YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ulu öndər Heydər Əliyev ölkəmizi Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaq təhlükəsindən xilas etdi

   Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov

- Siyavuş müəllim, qarşıdan 28 May Respublika Günü gəlir. Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyəti nədən ibarətdir?

- 28 May 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının tarixində çox böyük bir hadisədir. Cəmi  23 ay yaşamasına baxmayaraq, Məmməd Əmin Rəsulzadə və silahdaşları Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin  timsalında parlamentli respublika kimi yeni bir dövlətçilik ənənəsinin əsasını qoydular. Bu amil Azərbaycan xalqının milli dövlətçiliyə və demokratik dəyərlərə bağlılığının tarixi ənənələrinin mövcudluğundan xəbər verir. Təəsadüfi deyil ki, biz bu gün müstəqilliyimizin bərpasından danışırıq, yəni 1920-ci ildə itirilmiş müstəqilliyimiz 1991-ci ildə yenidən bərpa olunub. Yeni tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu ölkəmizin Sovet İttifaqı tərkibində məhz müttəfiq respublika kimi yer tutmasını təmin edən başlıca amil kimi çıxış edir.

Məmnunluq hissi ilə vurğulamaq istərdim ki, müstəqilliyin bərpası məsələsində  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xüsusi və müstəsna rolu var. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli liderin adı ilə bağlıdır. Bu mənada, Muxtar Respublikanın dövlət rəmzlərinin bərpa edilməsini, milliləşdirmə siyasətinin uğurla həyata keçirilməsini, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılmasını, Naxçıvanda Kommunist Partiyasının fəaliyyətinin dayandırılmasını da xüsusi qeyd etmək lazımdır. Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir dövrdə Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaq təhlükəsindən xilas oldu, öz müstəqilliyini qoruyub saxladı.

- Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətini, ümumiyyətlə, həmin dövrdə qəbul edilmiş qanun və qərarların önəmini necə qiymətləndirirsiniz?

- O zaman istər geopolitik, istərsə də iqtisadi baxımdan olduqca mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli iclasda qeyd olundu ki, Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 milyon 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hər etnosa bir deputatla parlamentdə təmsil olunmalı idilər. Eyni zamanda, Xalq Cümhuriyyəti Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən dövlətdir.  Burada bir haşiyə çıxıb fəxrlə deyə bilərik ki, bu baxımdan ölkəmiz hətta  dünyanın inkişaf etmiş demokratik dövlətlərinin də böyük əksəriyyətin qabaqlayır.

Beləliklə, bir sıra beynəlxalq təzyiqlərə, daxili satqınların təxribatlarına baxmayaraq, nəhayət, 1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Parlamentinin təntənəli həyata keçirildi. Bu mərhələdən sonra parlamentin  qəbul etdiyi qərarlar milli dövlətçiliyin əsaslarının gücləndirilməsinə böyük töhfə oldu.

Bütövlükdə, Cümhuriyyət dövründə çoxsaylı qərarlar qəbul və icra olundu ki, bunlar da milli dövlətçilik ənənələri baxımından müstəsna əhəmiyyət daşıyır. 1918-ci il 27 iyun tarixli qərara əsasən, Azərbaycan dili dövlət dili elan olundu. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq digər dillərdən istifadəyə yol verilirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir isə məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Cümhuriyyət Parlamentinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan dilinə dövlət dili statusu verildi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin “Dövlət dili haqqında” 27 iyun 1918-ci il tarixli qərarında dövlət dilinin Azərbaycan türkcəsi kimi təsbit edildiyi, bundan sonra bütün məhkəmə orqanları və digər qurumlarda vəzifələr daşıyanların bu dili bilməsinin zəruri olacağı bəyan edilmişdir.

Bundan başqa, bir sıra məqamları da nəzərə çatdırmaq istəyirəm. Müstəqillik elan olunmuş Azərbaycan torpaqlarında dövlət suverenliyini təmin etmək, güclənən erməni-bolşevik təhdinin qarşısın almaq məqsədilə 1918-ci il iyunun 26-da Silahlı Qüvvələr yaradılmağa başladı. Habelə,  2 iyul 1918-ci il tarixdə isə Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölüyünün yaradılması barədə əmr verdi və bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da isə Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, milli pul vahidi olan manat dövriyyəyə buraxıldı,  Azərbaycan vətəndaşları haqqında qanun qəbul olundu və s. Bütün bunlar  isə heç şübhəsiz, uzun illərdən bəri müstəmləkə üsul-idarəsi tərəfindən unutdurulmuş dövlətçilik ənənələrini bərpa etdi və gücləndirdi.

- Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz?

- Həmin dövrdə Azərbaycanın müstəqilliyinə qarşı real təhlükələr mövcud idi. Bilirsiniz ki, Çar generalı Denikinin ordusu Rusiyanın cənubunda, daha dəqiq desək, Dərbənddə yerləşmişdi və hər an işğal təhlükəsi gözlənilirdi. Belə mürəkkəb şərtlər altında Azərbaycan dünya dövlətləri ilə əlaqələr yaratmağa və inkişaf etdirməyə çalışırdı. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyyətinin uzunmüddətli səyləri, gərgin və səmərəli fəaliyyətinin nəticəsi kimi, Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olundu. Bu çox böyük diplomatik uğur idi.

- Cümhuriyyətin süqutu tarixçilər tərəfindən milli istiqlaliyyətə zərbə kimi qiymətləndirilir...

- Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun obyektiv və subyektiv səbəbləri var idi. Mürəkkəb daxili və xarici şərait Azərbaycan Xalq Cümhuriyyətini çıxılmaz vəziyyətdə qoymuşdu. Buna paralel olaraq 27 aprel 1920-ci il tarixdə bolşevik Rusiyasının XI Ordusu Bakıya daxil oldu. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi - Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verdi. Meydana çıxmış situasiyanı dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşdı və hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edildi. Parlamentin qərarında Azərbaycanın istiqlaliyyətinin və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər sonradan bu şərtlərin heç birinə əməl etmədi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci ilin aprel ayının 28-də süqut etdi.

- Müasir müstəqil Azərbaycan haqlı olaraq Xalq Cümhuriyyətinin varisi kimi qiymətləndirilir. Ölkəmizin müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolunu necə qiymətləndirirsiniz?

- 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etməsinə baxmayaraq, müstəqilliyi itirmək təhlükəsi qarşısında idi. Ordu və dövlət quruculuğunda hər hansı bir əhəmiyyətli addımlar atılmırdı, daxili çəkişmələr nəticəsində Azərbaycan vətəndaş müharibəsi astanasında idi, separatizm baş qaldırmışdı, bədxah qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasəti davam edirdi. Bu dövrdə bir sıra ərazilərimiz işğal olundu, Xocalı soyqırımı törədildi. Həmin dövrdə daxildəki bəzi qüvvələr hakimiyyətə gəlmək üçün müxəlif xarici kəşfiyyat orqanları ilə əlbir olaraq ölkəmizin müstəqilliyinə qarşı çıxırdılar. Siyasi partiyaların silahlı dəstələrə malik olması, ayrı-ayrı kriminal dəstələrin yaradılması, ictimai-siyasi sabitliyin total pozulması Azərbaycanı süqutun astanasına gətirib çıxarmışdı.  Belə bir gərgin dönəmdə Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ümummilli liderin xalqın təkidli tələbləri ilə hakimiyyətə gəlməsindən sonra separatist meyillərin qarşısı alındı, silahlı dəstələr tərksilah edildi, ictimai-siyasi sabitlik təmin olundu, vətəndaş həmrəyliyi yaradıldı, “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi və ən əsası düzgün qurulmayan xarici siyasətin uğursuz nəticələri aradan qaldırıldı. Bilirsiniz ki, müstəqillik əldə etdikdən sonra uğursuz və yanlış xarici siyasət nəticəsində Azərbaycan həm region dövlətləri ilə, həm də BMT-nin Təhlükəsizlik Şurasının üzv dövlətləri ilə normal münasibətlərə malik deyildi, müəyyən gərginliklər var idi. Ümummilli lider Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu münasibətlər normallaşdı, Azərbaycan geniş beynəlxalq əlaqələrə  malik oldu. 

Bundan sonra Azərbaycanın strateji inkişaf dinamikasının əsası qoyuldu. Bu gün Azərbaycan postsovet məkanında inkişaf dinamikasına görə ön sırada yer alan ölkələrdəndir ki, bunun da əsasında Ümummilli liderin təməlini qoyduğu inkişaf siyasəti dayanır.

- Siyavuş müəllim, bu gün milli dövlətləri zəiflətməyə və təsir altına salmağa çalışan bəzi güclərin zaman-zaman Azərbaycana qarşı təzyiqləri də müşahidə edilir. Amma buna baxmayaraq, ölkəmiz müstəqil siyasətini davam etdirir, öz inkişaf yolunda uğur və inamla irəliləyir...

- Azərbaycan kifayət qədər güclü bir dövlətdir. Bəzi beynəlxalq dairələr güclü liderə malik olan güclü dövlətləri sevmirlər. Çünki hesab edirlər ki, zəif liderlər olmalıdır ki, onların verdikləri tapşırıqları yerinə yetirsin. Azərbaycan azsaylı ölkələrdəndir ki, müstəqil siyasət həyata keçirir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr yaradır, münasibətləri öz maraqları əsasında davam və inkişaf etdirir. Bunun da əsasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, Prezident İlham Əliyev isə Azərbaycan dövlətinin maraqlarını qətiyyətlə müdafiə edir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük nüfuza malikdir. Bir neçə il öncə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT-nin  Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, iki illik üzvlük müddətində quruma sədrlik etdi. Eyni zamanda, ölkəmizdə çoxsaylı mötəbər beynəlxalq tədbirlər keçirilir. Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən tədbirlərə uğurla ev sahibliyi edir və ölkəmiz dünyanın multikultiralizm mərkəzlərindən biri sayılır. Habelə, “Eurovision” beynəlxalq musiqi yarışmasının, ilk Avropa Oyunlarının və digər çoxsaylı beynəlxalq tədbirlərin müvəffəqiyyətlə keçirilməsi uğurlu və hərtərəfli siyasətin başlıca göstəricilərindəndir. Bütün bu nailiyyətlərin başlıca səbəbi heç şübhəsiz, Azərbaycanın geniş beynəlxalq əlaqələrə, ictimai-siyasi sabitliyə və davamlı inkişafa malik olmasıdır. Bu gün hamimiz qürurla deyə bilərik ki, Azərbaycan dünya miqyasında öz sözünü deyən, öz yeri olan nüfuzlu və qüdrətli bir ölkədir.