YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının başlıca məqsədi müasir qlobal çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir

Müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev

- Ağalar müəllim, məlum olduğu kimi, hər bir ölkənin inkişafının əsasında iqtisadi tərəqqi dayanır. Bu baxımdan respublikamızda həyata keçirilən  sosial-iqtisadi inkişaf strategiyasını hansı aspektlərdən səciyyələndirmək mümkündür?

- Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir.  

İnkaredilməz həqiqətdir ki, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Ulu öndər Heydər Əliyevin  «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi də bu gerçəkliyin təsdiqidir. Son 13 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədricən neftdənkənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.

Ümumiyyətlə, deyə bilərik ki, praqmatik siyasətçi olan Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində son 13 ildə Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb.  Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Bəhs olunan dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində   ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb. Həmçinin 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də  tarazlı şəkildə inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının artmasına güclü impuls verib. 2004–2015-ci illər ərzində Azərbaycanda orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilib ki, bu da bütün dünya üzrə ən yüksək göstəricilərdəndir. Bu müddətdə respublikamızda ÜDM-in həcmində 6,5 dəfə artım olmuşdur ki, bunun da sayəsində Azərbaycan dünya ölkələri arasında 134-cü yerdən 79-cu pilləyə yüksəlib.

Yeni neft strategiyasının uğurla reallaşdırılması ilə respublikamız  öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və hər cəhətdən güclü dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir.

Əlamətdar haldır ki, Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi inkişaf göstəriciləri nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir.   Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilib. Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə yer alıb. Həmin hesabata əsasən, Azərbaycan makroiqtisadi mühitin keyfiyyəti göstəricisinə görə dünyada 39-cu, əmək bazarının səmərəliliyi üzrə 26-cı, milli gəlirin ÜDM-ə nisbəti üzrə 37-ci, infrastrukturun keyfiyyətinə görə isə 55-ci yerdədir. Aparılmış iqtisadi siyasət Azərbaycanın dünya ölkələri sırasında adambaşına düşən milli gəlirin həcminə görə nəzərəçarpacaq dərəcədə irəliləməsi ilə nəticələnib. Dünya Bankının təsnifatına əsasən, Azərbaycan 2004-cü ildə adambaşına milli gəlirinin həcminə görə yoxsul ölkələr qrupuna aid edilmişdisə, 2005-ci ildə aşağı-orta gəlirli, 2009-cu ildən isə yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olmuşdur.

Ümumiyyətlə, çox doğru olaraq Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir. Başqa sözlə desək, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərinməzmunlu sosial siyasətlə tamamlanır. Bütün ölkəboyu təhsil, səhiyyə infrastrukturunun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir idman obyektlərinin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi Azərbaycanın sosial dövlət kimi mənzərəsini göz önündə canlandırır. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, respublikamızda sosial sahədə vəziyyət dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəldilməlidir. Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, respublikamızda dinamik iqtisadi artım hesabına  yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən hazırda 4,9 faizə enib. Respublikamızda işsizlik də təxminən bu səviyyədək aşağı salınıb.

- Hazırda qlobal miqyasada müşahidə edilən arzuolunmaz tendensiyalar müəyyən narahatlıqlar yaradıb. Ölkəmizdə yeni şəraitə uyğun olaraq  həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?

- Son illərdə dünyada müxtəlif səbəblərdən iqtisadi tənəzzül meyllərinin artması, o cümlədən də 2014-cü ilin yayından etibarən birjalarda neftin qiymətinin 4 dəfəyədək aşağı düşməsi qlobal miqyasda iqtisadi gərginliyi əhəmiyyətli dərəcədə artırıb. Hazırda qlobal məkanda yaranan çağırışlara uyğun yeni iqtisadi inkişaf hədəflərinin müəyyənləşdirilməsi dünya ölkələri üçün son dərəcə aktual məsələyə çevrilib. Dünya miqyasında baş verən mənfi proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya edən Azərbaycana da öz mənfi təsirini bu və ya digər dərəcədə göstərir. Ən azından onu vurğulamaq lazımdır ki, dünya birjalarıında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi respublikamızın valyuta daxilolmalarını azaldıb. Bununla belə,  yeni iqtisadi şəraitdə də ölkəmiz inkişafa istiqamətlənib. Bu baxımdan Azərbaycanda Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən milli iqtisadiyyatımızın ayrı-ayrı sahələri üzrə aparılan islahatlar böyük aktuallıq daşıyır. Qarşıya qoyulan əsas məqsəd ölkəmizin yaranmış vəziyyətdən mümkün qədər minimal itkilərlə çıxmasına nail olmaqdan və inkişafın ardıcıllığını təmin etməkdən ibarətdir.

Biz yuxarıda son 13 ildə ölkə iqtisadiyyatının dinamik inkişafından, o cümlədən də qeyri-neft sektorunun davamlı şəkildə dəstəklənməsindən bəhs etdik. Təkcə son beş ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20 faiz artaraq 70 faizə yüksəlib, ölkə üzrə bu sektordan ixracın həcmi isə 60 faizdən çox artıb.

Azərbaycanda zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki qlobal çətinliklər şəraitində ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Məhz neftdənkənar iqtisadiyyatın inkişafının nəticəsidir ki, ölkəmizdə qlobal kataklizmlərin təsiri nisbətən az hiss olunur və başlanan islahatlar sayəsində ölkə iqtisadiyyatının mənfi qlobal təsirlərə müqavimət gücü artır. Yeni şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında başlanan islahatlar yaxın perspektivdə ölkə iqtisadiyyatının neft amilindən asılılığını tamam aradan qaldırmağa hesablanıb.  Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, aparılan islahatlar konseptual xarakter daşımaqla konkret hədəflərə istiqamətlənib.

Yeni nəsil iqtisadi islahatlara uyğun olaraq  istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunda sağlamlaşdırma tədbirləri görülür. Ölkədə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən bankların konsolidasiyası həyata keçirilir. Əmanətlərin sığortalanması da ölkənin bank sisteminin sağlamlaşdırılması istiqamətində atılan mühüm addımdır. Prezident İlham Əliyevin imzaladığı  “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna əsasən, banklarındakı bütün əmanətlər qarşıdakı 3 il müddətində tam sığortalanacaq. Yeni iqtisadi şəraitdə ölkənin maliyyə sektorunun dayanıqlılığını təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirilməsi baxımından Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının mühüm əhəmiyyəti var.

Yeni dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təşviqi sistemi işə salınıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda  2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Dövlət başçısının bu yaxınlarda imzaldığı müvafiq Fərmana əsasən isə xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılmasına , “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə start verilib.

Yeni şəraitdə respublikada biznes mühitinin daha da optimallaşdırılması istiqamətində qətiyyətli addımlar atılır. Belə ki,  2015-ci ilin sonlarından etibarən Prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, onların hüquqlarının daha dolğun şəkildə qorunmasına  hesablanan bir sıra sənədlər imzalayıb. Dövlət başçısının  qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərdiyi sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi parlamentdə qəbul edilib. Bundan başqa, Prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” müvafiq Fərman imzalayıb. Çox haqlı olaraq  bu addımlar Azərbaycanda sahibkarlıq sahəsində inqilabi dəyişiklik kimi qiymətləndirilir. Bəhs olunan hər iki sənəd dövlət başçısının sahibkarlara açıq dəstək verdiyini, onların arxasında dayandığını təsdiqləyir. Beləliklə, ölkəmizdə sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb. Dövlət başçısının imzaladığı Fərmana əsasən,  lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinə başlanılıb.

Yeni şəraitdə ölkədə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük daxilolmalarının sadələşdirilməsi, şəffaflığın artırılması istiqamətində görülən ciddi tədbirlər də iqtisadi aktivliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, respublikada çevik idarəetmənin təmin olunması məqsədilə institusional islahatlara başlanılıb.

Yeni şəraitdə ölkədə qeyri-neft sənayesinin potensialının gücləndirilməsinə, innovasiyatutumlu istehsalatların yaradılmasına, regional sənaye quruculuğuna böyük önəm verilir.

Respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafı strategiyasında həmçinin kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Bu da təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik olan ölkədir. Son illərdə görülmüş tədbirlər sayəsində bir sıra pozisiyalar üzrə daxili ərzaq təminatının sırf yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Hazırda aqrar sektorda istehsal və ixrac imkanlarının artırılması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilir. Cari ildən başlayaraq ayrı-ayrı bölgələrdə texniki bitkilərin becərilməsinə, o cümlədən pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafına həm güclü siyasi dəstək verilir, həm də fermerlərə hərtərəfli maddi kömək göstərilir.

Həyata keçirilən bu və ya digər islahatlar yeni şəraitdə ölkəmiz üçün böyük inkişaf perspektivləri vəd edir. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək.

- Ağalar müəllim, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq Fərmanla milli iqtisadiyyat perspektivi və onun 11 əsas sektoru üzrə strateji yol xəritələrinin təsdiqlənməsinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Yaranmış yeni çağırışlar baxımından Prezident İlham Əliyevin bu günlərdə imzaladığı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" müvafiq Fərmanı böyük aktuallıq daşıyır. Fərmanla nəzərdə tutulan tədbirlər  ölkədə  investisiya və rəqabət mühitini daha da yaxşılaşdırmaqla iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək. Müəyyənləşdirilən yeni hədəflər Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inamlı inkişafını təmin edəcək. Fərmanda qeyd edildiyi kimi,  dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.  Milli iqtisadiyyat və onun 11 sektoru üzrə  strateji yol xəritələri müəyyənləşdirilərkən indiki dövrdə meydana çıxan yeni çağırışlar və qarşıda duran prioritet vəzifələr nəzərə alınıb.

Strateji yol xəritələri ölkənin iqtisadi sektorunda həyata keçirilən islahatların ardıcıllığı nəzərə alınmaqla hazırlanıb. Məlum olduğu kimi, Prezident İlham Əliyevin  2016-cı il 16 mart tarixli müvafiq Sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" təsdiq edilib.  Ötən dövrdə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün yaradılan İşçi qrupu tərəfindən milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələri hazırlanıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Dövlət başçısının müvafiq Fərmanı ilə milli iqtisadiyyatın və onun bir sıra əsas sektorlarının strateji yol xəritələrinin təsdiqlənməsi ölkəmizdə yeni şəraitdə yaranan çağırışlara uyğun olaraq reallaşdırılan islahatların səmərəliliyini daha da artıracaq. Belə ki, bundan sonra iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, Dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı dövlət başçısının imzaladığı bəhs olunan  Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəaları uzlaşdırılacaq. Beləliklə, respublikamızda qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsinə, istehsal və ixrac imkanlarının artırılmasına hesablanan islahatlar bir-birini tamamlayacaq ki, bu da iqtisadi səmərəlilik, investisiyaların daha prioritet sahələrə istiqamətləndirilməsi baxımından çox önəmlidir. 

- Ağalar müəllim, bir neçə gün öncə Milli Məclis 2017-ci ilin büdcə zərfini qəbul edib. Mövcud reallıqlar, ölkənin inkişaf perspektivləri büdcə zərfində özünün əksini necə tapır?

- 2017-ci ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan digər sənədlərin hazırlanmasında indiki dövrün reallıqları nəzərə alınıb. Bu baxımdan yeni ildə dövlətin iqtisadi siyasətinin, o cümlədən büdcə-vergi siyasətinin əsas prioritet istiqaməti qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılmasıdır. Belə ki, Vergilər Nazirliyi üzrə proqnozlaşdırılan daxilolmaların 75,7 faizi qeyri-neft sektorunun, 24,3 faizi isə neft sektorunun payına düşür.

 Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmini tədricən azaltmaqla Fondun vəsaitlərinə qənaət etmək və ölkənin strateji valyuta ehtiyatlarını qorumaq büdcə-vergi siyasətinin gəlirlər üzrə müəyyən edilmiş əsas parametrlərindən biridir. Təsadüfi deyil ki, 2017-ci ilin büdcə layihəsində Neft Fondundan dövlət büdcəsinə transfertlər 2016-cı ilin proqnozu ilə müqayisədə 19,9 faiz azaldılmışdır.

Büdcə zərfi hazırlanarkən hökumət tərəfindən büdcənin gəlirlərinin real vəziyyətinə uyğun olaraq bütövlükdə sosialyönümlü büdcə xərclərinin strukturunun, səmərəliliyinin və ünvanlılığının artırılması diqqətdə saxlanılmışdır. Eyni zamanda, yeni büdcə layihəsində mövcud makroiqtisadi mühitdə ölkənin uzunmüddətli dayanıqlı sosial-iqtisadi tərəqqisinin, regionların, ayrı-ayrı sahələrin, o cümlədən təhsil, səhiyyə, sosial, mədəniyyət və digər sahələrin inkişafının maliyyə təminatı da planlaşdırılmışdır.

Valyuta məzənnəsinin tənzimlənməsi ilə yanaşı, əvvəlki ilə nisbətən qarşıdakı ildə ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər sferalara yönələn əsaslı xərclər artırılmışdır.

2016-cı ildə manatın xarici valyutalara nisbətən ucuzlaşması nəticəsində ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi və devalvasiyanın nəticələrinin yumşaldılması məqsədilə artırılmış əməkhaqlarının maliyyə təminatı üçün gələn ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 40,3 faiz olmaqla 2015-ci illə müqayisədə 5,7 faiz çox vəsait proqnozlaşdırılmışdır ki, bu da 2016-cı illə müqayisədə 4,6 faiz artım deməkdir.    Qeyd etmək istərdim ki, dövlət büdcəsində əsaslı xərclərin xüsusi çəkisi 31,4 faiz təşkil edəcəkdir ki, bu da 2016-cı illə müqayisədə 6,5 faiz çoxdur.

Zənnimcə, Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin prioritet istiqamətlərini özündə ehtiva edən 2017-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri qarşıdakı ildə iqtisadiyyatın səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, onun aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, sosial prioritetliyin saxlanılmasına, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və sosial rifahının artırılmasına yönələcəkdir.