YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan gəncliyi Prezident İlham Əliyevin daxili və xarici siyasətini birlik və həmrəyliyi ilə dəstəkləyir

   Milli Məclisin gənclər və idman komitəsinin üzvü Elşad Həsənov

- Elşad müəllim, dövlət siyasətinin əsas tərkib hissələrindən biri gənclərə diqqət və qayğıdır. Gənclər bu qayğıdan necə bəhrələnir?

- Gəncləşən, müasirləşən ölkəmizdə gələcəyimizi etibar etdiyimiz yeni nəslin nümayəndələri diqqət və qayğı ilə əhatə olunublar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasətinin uğurla davam etdirilməsi,  «Gənclər günü»nün əlamətdar hadisə kimi qeyd olunması, həyata keçirilən islahatlar, Forumlar, 2007-ci ilin möhtərəm  Prezidentimiz  İlham Əliyevin sərəncamı ilə «Gənclər ili» kimi qeyd olunması, idarəetmə strukturlarında gənclərə üstünlük verilməsi və s. gənclərə inam və diqqətin bariz nümunəsidir.

Müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə  kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu artır. Gənclərin  hərtərəfli hazırlıqlı mütəxəssis,  vətəndaş kimi yetişməsi, təhsil alması,  fiziki cəhətdən sağlam  böyüməsi, gələcəyini  təmin etməsi, öz istəyinə uyğun həyat yolunu seçməsi üçün ölkəmizdə hər cür şərait  mövcuddur. Prezident İlham Əliyevin  gənclərə qayğısı da  bu məntiqə əsaslanır.  «Azərbaycanı ən qüdrətli  ölkəyə çevirək» çağırışına uyğun aparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hiss olunur.

Gənclərin təhsili, asıdə  vaxtlarının səmərəli, maraqlı və məzmunlu  təşkili,  milli ədət və ənənələrə bağlılıq ruhunun gücləndirilməsi, dünyəvi və bəşəri  irsə yiyələnmələri üçün önəmli islahatların aparılması, dünya standartlarına uyğun layihələrin həyata keçirilməsi ənənəvi hal alıb.

Son illərdə  Heydər Əliyev Fondunun, xüsusilə gənclərin və uşaqların hamisi YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilən,  gənclər arasında  məşğulluğun və savadlılığın artırılması kimi mühüm əhəmiyyətli  problemlərə həsr olunmuş beynəlxalq simpozium və konfranslar da  ölkə gəncliynin  daha gözəl sabahı üçün nəzərdə tutulan tədbirlərdir.     Azərbaycan  regionda yeganə dövlətdir ki, müharibə şəraitində yaşasa da  iqtisadi və sosial inkişafı ilə  bir çox dünya dövlətlərini üstələyib.  Təhsil ocaqlarının inşası, bərpası və yenidənqulması sahəsində də  öndə gedən ölkəmizdə yeniyetmələrin, gənclərin sağlamlığı üçün ən müasir avadanlıqlarla  təmin olunmuş müasir olimpiya kompleksləri istifadə verilmiş, beləliklə   yeni nəslin idmana  marağı artırılmışdır. «2007-2015 -ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»,  «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı» (2006-2010-cu illər",  «Azərbaycan  Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə  Dövlət  Proqramı»   (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir.  Dövlət Proqramlarına uyğun olaraq Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində, dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində  fəaliyyət göstərməsi əsası 70-ci illərdə, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin davamıdır. Hələ sovetlər birliyində  1000-dən artıq azərbaycanlı gənci ittifaq respublikalarındakı  ali təhsil  müəssisələrinə göndərməklə Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaradan ulu öndərin ənənəsi bu gün möhtərəm  Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  İndi həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli  mütəxəssislər kimi çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən Dövlət Proqramının həyata keçirilməsi beynəlxalq səviyyədə  formalaşan Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyasının sürətlənməsini təmin edən başlıca amildir. Bu gün xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər bir neçə ildən sonra Azərbaycanın ictimai həyatında çalışaraq respublika iqtisadiyyatının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevriləcəklər. Həmin  gənclər məskunlaşdıqları ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatları kimi respublika həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətində  çalışır, onların arasında tanınmış ictimai-siyasi xadimlər, görkəmli alimlər yetişəcək. Azərbaycan vətəndaşları arasında  çoxluq təşkil edən, inkişaf perspektivləri böyük olan gənclər onlara göstərilən belə yüksək diqqət və qayğı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını  təhsildə, ictimai həyatda göstərdikləri fəallıqla bildirir, möhtərəm Prezidentimizin  daxili və xarici siyasətini birlik və həmrəylikləri ilə dəstəkləyirlər.

-  Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, gənclərin milli ruhda böyüməsi  dövlətin elm,  təhsil siyasətinin əsasını təşkil etməlidir...

-  Azərbaycan xalqı xoşbəxtdir ona görə  ki,  cəmiyyətin tərəqqisində   daim elmə, zəkaya,  təhsilin inkişafına müstəsna diqqət göstərən Heydər Əliyev kimi lideri olub. Ümummilli liderin təhsilin inkişafına göstərdiyi diqqət ölkədə intellektual, ziyalı potensialının yetişməsində özünü göstərir.  İnsanlar arasında savadlanma prosesinin gücləndirilməsini, təhsilin cəmiyyətin inkişafındakı  rolunu daim yüksək dəyərləndirən  ümummilli lider Heydər Əliyev bildirmişdir ki,   təhsil sisteminin nə qədər dəyərli olması  Azərbaycanı müstəqil dövlət kimi idarə edən, iqtisadiyyatını istiqamətləndirən və  gücləndirən savadlı kadrların,  təcrübəli mütəxəssislərin çoxluğundan, bacarığından asılıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafındakfı ən böyük xidmətləri  azərbaycanlı oğlan və qızların keçmiş ittifaqın  ən tanınmış, nüfuzlu  ali məktəblərinə göndərilməsi idi.  Həmin dövrdə   keçmiş ittifaqın ali məktəblərində təhsillərini davam etdirən gəncləri möhtərəm  Prezidentimiz  İlham Əliyev  « Azərbaycanın milli sərvəti» adlandırır.  İqtisadi qüdrəti, milli-mənəvi dəyərlərə sadiqliyi, ordu quruculuğu və digər saələrdə aparılan islahatlarda gənclərin fəallığı təsdiqləyir ki,  gələcəyimizi etibar edəcəyimiz bugünkü gənclik onlara göstərilən etimadı doğruldur. Bakıda  keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında qeyd olunduğu kimi  artıq təşkilatlanmış, mütəşəkkil gənclər ordusu vahid məqsəd uğrunda  birləşir, gələcəyə  istiqamətlənmiş dövlət siyasətinin aparıcı qüvvəsi kimi tək ölkəmizdə yox Azərbaycandan kənarda da siyasi, ictimai  fəallığını artırır. 

Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurla çalışan  gənclər və tələbə gənclər təşkilatı nümayəndələri ilə görüşü, dövlət başçımızın sərəncamına uyğun «Azərbaycan gəncliyi 2011-2015-cu illərdə Dövlət Proqramı»nın qəbulu, Gənclər Fondunun yaradılması müasir gəncliyin  dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi  dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması üçün  əlavə islahat və layihələrin tətbiqini sürətləndirir.  Gənclərin cəmiyyətin  ictimai-siyasi, iqtisadi- sosial və mədəni həyatında fəallığının artırılması üçün yeni imkanlar  yaradır. Dövlət Proqramına uyğun olaraq gənclər arasında işsizlik probleminin aradan qaldırılması, yaşayış sahələri ilə təmin olunması üçün ipoteka kreditlərinin ayrılması, Azərbaycanın indiki dinamik inkişafına uyğun, ən müasir texnologiyaları idarə edəcək mütəxəssis, kadr hazırlığına diqqətin artırılması kimi mühüm amillərə əsas prioritet kimi xüsusi diqqət göstərilir. Dövlətimizin başçısı İlham Əliyev  cari ilin yanvarında  Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münamsibətilə ölkə gənclərinin biri qrupu ilə görüşündə də bu fikri xüsusi qeyd etmişdir ki,  gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin gücləndirilməsində  əsas rol oynayırlar. Vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və qoruyuruq.

- Elşad müəllim, gənclərin Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətini necə dəyərləndirmək olar?

- Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış «Xocalıya ədalət» kampaniyası çərçivəsində keçirilən tədbirlərdə gənclər fəallıq nümayiş etdirməklə ölkə həqiqətlərimizin təbliğinə öz töhfələrini verməyə çalışırlar. Dünyanın 70-dən artıq ölkəsində keçirilən tədbirlərdə  iştirak edən soydaşlarımızı təmsil edən azərbaycanlı gənclər  birlik, həmrəylik nümayış etdirirlər. Türkiyənin Taksim meydanında, Almaniyada, Böyük Britaniyada, Hollandiyada və digər ölkələrdə  keçirilən aksiyalarda Dağlıq Qarabağ münaqişəsini yaradan səbəblər barədə dünya ictimaiyyətinə əsil həqiqəti catdıran, beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edən gənclərimizin gələcəkdə yaşadıqları  ölkələrin parlamentlərində, dövlət strukturlarında təmsil olunması yaxın illərdə reallaşacaq  proqnozlardır. Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və  cəmiyyətə inteqrasiyası, mədəniyyətlərarası dialoqun təşkilinə, lobbi quruculuğuna  müasir dünyanın tələbləri baxımından diqqət yetirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi aktual məsələlərdə gənclərin fəallığına  xüsusi önəm verilməsi, eyni zamanda etibarlı gələcəyimizin təminatı baxımından vacibdir. Bir əsas məqamı da qeyd edək ki, xaricdə təhsil alan gənclərimiz öz növbəsində Azərbaycanın təbliğatçılarıdır. Gənclərimiz  elmin sirlərinə dərindən yiyələnməklə, təhsil aldıqları ölkələrdə həqiqətlərimizin  təbliğinə xidmət edən layihələrin reallaşdırılmasına, tədbirlərin keçirilməsinə səy göstərirlər. Bu gün harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə  güclü, qüdrətli dövlətin vətəndaşı olmağı ilə  qürur duyur, respubilkamızın daha da güclənməsinə, qüdrətlənməsinə öz töhfələrini verməyə çalışırlar. Bir sözlə, Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu  addımları kimi dəyərləndirən gənclərimiz dövlətin  onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla əsil vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai siyasi həyatında  tutduqları sağlam mövqe ilə  təsdiqləyirlər.  

- Təbii ki,  Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun Bakıda  keçirilməsi də gənclər ölkəsi olan Azərbaycanda gəncliyə diqqət və qayğının yüksək olmasının göstəricilərindəndir...

- Ən möhtəbər Forumların, simpoziumların keçirilməsi üçün Bakının seçilməsi  Prezident İlham Əliyevin davam etdirdiyi daxili və xarici siyasətin uğuru, ölkədə  davamlı sabitliyin təminatı, Azərbaycanın dünyada  möhkəmlənən mövqeyinin dəstəklənməsidir. Müstəqil Azərbaycanda gənclər siyasətinin dövlətin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edən möhtərəm  Prezidentimiz  İlham Əliyevin   Forum iştirakçılarına təbrikində də  ölkə gənclərinə göstərilən diqqət  və qayğı əksini tapmışdır: « Bu ilk forumun Bakı şəhərində keçirilməsi barədə qərarı ölkəmizin gənclərlə iş sahəsindəki təcrübəsinə verilən qiymət kimi dəyərləndiririk. Hesab edirik ki,  bu toplantı qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə gənclər siyasətinin prioritetlərinin dəqiqləşdirilməsi, problemlərin həlli yollarının araşdırılması, iştirakçı ölkələrin dövlət orqanları və qeyri –hökumət təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq, səmərəli müzakirələrlə yadda qalacaqdır.»    

Azərbaycanda  yeni nəslin təlim-tərbiyəsinə, fiziki sağlamlığına,  dünya görüşünün yüksəlməsinə göstərilən diqqəti yüksək dəyərləndirən BMT Baş  katibinin köməkçisi Maqdi Martinez- Soliman bildirmişdir ki, Azərbaycan fəal şəkildə  gənclər siyasəti proqramlarına qoşulur: «Ölkədə yoxsulluq azalır, sosial sahəyə sərmayələr yatırılır, iş yerləri açılır. Bu, ölkə siyasətinin nəticəsidir.» 

Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının belə yüksək dəyərləndirilməsi təsadüfi deyil. Azərbaycan gəncliyini yenilməz qüvvə hesab edən ümummilli lider Heydər Əliyevin  yeni nəslin nümayəndələrinə xitabən söylədiyi müdrik kəlamların hər biri özlüyündə dəyərli və qiymətlidir: «Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bizim bu gün təhsilimiz də, mədəniyyətimiz də, incəsənətimiz də məhz Azərbaycan  dövlət müstəqilliyinə xidmət edərək əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Azərbaycanın müstəqilliyinin dönməz və  əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir.»  

- Elşad müəllim, Milli Məclisin komitələri sırasına yeni-  Gənclər və idman komitəsinin əlavə olunması da dövlətimizin siyasətində bu sahənin xüsusi yer tutmasının  təsdiqidir. Gənclərimizin idman sahəsində uğurlarını necə dəyərləndirirsiniz?

- Gənc idmançılarımızın uğurları da ürəkaçandır. İdmançılarımız 2013-cü ildə dünya və Avropa çempionatlarında, birinciliklərində, kubok yarışlarında 70 qızıl, 86 gümüş və 96 bürünc medal qazanmışlar. XXX London Yay Olimpiya oyunlarında  idmanın bir neçə növü üzrə qazanılan  medallar bütünlükdə   idmanın inkişafına  göstərilən diqqətin və gənclərin fiziki hazırlığının yüksəlməsinin təzahürüdür.
2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları üzrə yarışlarda da idmançılarımız 56 medal qazanmaqla layiqli qələbəyə imza atdılar. Uğurlarımızın davamlılığı hərtərəfli inkişafın göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Azərbaycanın hər sahədə təcrübəsi nümunə olmalıdır. Yeniləşmə, təkmilləşmə dövlət siyasətimizin əsasını təşkil edir. Bir əsas məqamı da unutmayaq ki, idman eyni zamanda bir siyasətdir. İdmançılarımızın yarışlarda qələbəsi dövlət himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın ucaldılması ilə müşaiyət olunur. Bu, öz növbəsində müstəqil Azərbaycanımızın təbliği, tanıtımıdır. Gənclərimizin sağlam böyüməsinə, idmanın müxtəlif növlərinin inkişafına xidmət edən 40-dan  artıq  idman komplekslərinin yaradılması da  bu uğurlar üçün əsaslı təminatdır. Tam mənası ilə demək olar ki, sabahımızın qurucuları olan gənclər onlara göstərilən diqqət və qayğını  vətəndaşlıq mövqelərinə, dövlət siyasətinə sadiqliyi ilə doğruldurlar. Hərtərəfli inkişafa xidmət edən qanun layihələrinin hazırlanması və qəbulu digər komitələr kimi Gənclər və İdman komitəsinin də fəaliyyətinin əsasını təşkil edir. Məqsəd gənclərin potensial imkanlarının ortaya qoyulmasına şərait yaratmaq, Azərbaycanın davamlı, dayanıqlı inkişafına töhfəmizi verməkdir.