YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə sahibdir

Müsahibimiz AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov

- Yaqub müəllim, məlumdur ki, müəyyən dövrlərdə Azərbaycan xalqının real tarixi təhrif olunub, tarixi həqiqətlər gizlədilib. Müstəqillik qazandığımız 25 il ərzində AMEA-nın Tarix İnstitutu  real tariximizin araşdırılıb yazılması istiqamətində nə kimi tədbirlər həyata keçirib?

- Müstəqillik qazandığımız 25 il ərzində Azərbaycan qısa zaman kəsiyi olsa da, çox böyük sürətli inkişaf yolu keçib. Azərbaycan bu dövrdə regionun lider dövlətinə çevrilib, bölgədə söz sahibidir. Bu regionun problemlərini Azərbaycanın iştirakı olmadan həll etmək mümkün deyil.

Ümummilli liderimiz Heydər Əliyev müstəqil dövlətimizin banisi kimi Azərbaycanı inkişaf yoluna çıxardı və ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirdi. Ulu öndər bəyan etmişdi ki, «Azərbaycan dünyaya günəş kimi doğacaq». Onun bu fikri artıq reallığa çevrilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf  yolu keçib. Az vaxt içərisində möhtəşəm uğurlar qazanılıb ki, onları saymaqla qurtarmaz. Milli-siyasi varlığımızın qorunması, yaşaması və  xalqımızın güzəranının  yüksək olması baxımından böyük nailiyyətlər əldə etmişik.

Xüsusi qeyd etmək istəyirəm ki, 25 illik müstəqillik dövrünün ən böyük uğurlarından biri Azərbaycanın müstəqil tarix elminin yaranmasıdır. Bunun əhəmiyyətini  çoxları duymaya bilər. Amma millətin gələcəyi, xalqın gələcək milli mənəvi varlığı onun necə tərbiyə olunmasından, vətənə bağlılığından, vətənpərvərliyindən, bu yurdu qoruya biləcək gənc nəslin yetişdirilməsindən asılıdır. Bunu tarixi keçmişə yiyələnməklə, keçmişin səhvlərini təkrar etməməklə əldə etmək mümkündür. Öz tarixinə sahib çıxmayan xalqlar məhv olub gedir. Tarixinə sahib çıxan, keçmişini, tərcümeyi-halını bilən xalqı məhv etmək mümkün deyil. Bu amil  tarix elminin əhəmiyyətini sübut edir. Dünyada minlərlə xalq olsa da, dövləti olanların sayı azdır. Onlardan biri də bizik. Ötən 25 ildə də nailiyyətlərimiz danılmazdır. Amma gələcəyimiz üçün, milli, siyasi varlığımızı qorumaq üçün tarixi biliklərin olduğu kimi öyrənilməsinin çox böyük rolu var.

Bizim tariximiz dünyada ən çox saxtalaşdırılan, təhrif olunan tarixlərdən biridir. Azərbaycan xalqı  dünyanın 5 min illik dövlətçilik tarixi olan xalqdır. Biz böyük imperiyalar yaradan, dünya siyasətinin formalaşmasında iştirak etmiş xalqıq. Amma yaxın keçmişdə bunların hamısı bizim əlimizdən alınmışdı. Bizə kölə psixologiyası aşılanırdı, guya bizim dövlətçilik mədəniyyətimiz, zəngin tariximiz olmayıb. Guya bizə həmişə kənardan kömək ediblər. Bütün bunlar da milli şüurumuzun öldürülməsinə yönəlmişdi. Bizim dövlətçilik  mədəniyyətimizi məhv etmək üçün addımlar atıblar. Torpağımızda erməni dövləti yaratdılar. Əslində isə biz tarixən daha böyük ərazilərə sahib olmuşuq. Bunu deməklə, heç kimə qarşı ərazi iddiaları irəli sürmürük. Amma tariximizə sahib çıxmalıyıq.

Bu baxımdan, tarix elmi 25 illik müstəqilliymizin böyük nailiyyətidir. Müstəqilliymiz bərpa edildikdən sonra Ümummilli liderimiz Heydər Əliyev tarixi həqiqətlərin üzə çıxarılması, xalqımızın real tarixinin öyrənilib yazılması ilə bağlı tapşırıqlar verdi.   Heydər Əliyev «Azərbaycanlıların soyqırımı haqqında» Fərman imzaladı. Bu fərman tarixi həqiqətlərin araşdırlması üçün ciddi hüquqi sənəd idi və bütün dünyaya bəyan olundu ki, xalqımız dəfələrlə soyqırıma məruz qalıb. Ulu öndər eyni zamanda, «1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından  kütləvi surətdə deportasiyası haqqında» Fərman  imzaladı ki, bu sənəd də tarixi əhəmiyyət kəsb edir. Heydər Əliyev bu fərmanları imzalamaqla xalqa yol göstərdi, tarixi həqiqətlərimizi bəyan etdi. Mən tələbəlik illərindən Ulu öndər Heydər Əliyevi tanıyıram və Onun fəaliyyəti gözümün qarşısında olub. Heydər Əliyev bütün dövrlərdə biz tarixçiləri müdafiə edib. Ulu öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə tarixi həqiqətlərin araşdırılıb yazılması üçün müvafiq tapşırıqlar və qərarlar vermişdi. Bu  siyasəti hazırda Prezident İlham Əliyev böyük cəsarətlə, qətiyyətlə,  uğurla davam etdirir.

- Konkret olaraq hansı istiqamətlərdə işlər görülüb və nə kimi nəticələr əldə edilib?  

- Hazırda AMEA-nın Tarix İnstitutunda qeyd etdiyim istiqamətdə işlər görülür. Prezident İlham Əliyev tarixi həqiqətlərimizin ortaya çıxarılması ilə bağlı biz tarixçilər qarşısında vəzifələr qoyub və biz məhz dövlət başçısının təşəbbüsləri əsasında bir sıra tədbirlər görmüşük və görməkdəyik. Mən dövlət başçısının bizim qarşımızda qoyduğu bəzi məsələləri xatırlatmaq istərdim. Prezident İlham Əliyev Tarix İnstitutunun qarşısında məsələ qoydu ki, 26 Bakı komissarları ilə bağlı real həqiqətlər ortaya çıxarılsın. Bilirsiniz ki, Bakının mərkəzində 26 Bakı komissarı kimi cəlladlara abidə ucaldılmışdı. Sovet dövründə həmin abidə müqəddəs yer kimi qəbul olunurdu. Əslində isə  onlara daşnak Stepan Şaumyan rəhbərlik etdirdi və bu adam  xalqımıza qarşı dəhşətli qətliamlar törətmişdi. Onun və havadarlarının məqsədi Şərqi Anadoluda, Azərbaycanda müsəlmanları qırıb «böyük Ermənistan dövləti» yaratmaq idi.

Bizim tədqiqatlarımız, araşdırmalarımız nəticəsində məlum oldu ki, onların basdırıldığı yerdə, 26 yox, 23 cəsəd var. Şaumyan, Amiryan və Avakyan kimi cəlladların cəsədləri orada yox idi. Bununla da, vacib bir tarixi həqiqət ortaya çıxarıldı. Yəni,  Prezidentimiz bu məsələnin üzərində dayandı, xalqımıza və dünyaya doğru tarix təqdim olundu.

Mən bizim xəritələrimiz haqda da danışmaq istəyirəm. Xəritələrimiz yox idi. Sovet dövründən bu işlə məşğul olmağa başlamışdım. Amma içimizdəki dönüklər, qanları qarışıqlar bu işlərin baş tutmaması üçün çox şeylərə əl atdılar, Moskvaya şikayət edərək bu işin reallaşmasına imkan vermədilər. O zaman da Ulu öndər Heydər Əliyev bu məsələ ilə bağlı biz tarixçiləri təhlükələrdən qorudu, müdafiə etdi.

Nəhayət, müstəqillik illərində Azərbaycan tarixinin atlası çıxdı. Atlas 55 xəritədən ibarət  idi. Biz xəritələrdə tariximizi ortaya qoyduq. Bundan sonra bəzi ölkələrdən bizə etirazlar gəldi. Amma biz də izah etdik ki, biz tariximizi bərpa edirik, heç kəsdən torpaq istəmirik. Bizim Səfəvi İmperiyamız, Ağqoyunlu, Qaraqoyunlu, Eldənizlər, Sacilər dövlətimiz olub. Bu tarixə sahib çıxmaq lazımdır. Prezident İlham Əliyevin iradəsi olmasaydı, biz bu işlərin heç birini reallaşdıra bilməzdik. Daha  sonra cənab Prezidentin göstərişi ilə Azərbaycanın Milli Atlası nəşr olundu. Həmin atlasa  80-ə yaxın tarixi xəritələr daxil etdik.

 Dövlət başçısının tapşırığı ilə AMEA-nın Tarix İnstitutu Qarabağın tarixini yazdı. Cənab Prezident tapşırmışdı ki, elə bir tarix yazmaq lazımdır ki, bütün reallıqları əks etdirsin, erməni saxtakarları ifşa olunsun. Çünki ermənilər Qarabağın tarixi ilə bağlı saxta əsərlər yazırdılar. Beləliklə, biz tarixi faktlara əsasən Qarabağın tarixini yazdıq. Eyni zamanda, «Naxçıvan tarixi və abidələri» kitabı da nəşr olundu.

Çətin və şərəfli vəzifələrdən biri də  İrəvan xanlığının tarixinin yazılması idi. Bu tarixin yazılması ilə sübut olunur ki,  indiki Ermənistan dövləti Azərbaycan ərazisində yaradılıb. Kitabın adı «İrəvan xanlığı.  Rusiya işğalı və   ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi» adlanır. Kitabda minlərlə faktlar ortaya qoyuldu və kitab bir sıra  xarici dillərə tərcümə olunaraq dünyada yayıldı. İndi biz bu kitabın ərəb dilində hazırlamışıq və təqdimatı keçirəndən sonra ərəb ölkələrində yayılacaq.  Məqsədi odur ki, dünya bilsin ki, Ermənistan  dövləti 1918-ci ildə Azərbaycan torpaqlarında  yaranıb və ermənilər Qafqaza gəlmədirlər.

Daha sonra mən «Real tarix və «böyük Ermənistan» uydurması» kitabını yazdım. Bu kitab da xarici dillərə tərcümə olunaraq yayıldı.

Qeyd edim ki, AMEA-nın Tarix İnstitutu olaraq dünyanın müxtəlif yerlərindən tariximizə aid sənədləri gətirmişik. Soyqırımlara, represiyalara və s. aid sənədlərimiz var. Arxiv sənədlərinin çox hissəsini çap etmişik.

Beləliklə, müstəqilliyimizi qazandığımız 25 il ərzində biz yeni yola çıxdıq, bir sıra mühüm işlər gördük.  Yeni tarixi əsərlər nəşr olundu, orta məktəb dərslikləri dəyişdirildi. Bu gün uşaqlarımız İrəvan xanlığının, Qarabağın, Naxçıvanın, bütün Azərbaycanın  tarixini öyrənirlər. Biz tariximizə sahib çıxmaq üçün bundan sonra da qarşımızda duran vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışacağıq. Doğrudur, bəzi dönüklər bu yolda bizə mane olmağa çalışdılar. Amma heç bir nəticə əldə edə bilmədilər. Çünki bu işlər cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilir və dövlətimizin başçısı bu proseslərdə bizə dəstək verir. Cənab Prezident bizim instututun 13 nəfərini dövlət mükafatları ilə təltif edib. Bu, bizim üçün böyük şərəfdir.

- AMEA-nın Tarix İnstitutu müstəqillik dövrümüzün tarixinin yazılması yönündə hansı addımlar atır? Bu istiqamətdə görülən işlər hansı səviyyədədir?

- AMEA-nın 70 illik yubileyi münasibətilə keçirilən  tədbirdə Prezident İlham Əliyev  Tarix İnstitutunun fəaliyyətinə, tarixçilərin əməyinə  yüksək qiymət verdi. Bununla yanaşı, dövlət başçısı müstəqillik dövrü ilə bağlı sanballı əsərlərin yazılmasını tövsiyə etdi. Təbii ki, bu, çətin, eyni zamanda şərəfli işdir. Xoşbəxtlikdən Tarix İnstitutu bu işə hazır idi.

2004-cü ildə mən bu instituta direktor təyin olunanda  maraqlandım ki, AMEA-nın Tarix İnstitutunda Ulu öndər Heydər Əliyev haqqında hansı əsərlər yazılıb. Məlum oldu ki, heç nə yazılmayıb. Dərhal lazımi tədbirlər görüldü və institutda  «Əliyevşünaslıq» elmi-tədqiqat şöbəsi açıldı. Hazırda bu şöbə işləyir, tariximizin Heydər Əliyev və İlham Əliyev dövrlərinə aid onlarla dissertasiyalar yazılıb. Bunun nəticəsində iki cildlik «Heydər Əliyev» fundamental monoqrafiyasını nəşr etdik.  

Eləcə də, «Heydər Əliyev Azərbaycan elminin keşiyində» iki cildlik nəşr işıq üzü görüb, «Heydər Əliyev ideyalarının zəfər yürüşü» kitabı bir neçə dildə nəşr olunub. Həmçinin,  «İlham Əliyev və Azərbaycanın tarix elmi» kitabı nəşr olunub. Bu əsərlər cənab Prezidentin AMEA-nın  70 illik yubileyində qarşımıza qoyduğu tapşırığı yerinə yetirməkdən ötrü bizim üçün elmi baza rolunu oynayır.

- Yaqub müəllim, AMEA-nın Tarix İnstitutunun qarşısında daha hansı vəzifələr dayanır?  

- İlk növbədə, qarşımızda duran ən mühüm məsələ müstəqillik dövrü tariximizin yazılmasıdır. Kollektivimiz bunun üzərində işləyir. Çalışacağıq ki, cənab Prezidentin bu mühüm tapşırığını şərəflə yetirək.

Eləcə də, xaricdən tariximizə aid  sənədlərinin ölkəmizə gətirilməsi işini davam etdirəcəyik. Biz Gəncənin də tarixini yazmışıq. Fikrimiz var ki, Şəki xanlığının tarixini də yazaq. Ərəb xilafəti çökəndən sonra yerli dövlətlərimiz yarandı. Onların arasında Tiflis Əmirliyi deyilən dövlət də var idi. O dövlətin də dəyərli tarixi var. Bu tarixi silmək istəyənlər var. Amma burda Tiflis Əmirliyinin tarixindən dissertasiya müdafiə olunub və biz onu kitab formasında nəşr edəcəyik.

Tarix İnstitutu Cənab Prezidentin tapşırığı ilə Zəngəzurun tarixini yazmağa hazırlaşır. Dövlətimizin başçısı tarixi faktlara söykənərək dəfələrlə bildirib  ki, Zəngəzurun əhalisinin hamısı azərbaycanlı olub və bu bizim tarixi torpağımızdır. Zəngəzurun işğalı Azərbaycan tarixinə vurulan çox böyük zərbədir. Bilirsiniz ki, bir neçə il öncə Türkdilli Dövlətlərin Başçılarının Zirvə Görüşü Naxçıvanda keçirilmişdi və həmin görüşdə  də Prezidentimiz Zəngəzurun ermənilərə verilməsi ilə bağlı fikirlərini bildirdi. Həqiqətən Zəngəzurun ermənilərə verilməsi türkün tarixinə ağır zərbə idi. Bununla da, türk dünyasını coğrafi baxımdan parçaladılar, ayırdılar. Bu torpağı ermənilərə verməklə onlara nəfəs verildi. Ona görə də, Zəngəzurun ermənilərə verilməsi türk dünyasının ən böyük yaralarından biridir. Biz Zəngəzurun tarixini yazarkən bütün sənədləri ortaya qoyacağıq. Bu torpağın ermənilərə dəxli yoxdu.

Əsas vəzifələrdən biri də dövlətçilik tariximizin araşdırılmasıdır. Biz bu torpaqların aborigen əhalisiyik. Bu məsələlərin araşdırılması ağır prosesdir. Amma biz bu yolları keçəcəyik.  Biz deyəndə ki, Səfəvilər, Qacarlar, Nadir şah bizə məxsusdur, onda xaricdən də buna etiraz edirlər. Məsələn, Qacar Azərbaycan xalqının böyük sərkərdəsidir. O da, Nadir şah da türk mənşəlidir, onlara sahib çıxmalıyıq. Tariximizi inkar etmək olmaz. Azərbaycan xalqı imperiyalar yaradan, böyük əraziləri, xalqları idarə edən xalqdır. Biz bütün bunları araşdırıb yazmalıyıq.

Bir daha qeyd edirəm ki, bu işləri Ulu öndər Heydər Əliyev başlamasaydı, bu gün isə Prezident  İlham Əliyev davam etdirməsəydi biz bu məsələləri həyata keçirə bilməzdik. Dövlət başçısı tariximizin araşdırıb yazılması üçün bizə dəstək verir. Çünki bu işin təşəbbüskarı məhz dövlətimizin başçısıdır. Hesab edirəm ki, ayrı-ayrı dövlət qurumları da cənab Prezidentin müəyyənləşdirdiyi istiqamət üzrə getməli, bizə dəstək göstərməlidirlər. Eyni zamanda, iş adamları da kömək etməlidirlər. Elə xalqlar var ki, oğurluq ediblər, onların varlıları pullarını bunu sübut etməyə qoyurlar. Bizim imkanlı adamlar isə tarixi həqiqətləri sübut emək üçün bizim yanımızda olmalı, dəstək verməlidirlər. Bir faktı deyim ki, nazirlərimizdən biri həmişə Tarix İnstitutuna  kömək edir. Bunu dövlətimizə, xalqımıza sədaqət hesab edirəm. Amma iş adamlarının da dəstək verməsi yaxşı olardı.

Əlbəttə ki, bütün çətinliklərə baxmayaraq, bu işləri görəcəyik. Çünki  dövlət arxamızda dayanıb. Ama hər şeyi dövlətin üzərinə atmaq da olmaz. Tarixi keçmişini bilməyən, ona sahib çıxmayan xalq həmişə başqalarına yem olur. Tarixinə sahib çıxan xalqlar isə yenilməzdir, onun dövləti həmişə yaşayacaq. Biz real tariximizi dövlətin dəstəyi ilə yazmışıq. Amma görüləsi işlər də çoxdur.