YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq

Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədri, 108 saylı Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd Nizami Cəfərov

- Nizami müəllim, parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinin şanslarını necə qiymətləndirirsiniz?

-  Təbii ki, seçki məsələsində bir sıra mühüm məqamlar var. Mən millət vəkili kimi funksiamı nə dərəcədə yerinə yetirirəmsə, bu ayrı məsələdir. Amma bundan daha vacib məsələ odur ki, Yeni Azərbaycan Partiyasının üzvü və namizədi kimi bu işləri görürəm. Bu gün partiyamızın mövqeyi cəmiyyətdə çox güclüdür. Bunun da çox ciddi əsasları var. Dünyada baş verən mürəkkəb proseslərin fonunda, Azərbaycanda yüksək inkişaf gedir,  ictimai-siyasi sabitlik təmin olunub. Bütün bunlar YAP hakimiyyətinin həyata keçirdiyi mükəmməl siyasətin nəticəsidir. Bizim fəaliyyətimiz də bu siyasətin tərkib hissəsidir. Ona görə də, düşünürəm ki, parlament seçkilərində bütövlükdə YAP parlaq qələbə qazanacaq. Partiyamızın namizədləri cəmiyyətdə tanınan insanlardır, onların böyük əksəriyyətinin uğur qazanacağı şübhəsizdir. Bütün bunlar  Azərbaycan Prezidentinin, partiyamızın Sədrinin  gördüyü tarixi işlərin uğurudur ki, biz də istər-istəməz həmin uğurlarla bir yerdəyik.

YAP tərəfindən namizədliyimizin irəli sürülməsi həm də bizim üçün böyük məsuliyyətdir. Çünki biz nə fərdi qaydada, nə bitərəf kimi, nə də başqa partiyanın üzvü seçkilərdə iştirak etmirik. Seçkilərdə Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin  Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasını təmsil etmək çox məsuliyyətli və şərəflidir.

- Ötən beş il ərzində millət vəkili kimi seçicilərinizin qaldırdığı məsələlərə yanaşmanız necə olub? Onların problemlərinin həlli istiqamətində hansı addımlar atmısınız?

- Əvvəlcə qeyd edim ki, mənim seçki təbliğatımın həm asan, həm də çətin cəhəti var. Asan tərəfi odur ki, neçə illərdir millət vəkiliyəm, seçicilər mənim fəaliyyətimi izləyir və ona bələddirlər. Mənim fəaliyyətim barədə onlarda kifayət qədər təsəvvürlər var. Məsələnin başqa  tərəfi də ondan ibarətdir ki, xüsusi təbliğat aparmağıma ehtiyac qalmır. Çünki görülən işlər göz qabağındadır və hansısa işi görə bilməmişəmsə o da göz qabağındadır. Buna görə də, düşünürəm ki, 108 saylı Ağstafa seçki dairəsinin seçiciləri ilə mənim dialoqum baş tutub. Mənə müraciətlərin hamısını yerinə yetirməyə çalışmışam. Nə mümkünsə, etmişəm. Elə məsələlər var ki, həll etmək mümkün deyil, bəzi müraciətlərin həlli millət vəkilinin imkanı daxilində deyil, bəziləri isə qanundan kənardır.

Ötən müddət ərzində həm Milli Məclisdə, həm də Ağstafa rayonunda minlərlə seçicini qəbul etmişəm, onlarla görüşüb problemlərinin həllinə çalışmışam. Həmişə çalışmışam ki, yazılı və şifahi olmasından asılı olmayaraq heç bir müraciətə laqeyd qalmayım. Elə müraciətlər olub ki, bir günə, bir aya həll etmək olmayıb. Amma bunu unutmamışam, nə zaman mümkün olubsa , o məsələyə qayıdıb həll etmişəm. Yəni millət vəkili olaraq mənim işlərimin birincilərin birincisi insanların problemlərinə diqqətlə yanaşmaqdır. Ağstafada mənə səs verənlərin də, səs  verməyənlərindən problemlərinə diqqətlə yanaşmağı özümə borc bilirəm. Hətta atası-babası ağstafalı olub, amma özü başqa yerdə yaşayan vətəndaşlar da mənə müraciət edəndə bunu normal qarşılayıram. Onların da işinə seçicilərimin işi kimi yanaşmışam.

 Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi də  mədəniyyət və incəsənət xadimlərinin çoxlu müraciətlərini almışam və həll etməyə çalışmışam. Bu müraciətlərin də bəzilərini həll etmək olmur. Bunu onlara izah etmişəm və izahın da əhəmiyyətini görmüşəm. Çünki indiki cəmiyyət üzvləri 20 il əvvəlin insanları deyil. Onların  dünyagörüşü, hadisələrə baxışı xeyli dəyişib. Artıq bu insanlar da problemlərin məzmununu bilirlər.  Buna görə də, biz bir-birimizi daim anlayışlı qəbul edirik.

- Siz, həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin sədrisiniz. Beş il ərzində komitə üzərinə düşən vəzifələri hansı səviyyədə yerinə yetirib?

- Seçicilərlə görüşlər, onların müraciətləri ilə məşğul olmaq fəaliyyətimizin bir hissəsini təşkil edir. Digər mühüm bir məqam isə qanunvericilik işləri ilə məşğul olmaqdır. Bu baxımdan da parlamentin səlahiyyətləri çərçivəsində üzərimə  düşən işləri məsuliyyətlə, layiqincə yerinə yetirməyə çalışmışam.

Parlamentin Mədəniyyət komitəsinin fəaliyyəti  ilə bağlı deyə bilərəm ki, Milli Məclisin 5 illik fəaliyyəti dövründə «Mədəniyyət haqqında» qanun qəbul olunub və bu sahə ilə bağlı başqa qanunlar da qəbul edilib. Bəzi qanunlara isə əlavə və dəyişikliklər edilərək daha da təkmilləşdirilib. Yəqin ki, gələcəkdə bir neçə qanun da qəbul olunacaq. Hər halda, Azərbaycanda mədəniyyət sahəsində qanunvericilik kifayət qədər yüksək səviyyədədir, müasir dövrün tələblərinə cavab verir. Komitə sədri olsam da, görülən işlər təkcə mənim deyil, bütün komitənin xidmətidir. Bizim müxtəlif qurumlarla, xüsusilə Mədəniyyət və Turizm Nazirliyi ilə  əməkdaşlığın işidir ki, qanunvericiliklə bağlı əsas problemlər həll olunub. Bir sıra xırda məsələlər var ki, onların üzərində iş gedir. Düşünürəm ki, ölkəmizin bu cür sürətli inkişafı bizə imkan verir ki, yerdə qalan  problemləri də həll edək.

- Nizami müəllim, hazırda seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi davam edir. Seçicilərlə keçirdiyiniz görüşlərin mövzusunu daha çox hansı istiqamətdə qurursunuz?

- Milli Məclisin də, hökumətin də fəaliyyəti Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı sistemdir ki, bütün bu fəaliyyətlər xalq üçündür. Hər iki qurum xalqa layiqincə xidmət etməyə çalışır və bizim xalqımız, hökumətə, parlamentə etmad göstərir. Bu fəaliyyətlərin də əsasında o dayanır ki, xalqımızın problemləri həll olunsun. Ölkə Prezidenti başda olmaqla, hökumət və parlament  Azərbaycan dövlətçiliyinin daha da gücləndirilməsi, rifah, sabitlik naminə yorulmaz fəaliyyət göstərir və insanların özünü rahat hiss etmələrini tam təmin edib. Əsas məsələ də bunlardaır ki, xalqımıza yaxşı məlumdur.

Seçicilərlə keçirdiyim görüşlərdə də daha güman etmirəm ki, hansısa ciddi siyasi-ideoloji məsələlərdən söhbət açmağa ehtiyac var. Çünki artıq əvvəlki illər deyil. Bütün məsələlər, proseslər hamının gözü qarşısında baş verir. Mən görürəm ki, dövlət quruculuğu ilə bağlı, yaxud böyük iqtisadi problemlərləbağlı, ölkənin hansı xətlə inkişafı ilə bağlı ciddi suallar verilmir. Çünki bu yöndə mükəmməl dövlət siyasəti həyata keçirilir.

Görüşlər zamanı insanlar daha çox məişət məsələlərini qeyd edirlər. Bu da elə də, çox deyil. Başqa rayonlarda da, Ağstafada da məmurlar bir qayda olaraq vətəndaşların problemləririni tez və obyektiv həll edirlər. Əgər bir vaxtlar bunun üçün bizə müraciətlər edirdilərsə, indi xeyli azalıb. Çünki məmurlar insanların problemlərinə həssas yanaşırlar. Hər bir sahənin təmsilçiləri, o cümlədən hüquq mühafizə orqanları öz işlərində çox məsuliyyətlidirlər.

Demək olar ki, mən rayonun hər kəndinin problemini bilirəm və görüşlərim zamanı insanların hansı məsələləri qeyd edəcəklərini də təxmin edirəm.  Hətta elə kəndlər var ki, orda ailələrin, nəsillərin problemini bilirəm və onları həll etməyə çalışırıq. Mən çox razıyam ki, dövlət orqanları mənim mürcətlərimin hamısına cavab veriblər. Müraciətlərim əsasında seçicilərimin qaldırdığı məsələlər mümkün qədər həll olunub. Amma elə məsələlər var ki, vətəndaşın da məsuliyyəti olmalıdır. Bunu görüşlərimdə də insanların diqqətinə çatdırıram.

- Yeri gəlmişkən, regionların sosial-iqtisadi inkişafı fonunda Ağstafa rayonunda hansı işlər görülür? Əhali bununla bağlı sizə müraciətlər edirmi?

- Əvvəllər rayon sakinləri işıq, qaz, yol problemləri ilə bağlı xeyli müraciətlər edirdilər. Artıq Ağstafada da bu məsələlər son illər tam qaydasına salınıb. Məsələn, ciddi problemlərdən biri yol məsələsi idi. Amma indi bu yöndə xeyli işlər görülüb, rayon mərkəzindən Böyükkəsikə gedən strateji yol ən müasir standartlara uyğun olaraq yenilənib. Qazlaşdırma prosesi də başa çatmaq üzrədir. Yaşayış məntəqələrinin qazlaşdırlılmasının bir əhəmiyəti də var ki, yanacaq probleminə görə əhali Kürqırağı məşələri qırırdı, amma qazlaşmadan sonra bu problem də aradan qalxıb.

Dövlət proqramları çərçivəsində rayonda xeyli məktəb tikilib və hazırda bu proses davam edir. İş yerlərinin açılması ilə bağlı da işlər görülür. Eyni zamanda, Ağstafa rayonu  ali məktəblərə qəbul olan gənclərin sayı ilə də seçilir. Bu da təhsil sistemində işlərin qaydasında olduğunu göstərir.  Hazırda rayonda çoxlu mədəniyyət obyektləri tikilir.

Yəni rayonda hərtərəfli işlər gedir. Amma yenə də görüləsi işlər var.  Xüsusilə, rayonun su təminatı ilə bağlı problem var. Bu, obyektiv problemdir və onun tarixi hələ sovet dövrünə gedib çıxır. Kanalların betonlaşdırılması işi gedir ki, su itkisinə yol verilməsin. Şəhərin su təchizat ilə bağlı xeyli iş görülür. Kürdən su çəkmək məsələsi gündəmdədir. Bu, böyük maliyyə vəsaiti tələb edən məsələdir, amma hesab edirəm ki, həll olunacaq. Bütövlükdə isə, rayonda abadlıq və quruculuq işləri qənaətbəxşdir.