YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Uğurlu inkişaf strategiyasının müəllifi

   Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Süleymanov

- Tahir müəllim, bu gün respublikamızın hər bir  guşəsində müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü  yüksək səviyyədə qeyd olunur, tarixi paralellik aparılıb keçilən yol geniş  təhlil olunur. Azərbaycanımızın bu gününü dünəni ilə müqayisə etdikdə sizdə hansı qənaət yaranır?  
- Ötən dövrün təhlilini aparmadan öncə bu qənaətimi  böyük qətiyyətlə və inamla qeyd etmək istərdim ki, 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq qeyri-mümkün idi. Müstəqil Azərbaycan ulu öndərin şah əsəridir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir, yeni-yeni hədəflərə çatmaq üçün səylər göstərir, gələcəyə böyük nikbinliklə baxmaq üçün böyük əsaslar mövcuddur. Ölkənin gələcəyini düşünən lider gördüyü işlərlə, ideyaları ilə hər zaman xalqın böyük məhəbbətini qazanır, əvəzolunmaz şəxsiyyət kimi tarixə qızıl hərflərlə yazılır. 
Bu reallığı  da qeyd edək ki,   müstəqil dövlətimizin 1993-cü ildən sonra qazandığı uğurlar məhz ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə, 1969-1982-ci illərdə gördüyü işlərin davamı kimi dəyərləndirilir. Məlum olduğu kimi, Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.  1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşadığı illərə   nəzər saldıqda aydın görünür ki, bu gün fəxrlə qeyd etdiyimiz   yeniliklərin, islahatların təməli  məhz o  çətin illərdə qoyulub. 
Ulu öndər  Heydər Əliyevin  «Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi öndə saxlanılaraq müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi  istiqamətində mühüm addımlar atıldı. Uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, müstəqillik  olmayan yerdə inkişaf, yenilik barədə  danışmaq  qeyri-mümkündür. Yanvar hadisələri törədiləndə Moskvadakı  Azərbaycan nümayəndəliyinə gedərək qırğını  müstəqil bir dövlətin süverenliyinə qarşı törədilmiş siyasi aksiya hesab edən ümummilli lider  Heydər Əliyev  Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi.
Ulu öndər Heydər Əliyevin Naxçıvanda gördüyü işlər, həyata keçirdiyi islahatlar xüsusi əhəmiyyət kəsb edirdi.  Azərbaycanın gələcəyi naminə müəyyənləşdirilən perspektivlərin reallaşması isə 1993-cü ildən, ulu öndər   Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra   mümkün oldu. 
Azərbaycan xalqının ən mühüm arzularından biri azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsil sahibinə çevrilmək  idi. 1991-ci ilin oktyabrın 18-də Müstəqillik Aktının qəbul olunmasına baxmayaraq, xalqımız bu sevinci  ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Müstəqilliyin  ilk  illərində  Azərbaycanın  başına  gələn ağır  bəlaların,   torpaqlarımızın  Ermənistan  tərəfindən  işğalının  əsas  səbəbi,  hətta  dövlət  müstəqilliyinin  uçuruma  çatdırılması  məhz  Vəzirov,  Mütəllibov kimi «rəhbərlərin»,  AXC-Müsavat  başçılarının  ölkənin,  xalqın  taleyinə  biganəliyi,   səriştəsiz fəaliyyətlərinin  məntiqi  nəticəsi idi.  Azərbaycan parçalanmaq, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin vəziyyətdə xalq üzünü öz xilaskarına- ulu öndər Heydər Əliyevə tutdu.   Ümummilli lider  xalqın  tələbinə, dövlət  müstəqilliyinin  qorunub  saxlanmasına  biganə  qalmayaraq 1993-cü ilin  iyun  ayında  Bakıya  gəldi.   İyunun 15-də  onun  respublika  rəhbəri  seçilməsi ilə  müstəqil  dövlətçilik  tarixinin  ikinci  dövrü  başlandı. Uğurlu daxili siyasət nəticəsində ölkədə sabitlik yaradıldı. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik olmadan heç bir sosial-iqtisadi islahatlardan, uğurlardan danışmaq olmaz. Ölkədə sabitliyin, normal biznes mühitinin yaradılması investisiya axınının sürətlənməsinə stimul verdi.  Dünyanın  tanınmış  şirkətləri ilə  neft  müqavilələri  imzalandı. 1994-cü ilin 20  sentyabrında «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafında, dünya iqtisadi sisteminə inteqrasiyada yeni bir mərhələnin əsası qoyuldu. Bu müqavilədən sonra onlarla sazişin imzalanması Azərbaycanın gələcəyinə olan inamı bir daha nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə iqtisadiyyatın inkişafına stimul oldu. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallaşdırılması istiqamətində atılan addımlar Azərbaycan dövlətinin müstəqil siyasətinin təsdiqi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirildi. Təbii ki, iqtisadi imkanlar genişləndikcə, bu özünü ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunda nümayiş etdirdi.  «Azərbaycanın qapıları ölkəmizə xoş niyyətlə ayaq basan iş adamlarının üzünə açıqdır» söyləyən ulu öndər Heydər Əliyev qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin olmalarını da bəyan edirdi. Bu ölkə iqtisadiyyatına 160 milyard dollar investisiya qoyulduğunu böyük fəxrlə qeyd ediriksə,  bu, məhz həmin dövrdə ölkəmizə qarşı yaradılan inamın nəticəsidir. 
Bu gün daha çox səsləndirilən fikirlərdən biri Azərbaycana marağın artması, dostlarının sayının çoxalmasıdır. Ölkəmiz hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqət və marağında olub. Lakin bu diqqət zaman keçdikcə, daha dəqiq desək, Azərbaycan ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində uğurla inkişaf etdikcə daha da artamağa başlayıb. Müstəqilliyimizin ilk illərinə diqqət yetirdikdə bu fərqi daha aydın görmək olur. O zaman Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər, şirkətlər qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Çünki ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdı, uğurların təməlini qoydu.      
Qeyd etdiyimiz kimi, dahi şəxsiyyətin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.  Ümummilli lider Heydər Əliyev  Azərbaycan  tarixinin  bir  səhifəsi  deyil,  tariximizin  özü,  xalqımıza, ölkəmizə böyük nüfuz qazandıran, adını inkişaf etmiş ölkələr sırasına daxil edən bir  şəxsiyyətdir.   Böyük dövlət xadimi, təcrübəli siyasətçi, fenomenal hafizəyə malik şəxsiyyət Heydər Əliyev haqqında dünya dövlətlərinin rəhbərləri, siyasətçiləri də  yüksək fikirlər söyləmiş, onun müstəqil Azərbaycanımız, xalqımız üçün gördüyü işlərə kənardan bir baxış keçirmişlər. Həmin fikirlərə diqqət yetirəndə  onların hər  birinin konkret dövrü əhatə etdiyinin şahidi oluruq. Bu fikirlər arasında Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasında və iqtisadi inkişafında  xüsusi əhəmiyyət kəsb edən   «Əsrin müqaviləsi»nin imzalanmasında ulu öndərin rolu xüsusi yer tutur. Heç bir ölkənin təkbaşına iqtisadi inkişafa malik olmasının mümkünsüzlüyünü önə çəkən ulu öndər  Heydər Əliyev dünyanın qabaqcıl ölkələri, şiirkətləri ilə təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırdı, bu gün artıq dost ölkədən etibarlı tərəfdaş ölkəyə çevrilməyin əsası qoyuldu. 
Bu fikir möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən xüsusi qeyd olunur ki,  dünyada təbii resurslarla zəngin  çox ölkələr var.  Lakin bu resurslar heç də hər zaman uğur gətirmir. Belə ki, təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycan iqtisadi prioritetlərini və  neft strategiyasını müəyyən edərkən həm müsbət, həm də mənfi təcrübəni öyrənib. Neft-qaz gəlirlərinin  insanlar arasında bərabər bölünməsi  ictimaiyyətdə böyük rəğbətlə qarşılanır.  1999-cu ilin dekabrında  Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli lider  bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Təbii resurslarımıza son dərəcə qənaətlə və qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun qarşısında mühüm vəzifə kimi qoyulurdu. 
İqtisadi tərəqqi hər bir inkişafın təməl daşıdır. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət Azərbaycanı iqtisadi möcüzələr ölkəsi kimi tanıtmaqla yanaşı, hərtərəfli inkişafa stimul oldu. Hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbuluna və uğurlu icrasına zəmin yaradan iqtisadi inkişaf fonunda Azərbaycanın adı bu gün dünyanın 10 xoşbəxt ölkəsi sırasında çəkilir. 
- Son on ildə Azərbaycanın keçdiyi yolu necə şərh edərdiniz?
- Qeyd etdiyimiz kimi, təməl möhkəm olanda binanın əzəmətli görünməsi üçün lazım olan bütün işləri həyata keçirmək mümkündür. Azərbaycan da qazandığı uğurları ilə yüksək mərtəbəli binanı xatırladır. Dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası Azərbaycanın uğurlarının davamlılığının təmin olunmasında əsas mexanizmdir. 
Gündən-günə daha da qüdrətlənən ölkəmiz, eyni zamanda bu uğurların qazanılmasına əsas verən  siyasət barədə biri-birindən maraqlı, diqqətçəkən fikirlər söylənilir. Ümumi rəy budur ki, xalqın etimadını qazanan, hər bir vədini konkret əməli işi ilə sübut edən   dövlət başçısına milyonların sevgisi şəksizdir.  Cənab İlham Əliyevin 2003-2008-ci illərdə  hər bir sahə üzrə  həyata keçirdiyi tədbirlər, uğurlu layihələr  2008-ci ildə, 2008-2013-cü illərdə gördüyü işlər isə 2013-cü il prezident seçkisində  qələbəsinə zəmin yaratdı.  Ötən 10  ildə atılan  addımlar onun hər kəsin  Prezidenti olduğunu təsdiqləyir. Kimliyindən, siyasi əqidəsindən asılı olmayaraq bütün insanların problemləri, qayğıları onu düşündürən başlıca məsələdir. Hər zaman bildirir ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. 
2003-cü ildə keçirilən andiçmə mərasimində  «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm»  söyləyən cənab İlham Əliyev  «Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir» bəyan edərək, sonrakı illərdə atdığı addımları ilə bu vədinə sadiqliyini bir daha nümayiş etdirdi.  Möhtərəm Prezidentimiz İlham Əliyevin  Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların fonunda təsdiqlədiyi «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası məhz dayanıqlı inkişafın yol xəritəsidir. Qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək,  bu günə qədər üç dəfədən çox artan ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır. Dövlət başçısı hər zaman bildirir ki, qazanılan uğurlarla kifayətlənməməliyik, hər zaman irəliyə doğru addımlamalıyıq. Modernləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir.  Günümüzün əsas tələblərindən biri kimi   təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılması önə çəkilir. 
Son on ilin uğurlarının ümumiləşdirimiş ifadəsi olaraq  Azərbaycan Cənubi Qafqaz bölgəsi iqtisadiyyatının 85 faizinə sahib olmaqla əsil söz sahibi olduğunu təsdiqləyir. Regionun parlayan ulduzu kimi  beynəlxalq maliyyə qurumlarının hesabatlarında ön yerdə dayanır.     
- Tahir  müəllim, ölkənin hərtərəfli inkişafında regionların malik olduğu potensialdan səmərəli istifadə əsas yer tutur. Regional inkişaf proqramları bu məqsədə hansı töhfələri verir?
- Möhtərəm Prezidentimiz İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını önə çəkərək, regionların malik olduğu potensialdan istifadəyə xüsusi önəm verdi. Bildirdi ki,  regionların inkişafı qeyri-neft sektorunun inkişafı deməkdir, ölkənin hərtərəfli inkişafı deməkdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008-ci illər üçün birinci Dövlət Proqramının uğurlu icrası ikinci Proqramın, ikinci Proqramın uğurla həyata keçirilməsi isə üçüncü Proqramın qəbulunu zərurətə çevirdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın hər bir bölgəsi quruculuq meydançasını xatırladır, inkişaf, tərəqqi geniş vüsət alıb. Rayonlar arasında sağlam rəqabət ölkənin hərtərəfli inkişafına stimul verir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı bu əminliyi ifadə etmişdir ki, üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcək.
Bu günlərdə  Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən rəqəmlər də iqtisadiyyatın inkişafın hansı səviyyəsində olduğunu açıqladı.  Dövlət başçısı İlham Əliyev bir daha ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlara diqqət yönəldərək, qarşıdakı dövr üçün məqsəd və vəzifələri açıqladı. «İlin sonuna qədər görüləsi işlər çoxdur» söyləyən Prezident İlham Əliyev onların  hamısının yüksək səviyyədə icra olunmasının vacibliyini bildirdi.  Bu fikir xüsusi vurğulandı ki, bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar  bugünkü reallıqları təmin edir. İqtisadiyyat 2,5 faiz, qeyri-neft sektoru 8,8 faiz artıb. Bunu müsbət hal kimi dəyərləndirən ölkə Prezidenti qeyd etdi ki,  məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuş və  bu məqsədə çatmışıq: « İqtisadiyyatın şaxələndirilməsi  bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik.  Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz  sürətlə artır.»  ÜDM-də özəl bölmənin payının 85 faiz təşkil etməsi bu sahəyə diqqətin bariz nümunəsidir.  İstehsal olunan emal məhsulları başqa ölkələrə ixrac edilir. «İstehsal sahələri hər bir ölkənin inkişafında  aparıcı rol oynayan bir sahədir» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, görülən işlərin bir məqsədi var- Maliyyə imkanları artsın və insanlar daha yaxşı yaşasınlar.
Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir, fərman və sərəncamlar imzalanır.  Bu məqsədlə yaradılan  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına ayrılan güzəştli kreditlərin  həcmi artırılır, əlavə imtiyazlar müəyyənləşdirilir. Dövlət başçısı İlham Əliyev müşavirədə bu mühüm vəzifəni xüsusi vurğuladı ki,  istehsalı mümkün olan bütün məhsullar  Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı azaltmalıyıq: «İlk növbədə, iqtisadiyyatı inkişaf etdirmək və yeni iş yerlərini yaratmaq üçün. Eyni zamanda, biz ixrac  imkanlarımızı da artırmalıyıq.  Mən əminəm ki, indi kənd təsərrüfatı ilə bağlı  aparılan  islahatlar – məhsuldarlığın  artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da  böyük həcmdə alınması və  digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac potensialı  yaranacaq və bizim artan daxili tələbat  Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcəkdir.»
«Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə  investisiyaların gətirilməsinə kömək göstərmişdir» bildirən Prezident İlham Əliyevin vurğuladı ki, Azərbaycan birbaşa xarici sərmayələrin qoyuluşuna görə  MDB məkanında liderlik rolunu  qoruyub saxlayır: «İnvestisiyalar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir və güclü iqtisadi potensialımızın artırılmasına yönəlibdir.» Son on ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 160 milyard dollardır. Yatırılan investisiyaların böyük həcmi  qeyri-neft sektorunun payına düşür. Dövlət başçısı bildirir: «Şadam ki, daxili investisiyalar artıq bir neçə ildir ki, xarici investisiyaları üstələyir.  Çalışmalıyıq ki, ölkə iqtisadiyyatına qoyulan vəsait artsın və  bu vəsait bizim iqtisadi  siyasətimizlə  tam uzlaşsın.» Göründüyü kimi, əsas məqsəd odur ki,  respublikada idxalı əvəzləyən məhsulların istehsalı sürətlənsin,  ərzaq məhsulları ilə bağlı bütün problemlərin həllinə  diqqət artırılısın. Ərzaq məhsulları istehsalında məhsuldarlığın artırılması məqsədilə mütəmadi olaraq elmi tədqiqatlar aparılır, yeni texnika və texnologiyaların kənd təsərrüfatı istehsalına tətbiqi, innovasiyaların istehsal sahələrinə gətirilməsi problemin həllində əsas vasitə  kimi istifadə olunmaqdadır. Bu sahədə dövlətin sahibkarlara göstərdiyi maddi, mənəvi, hüquqi dəstəyin rolu əvəzsizdir. Qarşıda duran başlıca vəzifələrdən biri də məhsul istehsalçılarının zəruri kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlarla təchizatını yaxşılaşdırmaqdan, keyfiyyətli məhsul yetişdirməkdən, onun itkisiz yığılmasını təmin etməkdən  ibarətdir. Bu tədbirlərin həyata keçirilməsində ölkə  Prezidentinin «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında»  sərəncamının böyük əhəmiyyəti olmuşdur. Həmin sərəncama əsasən «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Dövlət başçısı İlham Əliyevin «Aqrar sahədə  dövlət lizinq şirkətlərinin maddi-texniki  bazasının möhkəmləndirilməsi  sahəsində əlavə tədbirlər haqqında» sərəncamı da bu sahədə həyata keçirilən  dövlət siyasətinin  ardıcıl xarakter daşıdığının təsdiqidir.  Sənəd «2008-2015-ci illərdə  Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»na uyğun olaraq aqrar sahədə istehsalın artırılması, kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə ilə bağlı görülən tədbirlərin sürətləndirilməsi məqsədinə xidmət edir. Dövlət başçısı İlham Əliyevin  16 yanvar 2014-cü il tarixli «Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» sərəncamı da bu sahəyə diqqətin göstəricilərindəndir.  Sərəncamda  qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafının dövlət tərəfindən  iqtisadi siyasətin  prioritet istiqamətlərindən biri kimi müəyyən edildiyi bir daha önə çəkilir.  
Göründüyü kimi, regionların malik olduğu potensialdan səmərəli istifadə ölkənin hərtərəfli inkişafını sürətləndirir. Bu onu göstərir ki, iqtisadi siyasət çox böyük dəqiqliklə, həssaslıqla aparılır. Qeyri-neft sektorunun inkişafı uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilir. Ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft-qaz  amilinə önəm verməklə bugünkü inkişafa yol açdı. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, Azərbaycan ən böyük maliyyə vəsaiti tələb edən  layihələri  icra etmək imkanındadır.