YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Konstitusiya islahatları dövlətimizin konstitusion əsaslarının möhkəmləndirilməsinə xidmət edir

Müsahibimiz “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndə, Milli Məclisin komitə sədri Hadı Rəcəbli

- Hadı müəllim,  Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı olaraq 26 sentyabrda ölkəmizdə referendum keçiriləcək. Bu məsələni necə qiymətləndirirsiniz?

- Konstitusiya hər bir sivil ölkənin əsas qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir. Bu ali sənəd dövlətin quruluşunun və təməlinin prinsiplərini, cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə, həm də vətəndaş hüquqlarını özündə əks etdirir, ölkənin inkişaf prioritetlərini müəyyən edir.Bu mənada həyatının hər bir sahəsində dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən Konstitusiya özünün ali hüquqi xüsusiyyətləri  ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Bununla belə Konstitusiya hər hansı dövlətin ən ali hüquqi qüvvəyə malik qanunu olmaqla, digər qanunlar kimi ehkam deyildir, o da bir canlı orqanizm kimi, daim inkişafda olmalıdır. Hər bir ölkə üçün nə qədər vacib bir sənəd olsa da, cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması Konstitusiyada islahatların aparılmasını zəruri edir. Çünki Konstitusiya özüdə bir Qanundur və ictimai münasibətlərinin inkişaf səviyyəsi, dövlət idarəçilik quruluşunun təkmilləşdirilməsi zərurəti onun da dəyişdirilməsini şərtləndirə bilər.

Ölkəmizdə sonuncu Konstitusiya islahatları 2009-cu ildə baş tutmuşdu. Ötən 7 ildə Azərbaycan dinamik inkişaf edib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş verib. Beynəlxalq təcrübəyə əsasən demək olar ki, dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi adi və zəruri praktikadır.

Konsitusiya Məhkəməsi Azərbaycan Prezidenti tərəfindən təqdim olunan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində təklif olunan dəyişikliklərin Konstitusiyanın tələblərinə uyğun olması barədə rəy verib. İyulun 26-da isə Prezident İlham Əliyev sərəncam imzalayaraq Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə bu il sentyabrın 26-a referendum təyin edib.

Referendum Aktının layihəsində Konstitusiyanın 23 maddəsinə dəyişikliklər və 6 yeni maddənin əlavə edilməsi təklif edilir. Ümumi olaraq dəyişiklikləri üç istiqamətdə qruplaşdırmaq olar: İnsan və vətəndaş hüquqları və azadlıqlarının genişlənməsi;  Qanunvericlik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsi;  Prezidentlik institutunun gücləndirilməsidir.  

- Bəs Konstitusiyaya ediləcək dəyişikliklər ölkənin sosial, iqtisadi və əmək sferasına necə təsir edəcək?

- Qeyd edim ki, bu gün ölkənin davamlı inkişafının təmini baxımından bir sıra məsələlərə xüsusi diqqətlə yanaşmalıyıq. Məsələn, torpaqlardan səmərəli istifadə etmək bir nömrəli məsələ kimi həm hökumətin və həm də kəndlilərin qarşısında qoyulub. Torpaqlar uzun müddətə fermerlərə icarəyə verilib. Amma təəssüflə qeyd etməliyik ki, elə fermerlər var ki, bu torpaqlardan heç bir formada istifadə etmir. Dünyanın heç bir yerində torpaqlara belə biganə münasibət yoxdur. Ona görə aqrar sahədə əsas bütün diqqət həm də ona yönəlməlidir ki, torpaqdan maksimum istifadə edilsin. Hesab edirəm ki, konstitusiyaya ediləcək yeni dəyişiklərlə torpaq mülkiyyəti və aqrar sahədə olan fundamental problemlər öz həllini tapmış olacaq.

Referendum Aktının layihəsinə əmək hüququnun təmin edilməsi ilə bağlı, əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə yeni lokautun qadağan edilməsi barədə müddəa daxil edilib. Lokaut qısa olaraq işəgötürən tərəfindən qanunsuz və əsassız hesab etdiyi tətillərin qarşısını almaq üçün müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır. Konstitusiya islahatından sonra mülkiyyət konsepsiyasına mütərəqqi sosial məsuliyyət anlayışı daxil ediləcək. Bu Qərb hüquq sistemində tətbiq edilən prinsipdir və mahiyyəti xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək və sosial ədalət və məsuliyyəti inkişaf etdirməkdir.

- Əsas hədəflərdən biri  dövlət idarəetmə sistemini daha da təkmilləşdirməkdir. Bu baxımdan, vitse-prezidentlik institutunun yaradılması və prezidentlik müddətinin artırılmasının əhəmiyyəti nədən ibarətdir?

- Konstitutsiyaya təklif olunan dəyişikliklərin digər bir məqsədi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır. Odur ki, Referendum Aktının layihəsinin bir  istiqaməti Prezidentlik institutunun gücləndirilməsi ilə bağlıdır. Bununla da bağlı üç əsas yenilik təklif edilir. Birincisi, Prezident seçilmək üçün yaş tələbinin götürülməsi, ikincisi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi, üçüncüsü, prezidentlik müddətinin 7 il müəyyən edilməsidir.

Yaş tələbinin götürülməsi dövlət hakimiyyətinin bütün qollarından olan şəxslərə münasibətdə tətbiq edilmişdir və ümumi olaraq demokratik yanaşmadır.

Vitse-prezident vəzifələrinin təsis edilməsi Prezidentin iş fəaliyyətinə dəstək, Prezident xarici səfərlərdə olduqda və ya zərurət yarandıqda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etmək məqsədi ilə müəyyən edilmişdir. Layihədə vitse-prezidentin statusu və fəaliyyəti ilə bağlı ümumi müddəalar yer alıb. Bu, Azərbaycan üçün yeni bir institutdur və fəaliyyətinin gələcəkdə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Prezidentlik müddətinin artırılması əsas diqqətin sabitlik, iqtisadi inkişaf, sosial rifah və digər dövlət proqramlarının icrasına yönləndirilməsinə imkan verəcək. Prezidentin seçilmə müddətinin ölkədəki demokratik vəziyyətə və demoktratik institutların fəaliyətinə təsiri yoxdur. Dünya üzrə bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 5 ildən çox 6-7 il müəyyən olunmuşdur. İtaliya, Finlandiya, Avstriya, İsrail, İrlandiya, Rusiya və Meksika kimi ölkələr buna nümunədir. Fransada və Türkiyədə uzun müddət prezidentlik müddəti 7 il olmuşdur və bu dövrdə Fransa və Türkiyədə demokratiya və iqtisadi vəziyyət geriləməmişdir.

Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması dövlətin siyasi, sosial inkişafı ilə yanaşı, həm də büdcəyə qənaət etməyə imkan verəcək. Prezidentin başlamış olduğu dövlət proqramları, iqtisadi və xarici siyasətin həyata keçirilməsi, reallaşması üçün daha çox zamana ehtiyac var.

 - Hadi müəllim, Konstitusiya islahatları qanunvericilik orqanını da əhatə edir. Bununla əlaqədar, əsas qanuna təklif olunan dəyişiklikləri necə dəyərləndirirsiniz?

- Bu istiqamətdə  təklif edilən dəyişikliklə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmək üçün müəyyən edilmiş 25 yaş tələbini aradan qaldırır. Bununlada seçkidə iştirak etmək hüququna malik olan şəxslərə eyni zamanda seçilmək hüququ təmin edilir. Gənclərin seçmək hüquqları var idi və artıq bundan sonra da seçilmək hüququ da olacaq. Biz 18 yaşından seçki hüququnu tanıyırıqsa, yəni artıq bu yaşdan vətəndaş seçmək hüququnu özündə əks etdirirsə, o zaman seçilmək hüququnu niyə məhdudlaşdıraq? Bu gün ölkədə gənclik hərəkatı geniş vüsət alıb. Qoy gələcəkdə gənclərimiz parlamentdə yüksək səviyyədə təmsil olunsun. Millət vəkili seçilməyin 18 yaşa endirilməsinin əhəmiyyəti odur ki, artıq parlamentdə yaşlılarla yanaşı, orta yaşlılar, gənclər təbəqəsi də formalaşacaq.

Seçkili vəzifələrə yaşla bağlı tələblərin olmaması Almaniya, Fransa, Norveç, Finlandiya, Avstria, Danimarka, Estoniya, İngiltərə və sair qərb ölkələrində tətbiq edilir. Bu tələblərin götürülməsi eyni zamanda gənclərin seçkili vəzifələrə marağını artıracaq, ictimai həyatda daha aktiv olmalarını təmin edəcək.

Deputatlıqdan məhrumetmə və deputatların səlahiyyətlərinin itirilməsi ilə bağlı 89-cu maddəyə təklif edilən dəyişikliklər deputatların fəaliyyətində şəffaflığın artırılması və etik davranış qaydalarına tam riayət edilməsini, potensial maraqlar toqquşmasının qarşısının alınması və deputatların fəaliyyətinə ictimai etimadın artırılmasını təmin edəcəkdir. Bu dəyişikliyin qəbul edilməsi yəqin ki, eyni zamanda deputatlar üçün daha əhatəli ayrıca Qanun formasında etik davranış qaydalarının qəbul edilməsini şərtləndirəcək.

- Konstitusiyaya ediləcək dəyişikliklərdə Prezidentin parlamenti buraxması məsələsi də öz əskini tapıb. Sizcə, bu məsələnin əhəmiyəti nədir?

 - Qanunvericilik hakimiyyəti ilə bağlı əhəmiyyətli yeniliklərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin buraxılması ilə bağlı əlavə edilən yeni maddədir. İlkin olaraq bu maddə ilə bağlı elə təəsürat yarana bilər ki, burada yanaşma Parlament institutunun rolunun nisbətən zəifllədilməsidir. Lakin maddəni daha yaxından təhlil etdikdə əsas vurğunun daha çox sabitliyin təmin edilməsi və parlament daxili hansısa qeyri müəyyən, böhran və xaotik vəziyyətlərdə dövlət idarəçiliyinin, dövlət hakimiyyəti qollarının normal və fasiləsiz fəaliyyətinin təmin edilməsində olması görsənir. Nümunə üçün bu hal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və ya Milli Məclisin fəaliyyəti aradan qaldırıla bilməyən səbəblər üzündən icra edilə bilinmədikdə son zərurət tədbiri kimi tətbiq edilə bilər.

Parlamentin buraxılması ilə bağlı oxşar yanaşma və mexanizmlər Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və sair ölkələrin Konstitusiyalarında da müəyyən edilmişdir.

- Hadi müəllim, Konstitusiyaya təklif edilən dəyişikliklərin mahiyyətini geniş izah etdiniz və bütün bunların əhəmiyyətli olduğunu vurğuladınız. Hazırda təbliğat-təşviqat kampaniyası davam edir və siz «Yeni Azərbaycan» təşviqat qrupunun çərçivəsində keçirilən görüşlərdə iştirak edirsiniz. Seçicilərin bu məsələ ilə bağlı mövqeyi necədir?

- Konstitusiyada islahatların aparılmasının zəruriliyi siyasi-ictimai, sosial-iqtisadi və s. sahələrdə inkişafın dinamikası ilə birbaşa əlaqəlidir. Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib.

Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır. Biz bu islahata getməliyik. İndiyədək bu mövzuda aparılmış müzakirələrin nəticələri də cəmiyyətimizin Konstitusiya islahatına hazır olduğunu,  dəyişikliklərin cəmiyyət və xalq tərəfindən birmənalı dəstəklənəcəyini göstərir. Biz seçilərlə görüşlərdə də belə bir yanaşmanı görürük.