YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Referendumun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəklədiyini bir daha təsdiqlədi

Müsahibimiz Milli Məclisin deputatı Zahid Oruc

- Zahid müəllim, hazırda cəmiyyətimizdə seyntyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin-referendumun nəticələri geniş müzakirə olunmaqdadır. Bu barədə sizin fikirlərinizi də bilmək istərdik...

- Qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə hakimiyyətin həyata keçirdiyi siyasətin, mövcud idarəetmə mexanizmi və prinsiplərinin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, sosial rifahın yaxşılaşdırılmasını və iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün idarəetmə mexanizminin formalaşdırılmasıdır. Məhz Konstitusiya islahatlarının əsasında dayanan amillərdən biri də bu məsələdir.

Ölkəmizdə həyata keçirilən institusional islahatların əsasında güclü siyasi iradə dayanır. Azərbaycan dövləti vətəndaşların rahatlığının təmin olunması, idarəetmə sisteminin təkmilləşdirilməsi, həyata keçirilən islahatların davamlılığının təmin olunması və bu qəbildən olan digər məsələləri xüsusi diqqət mərkəzində saxlayır. Təbii ki, Konstitusiya islahatlarından sonra bu proses daha da sürətlənəcək.

Bütövlükdə isə referendumun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəklədiyini təsdiqlədi. Məhz bu amil bundan sonrakı dövrdə ölkəmizin inkişaf siyasətinin daha böyük əzmlə, qətiyyətlə həyata keçiriliməsini şərtləndirir.

- Bildiyimiz kimi hazırda ölkəmizdə iqtisadi islahatların yeni mərhələsi həyata keçirilir.  Konstitusiya dəyişikliklərinin bu islahatların sürətləndirilməsi baxımından əhəmiyyət nədən ibarətdir?

- Ölkəmizdə yeni iqtisadi şəraitdə qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilib. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək. Başlanılan islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir. Bu islahatlar, ilk növbədə, iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir.  

Dövlət başçısının siyasi iradəsi əsasında start verilən yeni nəsil iqtisadi islahatlara uyğun olaraq istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunda mühüm sağlamlaşdırma tədbirləri görülür. Mərkəzi Bank Prezident İlham Əliyevin tapşırıqlarını əsas tutaraq bankların konsolidasiyasını həyata keçirir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə bəzi bankların lisenziyaları ləğv edilib. Əmanətlərin sığortalanması da ölkənin bank sisteminin sağlamlaşdırılması istiqamətində atılan mühüm addımdır.

Yeni iqtisadi şəraitdə ölkənin maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının mühüm əhəmiyyəti var. Belə bir qurumun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdən ibarətdir.
Bundan başqa, vergi bazasının genişləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına hesablanan islahatlar da böyük önəm daşıyır. Prezident İlham Əliyevin vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı verdiyi tapşırıqlar və imzaladığı sənədlər ölkədə iqtisadi sahədə şəffaflığın təmin edilməsi, iqtisadi fəallığın stimullaşdırılması, eyni zamanda, büdcə daxilolmalarının həcminin artırılması baxımından böyük önəm kəsb edir.
Qeyd olunanlardan da göründüyü kimi, ölkəmizdə həyata keçirilən islahatlar ardıcıl və kompleks xarakter daşıyır.

- Konstitusiya dəyişikliklərində sosial məsələlər də xüsusi tutur...

- Bütövlükdə, islahatların paralel şəkildə aparılması iqtisadi-siyasi inkişafın təməlini təşkil edir. Son illərdə qlobal miqyasda müşahidə edilən kataklizmlərin fonunda sosial məsələlər xüsusi aktuallıq kəsb etməyə başlayıb. Hazırda bütün dünya miqyasında meydana çıxan yeni çağırışlardan biri ondan ibarətdir ki, yaranmış vəziyyətdə milli dövlətlər öz siyasətlərində insanların gündəlik həyatı ilə bağlı məsələlərin həllinə, onların məşğulluğunun təmin edilməsinə, gəlirlərinin artırılmasına daha artıq dərəcədə diqqət yetirməli və daha təsirli tədbirlər görməlidirlər. Bu baxımdan Azərbaycanda həyata keçirilən genişmiqyaslı tədbirlər diqqətəlayiqdir. O cümlədən islahatların sosial sferanı da əhatə etməsi Azərbaycan dövlətinin yeni iqtisadi şəraitdə də özünün sosial siyasətinə sadiq qaldığını təsdiqləyir.
Bütövlükdə, həyata keçirilən sosialyönümlü siyasətin hüquqi əsaslarının gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər reallaşdırılır.

- Zahid müəllim, bu islahatlar idarəetmə mexanizminin, siyasi sistemin  daha da təkmilləşdirilməsi baxımından nə dərəcədə əhəmiyyət kəsb edir? 

- Ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar ötən ildən başlayaraq yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulub.
Azərbaycanda həyata keçirilən institusional islahatlardan bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan idarəetmə sisteminin tamlığını təmin edib.

Sadalananları sübut edən başlıca faktlardan biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Qeyd etmək lazımdır ki, ölkəmizdə hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi istiqamətində islahatlar ardıcıl xarakter daşıyır.