YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək

Müsahibimiz «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov

- Elman müəllim, bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdilər. Danışıqlar prosesinin hazırki mərhələsini necə qiymətləndirirsiniz?

- Bu ilin aprel ayında cəbhədə baş verən döyüşlərdə işğalçı Ermənistan ciddi dərs aldı. Həmin döyüşlərin nəticələri həm ermənilər, həm də ATƏT-in Misnk qrupunun həmsədrləri üçün məyusedici oldu. Ona görə də, bu hadisədən sonra həmsədrlər narahat olaraq döyüşləri dayandırıb danışıqlar prosesini bərpa etməyi təklif etdilər. Bəlkə də, döyüşlərdə erməni tərəfi üstünlük qazansaydı, onlar belə narahat olmazdılar. Çünki həmsədrlər sanki işğalçı Ermənistanın müdafiəçiləri, havadarları təsiri bağışlayırlar.

Minsk qrupunun həmsədrləri regiona hər səfərlərinin nəticəsi olaraq bəyanat verirlər. Amma bu bəyanatlar əvvəlkilərin təkrarıdır. Onlar nəticəsiz fəaliyyət göstərirlər. Bu qurum yaranan gündən ermənilərin xeyrinə nə isə etməyə çalışır. Amma buna da nail ola bilmirlər. Doğrudur, bəyanatlarında status-kvonun dəyişməsinin tərəfdarı olduqlarını, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər. Amma sözlə əməl bir olmalıdır. Əgər  BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri, həmsədr dövlətlərin başçılarının bəyanatlarında əksini tapan məsələlər   icra olunarsa onda vəziyyət tamamilə başqa cür  olardı.   Amma həmsədrlər bütün bunlar üçün heç bir əməli iş görməyiblər. Görünən odur ki, heç nə etmək istəmirlər. Bunların işi peşəsi turist səfərləri etməkdir.

Düşünürəm ki, onların məqsədi münaqişənin həllinin vaxtını  uzadıb Azərbaycanı güzəştə məcbur etmək istəyirlər.  Buna da nail ola bilmirlər. Çünki Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə biz irəli gedirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan inkişaf edir, ordumuz güclənir.

- Həmsədrlər münaqişənin həlli ilə əlaqədar  yeni ideyaların olduğunu bildiriblər. Sizcə, bu yeni ideyalar nə ola bilər?

- Məsələ ilə bağlı Azərbaycan dövləti mövqeyini bəyan edib. Bu da ondan ibarətdir ki, biz bir qarış torpağımızı heç kimə güzəştə getməyəcəyik və ərazi bütövlüyü məsələsi danışıqların mövzusu ola bilməz. Biz ərazilərimizi işğaldan azad edəcəyik.

Həmsədrlər bildirirlər ki, biz istəyirik bölgədə dayanıqlı sülhə nail olunsun, tərəflər siyasi iradə nümayiş etdirib razılığa gəlsinlər, qarşılıqlı etimad yaransın və s. Əgər yeni ideyalar bunlardısa mənasız fikirlərdir. Necə ola bilər ki, erməni  silahlı qüvvələri torpaqlarımızı işğal altında saxladığı halda qarşılıqlı etimad olsun? Bəlkə həmsədrlər bununla demək istəyirlər ki, həmin torpaqları Ermənistana bağışlayaq? Bu ola bilməz. Onlar nə deyirlər desinlər, Azərbaycan son nəticədə məcbur olacaq ki, sözünü hərb yolu ilə desin.

Azərbaycan Ordusu torpaqları işğal azad etmək üçün hər an hazırdır. Həmsədrlərin bu fəaliyyətsizliyi, digər beynəlxalq qurpumların ədalətsiz mövqeyi son nəticədə Azərbaycanı məcbur edəcək ki, torpaqlarını hərb yolu ilə işğaldan azad etsin. Bunun məsuliyyəti isə birbaşa işğalçı Ermənistanın, həmsədrlərin və öz qətnamələrini icra etdirə bilməyən beynəlxalq təşkilatların üzərinə düşəcək.

- Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsi vaxtaşırı gündəmə gəlir. Hazırda bu məsələ nə yerdədir?

- Artıq uzun illərdir ki,  Ermənistanda «Qarabağ klanı» bu münaqişə üzərində siyasi hakimiyyəti zəbt edib və bu ölkəni çapıb talayırlar. Ermənistan bütün sahələrdə fəlakətin, uçurumun astanasındadır. «Qarabağ klanı» nə qədər ki, hakimiyyətdədir, onlar münaqişənin sülh yolu ilə həllinə mane olacaqlar. O cümlədən də, icmaların görüşünə, insanların  yaxınlaşmasına razılıq verməzlər. Çünki cinayətkar rejim  qorxur odur ki, bu görüşlər Ermənistanda siyasi vəziyyəti daha da gərginləşdirəcək.  Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ölkəmizə son səfəri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdü. O səmimi olaraq etiraf etdi ki, Azərbaycan tərəfinin mövqeyindən çox razıdır. Çünki  Azərbaycan xalqında erməni xalqına qarşı düşmənçilik hissləri yoxdur. Amma o, Ermənistanda vəziyyətin əksinə olduğunu dedi. Bildirdi ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə Ermənistan hakimiyyətini razı sala bilmir. Erməni tərəfi bu görüşlərin keçirilməsindən qaçır.

Əslində, mən separatçı rejimin rəhbərliy ilə görüşlərin keçirilməsinin tərəfdarı deyiləm. Görüşlər o zaman məqbul olar ki, torpaqlarımızı işğaldan azad edəcəyik. Belə görüşlərin keçirilməsini də  onlar bizdən xahiş etsinlər. Amma Dağlıq Qarabağda yaşayan sadə insanlarla, ictimaiyyət nümayəndələri ilə görüşlərin keçirilməsi yaxşı olardı.

- Ermənilər xalqımıza qarşı qətliamlar, vəhşiliklər törədiblər. Gələcəkdə torpaqlar işğaldan azad olunandan sonra ermənilərlə birgə yaşayış çətin olmayacaq ki?

- Düşünürəm ki, zamanla hər şey yoluna düşəcək. Müharibə nəticəsində 30 min şəhid vermişik. Amma nəzərə alsaq ki, dünyada, Avropada nə qədər müharibələr olub, qanlar tökülüb. Bu gün isə Avropa bir ailə kimi yaşayır. Şəxsən mən ermənilərlə bir yerdə yaşamaq istəmərəm, çünki ermənilər doğmalarımı öldürüblər. Amma bu, mənim istəyimdən asılı deyil. Beynəlxalq qayda-qanunlara əməl etməliyik. Birgə yaşamağa məhkumuq. Amma biz Azərbaycan qanunları, Konstitusiyası çərçivəsində bərabərhüquqlu yaşamalıyıq.

 - Elman müəllim, Dağlıq Qarabağın azərbaycanlı icması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində nə kimi işlər görür?

- Əsas məqsədimiz daha yüksək səviyyədə təşkilatlanmaq, daha yaxşı fəaliyyət göstərmək üçün səylərimizi artırmaqdır. Biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı apardığı işlərə kömək etmək istiqamətini götürməliyik, Ona dayaq olmalıyıq. Qarabağ həqiqətlərinin, ermənilər tərəfindən başımıza gətirilən müsibətlərin dünyaya çatdırılması, Xocalı soyqırımını, təcavüzkarı tanıtmaq, son nəticədə torpaqlarımızı işğaldan azad etmək üçün biz beynəlxalq aləmlə çox işləməliyik.

Xaricə ünvanladığımız müraciətlərdə Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünə, onların hüquqlarının pozulduğuna dair faktlar öz əksini tapmalıdır. Bu, hamımızın üzərinə düşən vəzifədir və həmin vəzifəni də özümüzə borc bilib icra etməliyik. Qeyd etdiyim istiqamətdə bir çox işlər görülüb və hazırda da davam edir. Bizim məqsədimiz doğma torpaqlarımıza qayıtmaqdır və inanırıq ki, dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində buna nail olacağıq.