YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Akademik Zərifə xanım Əliyevanın nurlu xatirəsi ürəklərdə yaşayır

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

- Hicran xanım, aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü tamam olur. Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və fəaliyyəti hər zaman dərin hörmətlə yad edilir. İlk öncə bu barədə düşüncələrinizi bilmək istərdik...

- Həyatda elə insanlar var ki, onlar hər hansı sahə, peşəyə bütün qəlbi ilə bağlanır, ömrünü ona həsr edir. Və zaman keçdikcə  onların bu zəhməti  böyük bir yolun başlanğıcını təşkil edir. Bizi fərəhləndirən əsas məqam odur ki,  belə insanlar içərisində qadın alim və ziyalılarımız çoxdur. Və illər sonra bu şəxsiyyətlərin həyatı, elmi fəaliyyəti bir nümunə kimi qalmaqda davam edir. Bu  görkəmli simalardan biri də ictimai xadim Zərifə xanım Əliyevadır.

Artıq uzun illərdir ki, tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva  bizim aramızda yoxdur. Lakin bu  nurlu insanın işıqlı xatirəsi ürəklərdə yaşayır. Xalqımız hər il aprelin 15-də isə vəfatının ildönümünü, 28-də Zərifə xanımın doğum gününü dərin ehtiramla qeyd edir. Zərifə xanım akademik Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər  və milli dəyərlər  üzərində qurulmuşdu. İnsan şəxsiyyətinin  formalaşması onun əhatə olunduğu mühitdən asılıdır. Zərifə xanım da çox nəcib  ailədə, söz, sənət adamlarının əhatəsində böyüyürdü. Ötən əsrin görkəmli elm, mədəniyyət xadimləri Üzeyir Hacıbəyov,  Müslüm Maqomayev,  Mirəsədulla  Mirqasımov,  Bülbül, Səməd Vurğun və digər şəxsiyyətlərin Əliyevlər ailəsi ilə dostluğu və mənəvi yaxınlığı Əziz müəllimin uşaqlarının tərbiyəsinə, dünyagörüşünə müsbət təsir göstərirdi. Bu ailənin övladları ilk növbədə halal yaşamalı, mükəmməl təhsilə yiyələnməli, cəmiyyətdə hörmət qazanmalı idilər. Belə bir mühitdə tərbiyə alan Zərifə xanım bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellekti, geniş dünyagörüşü ilə seçilirdi. O, təmkinli, səbrli, dözümlü və zəhmətsevər idi. Tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Yüksək intellektual səviyyəsi, sərrast düşüncələri, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi.  Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Belə düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim ilk növbədə insanları sevməli, onların ağrısını hiss etməlidir. Özü məhz belə həkim idi. Əslində o, başqa peşə   sahibi  olsaydı belə,  yenə insanlara sevgisi ilə   fərqlənəcəkdi.

- Zərifə xanım Əliyevanın zəngin elmi irsi dünya oftalmologiyasına mühüm töhfələr verib...           

-  Zərifə xanımın təbabətə gəldiyi illərdə Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Xüsusən bölgələrdə bu xəstəlikdən əziyyət çəkənlər daha çox idi. O, həmkarları ilə birlikdə ayrı-ayrı  rayonları gəzərək xəstələri müayinə və müalicə edir, ehtiyacı olan insanlara işıq bəxş edirdi. İstedadlı alimin qarşısına qoyduğu ali məqsəd insanların faciəsinə səbəb olan traxoma xəstəliyinin kökünün kəsilməsi idi. Onun bu sahədə yorulmaq bilmədən apardığı elmi axtarışlar, əldə etdiyi dəyərli nəticələr Zərifə  xanımın namizədlik işində öz əksini tapmışdı. 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə  sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görüldü.

- Görkəmli elm xadimi Zərifə xanım Əliyevanın zəngin həyat yolu, şübhəsiz ki, hər bir azərbaycanlıya örnəkdir.  Bəs Zərifə xanım Əliyevanın nümunəvi və parlaq elmi fəaliyyəti barədə nə deyə bilərsiniz?   

- Zərifə Əliyeva ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları,  müalicə işləri ilə yanaşı,  pedaqoji   fəaliyyətini də uğurla davam etdirirdi. O, 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasına dosent vəzifəsinə seçilmişdi. Zərifə xanım dosentlikdən professor,  kafedra  müdiri vəzifələrinə,  akademik zirvəsinə qədər yüksəlmişdi.  Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. O, ictimai işlərə də vaxt tapır, bu sahədə də yorulmadan fəaliyyət göstərirdi. Zərifə xanım uzun illər Sovet Sülhü Müdafiə Komitəsinin,  Azərbaycan “Bilik”  Cəmiyyətinin və  Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü  olmuşdur.

- Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verir, bu münasibətlərdə həkimin “sözlə” müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmannasızlıq təşkil edir...

- Bəli, Azərbaycanın Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva bir həkim kimi xəstələrinə can yandırır, onlara doğmaları kimi münasibət bəsləyirdi. Onun üçün vəzifəsindən, həyatdakı mövqeyindən asılı olmayaraq bütün insanlar bərabər idi.  Xəstələrinə, ümumiyyətlə ehtiyacı olan hər kəsə yardım əli uzadır  və həmişə də çalışırdı ki, bunu başqaqları hiss etməsin. O hər gün işə gələndə  rayonlardan gəlib xəstəxanada yatan xəstələrinə yemək, geyim gətirirdi ki, onlar ailədən uzaq  düşdüklərinə görə narahat olmasınlar. Eyni zamanda hər bir xəstəsi ilə mehriban rəftar edir, onlarda sağalacaqlarına ümid yaradırdı. Həmişə deyirdi ki, xəstənin həkimə inamı uğurlu müalicəyə bərabərdir. Onun adının yanında “nur, işıq” sözləri daha çox işlənir. Bu da təbii ki, Zərifə xanımın peşəsi və işıqlı təbiəti ilə bağlıdır. Onun həyatının   məqsədi   xeyirxahlıq idi. Elə həmkarlarına bu insandan  yadigar  qalan da  peşəsinə  sədaqət,  xəstələrə  həssas  münasibət  və  onları  həyata   qaytarmaq istəyidir. Yüksək səviyyəli peşəkar kimi neçə-neçə insanın gözünə işıq verib, onları həyata qaytaran akademik Zərifə Əliyeva həmişə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara, kimsəsiz və yetim uşaqlara böyük diqqətlə yanaşırdı. Onun xatirəsini sadə xalqın yaddaşında ehtiramla yaşadan həm də bu mərhəmət və şəfqətdir. Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan qadınının problemlərinə böyük diqqət yetirməsində Zərifə xanımın şəxsi nümunəsi də mühüm rol oynayırdı. Güclü şəxsiyyət və dərin zəka sahibi Zərifə xanım Ulu Öndərə etibarlı mənəvi dayaq idi. O, həmişə öz dərin elmi biliyini gənc alim və aspirantlarla bölüşür, əlindən gələn köməyi onlardan əsirgəmirdi. Gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir.

- Zərifə xanım Əliyevanın portretinin xarakterik cizgilərindən bəhs edərkən, həm də Onun gözəl ana, vəfalı ömür-gün yoldaşı, səmimi insan olduğu da xüsusi olaraq vurğulanır...

- Zərifə Əliyeva  qayğıkeş, mehriban ana, vəfalı, sədaqətli   ömür yoldaşı, səmimi dost, saf insan idi. O,  öz gücünə, qüvvəsinə   nə  qədər  inansa,  arxayın  olsa,  ömrünü  tibb elminin inkişafına  həsr etsə  də,  ailəsinin  mənəvi  durumu,   övladlarının   tərbiyəsi   həmişə  birinci yerdə dayanırdı.   Ailəsinin  şərəf  və  ləyaqətini  hər  şeydən  uca  tutan  Zərifə xanım  çalışırdı  ki,  onun  uşaqları hərtərəfli inkişaf etmiş müasir gənclər kimi böyüsünlər. Xalqımızın milli  dəyərlərini, adət-ənənələrimizi yüksək qiymətləndirərək   şəxsi  həyatı  ilə  də   hamıya örnək oldu. Ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevlə  bərabər  öz  şəxsi  nümunəsində  əsl Azərbaycan  ailəsinin  mövcudluğunu nümayiş etdirdi.  O, müasir Azərbaycan tarixində mühüm  yeri olan  iki prezidentin həyatında vacib rol oynayıb. Ulu Öndərin yaxın silahdaşı, cənab Prezident İlham Əliyevin tərbiyəçisi olub.  Zərifə xanım  elə bir tərbiyənin, sevginin əsasını qoyub ki, bu gün  həmin ailənin hər üzvü  mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Bu ailə üzvlərinin gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətraflarındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları,  hər bir işdə peşəkarlıq nümunəsi  göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır.

İnsan Yaradan tərəfindən maddi və mənəvi sınaqlara  məruz qalır. Hansı insan bu sınaqlardan şərəflə çıxırsa bax, əsil insan da odur. Belələrinə Allah hər iki dünyada əbədi səadət bəxş edir.  Zərifə  Əliyeva da həyatın bütün sınaqlarından şərəflə çıxmış məhz belə bir insan idi. Son dərəcə vəntənpərvər, ləyaqətli şəxsiyyət, ailə səadətinin qoruyucusu, fədakar ana, ən əsası isə xeyirxah insan. Bu gün Zərifə Əliyeva Azərbaycan xalqının ürəyində məhz belə yaşayır.