YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Konstitusiyaya təklif olunan dəyişikliklər ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir

Müsahibimiz MM deputatı, AŞPA-nın komitə sədri, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Sahibə Qafarova

- Sahibə xanım, sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərin olunması ilə bağlı ümumxalq səsverməsi – referendum keçiriləcək. Əvvəlcə, istərdik bu dəyişiklikləri zəruri edən amillərlə bağlı sizin fikirlərinizi öyrənək. Sizcə, Ana qanununumuza əlavə və dəyişiklikləri şərtləndirən səbəblər nələrdir?

- Əvvəla, qeyd etmək istəyirəm ki, artıq referendum keçirilməsi üzrə çox aktiv bir fazaya qədəm qoymuşuq. Bu günə qədər müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, Azərbaycan bu prosesi də çox uğurla başa vuracaq. Dəyişiklikləri şərtləndirən amillərə gəlincə, əlbəttə, Azərbaycan dövləti sürətlə inkişaf edir və son 12 ilin iqtisadi göstəriciləri kifayət qədər yüksəkdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüyüb. Buna paralel olaraq, uğurlu sosial siyasət nəticəsində insanların da həyat şəraiti yüksəlib, yeni sosial şərtlər meydana çıxıb. Azərbaycanın beynəlxalq əlaqələri də kifayət qədər genişlənib, beynəlxalq təşkilatlarda təmsilçiliyi yüksəlib, ölkəmiz bir çox yeni beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq əməkdaşlıqla bağlı mühüm qərarlar qəbul olunub. Eyni zamanda, ölkə qanunvericiliyi də təkmilləşdirilir, yeni mütərəqqi qanunlar qəbul olunur. Azərbaycan bu gün sürətli islahatlar dövrünü yaşayır. Möhtərəm Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Təbii ki, bu islahatlar bir çox sahələri əhatə edir. İqtisadi sahədə verilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verib və dünyada baş verən qlobal iqtisadi kataklizmlər fonunda belə Azərbaycan öz iqtisadi inkişaf dinamikasını qoruyub saxlaya bilib. Həmçinin, idarəetmənini təkmilləşdirilməsi, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində ciddi institusional islahatlar həyata keçirilib.

Digər tərəfdən, regionda və dünyada baş verən hadisələr hamımızın gözünün qabağındadır. Milli dövlətlərin təhlükəsizliyinə qarşı mövcud olan hədələr hər kəsi qabaqlayıcı tədbirlər görməyə sövq edir. Təbii ki, Azərbaycan dünyada cərəyan edən hadisələr fonunda öz sabitliyini, müstəqilliyini möhkəmləndirə bilib. Bununla belə, qeyd etdiyimiz kimi, yeni şəraitdə daha əhatəli tədbirlər görməyə ehtiyac yaranır. Ona görə də, biz bu gün Konstitusiyaya əlavə və dəyişikliklərdən danışarkən tam məsuliyyətimizlə bildiririk ki, bu dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq.

- İndiyədək Azərbaycan Respublikası Konstitusiyasına 2 dəfə dəyişiklik olunub. Bu gün isə Azərbaycan Konstitusiyasına növbəti dəyişikliklər təklif olunur. Ümumiyyətlə, müstəqil Azərbaycan Konstitusiyasının qəbul olunmasından bu yana həyata keçirilən Konstitusiya islahatlarının əhəmiyyəti və dövlətimizin güclənməsində bu islahatların rolunu necə qiymətləndirirsiniz?

- Bildiyimiz kimi, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan xalqının qarşısında duran mühüm vəzifələrdən biri Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi idi. Ölkənin gələcək inkişafının konseptual əsaslarını və fundamental prinsiplərini əks etdirən yeni qanun lazım idi. Lakin müstəqilliyin ilk illərində ölkədə siyasi sabitliyin və xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini mümkünsüz edirdi. Yalnız Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra mühüm ictimai-siyasi mühit formalaşdı. Bu, dövlət və cəmiyyət həyatının bütün sahələrində irimiqyaslı işlərə başlamağa, o cümlədən Konstitusiyanı qəbul etməyə imkan verdi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə birbaşa Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq qəbul olunub. Əlbəttə ki, Konstitusiyanın qəbulu çox böyük məzmun və əhəmiyyət ifadə edirdi. Ulu öndər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya şəxsən sədrlik edib, onun cəmiyyətin müxtəlif təbəqələri arasında açıq müzakirəsini təşkil edib.

Yeni Konstitusiya demokratik, dünyəvi, hüquqi dövlətin bünövrəsini qoydu. Siyasi sistemin mərkəzində insan, onun hüquq və azadlıqları, demokratik və hüquqi dövlət idealları durdu. Azərbaycan Konstitusiyasında müasir sivilizasiyalı cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyən edən proqressiv ideyalar və dəyərlər geniş əks edilib. Ötən dövr ərzində Azərbaycanın hərtərəfli tərəqqisi, ölkə həyatının ən müxtəlif sahələrində aparılan irimiqyaslı islahatlar öz əsasını, mənbəyini məhz 1995-ci il Konstitusiyasından götürüb. 

Lakin zaman keçdikcə, Konstitusiyaya da dəyişikliklər etmək zərurəti yaranıb. Konstitusiyamıza əvvəlki dəyişikliklər 2002-ci ilin 24 avqustunda (22 maddəyə 31 dəyişiklik) və 2009-cu ilin 18 martında (29 maddəyə 41 dəyişiklik) keçirilən referendumlarda olunub.

24 avqust 2002-ci il tarixində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər yeni dövrün çağırışlarını özündə ehtiva edirdi. Belə ki, 1995-ci ildə Konstitusiyanın qəbul olunmasından bu dövrə qədər Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, bir sıra beynəlxalq təşkilatlara, xüsusilə də Avropa Şurasına üzv olması, Avropa Şurası çərçivəsində qəbul edilmiş beynəlxalq aktları, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasını təsdiq etməsi, bununla bağlı müəyyən öhdəliklər götürməsi, həm də cəmiyyətinin özünün inkişafı bu dəyişiklikləri zəruri edirdi. Məhz bu dövrdə vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ tanındı, insan hüquqlarının məzmunu, eləcə də seçki sistemi təkmilləşdirildi, Konstitusiyanın özünə əlavə və dəyişikliklərin edilməsi mexanizmində müəyyən dəyişikliklər edildi.

Konstitusion inkişafın ikinci mərhələsi 18 mart 2009-cu ildə ümumxalq səsverməsi nəticəsində Konstitusiyaya bir sıra əlavə və dəyişikliklərin edilməsi ilə bağlı oldu. Bu dəyişikliklərin özü də Konstitusiyanın bir çox müddəalarının təkmilləşdirilməsinə xidmət edirdi. Azərbaycan dövlətinin sosial-iqtisadi bazası daha da güclənmiş, onun vətəndaşların hüquq və azadlıqlarına bu sferada təminat vermək, sosial dövlət prinsiplərini təsbit etmək imkanları daha da genişlənmişdi. Bütün bu məsələlərin həm də konstitusion əsasda təsbit olunması məsələsi ortaya çıxmışdı. Bu isə, nəticə etibarilə, cəmiyyətin inkişafı demək idi. Məhz belə bir şəraitdə Konstitusiyaya əlavə və dəyişikliklər edilməklə insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, bu hüquqların məzmununun genişləndirilməsi və digər məsələlər vasitəsilə Əsas qanun daha da təkmilləşdirildi. Bütövlükdə isə, bütün bu əlavə və dəyişikliklərin hər biri Konstitusiyanın təkmilləşməsinə xidmət etmiş oldu.

- Hazırda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər cəmiyyətimiz tərəfindən geniş müzakirə olunur. Siz bu dəyişikliklərlə bağlı nə deyə bilərsiniz?

- Bildiyimiz kimi, təklif olunan dəyişikliklərdə bir çox məsələlər yer alıb. Bu dəyişikliklər idarətetmənin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusi mülkiyyət, sosial məsuliyyət və sosial ədalət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı və digər məsələlər öz əksini tapıb. Hesab edirəm ki, istənilən obyektiv və qərəzsiz yanaşmada bu dəyişikliklərin hər birinin nə qədər əhəmiyyətli olduğu meydana çıxır. İlk növbədə layihədə təhlükəsizlik məsələlərindən bəhs edilib. Qeyd edilib ki, 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır".

Konstitusiyaya belə bir dəyişiklik etmək zərurəti nədən irəli gəlir? Bilirik ki, hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır. Ən azından çox da uzaq olmayan keçmişdə bizi əhatə edən coğrafiyada baş verən hadisələrə nəzər yetirsək, dövlətlərin konstitusiton quruluşunu hədəf alan, müstəqilliklərinə qarşı yönəlmiş cəhdlərin nə qədər təhlükəli fəsadlar meydana gətirdiyini görərik. Ona görə də, Azərbaycan öz müstəqilliyini möhkəmləndirmək, təhlükəsizliyini təmin etmək üçün preventiv tədbirlər görmək və bunun hüquqi əsasını formalaşdırmaq üçün bu dəyişikliyin edilməsini məqsədəmüvafiq hesab edir və Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.

Ya da digər bir dəyişiklikliyə nəzər salaq. Referendum Aktının layihəsində yer alan vacib məsələlərdən biri də mülkiyyətlə bağlıdır. Məlumdur ki, bəzi hallarda mülkiyyət sahiblərinin davranışları və fəaliyyəti Azərbaycanın sosial dövlət fəlsəfəsinə uyğun gəlmir. Bir çox hallarda mülkiyyətçilər və ya sahibkarlar sahib olduqları mülkiyyətdən səmərəli istifadə olunmasında maraqlı olmur. 29-cu maddədə “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur" və "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər"” kimi V və VI hissələr əlavə olunub. Bu, birbaşa dövlət maraqlarının daha güclü qorunmasına və iqtisadi inkişaf proseslərinin sürətləndirilməsinə xidmət edir ki, hesab edirəm ki, fərdi olaraq hər bir vətəndaşın da maraqlarına cavab verir. Çünki ümummilli sərvət olan torpaqlardan səmərəli istifadə çox aktualdır. Hazırkı mərhələdə ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına dair Dövlət proqramları həyata keçirilir və bu sahədə təhlükəsizliyin təmin edilməsi üçün torpaq ehtiyatları əsas baza rolunu oynayır.  Bu səbəbdən torpaqlardan səmərəli istifadə edilməsi məsələsi müstəsna əhəmiyyət kəsb edir.

"Bələdiyyələrin məsuliyyəti" adlı 146-cı maddənin də əhəmiyyəti böyükdür. Bilirik ki, bələdiyyələr bir təsisat olaraq ölkəmizdə çox da böyük inkişaf tarixinə malik deyil. Ona görə də, bəzən bu institutların fəaliyyətində müəyyən nöqsanlar ortaya çıxır. "Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar”" əlavəsi də bu kimi nöqsanların aradan qaldırılmasına və bələdiyyələrin daha səmərəli fəaliyyətinin təmin olunmasına yönəlib.

- Bu gün təklif olunan dəyişikliklər sırasında ən çox müzakirə olunan məsələlərdən biri birinci vitse-prezident və vitse-prezident vəzifələrinin təsis olunması ilə əlaqədardır. Bu vəzifələrin təsis edilməsi Azərbaycanın siyasi sistemində və idarəçilik praktikasında nəyi dəyişəcək?

- Məlum olduğu kimi, Azərbaycan prezidentli respublikadır, bəzi hallarda bir-birini təkrar edən müəyyən idarəetmə strukturları var. Prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə ölkə prezidenti 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Bir çox inkişaf etmiş dövlətlərin təcrübəsində də vitse-prezidentlik institutunun fəaliyyət göstərməsi uğurlu təsdiqini tapıb. Ona görə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Layihədə əks olunmuş təklifə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Eyni zamanda, layihədə Konstitusiyaya "Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir" məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Beləliklə, Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq.

- Sahibə xanım, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi kimi, yerlərdə vətəndaşlarla təbliğat xarakterli görüşlərdə iştirak edirsiniz. Bu gün bəzi qüvvələr guya seçicilərin prosesə marağının yetərincə olmadığını iddia edirlər. Siz necə hesab edirsiniz, vətəndaşların bu dəyişikliklərə münasibəti nədən ibarətdir? Sizin bununla bağlı müşahidələriniz necədir?

- Əlbəttə, vətəndaşlarımız bu prosesə böyük maraq göstərirlər. Keçirilən görüşlərimizdə də bunu açıq şəkildə müşahidə etməkdəyik. Doğrudur, bəzi müxalifət partyiaları bu dəyişikliklərə qarşı çıxır, amma onların bununla bağlı ortaya heç bir arqument qoya bilməməsi, dəyişikliklərlə bağlı əsaslandırılmış mövqelərinin olmaması da göstərir ki, bu qüvvələrin yanaşması sadəcə qərəzlidir və heç bir məntiqə söykənmir. Mən əminəm ki, xalqımız bu qüvvələrin fikirlərini qəbul etmir və ölkəmizin daha da inkişafı, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən bu dəyişikliklərə dəstək verir. Sentyabrın 26-da keçiriləcək referendumun nəticələrində biz bu dəstəyi daha aydın görəcəyik. Çünki təklif olunan dəyişikliklər ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir və bu islahatlar xalqımız tərəfindən daim dəstəklənib. Mən bir daha bütün vətəndaşlarımızı referendumda fəal iştirak etməyə və Konstitusiyaya təklif olunan bu dəyişikliklərə səs verməyə çağırıram.