YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınır

   AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova

- Sahibə xanım, ölkəmizin xarici siyasətdə əldə etdiyi naliyyətilərə, qarşıya qoyulan hədəflərə toxunaq. Bu mənada ötən ilin nəticələrini necə dəyərləndirirsiniz?

- 2016-cı il bütün dünya üçün heç də asan keçmədi. Siyasi manipulyasiyalar nəticəsində birjalarda neftin qiymətinin kəskin ucuzlaşması fonunda qlobal iqtisadiyyat arzuolunmaz çətinliklərlə üzləşdi, ayrı-ayrı ölkələrdə iqtisadi aktivlik əhəmiyyətli dərəcədə aşağı düşdü, bir sıra hallarda sosial proqramlar ixtisara salındı, dünyada yoxsulluğun və işsizliyin kəskinləşməsi kimi problemlər insanların ciddi etirazları və bir sıra ölkələrdə xoş olmayan hadisələrin meydana gəlməsi ilə yadda qaldı. Bununla yanaşı, qlobal təhlükəsizliyi təhdid edən terror hadisələri, müharibələr, bəzi ölkələrdə səngiməyən xaos ötən il üçün də xarakterik oldu. Lakin sevindiricidir ki, xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə respublikamız Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özünün güclü iqtisadi və maliyyə potensialını səfərbər etməyə nail oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bir sıra çətinliklərlə yadda qalan 2016-cı ildə respublikamızda sabitliyin və inkişafın təmin olunması istiqamətində uğurlar əldə olunduğun vurğuladı. O cümlədən, xarici siyasətdə Azərbaycanın nailiyyətləri kifayət qədər əhatəli oldu. Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın müsbət beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir. Azərbaycanın təşəbbüsü ilə yaradılan üçtərəfli əməkdaşlıq platformaları dövlətlər arasında münasibətlərin inkişafına, eyni zamanda regional məsələlərin həllinə yeni töfhə verir. Zamanında ölkəmizin fəal səyləri sayəsində yaradılan və hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya formatları regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacib birliklərdir. Ümumiyyətlə götürdükdə, respublikamız, təcavüzkar Ermənistan istisna olmaqla, bütün qonşularla dostluq münasibətlərinə malikdir. Azərbaycanın dövlət başçısı İlham Əliyev region dövlətləri və tərəfdaşlarla əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin qonşu ölkələrin dövlət başçıları və digər yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi çoxsaylı görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlərin geniş spektri müzakirəyə çıxarılıb, səmərəli danışıqlar aparılıb. Azərbaycanın dövlət başçısının irəli sürdüyü fəal təşəbbüslər bir qayda olaraq qonşu ölkələrin müvafiq dairələrində də yüksək qiymətləndirilir və dövlətlərarası münasibətlərin qurulmasında mütləq nəzərə alınır.

- Ötən il baş verənlər sırasında Azərbaycan hərb tarixində möhtəşəm bir uğurun – aprel döyüşlərində qazanılan qələbənin yeri xüsusidir. Bu qələbənin qazanılması Dağlıq Qarabağ münaqişəsinin həllində də mühüm əhəmiyyətə malikdir...

- Birmənalı şəkildə qeyd etmək lazımdır ki, dünyadakı ikili standartlar və təcavüzkar tərəfin işğalçılıq siyasətindən əl çəkməməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxtadək həll olunmamasının əsas səbəblərindəndir. Ermənistan BMT və digər beynəlxalq təşkilatların işğala son qoymaq barədə qərar və qətnamələrini yerinə yetirmir, Azərbaycan torpaqları hələ də işğal altında saxlanılır. Əlbəttə, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli rəsmi Bakının xarici siyasətində birinci məsələdir. Həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələsi beynəlxalq gündəmin aktual məsələlərindən birinə çevrilib. Azərbaycan konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Ümumiyyətlə, danışıqların hazırkı mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir.

Aprel döyüşlərinə gəlincə, 2016-cı ilin aprelində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirib. Daha da dəqiqləşdirsək, son hadisələrin fonunda ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin qınayır. İrəvandakı kriminal hakimiyyət baş verənlərdən dərs çıxarmalıdır, anlamalıdır ki, Azərbaycan artıq 90-cı illərin əvvəllərində olan Azərbaycan deyil. Bu gün Azərbaycanın iqtisadi qüdrəti, hərbi imkanları, Ordusununun gücü Dağlıq Qarabağ və ətrafındakı ərazilərimizi istənilən üsulla azad etməyə imkan verir. Əgər, Ermənistan rəhbərliyi aprel döyüşlərindən nəticə çıxarmasa, onda gələcəkdə onların alacağı bu tip dərslərin nəticələri daha ağır olacaq.

- Sahibə xanım, ötən il "Azərbaycanda multikulturalizm ili" elan olunmuşdu. "Multikulturalizm ili" çərçivəsində keçirilən tədbirlərin ölkəmizdə mövcud olan multikulturalizm ənənələrinin təbliğinə, həmçinin, Azərbaycanın dünyada dinlər və mədəniyyətlər arasında dialoqa verdiyi töfhələri necə qiymətləndirmək olar?

- Azərbaycan tolerantlığı, çoxmədəniyyətliliyi sərvətə çevirməyi bacaran azsaylı ölkələrdən biridir. Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşmasına və inkişafına mühüm töhfələr verib. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi-dini dəyərlərə əsaslanan humanist meyilləri yaşadıb. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı güclü dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud olan humanitar dəyərlərin inkişafına güclü stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.

- Bu mənada  "Azərbaycanda multikulturalizm ili" çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Cari ildə keçirilən tədbirlər, mühüm beynəlxalq konfranslar və forumlar Azərbaycanın dünyada sülh və təhlükəsizliyin, mədəniyyətlər və dinlər arasında dialoqun, multikulturalizmin təmin olunmasına nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Artıq Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilməsi ənənə halını alıb. 2016-cı ilin aprel ayında Bakı şəhəri BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna, sentyabrda isə V Humanitar Foruma uğurla ev sahibliyi etdi. Eyni zamanda, Avropanın bir sıra böyük şəhərlərində Azərbaycan multikulturralizm modelinin təbliğ olunması, onun mühüm üstünlüklərin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə silsilə tədbirlər təşkil olundu. Görülən işlərin nəticəsi olaraq, Çexiyada, Litvada, Polşada, Almaniyada, İsveçrədə, İtaliyada, Portuqaliyada, Türkiyədə, İndoneziyada, Rusiyada, Gürcüstanda və başqa ölkələrdə bu gün Azərbaycan multikulturalizmi fənni tədris proqramlarına daxil edilib. Respublikamız həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının  üzvüdür. Azərbaycan 2015-ci ildə Avropa Oyunlarına uğurla ev sahibliyi etdi, bu il isə İslam Həmrəyliyi Oyunlarını təşkil edəcək. Hesab edirəm ki, bu faktların özü belə Azərbaycanın multikulturalizm modelinin dünya üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Bu gün dünyada baş verən hadisələr, müharibələr, hər gün daha da genişlənməkdə olan və hazırda bütün dünya xalqlarını və ölkələrini təhdid edən terror dalğası, miqrant və qaçqın problemi fonunda Azərbaycanın multikulturalizm modelinin nə qədər əhəmiyyətli olduğunu bir daha dərk etmiş oluruq.  Bəli, "Multikulturalizm ili" artıq başa çatıb və sadalananların fonunda ölkəmizin çox böyük nailiyyətlər qazandığını söyləyə bilərik. Amma təbii ki, Azərbaycanın multikulturalizm ənənələri, bu istiqamətdə verdiyi töfhələr bundan sonra da möhkəmlənərək davam edəcək.