YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Həyata keçirilən siyasət dünya ictimaiyyətində Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti haqqında düzgün rəyin formalaşmasında mühüm rol oynayır

Müsahibimiz Milli Məclisin deputatı Elman Məmmədov

- Elman müəllim, Xocalı soyqırımının baş verməsindən 24 il ötür. Bu faciəni necə xatırlayırsınız?

- Bəli, Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən 24 il ötür. Ürəyində vətən sevgisi olan hər bir azərbaycanlı 26 fevral - Xocalı soyqırımı günündə erməni silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi vəhşiliklər və bu etnik təmizləmə ilə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır. Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-şi isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb.

24 il öncə Xocalı soyqırımının törədilməsi ilə ermənilər həm də bəşəriyyətin tarixinə qara ləkə vurublar. Şübhəsiz ki, Xocalıda 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq. Çünki bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub. Mən bir Xocalı sakini kimi 1988-ci ildən 1992-ci ilə qədər olan dövrün hər bir anını yaşamışam. Bu elə bir dəhşətli zərbədir ki, gündən-günə insana daha ağır təsir edir.

Qeyd edim ki, XX əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. Xocalı bu hadisələr başlayana qədər, yəni 1988-ci ildə kənd statusunda idi və bu kənddə həmin vaxt təqribən üç minə qədər insan yaşayırdı. Ermənilər tərəfindən Xocalının işğalının çox ciddi səbəbləri var idi. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Bakıdan qərb istiqamətində gedəndə Xocalıya qədər Ağdamdır. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən Əsgəran ərazisidir. Əsgəran zolağı boyunca erməni kəndləri yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışdılar. Xocalıdan 10 kilometr qərbə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir. Həmin ərazidə elə bir azərbaycanlı yaşayış məskəni yox idi ki, erməni kəndlərini keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Şuşanun Malıbəyli və Quşçular kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli idi və ora getmək üçün yenə də ən azı iki erməni kəndindən keçməli olurdun. Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı-Ağdam-Laçın-Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana avtomobillə 40 kilometrdən çox məsafə qət etmək tələb olunurdu. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi. Ona görə də, bu şəhəri işğal etmək ermənilərin başlıca məqsədlərindən biri idi. Bunun üçün də onlar hər cür vəhşiliyə əl atdılar.

- Xocalı soyqırımını törədənlər bu gün Ermənistana rəhbərlik edirlər...

- Hadisənin baş verdiyi dövrlərdə respublikamızda ictimai-siyasi sabitlik pozulmuşdu, dövlət rəhbərliyi cəbhə bölglərinə kömək etmirdi, bir tərəfdən də müxalifət qüvvələri hakimiyyətə can atırdı. Yəni hakimiyyət uğrunda mübarizə nəticəsində torpaqlarımızın müdafiəsinə lazımi diqqət yetirilmirdi. Bundan istifadə edən ermənilər isə torpaqlarımızı işğal edirdi.

Xocalı hadisəsi isə insanlığın tarixinə bir qara ləkədir. Dinc insanları, günahsız uşaqları, qocaları, qadınları vəhşiliklə qətlə yetirmək bəşər tarixində misli görünməmiş cinayətdir. Bu qətliamı törədənlər isə Ermənistan dövlətinin rəhbərləridir, onlar hələ də cəzasızdırlar. Dünya ictimaiyyətinin bu acı həqiqəti sükutla qarşılaması təəssüf doğurur. İnsanlıq tələb edir ki, bu qatillər layiq olduqları cəzaları almalıdırlar.

- Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması üçün ardıcıl olaraq tədbirlər həyata keçirir. Bu tədbirlərin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birini ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Eyni zamanda, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi istiqamətində göstərilən fəaliyyətin tərkib hissəsi olaraq Azərbaycan həqiqətlərinin təbliği, xalqımıza qarşı törədilən vəhşiliklərin dünyaya çatdırılması məqsədilə daimi iş aparılır. Bu baxımdan, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının dünyada tanıdılması böyük önəm daşıyır. Hadisənin detalları erməni qəsbkarlarının etnik mənsubiyyətinə görə azərbaycanlıları, bütöv bir şəhərin əhalisini məhv etmək məqsədilə törətdiyi insanlıq əleyhinə cinayətin məhz soyqırımı olduğunu nümayiş etdirir.

Ümumiyyətlə, son zamanlar Xocalı həqiqətlərinin dünyada tanıdılması, bu faciənin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb. Hər il faciə ilə əlaqədar Azərbaycanın bütün regionlarında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, bu faciə zamanı həyatını itirmiş insanların xatirəsi yad edilir. Vurğulamaq lazımdır ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanınması istiqamətində mühüm addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası çərçivəsində görülən işlər, diaspor təşkilatlarımızın fəaliyyəti nəticəsində dünyanın 10-a yaxın dövləti, eləcə də ABŞ-ın 20 ştatı və bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını rəsmən tanıyıb və bu soyqırımı pisləyən qətnamə qəbul ediblər.

- Elman müəllim, son illər “Xocalıya ədalət!” kampaniyası beynəlxalq miqyasda uğurla həyata keçirilir. Kampaniya çərçivəsində görülən işlər mühüm nəticələr verməkdədir.  Bu barədə sizin fikirlərinizi bilmək istərdik...

- Bəli, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə hər il bir sıra ölkələrin paytaxtında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Eləcə də Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası başlayıb. Fond Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası  real və konkret nəticələrini verməkdədir.

Bu kampaniya təkcə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrini əhatə etmir, Avropa məkanında, ABŞ-da, Rusiyada da bu deviz altında genişmiqyaslı tədbirlər keçirilir. Bu kampaniya çərçivəsində görülən işlər dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərindən xəbərdar olmasına imkan verir.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə mühüm nailiyyətlərə imza atılıb. 2010-cu ildə İƏT-ə üzv ölkələrin parlamentləri “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul edib. Qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilib. 
Beynəlxalq kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasına nail olur. “Xocalıya ədalət!” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırması baxımından müasir tariximizin mühüm mərhələsi olub. Ümumiyyətlə, bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. Bütün bunlar dünya ictimaiyyətində Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti haqqında düzgün rəyin formalaşmasında mühüm rol oynayır.