YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İcbari tibbi sığorta sisteminə keçid səhiyyədə aparılan islahatların mühüm tərkib hissəsidir

Müsahibimiz Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev

- Zaur müəllim, məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələr üzrə islahatlar həyata keçirilir. Bu islahatların başlıca məqsədi ölkəmizin daha da inkişaf etdirilməsidir. Bu mənada icbari tibbi sığortanın tətbiqi istiqamətində həyata keçirilən tədbirlər də, səhiyyə islahatlarının tərkib hissəsdir. Sizcə, bu sistemin tətbiqi Azərbaycan səhiyyəsinə, bütövlükdə ölkəmizə nə verəcək?

- Bildiyiniz kimi, Azərbaycanda son illər çox mühüm islahatlar həyata keçirilir. Əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm dövlət proqramları qəbul edilib, tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib və səhiyyə sahəsində bir çox islahatlar aparılıb.

İcbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissədir. Çünki icbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək və səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək.

Hazırda dünya ölkələrində səhiyyə xərcləri artmaqdadır. Hətta inkişaf etmiş ölkələrdə səhiyyədə maliyyə çatışmazlığı müşahidə olunur. Səhiyyə infrastrukturunun saxlanılması, idarə olunması kifayət qədər böyük maliyyə vəsaiti tələb edir.

Bildiyiniz kimi, Azərbaycanda səhiyyə xidmətinin maliyyələşdirilməsi əsasən dövlət tərəfindən həyata keçirilir. İcbari tibbi sığorta isə səhiyyənin maliyyələşməsinin yeni formasıdır. Dövlətin səhiyyə ayırdığı vəsaitlərlə yanaşı vətəndaşlardan toplanan sığorta haqları icbari tibbi sığortanın müasir dövrdə daha dayanıqlı və etibarlı maliyyələşmə modeli kimi tətbiq olunmasına səbəb olub.

İcbari tibbi sığorta sistemində tibb müəssisələri çarpayı sayına görə deyil, xidmət sayına görə maliyyələşdirilir. Agentlik tibb müəssisələrinə vətəndaşlara göstərilən xidmətlərə əsasən ödəniş edəcəkdir. Bu faktor səhiyyə sahəsi üçün yeni maliyyə imkanları yaradır. Belə ki, daha çox sayda xəstəyə xidmət göstərən tibb müəssisəsinə edilən ödənişlərin məbləği də yüksək olacaq.

Eyni zamanda, Agentlik tibbi xidmətin alıcısı olduğundan tibb təhcizatçıları qarşısında tələblər olacaq. Əlbəttə ki, vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi və operativlik əsas tələblərdir. Ümumiyyətlə, ölkədə icbari tibbi sığortanın tətbiq olunması vətəndaşlar üçün səhiyyənin əlçatanlığı baxımından mühüm rol oynayacaq. Əlçatanlığın təmin olunması üçün Agentlik kənd tibb məntəqələrinin yenilənməsinə, səhiyyənin maddi-texniki bazasının güclənməsinə dəstək verəcək. Bununla yanaşı pilot ərazilərdəki tibb müəssisələrində baza zərfinə daxil olan tibbi xidmətlər göstərilməzsə, vətəndaşın o xidməti digər müqaviləli müəssisədə almasına şərait yaradacaq. Bu, özəl və ya dövlət tibb müəssisəsi ola bilər. Yəni sığortalı vətəndaş göstəriləcək tibbi xidmətin dəyərinin ödənilməsi baxımdan narahat olmayacaq.

- 2017-ci ildə İcbar Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qarşısında duran əsas vəzifələr nədən ibarətdir?

- Cari ildə əsas vəzifəmiz Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihənin uğurla həyata keçirilməsidir. Bizim qarşımızda da əsas hədəf budur ki, icbari tibbi sığorta modelini 1 il ərzində sınaqdan keçirək. Sınaq müddətində layihə müxtəlif meyarlar baxımından qiymətləndiriləcək.

- Qeyd etdiyiniz kimi Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihələrə başlanılıb. Bu layihələrin icrası, hazırki vəziyyəti barədə də məlumat verməyinizi xahiş edirik...

- Ötən ilin sonlarında cənab Prezident Mingəçevir şəhərinin və Yevlax rayonunun pilot ərazi olaraq seçilməsi ilə bağlı Fərman imzaladı və pilot layihənin həyata keçirilməsi ilə əlaqədar tədbirlər planını təsdiqlədi. Tədbirlər planında qeyd olunduğu kimi, biz ilk növbədə xəstəxənaları icbari tibbi sığorta sistemində işləmək üçün hazır etməliyik. Bəlli olduğu kimi, tibb müəssisələri bu günə qədər dövlət büdcəsindən maliyyələşirdi. Amma icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdəki xəstəxanalar publik hüquqi şəxsə çevrildilər. Fevraldan başlayaraq, pilot ərazilərdəki tibb müəssisələrinin maliyyələşmə prinsipi dəyişəcək. Yəni xəstəxana göstərdiyi xidmətin sayına müvafiq vəsait qazanacaq. Bu amil xəstəxana rəhbərliklərindən vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə etməyi tələb edir. Tibb müəssisələri çalışacaqlar ki, əhaliyə həm keyfiyyətli tibbi xidmət göstərsinlər, həm də xəstəxanada göstərilməyən tibbi xidmətlərin təşkilinə, kadr potensialının güclənməsinə səy göstərsinlər.

Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Yevlax Şəhər Uşaq Xəstəxanasının bazalarında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlax Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bazasında isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs yaradılıb. Hər iki pilot ərazidəki xəstəxanaların təsdiq edilmiş nizamnamələrinə uyğun olaraq, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə və Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə direktor təyin edilib.

Məsələ ondadır ki, tibb müəssisələrinin rəqabətə dayanıqlı olması üçün onların kadr potensialı, maddi-texniki bazası güclü olmalıdır və ən əsası tibb müəssisəsi vəsaitlərdən səmərəli istifadə etməlidir. Bu işlərin həyata keçirilməsi üçün idarəçilikdə dəyişikliklər edilməsi tələb olunurdu. Xəstəxanaların direktorları icbari tibbi sığorta sisteminin həyata keçirildiyi pilot ərazilərdə inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət edəcəklər. Bu ilin birinci rübündə direktorlar ilkin səhiyyə xidmətinin qurulmasını, təcili-tibbi yardımın yenidən qurulmasını və digər əhəmiyyətli işləri yekunlaşdırmalıdırlar.

- Zaur müəllim, ictimaiyyəti ən çox maraqlandıran məsələlərdən biri icbari tibbi sığortanın ölkə üzrə nə zamandan tətbiqinə başlanmasıdır. Bu barədə nə deyə bilərsiniz?

- Bu məsələ pilot layihənin icrasından asılı olacaq. Əgər bir il ərzində pilot layihənin icrası zamanı problemlər ortaya çıxmasa, onda 2018-ci ilin əvvəlindən ölkə üzrə icbari tibb sığortanın mərhələli şəkildə tətbiqinə başlaya bilərik. Amma hansısa dəyişikliklərə ehtiyac olacaqsa, bu məsələ müəyyən qədər vaxt apara bilər. Bu halda belə biz 2018-ci ilin əvvəlindən ölkənin bir çox ərazisində icbari tibbi sığortanı tətbiq etməyi düşünürük.

- İcbari tibbi sığortanın baza zərfinə nələr daxildir?

- Baza xidmətlər zərfinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Bir sıra laboratoriya müayinələri, MRT, KT, rentgen kimi müayinələr də tibbi sığorta təminatına daxil ediləcək. Terapevtik müalicələrin çox hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Onu da qeyd edim ki, tibbi sığorta zərfinə cərrahiyə əməliyyatları, o cümlədən müəyyən bahalı əməliyyatlar da daxil edilib.

- Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsində kadr potensialı da vacib şərtdir. Bu baxımdan, Dövlət Agentliyinin kadr potensialı hansı səviyyədədir?

- Agentliyin kadr potensialı qənaətbəxşdir. Sözsüz ki, icbari tibbi sığortanın tətbiqinin miqyası genişləndikcə, bizim komandamız daha da böyüməli və güclənməlidir. Hazırda bizim əməkdaşlarımız üzərinə düşən vəzifələri yerinə yetirirlər. Hər bir şəxs öz sahəsi üzrə peşəkardır. Amma xəstəxanaların işi ilə bağlı kadr potensialının güclənməsinə ehtiyac var. Çünki əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasında bu məsələnin çox böyük rolu vardır.

- Cənab Prezidentin imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hüquqi statusu dəyişdirildi. Publik hüquqi şəxs statusunda fəaliyyət bu qurumun fəaliyyətinə nə kimi üstünlüklər gətirəcək?

- Bu, çox müsbət islahatdır. Hazırda Dövlət Agentliyi dövlət büdcəsindən maliyyələşir və bu da istər-istəməz çevikliyə müəyyən qədər təsir göstərir. Amma Agentlik publik hüquqi şəxsə çevriləndən sonra ilk növbədə çevikliyi artacaq. Publik hüquqi şəxs kimi sığorta haqlarını daha asan toplayacaq və xəstəxanalara da ödənişləri edəcəyik. İşlərimizi uğurla davam etdirmək üçün bu, bizim üçün çox mühümdür.

- Zaur müəllim, Azərbaycan Respublikasında icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar hüquqi-qanunvericilik bazası hansı səviyyədədir?

- 1999-cu ildə “Tibbi sığorta haqqında” qanun qəbul olunub. Amma həmin qanuna bir sıra dəyişikliklərin edilməsinə ehtiyac var. Bununla bağlı təkliflərimizi hazırlamışıq və yaxın müddətdə müvafiq qurumlara təqdim edəcəyik. Qanunda sığorta haqları, onun yığılma qaydaları və digər məsələlər öz əksini tapmalıdır.