biri də iqtisadiyyatda yerli istehsalın daha da artırılmasıdır. Bu baxımdan, nə kimi stimullaşdırıcı tədbirlər görülür?

- Hökumət tərəfindən yerli istehsalı stimullaşdırmaq üçün yeni sənəd hazırlanıb və yaxın günlərdə qəbul olunması nəzərdə tutulur. Mövcud sənəd yeni biznesə başlayanlar üçün çox əhəmiyyətlidir və Azərbaycan sahibkarlarının xarici dövlətlərin bazarlarına çıxış imkanlarını artırmaq üçün layihələr hazırlanacaq. Layihəyə əsasən, iqtisadiyyatın neft-qaz gəlirlərindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və xarici ticarət dövriyyəsinin strukturunda bu sektorun payının artımı üçün sistemli tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Həmçinin, biznesə yeni başlayan sahibkarlara güzəştli kreditlərin həcmi iki dəfə artırılacaq, elan olunan tenderlərdə ən çox xarici yox, yerli mallara, işçilərə və xidmətlərə yer verən şirkətlərə üstünlük veriləcək. Sənəd sahibkarlara yerli məhsullarını kəmiyyət və keyfiyyətli baxımından yüksəltsinlər, öz məhsullarını xarici bazarlara çıxarmaq və satmaq üçün daha da maraqlı olmağa imkan verəcək. Beləliklə, əlavə güzəştlərin tətbiqi yerli istehsalatın həcminə müsbət təsir göstərəcək.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi bu il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır. Dünyada mövcud olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcəkdir. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaqdır. Ancaq əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik 2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaqdır.