YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İslami dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və biz bunu qorumalıyıq

   Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

- Mübariz müəllim, hazırda Azərbaycanda dövlət-din münasibətlərini necə dəyərləndirirsiniz? Bu sahədə vəziyyətlə bağlı fikirlərinizi bilmək istərdik...

- Bildiyiniz kimi, Azərbaycan dinamik inkişaf yolundadır. Ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atıb. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlər həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul olunur və təqdir edilir. Azərbaycan müsəlman ölkəsi olaraq dövlət-din münasibətləri baxımından nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi dünya dövlətləri tərəfindən qəbul olunur. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu sahədə çox böyük nəticələr əldə etdiyini qeyd edirlər. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi yüksək göstəricilər dövlətin digər sahələrdəki uğurları ilə də səsləşməlidir. Biz çox sürətlə irəliyə getməkdəyik və əldə olunan sosial-iqtisadi, diplomatik-siyasi uğurlar milli-mənəvi dəyərlərimizə də öz təsirini göstərməkdədir. Yəni cəmiyyətin sosial-siyasi həyatında baş verən dəyişikliklər istər-istəməz digər sahələrə də öz təsirini göstərir. Biz iqtisadi sahədə keçid dövrünü arxada qoymuşuq.

Azərbaycan dünyəvi dövlətdir və müstəqilliyinin dönməzliyini tam təmin edib. Ancaq milli-mənəvi sahədə xalqımız yeni mərhələyə qədəm qoyur. Yəni biz zamanında siyasi-iqtisadi sahədə sovet totalitar sisteminin qalıqlarını ləğv etməklə bərabər, həmin dövrdən milli-mənəvi dəyərlərimizə hopmuş olan bir sıra zərərli adətləri də aradan qaldırmalıyıq. Ona görə də bu proseslər paralel getməlidir. Milli-mənəvi dəyərlər sistemində müəyyən dəyişikliklərə zərurət yaranıb.

Dövlət-din münasibətləri dedikdə, biz ilk növbədə Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını göz önünə gətiririk. Bu gün ölkədə 2050-dən çox məscid fəaliyyət göstərir. Eyni zamanda, xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin ibadət yerləri də açıq şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycanda dini zəmində hər hansı qarşıdurma ehtimalı yoxdur. Prezidentimiz cənab İlham Əliyev çıxışlarında bu məsələni xüsusilə vurğulayıb. Ümumiyyətlə, Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında nümunə olacaq ölkədir.

 

- Mübariz müəllim, hazırda ictimaiyyətdə 2015-ci ilin birinci yarısının yekunları geniş müzakirə olunur. Bu baxımdan, Dövlət Komitəsi qarşısında duran vəzifələri hansı səviyyədə yerinə yetirib?

- Ümumiyyətlə, Dövlət Komitəsi işini günün tələblərinə uyğun qurur, aidiyyəti dövlət qurumları ilə əlaqəli fəaliyyət göstərir. Qeyd edim ki, bir neçə gün öncə cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib. İclasda hesabat dövrü ərzində görülən işlər geniş təhlil edilib. Dövlət Komitəsi cari ilin birinci yarısında vəzifəsindən irəli gələn funksiyaların həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib, mövcud qanunvericiliyi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutub, milli və dövlətçilik maraqlarının qorunmasını prioritet hesab edib. Hesabat dövrü fəaliyyətimizdə effektivliyin və operativliyin artırılması, eləcə də dövlət-din münasibətlərinin daha səmərəli təşkilinin təmin edilməsi məqsədilə Komitədə aparılmış struktur dəyişikliyi ilə yadda qalıb. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Dövlət Komitəsinin Əsasnaməsinə edilmiş dəyişikliyə uyğun olaraq, əvvəlki 9 bölgə şöbəsinin əsasında müvafiq dislokasiyalar üzrə yeni 15 bölgə şöbəsi, Komitənin Mərkəzi Aparatında 3 şöbə və 3 sektor yaradılıb. Eyni zamanda, Komitənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində zəruri işlər görülüb.
Dini qurumların dövlət qeydiyyatına alınması prosesi cari ilin altı ayında da davam etdirilib, onların ümumi sayı 632-yə çatıb. Ötən dövrdə 672 adda dini məzmunlu ədəbiyyatın ekspertizası aparılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 147 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

- Bu müddət ərzində çoxsaylı tədbirlər keçirmisiniz. Tədbirlərin əsas hədəfləri nədən ibarətdir? Dövlət Komitəsi tədbirlər vasitəsilə istənilən nəticəni əldə edə bilirmi?

- Bəli, biz bu ilin ötən altı ayı ərzində xeyli tədbirlər keçirmişik. Tədbirlər Bakı şəhəri ilə yanaşı, regionları da əhatə edib. Belə ki, dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin fəaliyyətinin aşkarlanması, dini obyektlərin tikintisi barədə məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin fəaliyyətinin araşdırılması və əlamətdar dini mərasimlərlə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə müvafiq dövlət qurumları ilə qabaqlayıcı, maarifləndirici, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

Həyata keçirilmiş birgə tədbirlər nəticəsində ölkədə dini radikalizmlə mübarizə, qeyri-qanuni ibadət yerlərinin fəaliyyətinin dayandırılması, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən, eləcə də ölkəyə qeyri-qanuni idxal edilmiş dini təyinatlı ədəbiyyat və məmulatların satışının qarşısının alınması istiqamətində ciddi uğurlar əldə edilib. Ölkəyə qeyri-qanuni idxal olunmuş və ya respublika ərazisində istehsal edilən, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən ədəbiyyat və məmulatların satışının qarşısının alınması məqsədilə də mütəmadi tədbirlər həyata keçirilib.

- Ölkəmizdə fəaliyyət göstərən bir sıra dini qurumların layihələrinin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən vəsait ayrılıb. Bu barədə nə deyə bilərsiniz?

- Cari dövrdə “Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış 2,5 milyon manat vəsaitdən müsəlman və qeyri-müsəlman dini qurumlarına maliyyə ayrılıb. Həmin vəsaitin bölgüsü zamanı Komitədə dövlət qeydiyyatından keçmiş qeyri-müsəlman təmayüllü dini qurumlar və onların təəssübkeşlərinin sayı nəzərə alınıb. Ümumilikdə, qeyri-islam dini qurumlarına 400 min manat vəsait ayrılıb. Həmçinin, ayrılmış maliyyə vəsaitinin bölüşdürülməsi məqsədilə dini icmalardan milli-mənəvi dəyərlərimizin təbliğinə, dini maarifləndirmə işinin aparılmasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına xidmət edən layihələrin qəbuluna başlanılıb və layihələrlə bağlı müvafiq ekspert rəyi verilməsi üçün Dövlət Komitəsində Qiymətləndirmə komissiyası yaradılıb. Hesabat dövründə Qiymətləndirmə komissiyası bir qrup dini icmanın layihəsinə baxıb müsbət rəy verdikdən sonra Komitə həmin layihələri maliyyələşdirib. Hazırda bu istiqamətdə işlər davam edir.

 

- Mübariz müəllim, bir sıra müsəlman ölkələrində dini zəmində ciddi problemlərin davam etdiyini müşahidə edirik. Bunun müxtəlif səbəbləri var. Siz Azərbaycan xalqının dini dünyagörüşünü necə xarakterizə edərdiniz?

- Azərbaycan xalqı çox böyük tarixi yol keçib, tariximiz çox qədimdir. Xalqımız İslama qədər də müəyyən dini dünyagörüşünə malik olub. Biz VII əsrin ortalarından İslamı qəbul edən xalqıq. Bu gün dünyada 60-a qədər ölkədə İslam aparıcı din olaraq mövcuddur. 57 ölkə İslam Əməkdaşlıq Təşkilatında birləşir və Azərbaycan İƏT-də öz mövqeyi olan dövlətlərdən biridir. Bilirsiniz ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, 4 faizi isə müxtəlif dinlərin daşıyıcısıdır. Xalqımızın dini dünyagörüşünə gəldikdə isə biz uzun illər çar Rusiyasının və Sovetlər Birliyinin tərkibində olmuşuq. Bu zaman, xüsusilə sovetlərin ideoloji dövlət olması dinə də öz təsirini göstərib. Sovet rejimi ateizmi təbliğ etdiyi üçün Azərbaycanda tarixdən gələn adət-ənənələrimizə bəzi mənfi təsirlər olub. Amma bu gün demək olar ki, əksəriyyət müsəlman adətlərini yerinə yetirir. Amma bütövlükdə götürəndə biz digər müsəlman ölkələrindən dünyəviliyimizə görə fərqlənirik. Ölkəmizdə nə qədər təbliğat aparsalar da, yad təsirlər müəyyən qədər müdaxilə etsə də, hər hansı ciddi problem yoxdur. Yad təsirlər mədəniyyətimizə, incəsənətimizə, dinimizə müdaxilədə özünü göstərir. Amma nə Qərb mədəniyyətinin mənfi çalarlarının, nə də dini xurafatın burada kökü yoxdur. Bu da cəmiyyətimizin dünyagörüşünün, intellektinin yüksək olmasının göstəricisidir. 

- Sizcə, İslam dininin mahiyyətini yaxşı bilməmək hansı fəsadlar yarada bilər?

- Din insanların inancıdır, dünyagörüşüdür, əxlaqıdır. Əgər kimsə öz keçmişini yaxşı bilmirsə, öz milli müqəddaratını qoruya və müdafiə edə bilməz. Əgər öz dinini yaxşı bilmirsə, kənar dinlərin, dindəki mənfi cərəyanların təsiri altına düşə bilər. Ona görə də, İslamı yaxşı bilməsək, Qurani-Kərimi, Peyğəmbərimizin yolunu yaxşı bilmiriksə, təbii ki, insanın başqa təsirlər altına daha tez düşməsi istisna deyil. Məsələn, biz əgər radikal qrupların yayıldığı coğrafiyaya baxsaq, harada islami bilgilər zəifləyibsə, radikallar dini əbaya bürünərək fəallaşıblar. Onlar dini siyasiləşdirir və ondan istifadə etməyə cəhd göstərirlər. Ona görə də, İslamı olduğu kimi bilmək vacibdir. Əgər kimsə özünü müsəlman hesab edirsə, İslam dinin mahiyyətini öyrənməlidir.

İslam dünyasında dindən sui-istifadə hallarına rast gəlirik və qarşıdurmaları da görürük. Müəyyən qüvvələr insanların dini biliyinin aşağı olmasından istifadə edərək onları terrora və digər neqativ yollara cəlb edirlər. Azərbaycanda insanların dini bilikləri zəif ola bilər, amma dünyəvilik, sağlam və savadlı cəmiyyət din faktorundan sui-istifadəyə imkan vermir. Amma bununla belə, insanlar din haqqında ətraflı bilgi əldə etməlidir.

- Bəs cəmiyyətdə bu istiqamətdə geniş təbliğat işlərinin aparılmasına nə dərəcədə ehtiyac var? Maarifləndirmə işləri hansı nəticələri verir?

- Hesab edirəm ki, dini intellektual səviyyənin yüksəlməsi üçün kütləvi informasiya vasitələrində İslam dini haqqında həqiqi bilgini insanlara çatdırmalıyıq. Hansı ölkədə bu işlər görülürsə insanların yad və zərərli təsir altına düşmə ehtimalı azalır. Azərbaycanda bu baxımdan sabitlikdir, radikalların sosial dayaqları yoxdur. Cəmiyyətin dünyəvi dünyagörüşünün yüksək olması hansısa xurafata inanmağa imkan vermir. Amma arxayınlaşmaq da olmaz.

Bilirsiniz ki, bu yöndə maarifləndirmə işləri aparılır. Qeyd etdiyim kimi, ölkə Prezidenti tərəfindən bununla bağlı Dövlət Komitəsinə əlavə vəsait ayrılıb. Biz bu vəsaiti dini icmalarda dini maarifləndirmə işinin gücləndirilməsi istiqamətində proqramlara yönəldirik. Hesab edirəm ki, dini maarifləndirmə sahəsində xeyli işlər görülüb. Ancaq bu, ardıcıl olaraq davam etdirilməlidir. Komitə cari ilin birinci yarısında milli maraqlarımıza zidd olan, qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısını almaq üçün qabaqlayıcı amil kimi maarifləndirmə tədbirlərinə üstünlük verib. Hesabat dövründə bu məqsədlə bir sıra tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri kimi “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda 12 regional konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra orqanları, vətəndaş cəmiyyəti institutları ilə Dövlət Komitəsinin müvafiq şöbələri sıx əməkdaşlıq edir, birgə tədbirlər təşkil olunur.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında ölkə gənclərinin milli -mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Komitə müvafiq dövlət qurumları ilə birgə silsilə xarakterli maarifləndirici tədbirlər keçirib. Qafqaz Müsəlmanları İdarəsi imamlar, axundlar, din xadimləri üçün təkmilləşdirmə kursları təşkil edib. Məscidlər irfan, mədəniyyət mərkəzinə çevrilməlidir, axundlar və imamlar təkcə dini yox, dünyəvi bilgilərə də malik olmalıdır. Orta əsrlərdə mütəfəkkirlərimizin əksəriyyəti məscidlərdə yetişdirilirdi. Amma sovet dövründə dindarlar yalnız yas mərasimlərini aparan insanlara bənzədilib və indi də belə düşünənlər az deyil. Bu, doğru yanaşma deyil.

Görülən işlər müsbət nəticələr verməkdədir. Mən məscidlərə gedirəm, xütbə kitablarına baxıram və artıq yeni nəsil yetişdiyini görürəm. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin, eləcə də Bakı İslam Universitetinin tələbələrindən yüksək mütəxəssislər yetişir. Onlar yüksək biliklərə sahib din xadimləri kimi formalaşırlar. Doğrudur, hələ də xarici təsirlər var və onlar məscidlərə də girmək istəyirlər. Amma biz buna yol verməyəcəyik. Biz çalışmalıyıq ki, vətəndaşlarımız İslam dəyərlərini dərindən öyrənsin. İslam dini yalnız hicabdan, yas mərasimlərində istifadə olunan ayinlərdən ibarət deyil. İnsanlar İslam elmindən nəyisə əxz edərək həyatında tətbiq etməlidir. İslam dini əxlaqı, insanlığı, paklığı, halallığı təbliğ edir. İslami dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və biz bu dəyərləri qorumalıyıq.