YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dünya ictimaiyyəti həqiqi soyqımın ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini bilməli və bunu qəbul etməlidir

Müsahibimiz Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov

- Anar müəllim, tarix boyu dəfələrlə ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Bunların sırasında miqyasına görə 1918-ci ilin mart ayında törədilmiş qətliamlar daha dəhşətlidir. Ümumiyyətlə, xalqımıza qarşı törədilmiş soyqırımın tarixi kökləri haqqında nə deyə bilərsiniz?

- Tarix boyu türk-müsəlman əhalisinə qarşı erməni düşüncəsi düşmən bir düşüncədir. Yəni ermənilərin xalqımıza qarşı düşmən münasibətinin kökü təkcə XIX-XX əsrlərlə bağlı deyil. Baxmayaraq ki, Osmanlı dövləti, Osmanlıya qədər səlcuqlar, bir sözlə, türklər  həmişə erməniyə tolerant münasibət göstərib. Ən çətin məqamda erməniyə əl uzadan türklər olub, erməni üçün şərait yaradan türk-azərbaycanlılar olub. Amma ermənilər isə bizə qarşı həmişə bunun əksini ediblər. Erməni xalqının tanınmış nümayəndəsi Xaçatur Abovyan da dəfələrlə bildirib ki, «türk dili erməni həyatı üçün xüsusi əhəmiyyət daşıyıb. Ermənilər öz dilində ifadə edə bilmədiyini bu dildə ifadə edib». Yəni  erməni mütəfəkkirlərinin əksəriyyəti türklər haqqında xoş söz deyiblər. Əslində bunu deməklə heç nə şişirtməliyblər, sadəcə doğrunu söyləyiblər.

Amma təəssüf ki, həmişə erməni düşüncəsində türk-müsəlmana düşmənçilik təbliğ olunub. Qaragen Njdenin «Qaragen Njde və onun təlimi» kitabı var. O, XX əsrin erməni ideloqlarının ən birincilərindən olub. Qaragen Njde həmin kitabda türk-müsəlmana münasibətini belə bildirir: «Vaxtilə 1919-cu ildə italyanlar Mussolinin simasında faşizmi yaratdılar, amma onlar bir şey edə bilmədilər. 1933-cü ildə Hitler almanların simasında nasizmi yaratdı, o da bir şey edə bilmədi. Amma biz nə istəyirik? Dünyada sonuncu türk lal-kar, kor olsa belə, biz onu öldürməliyik». Yəni erməni  ideologiyasında rəhm deyilən  bir şey yoxdur. Necə ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı qətliamı  buna əyani misaldır. Xocalıda ermənilər insanlığa qarşı ən dəhşətli qəddarlığı etdi.

Birinci dünya müharibəsi başlanan dövrdə ermənilər hesab edirdilər ki, öz məqsədlərinə çatmaq üçün münbit şərait yaranıb. Onların düşüncəsinə görə, müdafiə etdikləri çar Rusiyası müharibədən qalib çıxsa, Osmanlı ərazisində Cənubi Qafqaz da daxil olmaqla «böyük Ermənistan» dövləti yaratmaq olar. Öz məqsədlərini reallaşdırmaq üçün isə bu torpaqlarda yaşayan türk-müsəlmanları məhv etməyi planlaşdırırdılar.

1914-1918-ci illər ərzində Omanlı ərazisində öz maraqlarını təmin edə bilməyən, dövlət yarada bilməyən ermənilər  silahlı dəstələri Şimali, Cənubi və  Qərbi Azərbaycanda on minlərlə türk-müsəlmanı qətlə yetirdilər. Qətlə yetirilənlər isə dinc əhali idi. Hansı ki, bu əhali vaxtilə ermənilərə torpaq, yaşamaq üçün yer-yurd vermişdilər. Bu proseslərin  ən dəhşətlisi 1918-ci ildə baş verən mart soyqırımıdr. Ermənilər həmin vaxt Bakı şəhərində martın 30-dan aprelin 2-dək kütləvi qətliam törətdi ki, bunun adı soyqırımdır.

- 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlarla bağlı müxtəlif rəqəmlər səsləndirilir...

- 1918-ci ilin martın 30-dan aprelin 2-dək Bakıda və ətraf kəndlərdə müsəlman əhalisi planlı surətdə soyqırıma və talanlara məruz qalaraq 11 mindən artıq günahsız insan qətlə yetirilib. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda «Kaspi» qəzeti redaksiyasını, «Dağıstan», «İsgəndəriyyə» və «İsmailiyyə»ni yandırmışdılar. «Kaspi» qəzeti redaksiyasında "Quran-Kərim"ın yenicə çap edilmiş 5 min nüsxəsi də yandırıldı.

1918-ci ilin aprel-may aylarında Şamaxı qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. S.Lalayan və T.Əmirovun rəhbərliyi ilə təkcə Şamaxı şəhərində bir neçə gündə 8 minə qədər müsəlman qətlə yetirilmiş, 13 məscid, eyni zamanda, səkkiz əsrlik tarixi olan Cümə məscidi yandırılmışdı. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən ermənilər Şamaxı şəhərində 8100, Şamaxı qəzasının 53 kəndində isə 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur.

Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdi. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hal-hazırda mövcud deyildir.

1918-1920-ci illərdə Zəngəzur qəzasında 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. 1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92, İrəvan şəhəri və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdi.

Lənkəran və Astarada 1000 nəfərdən çox, Salyan və Hacıqabulda 2000 nəfərdən çox, Kürdəmirdə 2000, ümumilikdə 6 minə qədər müsəlman qətlə yetirildi, evləri yandırıldı, əmlakları talan olundu.

Cənubi Azərbaycanın Urmiya, Xoy, Maku, Səlmas, Təbriz şəhərlərində 100 minə qədər türk-müsəlman qətlə yetirilmişdir. Cənubi Azərbaycanda qırğınlar o dərəcədə olmuşdu ki, hətta qırğınlardan bir neçə il keçəndən sonra da Urmiya və Səlmasda insan yaşamayan boş kəndlər qalmışdı.

 - Tarixdə baş verən hadisələr açıq şəkildə sübut etmirmi ki, ermənilər hər zaman xarici qüvvələrin əlində bir alət olub? Məhz ermənilərin vasitəsilə müəyyən təxribatlar həyata keçirilib?

- Mənim söylədiklərim tarixdir, siyasət deyil. Tarixdə Osmanlı ilə Rusiya arasında 12 müharibə baş verib.  Bunlardan yalnız 1853-56-cı illərdə baş vermiş Krım müharibəsi Osmanlı dövlətinin qələbəsi ilə başa çatıb. Qalan bütün müharibələrdə çar Rusiyası qalib gəlib, Osmanlıdan torpaq qoparıb. Eyni zamanda, imzalanan sülh müqavilələrin hər birində erməni məsələsi olub. Tarix boyu ruslarla ermənilər həmişə bir yerdə olub. Təkcə onları birləşdiən  xristian amili deyil, ermənilər həmişə rusların qucağında olub.

Bu gün də Türkiyə Avropa dövlətləri ilə əməkdaşlıq etsə də, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər qursa da, Türkiyəyə qarşı səmimiyyət yoxdur. Qərb güclü Türkiyə istəmir, tarixən Türkiyənin zəif olmasını istəyiblər və bu gün də o fikirdədirlər. Tarix boyu ruslar və türklər dost ola bilməyiblər. Ruslar və eləcə də Qərb dövlətləri ermənilərdən türklərə qarşı istifadə ediblər.

Bu gün torpaqlarımız işğal olunub, bu tək Ermənistanın  işi deyil. Təbii ki, erməniyə silah verən, ona dəstək olan dövlətlər məlumdur. Bir sıra böyük dövlətlər bu gün də öz işindədir, ermənilərə dəstək verir. Qərb dövlətlərinin heç biri indiyə qədər Ermənistanı işğalçı kimi tanımayıb. Minsk qrupunun həmsədr dövlətləri də bunu etiraf etmir. Əslində, onlar hər şeyi çox yaxşı bilirlər. Amma işğalçı dövləti dolayısı ilə müdaifə ediblər. Eyni zamanda, ermənilərdən türklərə qarşı hər zaman istifadə edirlər. Bunun ən bariz nümunəsi uydurma «erməni soyqırımıdır». Avropanın bəzi dövlətləri bu uydurma «soyqırımını» tanıyıblar. Hansı ki, Birinci dünya müharibəsinin arxiv sənədləri ABŞ da daxil olmaqla bütün qərb dövlətlərində var. Həmin sənədlərdə  soyqırıma dair heç bir fakt yoxdur.

- Anar müəllim, Ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü kimi anılır. İstərdik ki, bu sənədin əhəmiyyəti haqqında fikirlərinizi bildirəsiniz...

- Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı mühüm siyasi və elmi əhəmiyyət kəsb edən fikirləri var. Ulu öndərimiz vurğulayırdı ki, Azərbaycan xalqının XX əsrin sonunda əldə etdiyi ən böyük nailiyyətlərdən biri dövlət müstəqilliyinin bərpasıdır. Həqiqətən də, müstəqillik istənilən xalq, o cümlədən, Azərbaycan xalqı üçün böyük nemətdir. Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini araşdırmaq, üzləşdiyi faciələri unutmamaq və onlara işıq salmaq imkanı əldə etdi. Bu mənada XX əsrin 18-20-ci illərində yaşanmış faciələrə də siyasi, elmi və tarixi nöqteyi-nəzərdən işıq salmaq imkanı yarandı. Xüsusilə, Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman biz tarixçi alimlərə, o cümlədən, bu sahədə tədqiqat işi aparan tarixçilər üçün hüquqi əsas yaratdı. Bu, gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin obyektiv öyrənilməsi üçün çox mühüm bir sənəddir. Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, tarixini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq qazandı. Bu baxımdan əlbəttə ki, imzalanan Fərmanın böyük əhəmiyyəti var. 

- Azərbaycan dövləti soyqırım həqiqətlərinin dünyada tanıdılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Bəs bu baxımdan, tarixçi alimlərimiz üzərinə düşən vəzifələri hansı səviyyədə yerinə yetirirlər?

- 1920-1980-ci illərin sonuna qədər Azərbaycan tarixşünaslığında soyqırımla bağlı  bir cümlə belə yazılmayıb. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyulun 15-də Fövqalədə Təhqiqat Komissiyasını yaratdı. Komissiya azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı sənəd şəklinə saldı. Ələkbər bəy Xasməmmədov başda olmaqla Fövqəladə Təhqiqat Komissiyası Bakı, Quba, Şamaxı və başqa qəzalarında həyata keçirilən qətliamlarla bağlı 36 cild sənəd hazırlaya bildilər. Həmin sənədlər qədər etibarlı sənəd heç yerdə ola bilməz.

1920-ci ilin aprel işğalı həmin sənədlərin istifadəsini yasaq etdi. Bolşeviklər xalqlar dostluğu ideologiyasını təbliğ edirdi. Canlı şahidlər bu haqda bir kəlmə də danışa bilməzdilər. Əslində sovetlər dövründə ermənilər dünyaya  özlərini soyqırıma məruz qalan xalq kimi təqdim edirdilər. Çox zaman da öz istəklərinə nail olurdular.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əsl həqiqətlərin üzə çıxarılması istiqamətində xeyli iş görülüb. İlk növbədə, arxivlər açıldı. Məlumdur ki, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu və 1920-ci il martın 31-i milli matəm günü kimi qeyd olunub.

Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atılıb. O zamandan etibarən Azərbaycan həqiqət­lərinin, o cümlədən soyqırım həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülür.

Tarixçi alimlərimiz də bu baxımdan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycanlıların soyqırımı ilə əlaqədar xeyli sayda tədqiqat əsərləri nəşr olunub, sənədli filmlər çəkilib. Müxtəlif dillərdə tərcümə olunan əsərlər ayrı-ayrı dövlətlərin kitabxanalarında var. Biz bununla dünyaya sübut etmək istəyirik ki, əslində, soyqırıma məruz qalan azərbaycanlılıardır. Dünya ictimaiyyəti həqiqi soyqımın ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini bilməli və bunu qəbul etməlidir.  Biz həqiqəti deyirik. Və həqiqət uğrunda da mübarizəmizi davam etdiririk.

Böyük azərbaycanlı Üzeyir bəy Hacıbəyli 1919-cu ildə mart soyqırımın bir illiyi ilə bağlı "31 mart" adlı məqaləsində yazırdı: "Bu günkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcək­də hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır".