YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu öndər Heydər Əliyevin xidmətləri tarixi əhəmiyyət kəsb edir

   Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov

- Nizami müəllim, Ümummilli liderimiz Heydər Əliyevin qərarı ilə  2001-ci ildən etibarən 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. İlk olaraq, Ümummilli liderimizin Azərbaycan dilinin inkişafı sahəsində xidmətləri haqqında fikirlərinizi bilmək istərdik...

- Ümumiyyətlə, belə bir günün təsis olunması müstəqil dövlətimizin dil məsələsinə nə qədər ciddi yanaşdığını göstərən amildir. Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi inkişafında Ümummilli liderimiz Heydər Əliyevin xidmətləri, sözün böyük mənasında, tarixi xidmətlərdir ki, bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılıb, kifayət qədər mükəmməl ümumiləşdirmələr aparılıb. Mütəxəssislərin demək olar ki, hamısı belə bir möhkəm qənaətdədirlər ki, Heydər Əliyevin milli dil quruculuğu siyasəti Onun milli dövlət quruculuğu siyasətinin üzvü tərkib hissəsi olub bütöv bir sistem təşkil edir. Və doğrudan da, Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən son illərə qədər Azərbaycanda apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinmir ki, bu da yalnız dahilərə məxsus bir keyfiyyətdir.

Bizim fikrimizcə, Heydər Əliyevin bir dövlət rəhbəri kimi Azərbaycanda aparmış olduğu dil siyasəti elmi-nəzəri baxımdan yalnız Azərbaycan miqyasında əhəmiyyətli olması ilə məhdudlaşmır, eyni zamanda, dünya miqyasına çıxmaqla  ümumiyyətlə dil quruculuğunun həmişə aktual olan problemlərinin həlli üçün əsaslı prinsiplər təqdim edir. Bu prinsiplər həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycanın, yəni müstəqillik uğrunda yüz illər boyu mübarizə aparan və qalib gələn bir xalqın nümunəsində və ya təcrübəsində uğurla həyata keçirilib.  

Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ulu öndər sovetlər hakimiyyəti dövründə də Azərbaycan dilinin inkişafı üçün əvəzolunmaz xidmətlər göstərib. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.

O zaman sovetlərin tərkibində olan türk dövlətlərinin mərkəzi şəhərlərində demək olar ki, ana dilində məktəb yox idi. Amma Azərbaycanda rus dilinin təzyiqi ana dilimizi sıxışdırıb çıxardacaq səviyyədə deyildi. Biz Heydər Əliyevə həm də ona görə Ümummilli lider deyirik ki, O, yalnız dövləti yox, milləti birləşdirəcək bütün dəyərləri qoruyub mühafizə edirdi və onların inkişafı üçün proqramlar müəyyənləşdirirdi. Bunların ən mühümlərindən biri də dil məsələsi idi.

Hələ 1990-cı illərin ortalarında ilk milli Konstitusiya hazırlanarkən dil məsələsi xüsusi olaraq müzakirə olundu. Bu müzakirələr şəraitində müxtəlif mülahizələr ortaya çıxırdı. Fikrimcə, bu Ümummilli liderimiz Heydər Əliyev bununla dünyaya göstərdi ki, müstəqil, demokratik milli dövlət dil məsələsinə nə qədr ciddi yanaşır və onun milli mövcudluğunun böyük göstərici hesab edilir. Həmin müzakirələrdə böyük mütəxəssislər iştirak edirdi. Və sonra da dil məsələsi həmişə diqqət mərkəzində oldu. Həmin illərdə çox ciddi proseslər baş verirdi.

Bildiyiniz kimi müstəqilliyin ilk illərində çox sürətlə, referendum keçirilmədən dövlət dilimiz türk dili adlandırıldı. Amma Ulu öndər Heydər Əliyev ilk milli Konstitusiya layihəsi hazırlanarkən bu məsələyə xüsusi diqqət yetirdi və geniş müzakirlər aparıldı. O, vurğulayırdı ki, belə bir mühüm məsələ bir neçə nəfərin qərarı ilə ola bilməz, burada xalqın mövqeyi öyrənilməlidir. 1995-ci ildə konstitusiya layihəsi geniş müzakirə olundu. Mürəkkəblik odur ki, Azərbaycan yer adıdır. Amma türk dili deyəndə də türk dilləri çoxdur və Azərbaycan dili onların içərisində fərqlənmir. Elmi baxımdan daha doğrusu yerin və dilin adı ola bilərdi, yəni Azərbaycan türkcəsi. Amma bu da ifadəni mürəkkəbləşdirirdi. Ümumiyyətlə, Azərbaycan dili ənənəsi var. Bu, respublikamızda  işlənirdi və ictimai təfəkür bunu qəbul etmişdi. Başqa etnoslar narahatlığı da nəzərə alınmalı idi və alındı da. Beləliklə, Azərbaycan dili Konstitusiyamızda dövlət dili kimi təsbit olundu.

Konstitusiyada dövlət dili kimi Azərbaycan dili yazılanda,  bəzi dairələr bundan sui-istifadə etməyə çalışdılar. Yəni bununla da ictimai rəyə belə fikir yeritməyə çalışırdılar ki, guya biz türk deyilik. Amma Ümummilli lider Heydər Əliyev onlara açıq şəkildə cavab verdi ki, Azərbaycan xalqı türk xalqlarından biridir, dilimiz türk dillərindən biridir, biz hər mənada türk mənşəliyik. Ümumiyyətlə, Heydər Əliyev dil məsələsinə böyük həssaslıq göstərirdi. O, həmişə vətəndaşlara, xüsusilə gənclərə müxtəlif dilləri öyrənməyi tövsiyə edirdi. Amma onu da vurğulayırdı ki, ilk növbədə dövlət dili öyrənilməlidir.

- Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin qorunmasına və inkişafına nə dərəcədə təsir göstərdi?

- Dil məsələsi ilə bağlı  çox ciddi sənədlər qəbul olunub. Onlardan ən mühümü 2001-ci ilin iyun ayında Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanmasıdır. Hesab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyulub. Sənəddə dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapır. Hesab edirəm ki, bu fərman Azərbaycan dilinin tarixində görünməmiş hadisə idi. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən fərman həm də, elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Sənəddə Azərbaycan dilinin mənşəyi məsələsinə ayrıca və geniş yer ayrılıb.

Haqqında söhbət gedən fərman bir dövlət sənədi olaraq bütövlükdə, Azərbaycan dövlətinin və xalqının marağını əks etdirsə də, həmin dövləti yaradan, həmin xalqı işıqlı gələcəyə aparan bir mütəfəkkirin düşüncəsinin məhsulu olduğuna görə, sırvai yox, tarixi səciyyə daşıdığına görə, xüsusi elmi konsepsiya ifadə edir. Əlbəttə, «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Fərman Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsəri idi. Burada Heydər Əliyevin qurduğu dövlətin milli dil siyasəti əks etdirilir, həmin dövlət uğrunda aparılmış mübarizənin tarixi və gələcəyi ifadə olunur.

- Dilimizin tarixi hüquqlarından biri də latın qrafikalı əlifbaya keçiddir. Bu əlifbaya keçidin üstünlükləri barədə fikirlərinizi bilmək maraqlıdır...

- Əlifbaya keçid həmişə çox mürəkkəb məsələ olub. Azərbaycanda çoxlu sayda əlifbalar dəyişib, amma bu dəyişiklik millətin mədəniyyətinə, dilinə ziyan vuran məsələdir. Amma latın qrafikasına keçidin isə müsbət cəhətləri var. Bu baxımdan, əlifba məsələsi üzərində möhkəm dayanmaq, əlifba stabilliyi və normativliyi çox mühüm məsələdir. Ona görə də, eyni zamanda, Əlifba Günü kimi də 1 avqust tarixi bizim üçün dəyərlidir. Bilirsiniz ki, Azərbaycanda yeni əlifbaya keçid 10 il davam etdi. Bu proses 1990-cı illərin əvvəlindən başladı və 2001-ci ildə yekunlaşdı.  

Əlifba quruculuğu məsələsində biz kifayət qədər normal hərəkət etdik. Yəni nə tələsdik, nə də gecikdik. Latın qrafikasına keçid də mürəkkəb hadisə idi. Bu proses üç mərhələdə həyata keçirildi. Belə ki, bu əlifbaya keçid ən mobil sahə olan məktəbdən başladı, sonra dövlət idarələri, sonda isə mətbuat tam olaraq latın qrafikalı əlifbaya keçdi. Burada ən ağır sahə KİV olduğu üçün sonuncu mərhələdə tam olaraq bu sahədə latın əlifbasına keçildi. Doğrudur, mətbuat adamları hazırlıqlı idilər, söhbət bütövlükdə cəmiyyətdən, oxuculurdan gedir. Yəni cəmiyyətin bunu mənimsəməsi mürəkkəb proses idi, ona görə də son olaraq mətbuatda bu proses reallaşdırıldı. Latın qrafikasına keçid tam başa çatmayanda müxalifət qəzetləri yazırdı ki, guya hakimiyyət bu əlifbaya keçmək istəmir. Amma keçəndə də müxalifət yazdı ki, bu əlifbaya ona görə keçildi ki, camaat müxalifət mətbuatını oxumasın. Amma bu iddiaların heç bir əsası yox idi. Əlifbaya keçid düşünülmüş şəkildə, problemsiz həyata keçirildi.

Yeri gəlmişkən, qeyd edim ki, latın əlifbasına keçid məsələsində biz başqa türk respublikalarına nümunə olduq və bizim təcrübəmiz həmin respublikalarda öyrənilir. Məsələn, bir neçə il öncə Qazaxıstandan böyük nümayəndə heyəti gəldi, müxtəlif mütəxəssislərlə görüşüb suallar verdilər. Latın əlifbasında keçəndə hansı çətinliklərin olduğunu da maraqlandılar. Hətta din xadimlərinin bu məsələyə necə yanaşdığını, gənc və yaşlı nəsillərin reaksiyalarını soruşdular. Onlar da tədricən bu əlifbaya keçməyə qərar verdilər.

Azərbaycanın təcrübəsini Qazaxıstanla yanaşı, Özbəkistan, Qırğızıstan, Tatarıstanda da  çox diqqətlə öyrənməyə başladılar. Elə məsələlər var ki, türk dövlətlərində fərqlidir. Məsələn, ölkəmizdə əhalinin əksəriyyəti milliyətcə azərbaycanlıdır. Amma Qazaxıstanda rusların da sayı xeyli çoxdur. Latın əlifbasına keçib faktiki bu ölkədə iki əlifbanın işləməsi deməkdir. Amma proseslər gedir, bütün türk dünyası bu əlifbaya keçir. Bu məsələdə Türkiyə ümumilikdə nümunə idi. Amma biz niyə nümunə olduq? Çünki bizimlə digər türk dövlətləri eyni taleyi yaşayıb, sovet dövlətinin tərkibində yaşamışıq, müstəqilliymizi də eyni vaxtda elan etmişik.

Özbəkistanda da kiril əlifbası ilə latın əlifbası da tətbiq olunur. Düşünürəm ki, özbəklər qazaxlardan tez bu əlifbaya keçəcəklər. Qazaxlar keəndən sonra qırğızlar da avtomatik keçəcəklər,  o cümlədən, başqırdlar, tatarlar da. Çünki onların dilləri bir birinə çox oxşardır.

Onu da qeyd edim ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik. Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Hesab edirəm ki, bu amil latın  əlifbasına  keçid prosesinin sözün əsl mənasında tamamlanması idi. Nəşriyyatlar latın əlifbasında xeyli kitab nəşr etdilər. Latın əlifbasına keçəndən 5-6 il sonra artıq Azərbaycan oxucusunun əlində bu əlifbada  Azərbaycan və dünya ədəbiyyatının əsas əsərləri var idi. Bu gün də biz o baxımdan problem hiss etmirik. Yəni, «latın əlifbasında kitablarımız azdır» problemi yoxdur.

- Nizami müəllim, sizcə, dilimizin inkişafı baxımından “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının əhəmiyyəti nədən ibarətdir?  

- Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş bu proqram həm milli xüsusiyyətləri, həm də qloballaşmanın təsirini çox aydın izah edir. Ən mühüm məsələlərdən biri budur ki, dövlət və cəmiyyət arasında dilin qorunması ilə bağlı əlaqə gücləndirilir. Bilirsiniz ki, Azərbaycanda iqtisadiyyat, ictimai-siyasi təfəkkür yüksəliş həddindədir. Bununla əlaqədar olaraq, Azərbaycan dilinin inkişafı məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Daha doğrusu, dil məsələsi milli, ictimai təfəkkürün və düşüncənin inkişafı fonunda diqqətdən kənarda qala bilməz. Dünyada müşahidə edilməkdə olan qloballaşma prosesi şəraitində dilin qorunması və inkişaf etdirilməsi probleminə iki cür yanaşma mövcuddur. Bu yanaşmalardan biri milli xüsusiyyətlərin, o cümlədən dilin qorunub saxlanmasından ibarətdir, ikinci yanaşma isə ölkənin və onun dilinin dünyaya açıq olması məsələsidir.

 Qloballaşan müasir dünyada Azərbaycan dilinin taleyi, tamamilə təbiidir ki, hər bir azərbaycanlını milli təəssübkeşlik baxımından dərindən düşündürən məsələdir. Dövlət Proqramında "qloballaşma" anlayışının, tamamilə doğru olaraq, geniş izahı, bu barədəki biri digərinə çox zaman zidd olan mülahizələrin icmalı verilməyib, lakin bu mühüm dövlət  əhəmiyyətli sənədin meydana çıxmasının tarixi səbəbinin məhz qloballaşma (onun qaçılmazlığı) olması Proqramın, demək olar ki, hər bir müddəasında öz əksini tapmış, nəticə etibarilə, ümumdünya miqyaslı – bütün bəşəriyyəti düşündürən proses-hadisəyə kifayət qədər dərindən münasibət bildirib: Bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırki qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Çıxış yolu hər bir millətin, sözün geniş mənasında, dünya birliyinə tarixin müəyyənləşdirdiyi imkan, şərəf və ləyaqətlə qovuşmasından ibarətdir. Bu elə bir universal-tarixi prosesdir ki, ondan qaçmaq yox, qorxmadan, çəkinmədən ona doğru getmək lazımdır.

Azərbaycan xalqı (ümumən türk xalqları) heç zaman dünyaya qovuşmaqdan, yaxud beynəlxalq inteqrasiyadan imtina etməmişlər. Və dilimizdə olan minlərlə ərəb, fars, Avropa sözləri də bunu təsdiq edir. Həmin sözlər o sözlərdir ki, bütün xalqlar üçün səciyyəvi olan məişət-etnoqrafiya həyatına aid olan anlayışları deyil, intellektual-elmi idrak sahələrini əhatə – ifadə edir ki, bu da Azərbaycan türklərinin ümumbəşəri dəyərlərə heç vaxt biganə qalmadıqlarını və bundan sonra da biganə olmayacaqlarını göstərir.

Əslində, biri digəri ilə sıx bağlı olan səviyyələrin hər birində Azərbaycan dilinin müvafiq şəkildə mövqeyinin möhkəmləndirilməsi üçün zəruri şərtlər də mövcuddur ki, buraya, birinci növbədə, əhali potensialı, xalqın intellektual-mədəni imkanları və müstəqil Azərbaycan dövlətinin kifayət qədər mükəmməl dil siyasəti daxildir. Biz şübhə etmirik ki, qloballaşan dünya Azərbaycan dilinin qarşısına yalnız məlum maneələr, yaxud problemlər çıxaracaq, eyni zamanda təkmilləşmə və inkişaf istiqamətində geniş imkanlar da açacaq.