YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Heydər Əliyevin ömür yolu milli dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılan tarixdir

   Milli Məclisin deputatı Ağalar Vəliyev

- Böyük şəxsiyyətlərin ideyaları qələbələrə aparan yolun başlanğıcıdır.  Dahi şəxsiyyət Heydər Əliyevin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri ulu öndərin hakimiyyətinin hər iki dövründə  dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasınin aydın ifadəsini yaradır. Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların möhkəm təməli kimi dəyərləndirilən 1969-1982-ci illərə bir baxış keçirməyinizi istərdik...

- Təbii ki, ulu öndərin xidmətlərini bir yazı çərçivəsində qeyd etmək mümkün deyil. İllər biri-birini əvəzlədikcə bu xidmətlərin miqyasının genişliyi daha aydın görünür, yeni-yeni araşdırmalar, tədqiqatlar aparılır. Ümumiləşdirilmiş ifadə budur ki,  1969-1982-ci illərdə, eyni zamanda o bünövrə əsasında  1993-2003-cü illərdə başlanmış islahatlar, irəli sürülmüş təşəbbüslər bugünkü reallığı mümkün edib.

Bu reallıq hər zaman böyük fəxr və inam hissi ilə önə çəkilir ki, ümummilli lider Heydər Əliyev  1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə  ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən  bir diyara çevirmişdir. Dahi şəxsiyyət Azərbaycanı həm  dirçəldir, yenidən qurur, həm də onun  gələcəyi barədə düşünmüşdür. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə  vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş ittifaqın   ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli  uğurlar  ulu öndər  Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Möhtərəm Prezidentimiz  İlham Əliyevin bu fikirləri həmin dövrün ümumiləşdirilmiş ifadəsidir: «1969-cu ilə qədər  Azərbaycan haqqında  heç sovet məkanında  o qədər də  çox məlumat  yox idi.  1970-80-ci illərin  əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur.  Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl  respublikalardan   birinə çevrildi.  Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda  olmadığı dövrdə  yavaş-yavaş Azərbaycan  yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə  əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi.  Biz deyəndə ki,  Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki  formal olaraq  müstəqillik  1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi.  Azərbaycanın gələcəyi sual altında idi.  Azərbaycan müstəqil ölkə kimi  yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz  qalırdı  və bu təzyiqə davam  gətirə bilmirdi.  Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın  dövlət quruculuğu  məhz 1993-cü ildən  başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra  başlanmışdır və on il ərzində Azərbaycan  yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqıcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir  və bu gün Heydər Əliyev siyasəti davam edir.»

Keçmiş sovetlər birliyi dövründə  ən məşhur dəmir yolunun -Baykal Amur magistralının çəkilişinə rəhbərlik edən, Bakıda ittifaq əhəmiyyətli məişət  kondinsionerləri  zavodu kimi onlarla müəssisənin tikintisinə, Azərbaycanda  sənayenin inkişafına   nail olmaq üçün  fədakarlıq göstərən ulu öndər Heydər Əliyevin çəkdiyi zəhmətləri sadalamaqla bitməz.   «Ümummilli Lider Heydər Əliyev Azərbaycanın memarıdır» sözləri təsadüfən işlənmir.  Nadir şəxsiyyət olan ümummilli lider  Heydər Əliyevin gələcəyi görmək qabiliyyətinin  güclü olması,  natiqlik və hazırcavablıq məharətinin yüksək dəyərləndirilməsi,  hədəfi düzgün seçən qərarların qəbulundakı dəqiqliyi onun şəxsi keyfiyyətlərini tamamlayırdı.  

Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, milli mənəvi-dəyərlərə bağlılığın, ictimai şüurun  formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  1969-cu ildə  Azərbaycana rəhbərliyə başlayan, 70-ci illərdən etibarən milli təfəkkürün qorunub saxlanılması üçün vətəndaşlıq yanğısı ilə xalqına bağlılığını bütün sahələrdə  hiss etdirən  müdrik siyasətçi respublikaya birinci rəhbərliyi dövründə imperiyanın təsir və təzyiqlərinə baxmayaraq Azərbaycana intibah dövrünü yaşatdı. Xalqda  tarixi keçmişi, milli kimliyi, dili,  mədəniyyəti, adət-ənənələri, düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdırdı. 

Ulu öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Bu dövrün  Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən - məhz Ulu öndərin hakimiyyətə  gəlişindən sonra başlamışdır.  

- Məhz bu uğurlara söykənərək, böyük qətiyyətlə bildiririk ki,  ulu öndər Heydər Əliyev sovetlər birliyi dövründə Azərbaycanı  qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə  qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu...

- Azərbaycanın 25 ilə yaxın müstəqillik dövründə keçdiyi inkişaf yolunun təhlilini vermək hər zaman  günümüzün tələbidir.   Müstəqilliyimizin ilk illərində ölkəmizin hansı durumla üz-üzə qaldığı bəllidir. Ölkədə xaos, anarxiyanın, özbaşınalığın baş alıb getməsi həmin dövrün xarakterik xüsusiyyəti idi. Həmin dövrün iqtidarının başı hakimiyyət uğrunda mübarizəyə qarşıdığından torpaqlarımızın işğalı da  davamlı hal almışdır. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amillərdəndir. Lakin həmin dövrdə Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Hər sahədə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar geniş vüsət almışdır. Azərbaycan haqqında məlumatsızılıq erməni yalanlarının ayaq tutub yeriməsinə geniş meydan açırdı. Ölkədə vətəndaş müharibəsinin dərinləşməsi Azərbaycanın parçalanmasını, bir dövlət olaraq dünya xəritəsindən silinməsini sürətləndirirdi. Belə bir ağır durumda xalq öz xilaskarını axtarırdı. Bu, təbii ki, bütün ömrünü xalqına, dövlətinə həsr edən ulu öndər  Heydər Əliyev idi.   Milli dövlətçilik  salnaməsinə  qızıl hərflərlə yazılan tarix - 15 iyun 1993-cü il xalqı böhrandan, ağır durumdan xilas edən  gün oldu. O gündən etibarən  müstəqilliyimizin əbədi olması üçün böyük xidmətlər göstərən dahi şəxsiyyət  Heydər Əliyev  müasir Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, süverenliyimizin etibarlı qarantına çevrildi.

 Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən ölkəmizin iqtisadi qüdrətinin  yüksəlməsi naminə ümummilli liderin həyata keçirdiyi inkişaf strategiyasının daha da təkmiləşdirilməsi nəticəsində bu gün Azərbaycan tək neft-qaz hasil və ixrac edən ölkə kimi deyil, rəqabətədavamlı  iqtisadiyyata malik respublika kimi də tanınır. Ulu öndərin uğurlu daxili  siyasəti nəticəsində ölkədə yaradılan sabitlik  1994-cü ildə tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft müqaviləsinin imzalanmasına yol açdı. Azərbaycanın gələcəyinə inamın artması fonunda  ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. Azərbaycan əməkdaşlıq məkanına çevrildi. Məhz müdrik siyasətçi Heydər Əliyevin rəhbərliyi altında  milli maraqlara əsaslanan xarici  siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və tannımış beynəlxalq təşkilatları  ilə qarşılıqlı, etimad və inama əsaslanan ikitərəfli  münasibətlər formalaşmış, inkişaf etmiş, təkmilləşmişdir.   İqtisadiyyatı tənəzzülə düçar olan, işsizlik və inflyasiyanın törətdiyi problemlər  içərisində qalan Azərbaycanı hakimiyyətə qayıdışı ilə   çətinliklərdən xilas edən ulu öndər siyasəti, müdrikliyi, dövləti idarəetmə təcrübəsi ilə qısa müddətdə   xalqı əziyyətlərdən qurtardı. Onun  rəhbərliyi ilə  ölkəmizin gələcək inkişaf yolu  müəyyənləşdirilmiş,  apardığı islahatlar nəticəsində  misilsiz nailiyyətlər qazanılmış, dünya  birliyinə  yolun parametrləri  dəqiqləşdirilmişdir. Onun elə bir ölkəyə səfəri yox idi ki, Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin əsil mahiyyətini faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Ulu öndər Heydər Əliyevin  səyləri nəticəsində diaspor quruculuğu prosesi  həyata keçirildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm addımlar atıldı. 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi bu birliyə, həmrəyliyə böyük töhfə oldu. Ulu öndər Heydər Əliyev ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqlarının cəsarətlə aparılması üçün güclü ordunun olmasını vacib amil kimi önə çəkdi.  Bir faktı da qeyd edək ki, hərbi kadrların hazırlığı istiqamətində də ilk addımlar ümummilli liderin Azərbaycana hakimiyyətinin birinci dövründə atılmışdır. Onun gərgin səyləri nəticəsində C.Naxçıvanski adına hərbi lisey yaradılmışdır.

Dahi şəxsiyyətin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərinin miqyası böyükdür. İlk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanın bu istiqamətdə atdığı addımlar da göz qabağındadır. Azərbaycanın demokratiya yolu heç də hamar olmayıb. Bütün təzyiqlərə baxmayaraq, ulu öndər Heydər Əliyevin uğurlu siyasəti Azərbaycanın bu istiqamətdə də yoluna işıq salmış, bütün maneələr dəf olunmuş,  demokratik dəyərlərə sadiqliyinin təsdiqi kimi  ölkəmiz Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın müstəqilliyinin daimi, əbədi olması, bir dövlət olaraq dünya birliyində layiqli yer tutması,  müasir, demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, müasir idarəetmə üsullarının tətbiqi   ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Respublikaya rəhbərlik etdiyi  dövrlərdə  müstəqilliyimizin əbədiliyi, canından artıq sevdiyi Vətəninin inkişafı  naminə bütün çətinliklərə qalib gələn müdrik siyasətçi,  təcrübəli  dövlət başçısı kimi  fəaliyyəti təcrübə məktəbi olan ümummilli lider Heydər Əliyev irsi gələcək nəsillər üçün də örnəkdir. 

- 2003-cü ildən sonrakı dövr Böyük Yolun davamı kimi dəyərləndirilir. Son 12 il  Azərbaycan tarixinə hansı uğurları yazıb?

- Son 12 ildə  ulu öndər Heydər Əliyevin siyasətinin möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün  müstəqil Azərbaycan demokratik və bəşəri  dəyərlərin bərqərar olduğu dövlət, dünya  birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkə, beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi tanınır və nüfuz qazanır.  Tarix baxımından o qədər də böyük olmayan son on iki il ərzində Azərbaycan keçid dövrünü başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoymuş,  etibarlı  tərəfdaş kimi, dünyada  yüksək nüfuza malik ölkəyə, regionun bütün iqtisadi və siyasi  məsələlərinin  həllində əvəzolunmaz iştirakçıya və  əsas söz sahibinə çevrilib.  Bu gün ölkəmiz böyük transmilli layihələrin təşəbbüskarı  və aparıcı iştirakçısıdır.  Kosmik klubun üzvüdür. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Qeyd etdiyimiz kimi, beynəlxalq əhəmiyyətli konfransların, forumların keçirildiyi bir məkandır. Hətta dünyanın  iri dövlətlərinin ciddi problemlərlə üzləşməsi fonunda Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür. Enerji, ərzaq və ekoloji  təhlükəsizliyin təmin olunması istiqamətində  qarşıya qoyulan vəzifələr uğurla icra edilir. Əhalinin həyat səviyyəsi davamlı olaraq  yüksəlir. Ölkəmizin  sosial-iqtisadi inkişafına  ciddi töhfələr verən məqsədli Dövlət Proqramlarının icrası  əldə olunan nailyyətlərin  əsasını təşkil edir. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atılan biri-birindən əhmiyyətli addımların nəticəsi olaraq ümumi daxili məhsulda özəl bölməninin payı 85 faizdən yüksəkdir. Ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində davamlı addımlar atılır.  Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 85 faizdən  çoxunu təşkil edir. Azərbaycanın iqtisadi inkişafını təmin edən amillərdən biri yaradılmış biznes və investisiya mühitidir. Ölkəmizin etibarlı  tərəfdaş olması, investorların  hüquq və əmanətlərinin  qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici  sahibkarlara bərarbər şəraitin yaradılması nəticəsində iqtisadiyyata  180  milyard dollara yaxın  investisiya qoyulmuşdur ki, bunun yarısı xarici investisiyalardır. İqtisadi  qüdrəti artmış Azərbaycan artıq  xarici investisiya yatıran  ölkəyə çevrilib. Ölkəmizin uğurları  beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya  İqtisadi Forumunun  hesabatına əsasən Azərbaycan  son illərdə ardıcıl olaraq  MDB ölkələri arasında  liderliyini qoruyub saxlamışdır.
Müstəqilliyin atributlarından sayılan Silahlı Qüvvələrin  formalaşdırılması, hərbi islahatların  aparılması, bu gün qürur duyduğumuz Azərbaycan Ordusunun qazandığı nailiyyətlər də ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlarındandır. Cənab İlham Əliyev müdafiə qabiliyyətimizin gücləndirilməsini qarşıya prioritet məsələ kimi qoyub.  Bu gün böyük iftixar hissi ilə  deyirik ki,  Milli Ordumuz respublikamızın milli təhlükəsizliyini, əhalinin əmin-amanlığını ləyaqətlə qoruyur.

Diplomatik uğurlarımızın da miqyası genişdir.  Şərqi Avropa qrupundan ən nüfuzlu təşkilat olan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 155 səs üstünlüyü ilə seçilməsi Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə yazıldı. İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzvüdür. Ölkəmiz Avropa Qonşuluq və «Şərq tərəfdaşlığı» kimi çoxtərəfli  formatın iştirakçısıdır. Azərbaycan sivilizasiyalararası dialoq məkanı kimi də maraq doğurur. Ölkəmizdə  keçirilən müxtəlif istiqamətli beynəlxalq tədbirlərə  ev sahibliyi edən Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindəndir.  Bakıda və bölgələrdə keçirilən Mədəniyyətlərarası Dialoq Forumları,   din və dövlət mövcusunda  beynəlxalq konfranslar, Qəbələdə beynəlxalq müsiqi festivalları,  ötən il ölkəmizin  birinci Avropa Oyunlarına ev sahibliyi etməsi və s kimi biri-birindən əhəmiyyətli hadisələr Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunun təqdimatlarıdır. Azərbaycanın uğur səlnaməsinə yazılan göstəricilərin, hadisələrin kiçik bir qismini sadalamaqla bir daha bildirmək istəyirik ki, dünyanın heç bir ölkəsində respublikamızın qazandığı uğurlarla müqayisə olunacaq inkişaf  qeydə alınmayıb. Prezident İlham Əliyev qarşıdakı hədəfləri düzgün müəyyənləşdirərək bildirir ki, Azərbaycanı yaxın zamanlarda inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır. Bütün bu uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı daha da artırır.

- Azərbaycan  tarixən əməkdaşlıq məkanı olmuşdur. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkələr, xalqlar arasında körpü rolundan irəli gəlir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal  Forumunun Bakıda keçirilməsi bir daha təsdiqlədi ki,   Azərbaycanın multikulturalizm tolerantlıq siyasəti inkişaf edir, təbliğ olunur. Forumla bağlı fikirlərinizi bilmək istərdik...

- Azərbaycanın  əlverişli coğrafi ərazidə  yerləşməsi ölkəmizin geosiyasi əhəmiyyətini artırır. Şərq və Qərb, Asiya və Avropa arasında yerləşdiyinə görə Azərbaycanda əsrlər boyu multikultural cəmiyyət mövcud olmuş,  müxtəlif  millətlərin və dinlərin nümayəndələri sülh şəraitində yaşamışlar. Ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdə iştirak edən qonaqlar bu həqiqətin şahidi olmaqla Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsinə  heyranlıqlarını da etiraf etmişlər. Azərbaycan daha bir  möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Belə ki,  25-27 aprel tarixlərində Bakıda dünya ölkələrini təmsil edən 2000 nümayəndənin iştirakı ilə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bir sıra yenilikləri ilə fərqləndi.  «İnkuliziv cəmiyyətlərdə birgəyaşama: Çağırış və  məqsəd» şüarı altında baş tutan 3 günlük  Forum çərçivəsində ilk dəfə biznes simpoziumu təşkil olundu. Belə mötəbər tədbir üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Çünki  davamlı inkişaf mərhələsinə qədəm qoyan, yeni siyasət yürüdərək  inkişaf etmiş dövlətlərlə sıx əməkdaşlıqda maraqlı olan  Azərbaycanın dünya  birliyində möhkəmlənən mövqeyi, güclənən rolu artır.

Təbii ki,  ölkəmizin  səsinin ən yüksək tribunalardan  eşidilməsi  gərgin əməyin və düşünülmüş siyasətin nəticəsi olmaqla  diplomatiyada qazanılan uğurun məntiqi nəticəsidir.   Müasir dövrdə  cəmiyyətlərin birgəyaşayış çağırışları və məqsədlərinin müzakirəsinə həsr olunan Forumlarda multikulturalizmin inkişafında Azərbaycan təcrübəsinin təbliğinə geniş yer verilməsi də ölkəmizə maraqdan yaranır.  Bu sahədə  böyük  təcrübəyə malik  paytaxtımızda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin «Multikulturalizm ili» elan edilməsi  mədəni müxtəlifliyin öyrənilməsində tətbiq olunan metodlar xalqımızın zəngin mənəvi irsindən qaynaqlanır. Bu günədək  respublikamızda Beynəlxalq Humanitar forumlar, Dünya Dini Liderlərinin Zirvə Görüşü, Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı keçirilmişdir. Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına  Avropa Şurasında təmsil olunan ölkələrin mədəniyyət nazirlərinin də dəvət olunması,  «Bakı prosesi”»nin davam etdirilməsi  qarşılıqlı əməkdaşlıqda maraqlı olan Azərbaycanın sülhsevər siyasətinin uğurudur. Dünyanın belə qarışıq zamanında,  xüsusilə  Şərq ölkələrində gərginliyin, qarşıdurmaların gücləndiyi, terror hadisələrinin artdığı,  qlobal problemlərin doğurduğu məsələlərin müzakirəsinə ehtiyac duyulduğu bir vaxtda   multikulturalizmin müsbət gələcəyi ilə bağlı  dəyərli fikirlərin, təkliflərin müzakirəsinə daha çox tələbat var. Qloballaşan müasir dünyamızda  qəbul olunan yeni ideologiyaların təbliği,  problemlərin elmi, XXI əsrin çağırışlarına uyğun müasir  texnologiyalardan istifadə etməklə aradan qaldırılması dünya ictimaiyyətini düşündürən vacib   məsələlərin müzakirəsi üçün  Azərbaycanın seçilməsi ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına da eyni məsuliyyətlə hazırlaşır. Bir sözlə,  Şərq və Qərb dəyərlərinin sintezi, Azərbaycanın demokratiya modelinin xüsusiyyətləri  ölkəmizə marağı artırmaqla sübut edir ki,  bəşəri dəyərlərə  ictimai-siyasi inkişafın əsas istiqamətləri kimi diqqət göstərilir. Multikultural cəmiyyətin formalaşması  Azərbaycanın  dövlət siyasəti, həyat tərzidir.

Sonda onu da vurğulamaq istərdim ki, bir neçə gün öncə cəbhə bölgəsinə səfəri çərçivəsində erməni təxribatlarının nəticəsində dağıdılmış evləri nəzərdən keçirməsi, bu təxribatlardan ziyan çəkmiş kənd sakinləri ilə görüşü, mülki vətəndaşlarla səmimi və mehriban ünsiyyəti, hərbiçilərlə görüşündə yenilməz sərkərdə obrazının ifadəsi  Prezident İlham Əliyevin xalqımızın əvəzsiz lideri Ulu öndər Heydər Əlyevin layiqli davamçısı olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi.