YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Konstitusiyaya əlavə və dəyikliklərin edilməsi ali məqsəd və mərama –dövlətçilik və inkişaf naminə həyata keçirilir

   “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı İmamverdi İsmayılov

- İmamverdi müəllim, 25 illik müstəqillik  tarixinə malik olan Azərbaycan  ən islahatçı ölkə kimi tanınır və nüfuz qazanır.  Bu  reallıqlar dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 26-sında  keçiriləcək  Konstitusiyaya əlavə və dəyikliklərlə  bağlı  ümumxalq səsverməsinin zəruriliyinə nə kimi   işıq salır?

-  Azərbaycan üçün beynəlxalq səviyyədə də etiraf olunan həqiqət budur ki, bu günümüz dünənimizdən daha möhtəşəm uğurlarla yadda qalır və sabaha böyük ümidlərlə baxmağa əsas yaradır. Bu, bir günümüzün tarixə yazacağı mühüm hadisələrlə baglı söylənilirsə, 25 ilin ümumi təhlilini versək, bu önəmli hadisələrin miqyasının hansı şəkildə  olduğunu təsəvvür etmək çətin deyil. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü kimi xarakterizə olunur. Məhz ölkəmizin gerçəkləşdirdiyi layihələr, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər bu körpünü  möhkəmləndirməklə yanaşı,  əhəmiyyətini artırır.

Tarixi paralellərin aparılması günümüzün əsas tələblərindəndir.  Bugünkü Azərbaycanı 10, 20 il bundan öncəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. Bircə məqamı qeyd etmək kifayətdir ki, əgər  1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxan xalq xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan, torpaqlarımızın işğalından xilas olub, yeni Azərbaycanın qurulmasını istəyirdisə, bu gün artıq inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçib.

Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Məhz 1993-cü ildən,  ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  bu resurslardan səmərəli istifadə etmək məqsədilə birgə səylərin ortaya qoyulması,  tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişinin imzalanması bugünkü uğurlarımız üçün möhkəm baza yaratdı.  Bu gün böyük fəxr hissi lə qeyd edirik ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının  uğurlarını yaşayır. Dünyanın geniş bəhs etdiyi «Cənub» qaz dəhlizi  çoxtərəfli əməkdaşlığa böyük töhfə, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artıran mühüm layihə kimi dəyərləndirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin fikirlərinə istinad etsək,  1994-cü ildə «Əsrin müqaviləsi» imzalanmasaydı, BTC və BTƏ  neft-qaz kəmərlərindən, həmçinin «Cənub» qaz dəhlizindən danışmaq mümkün deyildi. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə verdiyi önəm bugünkü uğurlara geniş yol açdı. Eyni zamanda neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunması məqsədilə yaradılan Dövlət Neft Fondu  dövlətin  prioritetlərini müəyyənləşdirərək  əhəmiyyətli sosial-iqtisadi layihələrin icrasını maliyyələşdirməklə ölkənin hərtərəfli inkişafını stimullaşdırır.

Təbii ki, Azərbaycanın iqtisadi  imkanlarına baxış keçirməyimiz səbəbsiz deyil.  Bu gün hər bir yeniləşməni, təkmilləşməni zərurətə çevirən amil  zamanın, dövrün tələbi olmaqla yanaşı, Azərbaycanın  bu tələblərə yüksək səviyyədə cavab verərək islahatları təkmilləşdirməsi,  dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə xüsusi önəm verməsidir. Hər bir inkişafın təməlində dayanan iqtisadi tərəqqi  fonunda digər sahələr üçün konkret Dövlət Proqramları qəbul olunur və icra edilir.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və onların uğurlu icrası  bugünkü uğurlarımızı şərtləndirir. Dövlət Proqramlarının icrası üçün maliyyə mexanizmi mövcuddur. Hər bir sənəddə onun icrası üçün nə qədər maliyyə vəsaitinin lazım olduğu  öz əksini tapır.

Azərbaycan günbəgün qüdrətlənərək, yeniləşərək  islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir. Son 13 ilin uğurları həmçinin  iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirildiyini  nümayiş etdirir.  Dövlət başçısı İlham Əliyev qeyri-neft sektoru sahəsinə investisiyaların cəlbi üçün təbliğat işinin zəruriliyini hər çıxışında diqqətə çatdırır. Bu sahədə mövcud imkanlar barədə xarici iş adamlarının məlumatlandırılması  vacib məqam kimi önə çəkilir.  İnfrastruktur və investisiya layihələrinin müxtəlif sahələri əhatə etməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin gerçəkləşdirilməsi  13 ildə  görülən işlərin, əldə olunan   nəticələrin nümayişidir.  Qeyri-neft sənayesinin sürətlə artması, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması bölgələrin inkişafını daha da sürətləndirir. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə  təsdiqlənən Dövlət Proqramları qarşıya qoyulan hədəflərə stimul verir.  2013-2020-ci illəri əhatə edəcək İnkişaf Konsepsiyasında Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaq, ümumilli daxili məhsulun daha iki dəfə artırılmasını gerçəkləşdirməkdir. Bir əsas məqamı da qeyd edək ki, investisiya cəlbediciliyinə görə  fərqlənən Azərbaycana istənilən həcmdə xarici maliyyə resursları yönəltmək üçün geniş imkanlar mövcuddur.  «Azərbaycanda ictimai- siyasi  sabitlik qorunur, təmin edilir» söyləyən Prezident    İlham Əliyev xarici investorların qoyacaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin olduqlarını bildirir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabitlik, inkişaf məkanı kimi tanınması. Mövqeyini möhkəmləndirməsi investisiya cəlbediciliyini qorumasında əsas rol oynayan amillərdəndir. Son 20 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 200 milyard dollardır. Statistik rəqəmlərin müqayisəli şəkildə təhlili də  arxada qalan illərdə  uğurların inkişaf səviyyəsini təsdiqləyir. Azərbaycanda yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi, işsizliyin də eyni rəqəmlə ifadə olunması uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Azad iqtisadiyyatın əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Özəl sektorun inkişafının daha da  sürtələndirilməsi ilə bağlı  həyata  keçirilən tədbirlər iş adamlarının sərbəst fəaliyyəti, şəffaflığın təminatı üçün əlverişli, münbit şərait  yaratmışdır. Belə ki,  sahibkarlıq subyektlərində  yoxlamalar 2 il müddətinə dayandırılmış, lisenziya  tələb olunan fəaliyyət növlərinin  sayı 59-dan 37-ə endirilmiş,  dövlət rüsumunun məbləği paytaxtda 2, regionlarda isə 4 dəfə azaldılımışdır.  Lisenziyaların «ASAN xidmət» mərkəzlərində verilməsi ilə iş adamlarını narahat edən süründürməçilik halları aradan qaldırılmışdır. Dünyanın aparıcı kredit  agentliklərinin Azərbaycanın  reytinqlərini artırması, Davos Dünya İqtisadi Forumunun ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 40-ci yerə layiq görməsi, inflyasiyasiyanın da çox aşağı səviyyədə olması  aparılan siyasətin uğurlu nəticələrini ehtiva edir.

Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycanın   enerji sektorundakı  yenilikləri də  iqtisadi uğurların məntiqi  nəticələrindəndir.  «Cənub» qaz dəhlizi Azərbaycan üçün    əlavə siyasi, iqtisadi,   maliyyə imkanlar yaradacaq. Prezident İlham Əliyevin bildirdiyi kimi  «Şahdəniz», Cənubi Qafqaz Kəməri, TANAP, TAP kimi dörd layihədən ibarət olan «Cənub» qaz dəhlizi ölkəmizə əlavə mənfəət gətirməklə dayanıqlı inkişafımızı təmin edəcək. Eyni sözləri Azərbaycanın iştirakı və maliyyə dəstəyi ilə  inşa olunan nəqliyyat infrastrukturu barədə də söyləmək olar.

Bir sözlə,  Azərbaycan dünya miqyasında  seçilmiş, müstəqil siyasət aparan, iqtisadi müstəqilliyini təmin edən ölkədir.  Dünyaya inteqrasiya siyasətini uğurla həyata keçirən ölkəmiz ən qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə və tətbiqinə maraq göstərir. Qəbul olunan qanunların dəyişməz hesab olunmaması, Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi də bu istəkdən irəli gəlir. Yenə də məqsəd hərtərəfli inkişafı daha da sürətləndirməkdir. Təbii ki, bu gün üçün qəbul olunan qanun bu günün tələblərinə cavab verir. Amma illər keçdikcə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında  baş verən yeniliklər bu qanunlara yenidən baxılmasını tələb edir. Milli Konstitusiyamızın qəbulundan ötən 21 ildə iki dəfə sənədə əlavə və dəyişikliklərin edilməsi də bu yeniliklərin öz əksini tapması istəyimizdən irəli gəlir. Sentyabarın 26-sında keçiriləcək ümumxalq səsverməsində Konstitusiyaya nəzərdə tutulan  əlavə və dəyişikliklər də bu istəyimizin davamıdır.

- Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında  dövlət idarəçiliyinin təkmilləşdirilməsini prioritet məsələ kimi  qarşıya qoyub.  Konstitusiyaya nəzərdə tutulan əlavə və dyişikliklərdə də    bu məqsəd özünü qabarıq şəkildə büruzə verir…

- Konstitusiya əlavə  və dəyişikliklərdə  vitse-prezidentlik institutunun yaradılması, prezidentliyə, deputatlığa  namizədlərin yaş həddinin aşağı salınması strtuktur islahatların həyata keçirilməsinin zəruriliyini otaya qoyur. Vitse-prezidentlik  institutu  konstitusion sistemimizdə yeni  institutdur. Məqsəd  ölkənin inkişafına xidmət edəcək idarəçilik sistemini təmin etməkdir.  Təkliflərdə  vitse-prezidentin səlahiyyətlərinin nədən ibarət  olacağı ilə bağlı  məsələlər əksini tapmayıb. Azərbaycan xalqı  bu kimi əlavə və dəyişikliklərin  mahiyyətini daha dərindən  dərk edərək,  ölkəmizin daha da yeniləşməsinə,  idarəçilik  sisteminin təkmilləşdirilməsinə. iqtisadi yüksəlişə,  yüksək rifaha,  insan hüquqlarının daha etibarlı təminatına  dəstək olacaqlar.

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə bu günün əsas çağırışı olan  yoxsulluqla mübarizə sahəsində ölkəmizin uğurlarından, təcrübəsindən bəhs edərkən hər zaman bu fikir vurğulanır ki, yoxsul  yox, yaxşı idarə olunmayan ölkələr var. İdarəçilik sisteminin düzgün qurulması təbii ki, kompleks tədbirlərin həyata keçirilməsini təmin edir.

Ölkəmizdə bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də vardır. Möhtərəm Prezidentimiz İlham Əliyev  bildirir: «Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada  təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.» «Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın təsdiq edilməsi də atılan addımların davamlılığının, dövrün tələbinə uyğun təkmilləşmənin həyata keçirilməsinin göstəricilərindəndir. Azərbaycan bu kimi addımları ilə  demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirir. Bu fonda ölkəmizin demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası ilə əlaqələrinin yüksələn xətt üzrə inkişafını xüsusi qeyd etməliyik. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz bir çox beynəlxalq təşkilatlara  üzv qəbul olunmuşuq. Bunu öz istəyimizlə etmişik. Məqsəd təbii ki, mövcud dəyərlərimizi dünyanın qabaqcıl ölkələrinin meyarlarına uyğunlaşdırmaq, qabaqcıl ölkələrin təcrübəsini öyrənməkdir. Ölkəmizdə keçirilən seçki proseslərində  yeniliklərdən istifadə də buna əyani sübutdur.   Seçki məntəqələrində veb-kameraların quraşdırılaraq, ölkə xaricində də prosesin izlənilməsinə geniş şəraitin yaradılması, «exit poll»un keçirilməsi, barmağın gözəgörüməyən mürəkkəbə boyanması kimi  yeni təcrübələri tətbiq edən Azərbaycan bu sahədə də ilklərə imza atan ölkə kimi  təqdir olunur.

Nəzərə alsaq ki, 2003-cü ildə Azərbaycan hökumətinin Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə əməkdaşlığı  nəticəsində qəbul olunan Seçki Məcəlləsi ölkədə  prezident, parlament, bələdiyyə seçkilərinin, eyni zamanda referendumun demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini təmin edir, lakin dövlətimiz bu sənəddə də mütəmadi təkmilləşmənin zəruriliyini bildirir və adı çəkilən beynəlxalq təşkilatlarla birgə müzakirələr əsasında  maraqlarımıza uyğun olan təkliflərin bu sənəddə öz əksini tapmasına səy göstərir. Ümumiləşdirilmiş şəkildə desək, cənab İlham Əliyevin qarşıya qoyduğu «Daim irəliyə baxmalıyıq» tezisi  dövlət siyasətinin əsasını təkil edir. Azərbaycan hər sahədə əldə etdyi təcrübə ilə  digər ölkələrə nümunədir.

Konstitusiyaya  nəzərdə tutulan əlavə və dəyişikliklər bu günümüzün uğurları fonunda irəliyə daha inamla addım atmağa əsas yaradır. Bir sözlə, dəyişikliklərin böyük əksəriyyəti  insan hüquq və azadlıqlarının möhkəmlənməsinə, eyni zamanda  dövlətin  funksiyalarının yerinə yetirilməsi üçün hüquqi bazanın gücləndirilməsinə xidmət edir. Şəxsi toxunulmazlıq hüququ, mülikiyyət hüququ,  insan ləyaqəti, vətəndaşlıq hüququnun təmin edilməsi, bərabərlik və digər hüquqlarla bağlı əlavə və dəyişikliklər də deyilənlərin təsdiqidir. Qeyd edək ki, Konstitusiyada əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir. Bu da insan amilinə dəyərin dövlət siyasətinin prioriteti olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin bu siyasəti beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.      

- İmamverdi müəllim, Daxili siyasətin uğurları  Azərbaycana beynəlxalq baxışı hansı şəkildə formalaşdırıb?

- Bu gün kənardan Azərbaycana bir baxış  keçirdikdə,  dünyada tolerant, multikulturalizmin inkişafına görə fərqlənən, müxtəlif dinlərə məxsus insanların  bir ailənin üzvü kimi yaşadığı sivil  cəmiyyət olduğunu  təcrübədə özünü doğruldan siyasəti ilə diqqət çəkir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, inkişafın dünyada nadir Azərbaycan modeli mövcuddur. Dünyanı bürüyən maliyyə və iqtisadi böhrandan ölkəmizin az itki ilə çıxması bu modelin aktuallığını daha qabardır. Hər bir ölkənin inkişafında vacib amil kimi önə çəkilən iqtisadiyyatın inkişafı istiqamətində dövlətimizin  davamlı addımlarından  əvvəlki suallarda geniş bəhs etdik.  Hazırda   Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Beynəlxalq Humanitar Forumlara,  Mədəniyyətlərarası Dialoq Forumuna, Davos Dünya İqtisadi Forumuna və digər yüksək səviyyəli qlobal tədbirlərə ev sahibliyi edir. Bu ilin aprelində ölkəmizdə keçirilən BMT-nin Svilizasiyalar Alyansının VII Qlobal Forumunda dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: «Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik.» Möhtərəm Prezidentimiz bunun davamı olaraq qeyd etmişdir: « Azərbaycanın coğrafi mövqeyi hər kəsə məlumdur, eyni zamanda, bizim təşəbbüslərimiz mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi ölkəmizin mövqelərinin gücləndirilməsi məqsədini daşıyır. O ölkə ki, qarşılıqlı anlaşmaya daha çox töhfə vermək iqtidarındadır, bunu etməlidir. Çox fəxr edirik ki, ötən il Bakı ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Gələn il isə biz Bakıda 4-cü İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Yəni, iki il içərisində Avropa və İslam dövlətlərinin idmançıları eyni şəhərdə oyunlarda iştirak etmiş olacaqlar. Məsələ yalnız idman və medalların sayı, nailiyyətlərlə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir.»  Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev  bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək. 2016-cı ilin dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ölkəmizdə «Multikulturalimz ili» elan edilməsi də Azərbaycanın multikultural cəmiyyətlərin formalaşmasına töhfələrinin davamlılığından irəli gəlir.

Ölkəmizin yeniliyə daha çox maraq göstərməsi, modernləşməni siyasətinin ana xətti kimi qəbul etməsi  istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yüksələn xətt üzrə inkişafına öz müsbət təsirini göstərir. Belə ki, Konstitusiyamızın qəbulundan ötən 21 ildə iki dəfə  əlavə və dəyişikliklərin edilməsi, sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan  üçüncü dəfə ümumxalq səsverməsi demokratiyanın inkişafı istiqamətində mühüm addımlardan biri kimi dəyərləndirilir.

Azərbaycanın beynəlxalq səviyyədə  qazandığı dəstək yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsinin ədalətli həllinə də öz müsbət təsirini göstərir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan yeni dostlar qazanır, ölkəmizlə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin sayı artır. Dünya dövlətlərinin, təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyinin dəstəkləməsi, münaqişənin ərazi bütövlüyü           çərçivəsində həllinin vacibliyinin bəyan edilməsi  Azərbaycan diplomatiyasının uğurudur. Bir əsas məqamı da qeyd edək ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməklə  dünyada artan nüfuzunu, ədalətli  mövqeyini bir daha nümayiş etdirdi.

Münaqişənin həllində sülh danışıqlarına üstünlük verən dövlətimiz  bununla yanaşı hərb variantını da istisna etmir.  Ulu öndər Heydər Əliyevin «Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordun olmalıdır» tezisini həyata keçirdiyi siyasətin önündə saxlayan dövlətimizin ordu quruculuğu sahəsində atdığı  addımlar da göz önündədir.  Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbacanın güclü, qüdrətli, torpaqlarını işğaldan azad etməyə qadir ordusu var. Bu ilin arelində  Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr Azərbaycan ordusunun gücünü bir daha dünyaya nümayiş etdirdi.  Dövlət büdcəsindən ayrılmalarda müdafiə xərclərinə  diqqətin yüksək səviyyədə olması  dövlət siyasətində ordu quruculuğunun prioritet  olduğunu bir daha təsdiqləyir. Konstitusiyaya əlavə və dəyişikliklərdə də bu sahə diqqətdən kənarda qalmayıb. Təklif olunan əlavəyə əsasən «Azərbaycan Respublikası  öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.» Azərbaycan dövləti Konstitusiya bu kimi əlavə və dəyişiklikləri ilə bir daha dünyaya nümayiş etdirir ki, ordu müstəqilliyimizin, suverenliyimizin, sərhədlərimizin toxunulmazlığının qarantıdır. Müdafiə qabiliyyətimizin möhkəmləndirilməsi suveren hüququmuzdur. Xatırladaq ki, Azərbaycanın hərbi büdcəsini artırmasını işğalçı Ermənistan beynəlxalq aləmə  hərb variantına üstünlük verməsi kimi təqdim edirdi. Lakin dövlətimiz iqtisadi imkanların artması fonunda hər sahədə xərclərin artırıldığını, o cümlədən ordu quruculuğuna xüsusi önəm verildiyini bildirməklə, bunun suveren hüququmuz olduğunu bəyan etmişdir.

Xalqımız tam əmindir ki, Azərbaycanın beynəlxalq münasibətlər  sistemində artan rolunun və çəkisinin, diplomatik mübarizədə qələbəsinin, həmçinin  iqtisadi imkanların artması fonunda günbəgün  möhkəmlənən və qüdrətlənən ordusunun sayəsində  işğal altında olan torpaqlarımız azad olacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan daha sürətli və dinamik inkişafı ilə dünyanın diqqətində olacaq.

Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz hər sahədə yeniləşməni, təkmilləşməni bir zərurət kimi ortaya qoyur.  Uğurlar biri-birini əvzəzlədikcə  sabaha inam daha da artır, yeni-yeni hədəflər gündəmə gəlir, onların gerçəkləşdirilməsi üçün səylər göstərilir. Hər bir uğurlu addım üçün  stimul olmalıdır. Bu stimul təbii ki, dövlətimizin uğurlu siyasəti, xalq tərəfindən dəstəklənməsi, bir sözlə, xalq-iqtidar birliyinin sarsılmazlığıdır. İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə keçirilən sorğuların nəticələrində Azərbaycanla bağlı  xoş, reallığı özündə əks etdirən fikirlərin yer alması, dövlətimizin siyasətinin alternativsizliyinin bəyan edilməsi də bugünkü uğurlarımıza, təkmil islahatlara, gələcəyə hesablanmış inkişaf strategiyamıza əsaslanır.   

- İmamverdi müəllim, atılan hər addımın mahiyyətinin düzgün dəyərləndirilməsi  təbii ki, təbliğat işinin lazımi səviyyədə qurulmasından asılıdır… 

- Təbii. Nəzərdə tutulan, ayrı-ayrı bəndlərə  təklif olunan əlavə və dəyişikliklərin  daha mükəmməl, müasir tələblərə cavab verəcək səviyyədə hazırlanması demokratik, sivil, açıq cəmiyyətdə insanlara verilən dəyərin ifadəsidir.  Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər qarşıdakı illər üçün daha möhtəşəm  nəticələrə yol açır. Prezident İlham Əliyevin ölkə əhalisinin tələbatının 100 faiz daxili imkanlar hesabına ödənilməsi tövsiyəsinin həyata keçirilməsinin nəticəsidir ki, xüsusilə ərzağa olan ehtiyac yerli məhsullar hesabına  təmin olunur.  Görülən tədbirlərin daha səmərəli olması üçün sahibkarlıq sahəsində  dövlət maraqlarının, insanın həyat və  sağlamlığının müdafiəsi  ilə bağlı tənzimləmələr də  dəyişikliklərdə əksini tapır.

Bu baxımdan ki,   Referendum Aktında xalqın iradəsini ifadə etməsi üçün irəli sürülən təkliflərin məntiqə, hüquqa  əsaslanması, müasir dövrün tələblərinə uyğunlaşdırılması, istəklərini sərbəst ifadə etməsi üçün mükəmməl əlavələr  nəzərdə tutulub.

Konstitusiyamıza olunacaq əlavə və dəyişikliklərin hər biri daşıdığı mahiyyətə  görə önəmlidir. Ölkənin təhlükəsizliyi və  müdafiəsi, mülkiyyət hüquqlarının,  etnik mənsubiyyətindən asılı olmayaraq insan ləyaqətinin qorunması ilə bağlı dəyişikliklər   sosial xarakterli olsa da  siyasi məzmun baxımından da əhəmiyyətlidir. Ölkə əhalisinin müzakirəsinə verilən əlavə və dəyişikliklər  sentyabrın 26-sında  keçiriləcək referendumda dəstəyini qazanaraq, Azərbaycanın davamlı inkişafını daha da sürətləndirəcək. Təbii ki, təbliğat-təşviqat işinin yüksək səviyyədə qurulması mütləqdir. İctimaiyyətin  əlavə və dəyişikliklərin mahiyyəti ilə dolğun məlumatlandırılması 26 sentyabrda ümumxalq səsverməsinin yüksək fəallıq şəraitində  keçəcəyini və  xalqın  böyük əksəriyyətinin dəstəyini təmin edəcək.