YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP Gənclər Birliyi Azərbaycan dövlətinin uğurlarının təbliğini əsas fəaliyyət istiqamətlərindən biri hesab edir

Müsahibimiz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov

- Seymur müəllim, artıq 2015-ci il tarixə çevrildi. Həmin il ərzində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi qarşısında duran vəzifələri hansı səviyyədə yerinə yetirdi?

- Ümumiyyətlə, ötən il Azərbaycanın həyatında bir sıra əlamətdar hadisələrlə yadda qaldı. 2015-ci ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Təşkilatımız fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun quraraq, bir sıra uğurlu layihələrin təşkilatçısı olmuşdur. Daim Ulu öndər Heydər Əliyev ideyalarına bağlılığı, cənab Prezident, partiyamızın Sədri  İlham Əliyevin praqmatik siyasi xəttinə dəstəyi ilə seçilən partiyamızın Gənclər Birliyi ötən il də ənənəsinə sadiq qalmışdır. Fəaliyyətini Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ictimai-siyasi fəaliyyəti ilə bağlayan ölkə gəncliyi bu istiqamətdə qətiyyətli yollar keçərək, bu günkü günümüzdə öz mövqeyi ilə seçilir.

Əvvəlki illərdə olduğu kimi 2015-ci ildə də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi əsas fəaliyyətini Azərbaycan dövlətinin inkişafına dəstək, gənclərin sosial ictimai cəhətdən hazırlığı, ölkə həqiqətlərinin dünyada təbliği, maarifləndirmə işinə həsr edərək bu istiqamətdə onlarla  layihə həyata keçirmişdir. Partiyanın Gənclər Birliyinin həyata keçirdiyi layihələr həm əhatə dairəsinə, həm də keyfiyyətinə görə fərqlənmiş nəticə etibarı ilə il ərzində partiyaya qoşulan istedadlı gənclərin sayı artmışdır.

2015-ci ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəaliyyətində əlamətdar hadisələrdən biri də Gənclər Birliyimizin 4-cü hesabat konfransının keçirilməsi oldu. Konfransda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 5 il ərzində gördüyü işlər geniş şəkildə təqdim edilib. Gənclər Birliyinin sədr, sədr müavinləri, şura və idarə heyətinin seçilməsi üçün səsvermə keçirildi və buna əsasən növbəti tərkib müəyyənləşdi.

2015-ci il ərzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin həyata keçirdiyi müxtəlif istiqamətli layihələr cəmiyyətimiz tərəfindən müsbət qarşılanmışdır. Bunun nəticəsi olaraq, Gənclər Birliyinin sıraları keyfiyyət etibarı ilə zənginləşmiş, yeni fəal gənclər partiya sıralarına qoşulmuşlar.

- YAP Gənclər Birliyi son illər maraqlı layihələrlə çıxış edir. Bu baxımdan, ötən il ərzində nə kimi layihələr həyata keçirildi?

- Partiyamızın Gənclər Birliyi 2015-ci il ərzində də, Azərbaycan gənclərinin maariflənməsi, ictimai-siyasi cəhətdən aktivliyi, sosial aləmə adaptasiyası  üçün kifayət qədər layihələr həyata keçirmiş, keçirilən layihələr  partiyaya qoşulan gənclərin sayının artmasına səbəb olmuşdur.Yeni Azərbaycan Partiyası Gənclər Birliyi gənclərin xarici dil biliklərinin artırılması, dil vərdişlərinə yiyələnməsi üçün Birliyin Ofisində xarici dil kursları təşkil edir. İngilis, rus dilləri ilə  yanaşı 2015-ci ilin əvvəlindən Birliyin Ofisində fransız dili kursu da fəaliyyətə başlamışdır. Xarici dillərin tədrisi Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən təmənnasız olaraq, təşkil edilir. Xarici dil kurslarına maraq olduqca yüksək səviyyədədir.Yeni Azərbaycan Partiyası Gənclər Birliyi il ərzində təkcə bununla kifayətlənməyib gənclərin siyasi, sosial, mədəni dünyagörüşünün artırılması, yeni bilik və bacarıqlara yiyələnməsi üçün bir sıra layihələr həyata keçirmişdir.Bunlar sırasında «Fərdi inkişaf təlimi», «Beynəlxalq münasibətlər və diplomatiya klubu layihəsi», «Təcrübi iqtisadiyyat layihəsi», «Siyasi fəal gənclərin sosial şəbəkələrdə aktivliyi» mövzusunda seminar, «Heydər Əliyev irsini öyrənirik» adlı intellektual yarışma, «Şahmat dərsləri», «Vətənpərvər gənclik» «Siyasi debat» və digər layihələri qeyd edtmək olar. Təşkilatımız Ulu öndər Heydər Əliyevin doğum və anım günlərində bir sıra tədbirlər, o cümlədən fləşmoblar keçirib. Eyni zamanda, bütün əlamətdar, tarixi günlərlə bağlı tədbirlərimiz olub. Eləcə də, YAP Gənclər Birliyi ötən il ərzində bir sıra ali məktəblərdə təhsil alan tələbə-gənclərlə görüşlər keçirib.

Onu da qeyd edim ki, mətbuat və sosial şəbəkələrlə işə böyük  önəm verən və hər zaman bunu diqqətdə saxlayan YAP Gənclər Birliyi 2015-ci ildə də, bu ənənəsinə sadiq qalaraq, il ərzində həyata keçirdiyi tədbirləri mütəmadi olaraq,  sosial şəbəkələr, saytlar, qəzetlər və digər informasiya vasitələri ilə ictimaiyyətin diqqətinə çatdırmışdır. Artıq bir neçə ildir ki, müxtəlif sosial şəbəkələrdə YAP Gənclər Birliyinə məxsus olan qrup və səhifələr bu il ərzində də aktiv fəaliyyəti ilə fərqlənmişdir. Facebook sosial şəbəkəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə aid olan “QELEBE” qrupu, adı çəkilən sosial şəbəkədə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə məxsus olan “YAP Gənclər Birliyi” adlı səhifə, “twitter” sosial şəbəkəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə məxsus olan “YAP Gənclər Birliyi” səhifəsi, instagram adlı sosial şəbəkədə birliyimizə məxsus olan  səhifə mövcuddur. Mütəmadi olaraq, bu qrup və səhifələrdə Gənclər Birliyinin fəaliyyətinə aid olan şəkil və məlumatlar paylaşılır.

- Ötən il ərzində ölkəmiz ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Partiyamızın gəncləri bu mötəbər idman yarışının təşkil olunması və təbliği yönündə hansı addımlar atdı?

- Bəli, 2015-ci ildə ölkəmiz ilk Avropa oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi də ilk Avropa Oyunlarına dəstək məqsədi ilə müxtəlif tədbirlər həyata keçirmişdir. Təşkil edilən tədbirlərdə gənclərə Avropa oyunlarının mahiyyəti və əhəmiyyəti haqqında məlumat verilmiş, təbliğat işi aparılmışdır. Gənclərimiz bu prosesdə könüllülər kimi iştirak ediblər. Bu tədbir həm də, könüllük institutunun əhəmiyyətini göstərdi.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Oyunlara dəstək məqsədi ilə veloyürüş təşkil etmişdir. Təşkil olunmuş veloyürüşdə 300-dən artıq gənc Azneft meydanından Olimpiya stadionuna qədər məsafə qət edərək, Avropa oyunlarına dəstəyini ifadə etmişlər. Partiyamızın Gənclər Birliyi oyunlar ərəfəsində “Olimpik Tir”  klubda gənclər arasında 1-ci Avropa Oyunlarının təbliği üçün atıcılıq yarışması təşkil etmişdir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi “Yeni Azərbaycan qəzeti”, “Səs informasiya agentliyi”, “İki Sahil qəzeti” ilə birgə bu mövzuda bir neçə dəfə dəyirmi masalar təşkil etmiş,  gənclərlə fikir mübadilələri aparmışdır. Gənclər Birliyi adıçəkilən idman yarışına dəstək məqsədi ilə istedadlı gənclərin əl işlərindən ibarət sərgi  də təşkil etmişdir. Ümumilikdə, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi 1-ci Avropa Oyunları zamanı xüsusi fəallığı ilə fərqlənmişdir.

- 2015-ci ilin mühüm hadisələrindən biri də parlament seçkiləri oldu. YAP Gənclər Birliyi bu seçkilərlə əlaqədar bir sıra tədbirlər reallaşdırdı..

- Son parlament seçkiləri ötən il ölkəmizin ən mühüm siyasi hadisələrindən biri oldu. Yeni Azərbaycan Partiyası seçki prosesini uğurla həyata keçirdi. Seçkilər ərəfəsində partiya tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat prosesində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri xüsusi aktivliyi ilə diqqəti cəlb etdilər.Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən Partiyamızın namizədlərinə dəstək məqsədi ilə tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə videoçarx çəkildi. Videoçarxda YAP-ın gördüyü işlər müqabilində seçicilərdən partiyanın namizədlərinə səs vermək istənilirdi. Eyni zamanda 30 gəncin iştirakı ilə “Yeni Hədəflərə doğru” şüarı altında fləşmob təşkil olundu.

Seçki kampaniyası ərəfəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri partiya rəhbərliyinin verdiyi bütün tapşırıqları yerinə yetirərək, həm müşahidəçi, həm namizədlərin təbliğatçısı, həm də seçki qərargahının üzvü kimi seçkilərdə iştirak etdilər.

- YAP Gənclər Birliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də region gəncləri ilə fəal iş aparmaqdır. Bu yöndə nə kimi tədbirlər həyata keçirilib?

- Yeni Azərbaycan Partiyası Gənclər Birliyi  paytaxt Bakıda olduğu kimi respublikanın ayrı-ayrı regionlarında da fəaliyyətini davam etdirməkdədir. Bu işdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin region nümayəndəlikləri mühüm rol oynayırlar. Birliyimizin mərkəzi Ofisi ilə sıx əlaqədə olan region Gənclər Birliklərimiz il ərzində müxtəlif tədbirlər həyata keçirmişlər. Hər zaman gənclərlə işə böyük diqqət yetirən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi region gənclərinin asudə vaxtının səmərəli təşkili, gənclərin sosial  mühitə adaptasiyası, ictimai fəallığının artırılması, maariflənməsi istiqamətində müxtəlif layihələr həyata keçirmişdir.

2015-ci ilin əvvəlində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Qusar rayonuna səfər etmiş, rayon gəncləri ilə görüş keçirərək, onların istəkləri ilə maraqlanmış və müxtəlif mövzularda maarifləndirici təlimlər keçmişlər. Noyabr ayında Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə  Qusar rayonunda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilmiş, region gəncləri ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. 2015-ilin dekabr ayında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri kimi Aran zonasının gəncləri ilə görüşmüş, bir sıra vacib məsələlər ətrafında fikir mübadilələri aparılmışıq.

- Seymur müəllim, YAP Gənclər Birliyi beynəlxalq əlaqələr sahəsində hansı uğurlara imza atdı?

- Başa vurduğumuz 2015-ci ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi dünyanın bir çox ölkələrinin gənclər təşkilatları, ictimai birlikləri ilə əməkdaşlıq etmiş, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişdir. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov 16-19 yanvar 2015-ci il tarixlərində İsraildə Avropa Demokrat Gənclər İcmasının (DEMYC) Şura iclasında, 30 yanvar - 3 fevral 2015-ci il tarixlərində Niderlandda Gənc Mühafizəkarlar Birliyinin (ECPYouth) təşkilatçılığı ilə gənc siyasətçilər üçün Qış məktəbində, 24-28 fevral 2015-ci il tarixlərində Brüsseldə Avropalı Demokrat Tələbələr Təşkilatının (EDS) Şura İclasında,16-18 sentyabr 2015-ci il tarixlərində Şimali Koreyanın paytaxtı Seulda Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) forumunda,13-15 oktyabr 2015-ci il tarixlərində Moskvada Rusiyanın hakim partiyası – “Yedinaya Rossiya”nın  Gənclər Təşkilatı olan “Molodaya Qvardiya”nın Beynəlxalq Forumunda, 17-21 oktyabr 2015-ci il tarixində Nyu-Yorkda Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (İCAPP) BMT-yə müşahidəçilik statusunun müzakirəsində, 9-15 noyabr 2015-ci il tarixlərində Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransı (ICAPP) ilə Latın Amerikası və Karib Adalarının Siyasi Partiyalarının Daimi Konfransının (COPPAL) birgə təşkil etdiyi Beynəlxalq Forumda Gənclər Birliyini təmsil etmişdir.

Ötən il Pakistanın hakim partiyasının Gənclər Qolunun nümayəndə heyəti ilə YAP Gənclər Birliyi ofisində görüş keçirilmişdir. Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin  nümayəndə heyəti 26-30 mart 2015-ci il tarixlərində Gürcüstanın Kutaisi şəhərində Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun Cənubi Qafqaz üzrə nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazın Gənc Siyasətçilərinin Forumu”nda iştirak etmişdir.

Eləcə də, YAP Gənclər Birliyinin nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Qollarının dəvəti ilə 17-20 avqust 2015-ci il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərinə səfər etmişdir. YAP Gənclər Birliyinin nümayəndə heyəti səfər zamanı Türkiyə Böyük Millət Məclisinin sədri, Türkiyənin xarici işlər naziri və bir sıra dövlət və hökumət nümayəndələri ilə rəsmi görüşlər keçirmişlər. Ötən ilin dekabrında da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti AKP Gənclik Kollarının növbəti konfransında iştirak etmək üçün Türkiyədə səfərdə olmuş, bu ölkənin dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirmişlər.

İl ərzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri həmçinin,  Malayziyada, Vyetnamda səfərdə olmuş bu ölkənin dövlət rəsmiləri ilə görüşlər keçirmişlər. Biz bundan sonra da beynəlxalq əlaqələrimizi uğurla davam etdirməyə çalışacağıq. Təbii ki, bütün fəaliyyətimizdə partiyamızın rəhbərliyi bizə güclü dəstək verir. Buna görə də, partiyamızın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.