YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Birinci Avropa Oyunları dünyanın idman tarixində yeni bir səhifə acacaq

   Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Ayaz Orucov

- Ayaz müəllim,   dünyanın diqqətini ölkəmizə yönəldən birinci Avropa Oyunlarına saylı günlər qalıb.  2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi Baş Assambleyasının birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərarı hansı məqamlara işıq saldı?

- Bu suala cavab olaraq  möhtərəm Prezidentimiz İlham Əliyevin    Avropa Olimpiya  Komitəsinin 2015-ci ildə  birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı  qərarı münasibətilə Azərbaycan xalqına  10 dekabr 2012-ci ildəki təbrikində söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdim: «Bu bizə göstərilən  böyük inamdır, böyük etimaddır, böyük hörmətdir,  eyni zamanda,   üzərimizə düşən  böyük məsuliyyətdir... Bir daha dünyaya göstərəcəyik ki,  gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur.» Cənab İlham Əliyev eyni zamanda bu əminliyi ifadə etmişdir ki,  biz bu  sınaqdan da  uğurla və şərəflə  çıxacağıq, bu oyunları  yüksək səviyyədə  keçirəcəyik.

24 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın ötən bu dövr ərzində  qazandığı uğurlara diqqət yetirmək kifayətdir ki, ölkəmizlə bağlı  beynəlxalq səviyyədə atılan uğurlu addımların, qəbul edilən qərarların, söylənilən  hər bir xoş fikrin  səbəbi  açıqlansın. Baş Assambleyanın iştirakçıları arasında  keçirilmiş gizli  səsvermə nəticəsində 48 səsdən 38 səsi qazanan Azərbaycanın  birinci Avropa Oyunlarına ev sahibliyi etmək şansını qazanması təbii ki, böyük uğurdur.   Düşünülmüş   və məqsədyönlü siyasət daim ölkənin davamlı inkişafına, uğurlarının ardıcıllığına  yol açır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, bizim sözümüzün imzamız qədər qüvvəsi vardır. Dostlarımızın sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Etibarlı tərəfdaş kimi tanınır. Nəzərə alsaq ki, bizə qarşı həm dünya erməniləri, eyni zamanda, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən, bunu həzm edə bilməyən qüvvələr daim kampaniya aparır, bu inamı qazanmaq o qədər də asan məsələ deyil.

Bu reallıq inkaredilməzdir ki, son on bir ildə  Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edib. İkinci belə ölkə dünya xəritəsində tapılmır ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan uğurla, inamla sürətlə inkişaf edir. Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir. Azərbaycanın təcrübəsi  ən müsbət təcrübə kimi öyrənilir. Möhtərəm Prezidetimiz  böyük inam və qətiyyətlə bildirir ki, sirr deyildir ki, bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur, bir istiqamətdir. Bu, öz növbəsində, bizim üzərimizə  daha da böyük məsuliyyət qoyur.

«Azərbaycan inkişafda olan  bir ölkədir. Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik» söyləyən cənab İlham Əliyev ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsində bu amillərin rolunu xüsusi diqqətə çatdırır.  Təkcə cari ildə keçirilən tədbirlərin sayına və əhatə etdiyi mövzulara  diqqət yetirmək kifayətdir.

Xarici siyasətin daxili siyasətin məntiqi  davamı kimi dəyərləndirildiyini nəzərə alsaq,  dövlətimizin  başçısı İlham Əliyevin  çevik və məqsədyönlü siyasətinin  ölkəmizin daha da güclənməsinə yönəldildiyini daha aydın şəkildə dərk etmiş olaraq.  Azərbaycanın 2011-ci ildə 193 ölkədən  155-nin dəstəyini qazanaraq,  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurların təqdimatı olmaqla yanaşı, həm də ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bugünkü səviyyəsinə işıq saldı. Təbii ki, 155 ölkənin dəstəyi, eyni zamanda bu sayda dövlətin  Azərbaycanla əməkdaşlığın inkişaf etməsində  maraqlı olmasına  işarədir. Ölkə Prezidenti  İlham Əliyev daim vurğulayır ki,  dünya dəyişir, dünyada  cərəyan edən  proseslər müxtəlif istiqamətdə inkişaf edir. Ancaq təbiətin  ümumi qanunları dəyişmir. Müstəqil ölkə kimi Azərbaycan bu gün də  müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır. Bizim bu illər ərzindəki ən böyük uğurumuz  ondan ibarətdir ki,  müstəqillik yolundan dönməmişik. Müstəqillik sadəcə olaraq  dövlət  atributları deyildir.  Müstəqillik o deməkdir ki,  ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil  siyasət aparır və aparacaq.

Ölkəmizin bu gün dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da bu gerçəkliyi təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır.  Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda  keçirilməsi ilə bağlı qərarı da keçilən yola verilən dəyərdən, eyni zamanda ölkəmizdə idmanın inkişafına göstərilən  önəmdən qaynaqlanır. Bu siyasətin təməli  ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, idman elə bir sahədir ki,  Azərbaycanın müstəqilliyinin rəmzlərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. İdman tədbirlərində  əldə olunan qələbələr dövlət himnimizin səsləndirilməsi, bayrağımızın yüksəklərə qaldırılması ilə nəticələnir. Bu isə Azərbaycanın bir daha təqdimatı, bir dövlət olaraq tanıdılması üçün  böyük uğurdur.

Cənab İlham Əliyevin vurğuladığı kimi,  Azərbaycan həm də  beynəlxalq olimpiya hərəkatının fəal üzvlərindəndir.  İdmançılarımızın  möhtəbər  beynəlxalq yarışlarda  qazandığı uğurların  sayı ildən-ilə artır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına uyğun olaraq   Azərbaycanın əksər böləgələrində  müasir standartlara uyğun  Olimpiya Kompleksləri, digər idman qurğuları yaradılıb.  Bu, eyni zamanda ölkədə  idmanın  kütləviliyini şərtləndirən mühüm amillərdən biridir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi  kimi, Avropa Olimpiya  Komitəsinin məlum qərarının qəbulunda Azərbaycanın beynəlxalq nüfuzu,  iqtisadi inkişafı, sabitlik diyarı kimi tanınması mühüm amil olmaqla yanaşı, idmançılarımızın qələbəsi də  əhəmiyyətli rol oynamışdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan  Avropa Olimpiya Oyunları keçirmək üçün bütün imkanlara malikdir.

- Hazırlıq işlərinin yüksək səviyyədə təşkili qələbəyə aparan yolun başlanğıcı kimi dəyərləndirilir. Birinci Avropa Oyunlarına hazırlıq sizdə hansı qənaəti  yaradır?

- Dövlət başçısı İlham Əliyevin qeyd etdiyimiz təbrikində səsləndirdiyi bu fikirləri də yada salaq: “Oyunların keçirilməsi 2015-ci ildə nəzərdə tutulur. Yəni, bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Əminəm ki, biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur.” Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev  I Avropa Oyunlarına hazırlıqla bağlı görülən işləri geniş şəkildə diqqətə çatdırmışdır. Bu gün böyük əminliklə deyə bilərik ki,  ölkəmiz birinci Avropa Oyunlarının keçirilməsinə tam hazırdır.

Məlum olduğu kimi, aprelin 26-sı  ilk Avropa Oyunlarının həyacanının başlanğıc günü  kimi tarixə düşdü. Həmin tarixdə Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə kimi qiymətləndirilən  birinci Avropa Oyunlarının Bakıda  məşəli alovlandırıldı. Prezident İlham Əliyevin,  birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirak etdiyi tədbirdə bir daha qeyd olunmuşdur ki, bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, iki il yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədir. Biz bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcəyik. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirmişdir: «Bu axşam Avropa idmanı qitəmizin idman potensialının reallaşması yolunda yekun mərhələyə daxil olacaq. İlk Avropa Oyunları artıq reallığa çevrilir. İki ildən bir qədər əvvəl biz böyük məmnunluqla elan etdik ki, Avropa Oyunlarını qəbul edən ölkə “Odlar Yurdu” Azərbaycan olacaq. Ən cəlbedici elementlərdən biri - ölkənizin milli rəmzi olan alov, eyni zamanda, Olimpiya Hərəkatının gücünün və qüdrətinin əsas təcəssümüdür. Məşəlin alovlandırılmasının və estafetin müasir ənənəsinin əsasını qoymuş, qədim idman oyunlarını yaratmış yunan sivilizasiyası odu, alovu müqəddəs sayırdı. Bu axşam biz nadir mərasimimizdə həmin Olimpiya irsinə sadiq qalaraq Atəşgah məbədində Avropa Oyunlarının məşəlini alovlandıraraq məşəli stadiona və “Bakı-2015” Oyunlarının açılış mərasiminə yola salırıq. Bu, Avropa idmanı üçün həlledici məqamdır. Həmkarlarım, eləcə də təmsil etdiyim Avropa Olimpiya Komitəsi Sizə göstərdiyiniz yardıma görə olduqca minnətdardır. Çünki biz planlarımızın birgə reallaşmasına doğru yekun addım atırıq. Kamillik, dostluq və hörmət kimi Olimpiya dəyərləri məşəl estafetində aydın şəkildə əks olunur. Məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar.»

Qeyd edək ki, birinci Avropa Oyunlarının məşəli  47 gün ərzində  Azərbaycanın hər bir bölgəsini gəzib dolaşaraq, yenidən Bakıya gətirildi.  Qeyd edildiyi kimi, sülh, dostluq və təntənə mesajını  hər yerə yayan bu kimi tədbirlər, eyni zamanda Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü, YUNESKO və İSESKO-nun  xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  təşəbbüsü ilə dünyanın ayrı-ayrı ölkələrində «Bakı-2015» Birinci Avropa Oyunlarının təqdiamatının keçirilməsi  Azərbaycan reallıqlarının təbliği, bugünkü uğurlarımıza baxış və gələcək barədə aydın təsəvvürün yaradılması  baxımından xüsusi əhəmiyyət kəsb etdi.  «Bu Oyunlar  Avropa idmanı tarixində  yeni  səhifə  acacaq» söyləyən Mehriban xanım Əliyeva bildirir ki,  Bakı Oyunları bütün gələcək Oyunlar üçün səviyyə, standart müəyyən edəcək.
Hazırlıq işlərinin yüksək səviyyədə təşkili,  dünyanın bu oyunlara göstərdiyi maraq hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi yaradır, oyunlarda qələbəmizin qaçılmaz olduğuna əminliyimizi daha da artırır.  Beynəlxalq Olimpiya Komitəsinin rəsmilərinin də  böyük inamla qeyd etdikləri kimi,   idman yarışları uğurla keçiriləcək.   Qələbələrin təməli  məhz  «Bakı 2015» yarışlarında qoyulacaq.

- Ayaz müəllim,   Birinci Avropa Oyunları ölkəmizə nə vəd edir? Oyunlar istər Azərbaycanın beynəlxalq  nüfuzunda, istərsə də  idman həyatında hansı izləri qoyacaq?

-  Bu gün istər ölkə, istərsə də dünya mətbuatında birinci Avropa Oyunlarının əhəmiyyəti geniş şərh olunmaqdadır. Bu oyunların dünyanın idman tarixində yeni səhifə açacağı xüsusi qeyd edilir. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: «Olimpiya oyunları təkcə idman yarışı deyil, həm də böyük siyasətdir. Olimpiya oyunları böyük bir idman hadisəsidir və  deyə bilərəm ki, dünya miqyasında çox böyük ictimai hadisədir.» Birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq,   dünyanın diqqətini ölkəmizə yönəltməklə həqiqətlərinin təbliğinə öz töhfəsini verəcək.  Oyunlara qatılacaq 6 min idmançının hər biri, eyni zamanda oyunları izləyəcək hər bir iştirakçı Azərbaycan gerçəklikləri ilə  yaxından  tanış olaraq ölkələrə qayıtdıqda  onların ictimaiyyətə çatdırılmasında bir vasitə rolunu oynayacaqlar. Əbəs yerə deyilmir ki, idman sağlamlıq olmaqla yanaşı. Eyni zamanda siyasətdir. Birinci Avropa Oyunları eyni zamanda ölkəmiz üçün   iqtisadi divident deməkdir. Azərbaycan  bu gün dünyada investisiya cəlbediciliyini qoruyan ölkə kimi tanınır və nüfuz qazanıb. Son 11 ilə ölkə iqtisadiyyatına  180 milyard doollara yaxın investisiyanın qoyulması  Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir. Azərbaycan bu gün turizmin inkişafı baxımından da dünyanın diqqətindədir. Təbii ki, bu vəhdət fonunda  birinci Avropa Oyunlarının ölkəmiz üçün iqtisadi əhəmiyyəti daha aydın nəzərə çarpır.

Dövlətimizin başçısı İlham Əliyev  bu günlərdə  «The Business Year» jurnalına  müsahibəsində Avropa Oyunlarının əhəmiyyətini belə açıqlamışdır: «Avropa Oyunları müxtəlif idman növlərinin ölkəmizdə təbliği, yeni nəsil idman mütəxəssislərinin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin Oyunlar Azərbaycan üçün gözəl sosial təbliğat vasitəsi olacaqdır. Ölkə əhalisinin üçdə ikisinin yaşı 35-dən aşağıdır və bu böyük təbəqə idmanın təşviq etdiyi amallar haqqında məlumatlar alacaqdır. Avropa Oyunlarının keçirilməsi üçün yaradılmış infrastruktur şəhərimizin və ölkəmizin gələcəkdə digər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsini də asanlaşdıracaq. 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik, eyni zamanda, ilk dəfə olaraq “Formula-1” yarışları regionumuza gələcəkdir. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.»

Azərbaycanın müxtəlif mədəniyyətlərin, svilizasiyaların qovşağında yerləşən ölkə olması onun xalqlar, dövlətlər arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrdən də aydın görünür. Daim gerçəkləşdirdiyi layihələr, ev sahibliyi etdiyi tədbirlərlə Şərqlə Qərb arasında körpü rolunu günbəgün möhkəmləndirən Azərbaycan ilk Avropa Oyunlarına ev sahibilyi etməklə  əməkdaşlıq, dostluq, birlik rəmzi dəyərləndirən bu bayram tədbirini yüksək səviyyədə keçirmək imkanındadır.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, iki il ərzində bir ölkədə, bir şəhərdə həm Avropa Olimpiya, həm də İslam Həmrəyliyi oyunlarının keçirilməsinin rəmzi mənası vardır. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli, çoxkonfessiyalı və çoxmədəniyyətli ölkədir. Bu gün Azərbaycan daha çox aktuallaşan sivilizasiyalararası dialoqa öz dəyərli töhfəsini verir. «Düşünürəm ki, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olacaqdır» söyləyən cənab İlham Əliyev bir daha bu əminliyi ifadə edir ki,  bizim güclü potensialımız, mükəmməl idman infrastrukturumuz, böyük beynəlxalq tədbirləri təşkil etmək sahəsində yaxşı təcrübəmiz var və əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik. «Bakı-2015»” idman tarixində yeni maraqlı səhifə olacaq. Bu, həmçinin dörd ildən sonra keçiriləcək növbəti Oyunlara bələdçi hadisədir və Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşdiriləcək.

Qeydə olunanların fonunda ümuiləşdirmə aparsaq,  böyük fəxr və inam hissi ilə qeyd edə bilərik ki, birinci Avropa Oyunları  24 ilə yaxın müsəqillik tarixinə hər gün davamlı uğurları ilə yeni-yeni səhifələr yazan Azərbaycana böyük nüfuz, divident gətirəcək, idman həyatında möhtəşəm izlər qoyacaq,  yeni-yeni dostlar qazandıracaq. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin vurğuladığı kimi, gənc, peşəkar idmançılar bizim fəxrimizdir, onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edir, qazandıqları medallarla ölkəmizin adını daha da yüksəklərə ucaldırlar. Azərbaycan artıq  idman dövləti kimi  özünü təsdiq edib. Azərbaycan tarixinə yazılan hər bir uğurlu səhifə növbəti uğurlar üçün  əsas rolunu oynayır.