YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsinin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var

   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

- Mübariz müəllim, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı Sərəncamı olduqca əhəmiyyətli bir hadisədir. Bununla bağlı Sizin fikirlərinizi bilmək maraqlı olar.

- İlk öncə qeyd edim ki, cənab Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsinin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var. Hər bir dövrün müəyyən çağırışları olur. Hər bir  çağırışa da adekvat cavablar verilməli və buna müvafiq olaraq da qərarlar qəbul  edilməlidir. Siyasi xadimlərin,  liderlərin  də fərqli keyfiyyətlərindən biri bu cür hadisələri qabaqlayaraq zamanında müvafiq qərarlar qəbul etməsidir. Müasir dövrdə İslam dünyasının həmrəyliyə çox böyük ehtiyac var. Bu həmrəyliyi yaratmaq, bununla bağlı müəyyən addımlar atmaq üçün belə bir çağırışın edilməsinə, belə bir mesajın verilməsi çox böyük önəm daşıyır.

Fəxrlə onu da qeyd edək ki, İslam dünyasında böyük nüfuza malik olan, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan sivilizasiyalararası dialoqun məkanına çevrilib. Milli müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında çox əhəmiyyətli işlər görülüb. Təsadüfi deyil ki, Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Ümumiyyətlə, Ulu öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri, o cümlədən müsəlman respublikaları tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Bütün bunlar həm də Ümummilli Lider Heydər Əliyev siyasətini layiqli formada davam etdirən Prezident cənab İlham Əliyevin uğurlarının nəticəsidir.

- Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dünyasına hansı töhfələri verəcək?

- Təəssüf ki, İslam ölkələrini bir-birinə qarşı qaldırmaq, onlar arasında məzhəb və təriqət savaşlarına rəvac vermək istəyən xarici dairələr əvvəllər də olub, bu gün də var.  Şübhəsiz ki, 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli”nin elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək. Bildiyiniz kimi, bu il Azərbaycanda həm də “IV İslam Həmrəyliyi Oyunları” keçiriləcək. Buna paralel olaraq 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək. Bir məsələyə xüsusilə toxunmaq istəyirəm ki, ölkə Prezidentinin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi və bu il çərçivəsində görüləcək işlərdə təkcə din amili nəzərə alınmayıb. Din burada müəyyən rol oynayır, amma İslam ölkələrinin müxtəlif sahələrdə biri-birinə dəstək olması, nəzərdə tutulan fəaliyyət istiqamətləri qəbul olunacaq “Tədbirlər Planı”nda da öz əksini tapacaq.

- Respublikamızın müsəlman ölkələrini birləşdirən nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də İslam dövlətləri ilə əməkdaşlığını necə dəyərləndirirsiniz?

- Bölgədə müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycan İslam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və İSESCO kimi mötəbər təşkilatlarda ölkəmizin özünəməxsus yeri və rolu vardır. Bakı şəhərinin 2009-cu, Naxçıvan şəhərinin isə 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi, “IV İslam Həmrəyliyi Oyunları”nın təşkilatçısı kimi Azərbaycanın seçilməsi qeyd olunan faktların məntiqi nəticəsidir. Bu sahədə UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi ilə vurğulamaq lazımdır.

 

- “İslam Həmrəyliyi İli” çərçivəsində və İslam Həmrəyliyi Oyunları zamanı Dövlət Komitəsi tərəfindən hansı tədbirlər həyata keçiriləcəkdir?

- Təbii ki, bununla bağlı tədbirlər, təkliflər planı bir ay ərzində təsdiqlənəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu prosesdə yaxından iştirak edəcək. Cənab Prezident 2017-ci ilin "İslam Həmrəyliyi İli" olduğunu bir neçə gün öncə təsdiqləyib. Bununla bağlı planlar hamısı müəyyənləşdirilməlidir. Yəni indidən bununla bağlı hər hansı fikir söyləmək düzgün olmaz.

İslam Həmrəyliyi Oyunları ilə əlaqədar müəyyən olunmuş ayrı-ayrı qurumlar üçün iş planına uyğun olaraq tələblər var ki, onları yerinə yetirməlidirlər. Bizim qurum da öz üzərinə düşən vəzifəni yerinə yetirəcək. Orada İslam Oyunlarına gələn məşqçilər, idmançıların dini ayinlərlə bağlı ehtiyaclarının ödənilməsi məsələsi var. Onlar üçün şərait yaradılmalıdır. Bu şəraitin yaradılması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə işlər görəcək. Eləcə də Azərbaycanın multikultural və tolerant dəyərlərinin təbliği və təşviqi ilə bağlı müəyyən kitabçalar yayılacaq və s. Əlbəttə, bütün bunlar İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar təsdiq olunmuş “Tədbirlər Planı”nda öz əksini tapıb.


-Mübariz müəllim, məlum olduğu kimi, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” kimi tarixə düşdü. Rəhbərlik etdiyiniz Komitə tərəfindən Azərbaycan multikulturalizminin dünyaya təqdim olunması istiqamətində hansı işlər görüldü?  

  • Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi barədə 11 mart 2016-cı il tarixli Sərəncama, eyni zamanda “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair təsdiq olunmuş Tədbirlər Planı”na uyğun olaraq, Dövlət Komitəsi tərəfindən “Multikulturalizm ili” çərçivəsində 150-dən artıq tədbir keçirilib.

Bu il ərzində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda respublikanın, demək olar ki, bütün bölgələrini əhatə edən 22 regional konfrans, “Dünyəvi dövlətdə din: Azərbaycan  modeli” mövzusunda 27 seminar-treninq, “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda isə 25 seminar-müşavirə keçirilib.

Həmin tədbirlərdə respublikanın müxtəlif şəhər və rayonlarının icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, gənclər, dini icma sədrləri, imam və axundlar, dindarlar, ilahiyyatçılar, ziyalılar və ictimaiyyət fəalları iştirak ediblər. Eyni zamanda, “Multikulturalizm ili” çərçivəsində həyata keçirilən tədbirlər respublikamızın dini və dünyəvi təhsil müəssisələrini, Silahlı Qüvvələri, hüquq mühafizə orqanlarını, dini icmaları, çəzaçəkmə müəssisələrini, qeyri-hökumət təşkilatlarını, qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı əraziləri əhatə edib.

“Multikulturalizm ili” bir sıra beynəlxalq konfrans və görüşlərlə də əlamətdar olub. Bakı, Qəbələ, eləcə də Təbriz şəhərlərində beynəlxalq tədbirlər təşkil edilmiş, ölkəmizdəki multikulturalizm ənənələrinin beynəlxalq arenada təbliği istiqamətində çoxsaylı görüşlər keçirilib. Həmçinin ölkəmizdə mövcud olan tolerant və multikultural ənənələrin təbliği, dini radikalizmə qarşı mübarizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və s. məsələlərlə bağlı Dövlət Komitəsinin sədri, eyni zamanda məsul əməkdaşları Türkiyə, İsveç, Sinqapur, Almaniya, İspaniya və digər ölkələrdə təşkil olunmuş tədbirlərdə iştirak ediblər.

Hazırda Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri şərait var və biz də bundan istifadə edərək öz dəyərlərimizin təbliği istiqamətində var gücümüzlə çalışırıq. Bütün bu amillərə söykənərək deyə bilərəm ki, 2016-cı il ölkə tarixində səmərəli illərdən biri kimi yadda qaldı.