YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin yüksək reytinqi və həyata keçirdiyi siyasətin xalq tərəfindən birmənalı dəstəklənməsi YAP-ın növbəti qələbəsində də öz təsdiqini tapdı

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədovun “Azərbaycan” qəzetinə müsahibəsini təqdim edirik. 

- Hər bir seçkinin uğurunu şərtləndirən başlıca səbəblərdən biri namizədlər üçün əlverişli seçkiqabağı mühitin yaradılmasıdır. Bu baxımdan beşinci çağırış Milli Məclisə təxminən iki ay davam edən seçki kampaniyasını necə dəyərləndirirsiz?

- Beşinci çağırış Azərbaycan parlamentinə seçkilər başa çatdı. Hesab edirəm ki, parlament seçkilərinin əsas nəticəsi və ortaya qoyduğu başlıca reallıq Prezident İlham Əliyevin liderliyinin, rəhbərliyi altında keçirilən siyasətin alternativsizliyinin növbəti təntənəsidir. Təbii ki, Azərbaycan cəmiyyəti, o cümlədən cənab Prezidentin rəhbəri olduğu Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən növbəti parlament seçkilərinin bu nəticəsini və ortaya qoyduğu həqiqəti birmənalı şəkildə qəbul edir. 
Əlbəttə, hər seçki bir sınaqdır və yaxşı hazırlaşanlar bu sınaqdan uğurla çıxırlar. YAP ənənəvi olaraq hər bir seçki kampaniyasına kifayət qədər ciddi hazırlaşır. Həyat, təcrübə göstərir ki, seçki kampaniyası zamanı YAP-ın, partiyamızın çoxsaylı fəallarının ayrı-ayrılıqda göstərdiyi fədakarlıq, çəkdiyi əziyyətlər öz bəhrəsini verir. 2015-ci ilin parlament seçkiləri də bu mənada istisna olmadı. YAP sizin dediyiniz kimi, iki ay davam edən seçki kampaniyası dövründə uğurlu seçki strategiyası müəyyən edərək həyata keçirdi. Bu seçki kampaniyası partiyamızın müəyyənləşdirdiyi ümumi strateji xəttə və hədəflərə uyğun qurulmuşdu. YAP bu seçki kampaniyasını “Yeni hədəflərə doğru” şüarı ilə keçirirdi. Əlbəttə, bu, təsadüfi deyildi. Azərbaycanın inkişafında yeni mərhələnin başlanması cəmiyyət tərəfindən qəbul olunan həqiqətlər sırasındadır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında ölkəmizin inkişafı ilə əlaqədar müəyyənləşdirdiyi hədəflər dövlət başçısının siyasətinin islahatlar qanadının yeni mərhələsinin başladığından xəbər verir. Bu isə YAP-ın seçki kampaniyasının ümumi məfkurəsinin hazırlanmasında özünü göstərdi. Beləliklə, YAP iki ay müddətində çox geniş seçki kampaniyası həyata keçirdi. Bu prosesə YAP-ın çoxsaylı insan və eyni zamanda təşkilati resursları cəlb olunmuşdu. Partiyamızın fəal üzvləri seçki kampaniyasının müxtəlif mərhələlərində ayrı-ayrı seçki hərəkətlərinin həyata keçirilməsində yaxından iştirak etdilər. Nəticə etibarilə ümumi seçkinin həyata keçirilməsi üçün lazım olan tədbirlər görüldü. Ən başlıcası, YAP-ın böyük potensialı uğurla səfərbər edildi. Bir yandan fəallarımız, digər yandan çoxsaylı üzvlərimiz, partiyamızı dəstəkləyənlər, təəssübkeşlər seçki kampaniyasına bu və ya digər dərəcədə cəlb edildilər. Məmnunluq hissi ilə bildirirəm ki, irəli sürdüyümüz namizədlərin uğurla qeydə alınmasından başlamış onların təşviqatın aparılmasına qədər bütün mərhələlərdə YAP-ın fəalları, o cümlədən xüsusilə demək istəyirəm ki, gənc fəalları böyük fədakarlıq nümayiş etdirdilər. Xüsusilə qarşımıza qoyduğumuz hədəflərin, müəyyənləşdirdiyimiz “Yeni hədəflərə doğru” şüarının mahiyyətinin seçicilərin diqqətinə çatdırılması ilə əlaqədar çox böyük təşviqat işi həyata keçirildi. Müxtəlif görüşlərdə aparılan söhbətlər əsnasında biz YAP olaraq növbəti beş il üçün Azərbaycan vətəndaşlarına nələri vəd etmək niyyətində olduğumuzu çatdıra bildik. 
Əlbəttə, biz aydın şəkildə dərk edirdik ki, YAP-ın inandığı, gözlədiyi qələbənin rəhnini Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları və vətəndaşlarımızın bu siyasəti dəstəkləməsi, yüksək qiymətləndirməsi təşkil edir. Bu, bizim inamımızı daha da artırırdı və təbii olaraq YAP-ın böyük gücünə əlavə güc vermiş olurdu. Bütün bunların hamısı seçki kampaniyasının ümumi gedişində YAP üçün uğurlu fon yaratdı. Nəticə etibarilə YAP seçkilərin nəticəsində böyük qələbəsini təmin etmiş oldu. Mən fürsətdən istifadə edərək qəzetiniz vasitəsilə YAP-ın seçki kampaniyasının uğurla həyata keçirilməsinə öz töhfəsini vermiş hər bir insana, partiyanın fəallarına, sıravi üzvlərinə, o cümlədən YAP-ı onun üzvü olmadan dəstəkləyən vətəndaşlara öz minnətdarlığımı bildirim. Bu seçki kampaniyasında, bu sınaqda YAP-ın özünü inamlı hiss etməsinin fundamental səbəbləri içərisində mən bu dəstəyi ayrıca vurğulamaq istəyirəm və hər bir vətəndaşımıza, hər bir partiya fəalına, üzvünə öz minnətdarlığımı ifadə edirəm.

- Təbii ki, seçki kampaniyasının əsas fazası səsvermədir. Səsvermənin nəticələri isə Yeni Azərbaycan Partiyası üçün uğurludur. Əvvəlki seçkilərlə müqayisədə YAP-ın budəfəki qələbəsi barədə qənaətləriniz nədən ibarətdir?

- Qələbələrin hamısı bir-birinə bənzəyir. Çünki burada sınaqdan uğurla çıxmaqdan söhbət gedir. YAP-ın növbəti parlament seçkilərində qələbəsi də sevindiricidir. Bu, YAP-ın bir tərəfdən seçki kampaniyasının uğurunu təsdiq edir, digər tərəfdən partiyamızın ölkəmizin siyasi-ictimai həyatındakı mövqeyini və rolunu müəyyənləşdirmiş olur. Əgər bütövlükdə bu seçkinin ortaya qoyduğu reallıqları bir daha nəzərdən keçirsək, belə bir amili də qeyd etməliyik ki, seçkinin nəticəsi YAP-ın ölkəmizin həyatında alternativsiz siyasi güc olduğunu bir daha göstərdi. Seçkinin ortaya qoyduğu mühüm nəticələrdən biri məhz bundan ibarətdir. Bu mənada qələbəmiz həmişə bizim üçün böyük əhəmiyyət kəsb edib. Təbii ki, noyabrın 1-də səsvermə nəticəsində ortaya çıxan reallıq, qələbə YAP üçün mühüm əhəmiyyət kəsb edir. 
Biz seçkiyə gedərkən qarşımıza qoyduğumuz vəzifə ən azından beş il bundan əvvəl parlament seçkiləri zamanı əldə etdiyimiz nailiyyəti təkrarlamaqdan və Azərbaycanın parlamentində YAP-ın çoxluğunu təmin etməkdən ibarət olub. Belə bir seçki vəzifəsi ilə biz seçki marafonuna qatılmışdıq. Məmnunluqla onu qeyd etmək istəyirəm ki, Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunan ilkin nəticələrə görə, YAP parlamentdə çoxluğunu qoruyub saxlayıb. Yenə də YAP parlamentdə 70-dən çox deputatı ilə təmsil olunacaq. Hesab edirəm ki, bu, bütövlükdə qaneedicidir və böyük zəhmətin nəticəsində mümkün olub. Yeni seçilən deputatlarımızın bir qismi bundan əvvəlki Milli Məclisin üzvləri olublar. Eyni zamanda YAP gənc və digər üzvləri də sırasında namizədlər kimi irəli sürmüşdü ki, onların da bir qismi deputat mandatı qazanaraq parlamentdə təmsil olunmaq hüququ əldə etdilər. Seçkilər kifayət qədər seçki yarışması ab-havası şəraitində keçdi. 
Vətəndaşların yüksək seçki fəallığını ayrıca vurğulamaq istəyirəm. Beş il bundan əvvəl keçirilən seçkilər zamanı səsvermədə təxminən 50 faiz Azərbaycan seçiciləri iştirak etmişdi. Bu seçkilərdə elan olunan nəticələrə görə, 55 faizdən yuxarı seçicilərimiz səsvermə hüququndan istifadə ediblər. Bu da seçkiyə beş il bundan əvvəlki seçki ilə müqayisədə daha böyük marağın olduğunu ortaya qoyur. Bu o deməkdir ki, bütün namizədlər, o cümlədən də YAP və onun irəli sürdüyü namizədlər daha çox seçicilərin və vətəndaşların səsverməyə gəlmələrini maraqlandıra biliblər. Bütövlükdə seçki marafonu seçicilər üçün kifayət qədər maraqlı olub. Yarışma ab-havası yüksək olduğuna görə səsvermədə iştirak etmək arzusunda olan vətəndaşlarımızın sayı xeyli yüksəlib. Ötən seçki ilə müqayisədə seçicilərin iştirak faizi təxminən 6 faizə qədər artıb. Bunların hamısı seçkilərin yüksək demokratik ab-hava və seçici fəallığı şəraitində keçdiyindən xəbər verir. 
Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu seçkilər demokratik mühitdə, azad və şəffaf keçirilib və Azərbaycan xalqının iradəsini ifadə etmək kimi fundamental vəzifə yerinə yetirilib. Vətəndaşlarımız, xalqımız öz iradəsini növbəti dəfə ifadə edib və bu, yeni formalaşan Milli Məclisdə öz əksini tapır. Rəqəmlər ilkin olsa da, bülletenlərin əksəriyyəti artıq hesablandığına görə onlarda ciddi dəyişiklik olmayacaq. Kiçik faiz dəyişiklikləri olsa da, səsvermənin nəticəsinə təsir edən dəyişiklik olmayacaq. Beləliklə, YAP bu seçkilərin nəticələrinə görə qalibdir. Biz bu qələbəmizi əvvəlki qələbələrdən fərqləndirmirik. Amma bir məqamı da qeyd etmək istərdim ki, qarşımıza qoyduğumuz məqsədimizə nail ola bildik. 
Maraqlı haldır ki, 2010-cu ilin və 2015-ci ilin parlament seçkiləri zamanı qazanılan deputat yerlərinin sayı nöqteyi-nəzərindən YAP üçün uğurlu olmaqla yanaşı, həm də eynidir. Belə ki, 2010-cu ilin parlament seçkilərində də YAP 70-dən yuxarı deputatla parlamentdə təmsil olunmuşdu. Bu seçkidə də ilkin nəticələr onu göstərdi ki, YAP 70-dən yuxarı deputatla Milli Məclisdə təmsil olunacaq. Lakin bir məsələni xüsusi vurğulamaq istərdim ki, bu müddət ərzində YAP-ın mövqeləri daha da möhkəmlənib. Azərbaycan vətəndaşlarının YAP-ı dəstəkləmək istəkləri daha da güclənib. 
Parlament seçkilərində 20-dən çox partiya iştirak edirdi. Bu o deməkdir ki, hər bir deputat yeri uğrunda mübarizənin kəskinliyi də artıb. Bütövlükdə keçmiş deputatlığa namizədlərin sayı da 2015-ci ildə 2010-cu illə müqayisədə müəyyən qədər çox olub. Bütün bunların hamısı ondan xəbər verir ki, 2015-ci ilin qələbəsi 2010-cu ildəki qələbəmizdən daha kəskin siyasi mübarizə şəraitində əldə olunub. Qələbə çox ciddi mübarizə şəraitində qazanılırsa, onun dəyəri və mənası da yüksək olur. Bu mənada əgər biz müqayisə etməli olsaq, 2015-ci ildəki qələbəmizi kifayət qədər yüksək dəyərləndirə bilərik. 

- Yeni Azərbaycan Partiyasının möhtəşəm qələbəsinin əsas səbəblərini nədə axtarmaq lazımdır? 

- Bir qədər əvvəl seçkilərin nəticələri və ortaya qoyduğu həqiqət haqqında ümumi fikir söylədim. Bundan çıxış edərək YAP-ın parlament seçkilərindəki qələbəsinin səbəbləri haqqında da öz fikirlərimi bildirmək istəyirəm. Hər şeydən əvvəl birmənalı şəkildə bildirmək istəyirəm ki, YAP-ın əldə etdiyi qələbə və bütövlükdə seçkinin uğurlu keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. Biz seçkiyə gedərkən bir çox resurslara istinad edirdik. Bu resursların ən başlıcası Prezident İlham Əliyevin yüksək reytinqi və həyata keçirdiyi siyasətin vətəndaşlar tərəfindən lazımınca dəyərləndirilməsindən ibarət olub. 
Belə hesab edirik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi YAP-ın namizədlərinin lehinə verilən səslərdə özünün təsdiqini tapacaq. Seçkinin nəticələri bizim gözləntilərimizin həqiqət olduğunu bir daha təsdiqləmiş oldu. Beləliklə, Prezident İlham Əliyevin yüksək reytinqi və həyata keçirdiyi siyasətin xalq tərəfindən birmənalı dəstəklənməsi YAP-ın növbəti qələbəsində də öz təsdiqini tapdı. Bu mənada başlıca resursumuz, qələbəmizin kökündə dayanan əsas həqiqət Prezident İlham Əliyevin şəxsiyyəti, yüksək reytinqi, vətəndaşların ölkə başçısına olan böyük etimadı, inamı və təbii ki, ölkəmizdə həyata keçirilən siyasətin uğurlarıdır. Bütün bunlar Azərbaycan seçicilərinin siyasi ovqatının formalaşmasının əsasını təşkil etdi və dediyim kimi, YAP-ın namizədlərinin lehinə verilən səslərdə öz əksini tapdı. 
Qələbəmizin səbəblərindən biri Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar siyasətinin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsidir. Azərbaycanın iqtisadi və sosial həyatında cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən islahatlar nəticəsində yeni bir mərhələ başlayır. Bu, Azərbaycanın həyatında inkişafın yeni mərhələsinə gətirib çıxaracaq. Ölkə vətəndaşları Prezidentin bu təşəbbüslərini yüksək dəyərləndirirlər və təbii ki, islahatlar dalğası artıq cəmiyyətimizin müxtəlif sferalarına nüfuz edib, insanların bu gün ovqatını formalaşdıran fundamental amillərdən birinə çevrilib. YAP-ın namizədlərinin lehinə verilən səslərdə istər-istəməz bu məqam da öz əksini tapıb. Prezidentin islahatlar çağırışı, islahatların dərinləşməsi ilə əlaqədar dövlət başçısının təşəbbüsləri, bu təşəbbüslərin həyata keçirilməsi istiqamətində atılan ilk addımlar və bu addımların doğurduğu pozitiv, müsbət əks-səda YAP-ın irəli sürdüyü namizədlərin lehinə verilən səslərdə özünün əksini tapdı. Qələbəmizi təmin edən çox fundamental əsaslardan biri də məhz bundan ibarətdir. 
YAP-ın qalibiyyətinin kökündə dayanan səbəblərdən biri də Azərbaycandakı sabitlik, əmin-amanlıq, rahatlıq, insanların öz gələcəyinə, ailələrinin rifahına inamla, optimistcəsinə baxmalarıdır. Dünyanın ayrı-ayrı regionlarında baş verən müharibələr, dağıntılar, qeyri-sabitlik, tökülən qanlar, sınan talelər, həlak olan insanlar fonunda Azərbaycandakı sabitliyin və əmin-amanlığın nə qədər böyük məna və dəyər kəsb etdiyi vətəndaşlar tərəfindən daha dərindən dərk olunur və qiymətləndirilir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünyada sanki bir sabitlik adasıdır və bu da seçici ovqatının formalaşmasına təsir edən çox vacib amil olaraq YAP-ın namizədlərinin lehinə verilən səslərdə özünün ifadəsini tapıb. 
Əlbəttə, əgər demokratik mühit, siyasi plüralizm mövcud olmasaydı, YAP da öz seçki kampaniyasını uğurla həyata keçirmək imkanlarından məhrum olardı. Bunu da mühüm bir amil kimi qeyd etməyi özümə borc bilirəm. Bütün bunlar YAP-ın qələbəsini təmin edən səbəblərdir. Eyni zamanda, YAP-ın özünün malik olduğu gücü də qələbəmizin təmin olunması nöqteyi-nəzərindən vurğulamağı vacib hesab edirəm. YAP-ın güclü insan və təşkilati resursları, partiya üzvlərinin dərin sədaqəti və onun seçki kampaniyasının aparılması üçün böyük fədakarlıqlar göstərməsi bütövlükdə qələbəmizin təmin olunmasına öz töhfəsini verdi. Məxsusi olaraq YAP tərəfindən irəli sürülən namizədlərin özlərinin hər birinin ayrı-ayrılıqda fərdi keyfiyyətlərini, namizədliyi irəli sürüldüyü dairələrdə hörmət və nüfuz sahibləri olduqlarını, eyni zamanda uğurlu seçki kampaniyası apardıqlarını qeyd etmək istəyirəm. Beləliklə, bütün bu amillər, başda Prezident İlham Əliyevin şəxsiyyətinə və həyata keçirdiyi siyasətə insanlarımızın verdiyi yüksək qiymət olmaqla toplam halda YAP-ın uğurlarını, qələbəsini təmin etdi. Biz bütün bunlara, ölkəmizdə belə pozitiv ab-havanın yaranmasına və seçici ovqatının formalaşmasına görə Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. YAP-ın təqdimatı ilə namizədliyi irəli sürülənlərin hər biri dərk etməlidirlər ki, onların Milli Məclisdə təmsil olunmaq hüququ qazanmasına əsas verən başlıca amil Prezident İlham Əliyevin adı ilə bağlıdır. Mən onların özlərinin şəxsi keyfiyyətlərini və bundan irəli gələn qələbəsinə təminat verən cəhətləri arxa plana keçirmək, əhəmiyyətini azaltmaq istəmirəm. Amma birmənalı olaraq ilk sırada Prezident İlham Əliyevin yüksək reytinqini və onun rəhbəri olduğu partiyadan irəli sürülən namizədlərə vətəndaşlarımızın öz səsini vermək istəyinin olmasını ayrıca vurğulamaq istəyirəm. Hesab edirəm ki, YAP-ı parlamentdə təmsil etmək hüququ qazanmış hər bir deputat buna görə partiyasına və onun sədri İlham Əliyevə minnətdar olmalıdır.

- Beynəlxalq müşahidəçilərin seçki təəssüratları barədə nə deyə bilərsiniz?

- V çağırış Milli Məclisə seçkiləri çoxlu sayla beynəlxalq müşahidəçilər izlədilər. Güman edirəm ki, onlar Azərbaycandakı parlament seçkilərinin həm beynəlxalq standartlara, həm ölkəmizin seçki qanunvericiliyinə, həm də demokratik prinsip və normalara tam uyğun olduğu qənaətinə gəliblər. Parlament seçkilərini izləyən beynəlxalq müşahidəçilər missiyasının tərkibi kifayət qədər müxtəlif idi. Avropa ölkələrini və strukturlarını təmsil edən müşahidəçilərlə yanaşı, eyni zamanda dünyanın digər regionlarından olan müşahidəçilər də Azərbaycanda parlament seçkilərini izləmək imkanı qazanmışdılar. Beləliklə, müxtəlif regionları, siyasi mədəniyyətləri təmsil edən insanların gözləri önündə keçirilən parlament seçkiləri onların səsləndirdikləri və bizə də mətbuatdan məlum olan fikirləri əsasında kifayət qədər yüksək texniki hazırlıq və demokratik normalar şəraitində baş tutub. Bu bizi sevindirməyə bilməz. Bu, həm də ondan xəbər verir ki, Azərbaycanda seçki mədəniyyəti, siyasi mədəniyyət gündən-günə təkmilləşir və keçirilən parlament seçkiləri ölkəmizdəki siyasi plüralizmin, demokratik normaların daha da dərinləşdiyindən, dönməz xarakter aldığından xəbər verir. Azərbaycana gələn beynəlxalq müşahidəçilər ölkə vətəndaşlarının sərbəst şəkildə öz iradələrini ifadə etmək imkanlarına malik olduğunu da izləyə bildilər. Onlar müşahidə aparmaq missiyası ilə yanaşı, Azərbaycanla bir daha tanış olmaq imkanı da qazanmışdılar. Güman edirəm ki, həmin müşahidəçilər Azərbaycanda vətəndaşların və seçicilərin bu qədər yüksək fəallıq nümayiş etdirməsini və eyni zamanda hakim partiyanın qələbə qazanmasının səbəblərini də yəqin ki, ölkəmizlə tanış olmaq fonunda dərk edə biliblər. Bu qədər inkişaf, bu qədər yüksəliş fonunda insanların seçki ovqatı da pozitiv notlar üzərində qurulmalıdır, iqtidara, hökumətə inam və etimad notları üzərində qərar tapmalıdır. Bu da təbii ki, verilən səslərdə və bu səslərin hansı siyasi partiyaların təmsilçilərinə istiqamətlənməsində özünün əksini tapmalıdır.
Müşahidəçlikdən söz düşmüşkən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rasional, təhlili mümkün olmayan münasibəti ilə bağlı fikirlərimi bildirmək istərdim. Prinsip etibarilə bu qurum seçkilərin keçirilməsi ilə əlaqədar yaradılıb. ATƏT-ə üzv ölkələrdə seçkilərlə bağlı müşahidəçilik missiyası həyata keçirir. Bu mənada həmin qurumun ATƏT-in üzvü olan Azərbaycanın dəvəti əsasında ölkəmizdə keçirilən seçki kampaniyasını müşahidə etməkdən imtinasını rasional şəkildə izah etmək mümkün deyil. Bununla onlar əslində özlərinin birbaşa vəzifələrini həyata keçirməkdən imtina etdilər. ATƏT üzvü olan ölkələrdə keçirilən seçkiləri izləmək, müşahidə etmək onların birbaşa vəzifəsidir. Hər hansı ölkə əgər özü onları dəvət edərsə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bundan imtina etməyə heç bir əsası yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əslində onlar bununla öz mandatlarından imtina etmiş olurlar.
Təəssüf hissi ilə bildirmək istərdim ki, bəzi beynəlxalq qurumlar, o cümlədən haqqında söz açdığımız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərdən və seçkilərin izlənməsi missiyasından siyasi təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə malikdirlər. Bu, tamamilə yolverilməz haldır. Seçkilər və seçkiləri izləmək, müşahidə etmək hər hansı siyasi məqsəd və niyyət güdmədən həyata keçirilməlidir. Amma bir sıra hallarda seçkiləri izləmək missiyası ayrı-ayrı ölkələrdə neqativ axtarmaq fürsəti kimi qiymətləndirilir. Bundan əvvəlki seçkilər zamanı aparılan müşahidələrin nəticəsində yalnız nəticələrə təsir etməyən nöqsanların qeyd olunması ondan xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu üçün seçkilərin izlənməsi sadəcə, neqativ axtarmaq kimi başa düşülür və bu cür də istifadə edilir. 
Hər hansı dövlətin beynəlxalq qurumlarda təmsil olunması onun suveren hüquqlarının alternativi kimi dəyərləndirilə bilməz. O cümlədən Azərbaycanın beynəlxalq qurumlarda təmsil olunması ölkəmizin suveren hüquqlarının üzərinə kölgə salmaq və yaxud həmin hüquqların azalması kimi dərk edilə bilməz. Bu mənada belə hesab edirik ki, istənilən beynəlxalq qurum, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da vəzifəsinə məhz bu prinsiplər nöqteyi-nəzərində yanaşmalıdır. Seçkilərdən və seçkiləri izləməkdən təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə son qoymalıdır. 
Həmin büronun fəaliyyətinə bu cür qiymət verilməsi təkcə Azərbaycan tərəfindən ortaya atılan təşəbbüs deyil. Malik olduğumuz informasiyalar əsasında bir sıra digər ölkələrdə də həmin büronun fəaliyyətində bu cür xoşagəlməz, neqativ tonlardan xali olmayan cəhətlərin özünü büruzə verməsi açıq şəkildə vurğulanmaqdadır. Lakin onların Azərbaycanda keçirilən seçki kampaniyasını izləməkdən imtina etməsi seçkilərin dəyərinə, ictimai mənasına heç bir kölgə sala bilmədi.
Qeyd etdiyim kimi, seçkiləri xarici ölkələrdən gələn kifayət qədər sayda müşahidəçilər izlədilər. Onların hər birinin səsləndirdiyi rəy bütövlükdə Azərbaycanda seçkilərin yüksək şəraitdə təşkil olunmasına və demokratik normalara uyğun keçirilməsindən xəbər verir. Biz bütövlükdə bu seçki kampaniyasının beynəlxalq müşahidəçilər tərəfindən izlənməsinə yüksək qiymət veririk. Azərbaycan demokratik ölkədir, bütün proseslər açıq və şəffaf şəkildə keçirilir. O cümlədən siyasi proseslər, seçki kampaniyası şəffafdır və biz seçkilərin xoş niyyətli beynəlxalq müşahidəçilər tərəfindən izlənməsinə həmişə müsbət yanaşmışıq.

- Bu seçki ilə Yeni Azərbaycan Partiyasının qarşısında yeni mərhələ açılır. YAP-ın qarşıdakı hədəfləri nədən ibarətdir? 

- YAP Azərbaycanın həyatında alternativsiz siyasi güc funksiyasını yerinə yetirir. Bu, bir yandan YAP-ın böyük nüfuzunda öz əksini tapır, digər yandan ictimai və siyasi proseslərə təsir etmək imkanlarında özünü göstərir. Digər mühüm məqam isə YAP sıralarında yüz minlərlə fəal vətəndaşımızın birləşməsidir. Bu, sadəcə, statistika deyil. Bu, YAP-ın ideyalarına, cənab Prezidentin həyata keçirdiyi siyasətə, bu partiyanın sıralarına daxil olmuş yüz minlərlə insanın münasibətidir. Bu, siyasəti sadəcə, dəstəkləmək deyil, həmin siyasətin həyata keçirilməsinə töhfə vermək istəyinin ortaya qoyulmasıdır. Təbii ki, belə siyasi-ictimai nüfuza sahib olan YAP gələcəklə bağlı özünün perspektivlərini də aydın dərk etməkdədir. Bu, bir missiya kimi YAP olaraq bizim üzərimizdədir. Azərbaycan ictimaiyyətinin YAP-dan təbii olaraq gözləntiləri var. YAP öz davranışında, müəyyənləşdirdiyi siyasi xətdə bu gözləntilərə uyğun layiqli cavab verməyə hazır olmalıdır.
Azərbaycan öz inkişafında yeni mərhələyə qədəm qoyur. Bu, reallıqdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında bu barədə öz mövqeyini bildirib. Azərbaycanda islahatların yeni mərhələsi başlayıb. Bu mərhələdə qarşımızda duran başlıca vəzifələrdən biri iqtisadi inkişafın təmin edilməsinin yeni resurslarının axtarıb tapılmasından, o cümlədən ölkəmizin iqtisadi modelinin yeni çalarlarının və yeni amillərinin formalaşdırılmasından ibarətdir. İnsanların rifahının daha yüksək təmini, bu istiqamətdə yeni təşəbbüslərin ortaya qoyulması, Azərbaycanın regional gücünün qorunub saxlanması və daha da möhkəmlənməsi də bu mərhələdə mühüm hədəflərdir. Təbii ki, Azərbaycanın bütövlükdə beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə əlaqədar qarşıya qoyulan hədəflər də var. Ən başlıca hədəf isə Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. 
Bütün bu vəzifə və hədəflər YAP-ın üzərinə böyük məsuliyyət qoyur. YAP bu məsuliyyətin böyüklüyünü və kifayət qədər ciddiliyini aydın şəkildə dərk edir. Azərbaycan cəmiyyətinin daxili birliyinin, vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi və bu gücdən istifadə edərək qarşıda duran vəzifələrin daha layiqincə və daha vüsətlə həyata keçirilməsi də YAP-ın üzərinə düşən məsuliyyətli missiyalardan biridir. 
Parlament seçkiləri başa çatdı. YAP öz qələbəsi ilə parlamentdə çoxluğunu təmin etdi. Amma irəli sürdüyümüz namizədlərin uğur qazanmayanları da oldu. Bütün bunların araşdırılması da qarşımızda duran vəzifələrdən biridir. Çünki seçkinin nəticələri bizim üçün nə qədər uğurlu olsa da, bəzi dairələrdə irəli sürdüyümüz namizədlərin seçilə bilməməsi istər-istəməz bizi düşündürməlidir ki, nəyə görə filan dairədə YAP-ın namizədi digər namizəddən çox səs toplaya bilməyib. Bunun da araşdırılması qarşımızda duran vacib vəzifələrdən biridir.
Növbəti beş ildə də YAP parlamentdə çoxluq qismində təmsil olunaraq ölkənin taleyüklü məsələlərinin həll olunmasında məsuliyyətli bir vəzifəni üzərinə götürmüş olur. Buna qədər olan dövrdə YAP öz üzərinə düşən missiyanı uğurla yerinə yetirə bilib. İnanırıq ki, bundan sonrakı illərdə, qarşıda duran dövrdə də YAP şərəfli və məsuliyyətli missiyasını tamlığı ilə yerinə yetirəcək, bunun üçün indiyədək etdiyi fədakarlığı yenə də nümayiş etdirəcək. YAP bundan sonra da Azərbaycan xalqının göstərdiyi etimadı doğruldacaq və bunun üçün bütün qüvvəsini və resurslarını səfərbər edəcəkdir. 
Biz gələcəyə inamla və optimist baxırıq. Azərbaycan daha böyük inkişafa doğru irəliləməkdədir və ölkəmizin gələcəyi daha işıqlı olacaq. Hər bir Azərbaycan vətəndaşı bu inkişafdan fayda görəcək və beləliklə, respublikamız, cəmiyyətimiz öz həyatının, yüksəlişinin yeni pilləsinə gəlib çıxacaq.