YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dilinin qorunması və inkişafı dövlətin diqqət mərkəzindədir

Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva

- Jalə xanım, Ümummilli lider Heydər Əliyevin qərarı ilə  2001-ci ildən etibarən 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. İlk olaraq Ümummilli liderimizin Azərbaycan dilinin inkişafı sahəsində xidmətləri haqqında fikirlərinizi bilmək istərdik...

- Müasir dövrümüzdə Azərbaycan dilinə dövlət qayğısından danışarkən Ümumilli lider Heydər Əliyevin bu sahədə misilsiz xidmətləri xüsusi vurğulanmalıdır.  Bir məqamı xatırlatmaq istəyirəm: 1969-cu ilin iyul ayında respublikanın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir-neçə aydan sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söylədi. Çünki həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət istəyirdi. Həmin tarixi günü Heydər Əliyev tam 25 ildən sonra, BDU-nun 75 illiyinə həsr edilən iclasda artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi belə xatırlayırdı: "Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qarşılandı. Nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər. Minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər."

Sovetləşmə isə bütün SSRİ məkanında sürətlə davam edirdi. Və belə bir zamanda - 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev, şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada, Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir - maddəsi təsdiq olundu. Mən bir daha çox əhəmiyyətli və həssas bir məqamı qabartmaq istəyirəm. Bu addım, bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı.

Müstəqillik dövründə də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması və inkişafı  baxımından mühüm tədbirlər görüldü. Əvvəla, Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın Azərbaycan dilinin qorunması və inkişafı  baxımından əhəmiyyətinə toxunmaq istəyirəm. Bəllidir ki, dil məsələsi ilə bağlı  çox ciddi sənədlər qəbul olunub. Onlardan ən mühümü 2001-ci ilin iyun ayında Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanmasıdır. Hesab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyulub. Sənəddə dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapır. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən fərman həm də, elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Əlbəttə, «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Fərman Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsəri idi. Burada Heydər Əliyevin qurduğu dövlətin milli dil siyasəti əks etdirilir, həmin dövlət uğrunda aparılmış mübarizənin tarixi və gələcəyi ifadə olunur.

- Mühüm hadisələrdən biri də latın qrafikalı əlifbaya keçid idi. Bu əlifbaya keçidin üstünlükləri nə idi?

- Əlifbaya keçid həmişə çox mürəkkəb məsələ olub. Azərbaycanda çoxlu sayda əlifbalar dəyişib, amma bu dəyişiklik millətin mədəniyyətinə, dilinə ziyan vuran məsələdir. Amma latın qrafikasına keçidin isə müsbət cəhətləri var. Bu baxımdan, əlifba məsələsi üzərində möhkəm dayanmaq, əlifba stabilliyi və normativliyi çox mühüm məsələdir. Ona görə də, eyni zamanda, Əlifba Günü kimi də 1 avqust tarixi bizim üçün dəyərlidir. Bilirsiniz ki, Azərbaycanda yeni əlifbaya keçid 10 il davam etdi. Bu proses 1990-cı illərin əvvəlindən başladı və 2001-ci ildə yekunlaşdı. 

Əlifba quruculuğu məsələsində biz kifayət qədər normal hərəkət etdik. Yəni nə tələsdik, nə də gecikdik. Latın qrafikasına keçid də mürəkkəb hadisə idi. Bu proses üç mərhələdə həyata keçirildi. Belə ki, bu əlifbaya keçid ən mobil sahə olan məktəbdən başladı, sonra dövlət idarələri, sonda isə mətbuat tam olaraq latın qrafikalı əlifbaya keçdi. Burada ən ağır sahə KİV olduğu üçün sonuncu mərhələdə tam olaraq bu sahədə latın əlifbasına keçildi. Doğrudur, mətbuat adamları hazırlıqlı idilər, söhbət bütövlükdə cəmiyyətdən, oxuculurdan gedir. Yəni cəmiyyətin bunu mənimsəməsi mürəkkəb proses idi, ona görə də son olaraq mətbuatda bu proses reallaşdırıldı. Latın qrafikasına keçid tam başa çatmayanda müxalifət qəzetləri yazırdı ki, guya hakimiyyət bu əlifbaya keçmək istəmir. Amma keçəndə də müxalifət yazdı ki, bu əlifbaya ona görə keçildi ki, camaat müxalifət mətbuatını oxumasın. Amma bu iddiaların heç bir əsası yox idi. Əlifbaya keçid düşünülmüş şəkildə, problemsiz həyata keçirildi.

- Sirr deyil ki, Ümummilli lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Tamamilə doğrudur. Ulu öndər Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hamımıza məlumdur ki, 2004-cü ildə ölkə Prezidenti İlham Əliyev "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2007-ci ildə isə "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" sərəncamlar imzaladı. Bu sərəncamlar, ölkə rəhbərinin ana dilinə qayğısının və sevgisinin nümunəsi, öz vətəndaşlarını daha savadlı, daha məlumatlı görmək arzusu idi. Bu sərəncamlar xalqın özünə qayıdışına, xüsusilə gənc nəslin, böyüməkdə olan uşaqlarımızın milli dəyərlərimizə, milli mənəviyyatımıza daha sürətlə və uğurla sahib çıxmasına ölkə rəhbərinin göstərdiyi yardım idi.

- Jalə xanım, Azərbaycan Prezidentinin bir necə il öncə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamının əhəmiyyəti nədən ibarətdir?

- Bu Sərəncam olduqca böyük əhəmiyyət kəsb edir. Xüsusilə bu sahənin mütəxəssisləri, o cümlədən Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Azərbaycan dilinin bugünkü vəziyyəti ilə bağlı bu günə qədər həyəcan təbili çalanlar sırasında olub. Həqiqətən də, dəfələrlə iclaslarımızda, bütün çıxışlarımızda Azərbaycan dilinin bu gün televiziyalarda, mətbuat orqanlarında, küçədəki reklam çarxlarında düşdüyü vəziyyəti, mətbəələrdə yayımlanan mətbu nümunələrində Azərbaycan dilinin özünəxaslığına bir kölgə gətirilməsi haqqında danışmışıq.

Təbii ki, bu baxımdan belə düşünürük ki, bu, çox vaxtında verilmiş bir Sərəncamdır və bu Sərəncamdan sonra nəhayət, dövlət dilimizin təmizliyinin, saflığının qorunması istiqamətində ciddi nəticələr, müsbət irəliləyişlər əldə ediləcək. Cənab Prezidentin Sərəncamında məhz cəmiyyətdən gələn narahatçılıq və dilimizlə məşğul olan insanların narahatçılığı bənd-bənd öz əksini tapıb. Ölkə Prezidenti tezis şəklində göstərir ki, hansı məsələlərdə problemlər var və nə etmək lazımdır. Artıq bu yöndə müvafiq işçi qrup fəaliyyət göstərir. Eyni zamanda, terminalogiya komisiyasının yaradılması ilə bağlı iş gedir. Bu da çox əhəmiyyətli məsələdir.

Azərbaycan Respublikasının Prezidentinin həmin Sərəncamında Azərbaycan dili ilə yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə fəaliyyətinin, terminologiya istiqamətinin də inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır. Çünki Azərbaycan dilinin bu gün televiziyada, mətbuat orqanlarında, küçədəki reklam lövhələrində, mətbu nümunələrində yad elementlərdən xali olmadığı bizim hər birimizə yaxşı məlumdur və bu baxımdan qeyd etmək istəyirəm ki, ölkə başçısının bu yöndəki Sərəncamı tarixi əhəmiyyətli bir sənəddir. Əminliklə qeyd edə bilərəm ki, bu Sərəncamdan sonra dilimizin təmizliyinin, saflığının qorunması istiqamətində ciddi addımlar atılıb və mühüm nəticələrin, irəliləyişlərin əldə edildiyini düşünürəm.