YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan olunması vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addımdır

   YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov
- Siyavuş müəllim, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Bu faktorun tarixi kökləri haqqında fikirlərinizi bilmək istərdik...

- Tarixi təcrübə göstərir ki, hər bir xalq, hər bir dövlət dünya coğrafiyasında müəyyən areala sahib olmaqla öz  milli-mənəvi  dəyərləri, adət-ənənələri, elmi ilə bəşəri əxlaqın formalaşmasında bu və yaxud  digər  səviyyədə  iştirak edir. Dünya sivilizasiyasının bir parçası olan Azərbaycan xalqını da əksər  xalqlardan fərqləndirən, spesifik edən cəhət digər  mədəniyyətlərə  hörmətlə yanaşmaq, sülhpərvər, tolerant, həmrəy  olmaq  düşüncəsini mənimsəməklə  yanaşı,   sülhün və  rifahın təmin olunması naminə bu ideyaların təbliğini bəşəriyyət qarşısında borc və məsuliyyət  missiyası kimi qəbul etməsidir. Belə  bir təfəkkürə, dünyagörüşünə və əxlaqa  sahib  olmağımı şübhəsiz ki, yaşadığımız ərazinin Şərqlə Qərb  arasında mədəni, həm də  coğrafi baxımdan körpü  rolu oynamasından, eləcə də dədə-babalarımızdan miras qalan milli, dini dəyərlərimizin aliliyindən irəli gəlir.

 Heç şübhəsiz, bugün biz dünyada  baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin nə qədər  önəm daşıdığının şahidi oluruq.  Xüsusilə də  dini mənsubiyyət faktorun qabardaraq insanlar arasında təfriqə salmaqla xaos  yaratmaq  günümüzün xoşagəlməz reallığına  çevrilib. Təssüflər olsun ki, son illərdə dindaxili məzhəb amilindən istifadə edərək törədilən ağır  cinayətlərin miqyası getdikcə  genişlənməkdədir. Radikal dini təşkilatlar  yaratmaq və yaxud  maddi-texniki  dəstək verməklə öz  məkrli planlarını həyata  keçirməyə  çalışanlar müsəlman dünyasında məzhəb fərqliliklərini süni şəkildə  dərinləşdirməyə,  İslam dünyasını zəiflətməyə, texnoloji cəhətdən inkişafına  mane  olmağa və  nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət  daşıyan, çoxlu yeraltı, yerüstü sərvətlərə, nəqliyyat infrastrukturuna sahib olmağa  cəhd  göstərirlər. Bu gün acı həqiqətdir ki, bəzi ölkələr  arasında iqtisadi, siyasi, hərbi sahələrlə yanaşı, sivilizasiya  və teoloji dəyərlərin rəqabəti də gedir. Əfsuslar  olsun ki,  bu rəqabət sağlam şəkildə deyil, günahsız insanların həyatı  bahasına  başa  gəlir.  Suriyada, İraqda, Yəməndə və Yaxın Şərqin digər  müsəlman ölkələrində baş verən qanlı  olaylar buna  misal  ola  bilər. Odur  ki, müsəlman dünyasında  bugün dini zəmində yaradılan qarşıdurmaların qarşısını almaq  üçün alternativ yollar  arayıb tapmağa  daha  çox  ehtiyac var. Bu cür  xoşagəlməz halların qarşısını almaq  üçün dünyaya  İslamın sülh dini olduğunu  və  müsəlmanların  terrorçu deyil, hansı dini və ya  etnik konfessiya  nümayəndəsi  olmasından asılı olmayaraq hər  kəsə  dözümlü,  bərabər  yanaşan toplumlar  olduğunu çatdırmağa ehtiyac duyulur. 

Bu baxımdan, dövlət başçısı cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam həmrəyliyi ili” elan etməsi bütün dünyaya “Bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır. Bunun ən gözəl örnəyi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət-din münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və tədqiq olunmasıdır.

- Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində mövcud durumu necə xarakterizə etmək olar?

- Qürur hissi ilə vurğulaya bilərik ki, Ümummilli lider tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan bu mükəmməl model sayəsində milli-mənəvi dəyərlərə qayıdışın əsası qoyulub, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilir, ölkədə etiqad, inanc azadlığı tam təmin edilir. Digər sahələrdə olduğu kimi, ölkəmizdə dini siyasət  sahəsində də böyük uğurlar əldə edilib və mənəvi dəyərlərimiz milli xarakterimizlə uzlaşdırılıb, kənardan dini zəmində münaqişələr, məzhəblərarası konfliktlər yaratmağa çalışanların qarşısı vaxtında alınıb. Vətəndaşların vicdan azadlığı Konstitusiyamızda əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunub, eyni zamanda, “Dini etiqad azadlığı haqqında” qanunda geniş şəkildə öz əksini tapıb.

Konseptual əsaslara söykənən və tənzimlədiyi sahədə mühüm hüquqi çərçivə müəyyənləşdirən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə vicdan azadlığının təmin edilməsi, dini qurumların statusu, onların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı bütün məsələlərə aydınlıq gətirməsinə baxmayaraq, respublikamızda dövlət-din münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı bu sahədə mərkəzi idarəetmə orqanının yaradılması zamanın tələbi idi. Ona görə də 2001-ci ildə Ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı və bununla da dövlət-din münasibətlərinin inkişafında yeni mərhələyə qədəm qoyuldu. Dövlət komitəsi dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafında, din sahəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsində, müvafiq qanunvericiliyin icrasına nəzarətin, eyni zamanda, dövlət-din münasibətləri sahəsində məqsədyönlü proqramların həyata keçirilməsində böyük rol oynayır.

 

- Siyavuş müəllim, xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan dini dəyərlərin qorunması istiqamətində çoxsaylı tədbirlər görülür. Bu baxımdan, ibadət yerlərinin təmiri və yenidən bərpası, yeni məscidlərin istifadəyə verilməsi xüsusi qeyd edilməlidir. Bu barədə nə deyə bilərsiniz?

- Hazırda Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan dinimizə dövlət qayğısının bariz nümunəsidir. Belə ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə yeni ibadət ocaqlarının inşası, təmirə ehtiyacı olanların yenidən bərpası istiqamətində çoxsaylı işlər görülüb. Əgər Sovet İttifaqı dağılarkən ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-i ötüb. Təkcə son 13 il ərzində ölkədə 200-dan çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırıqlarına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində, Gəncə şəhər İmamzadə ziyarətgahında əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və cənubi Qafqazın ən möhtəşəm İslam abidəsinin - Heydər məscidinin 2014-cü ilin dekabrın 26-da açılışı olub.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, xalqımızın zəngin milli-mənəvi dəyərlərinə böyük həssaslıqla yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu dəyərlərimizin qorunması istiqamətindəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyeva hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırıb. Onun rəhbərliyi ilə fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər istifadəyə verilib.

 

- Sirr deyil ki, Azərbaycan dini təhlükəsizlik baxımından ən sabit ölkələrdən biridir. Bu, həm də bütün dünya üçün mühüm nümunədir...

- Ölkəmizdə tətbiq olunan dövlət-din modelinin ən böyük uğuru ondan ibarətdir ki, dünyada dinlərarası və məzhəblərarası qarşıdurmaların baş verdiyi müasir dövrdə Azərbaycanda bu sahədə hansısa gərginlik yaşanmır. Bir faktı söyləmək kifayətdir. Belə ki, əsrlərdən bəri İslam dünyasının iki böyük - şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda həyata keçirirlər. Tarixdə bir neçə dəfə onların birliyinə, həmrəyliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb. İslam aləmində məzhəb məsələsinin ön plana çıxdığı bir dövrdə - keçən ilin yanvar ayının 15-də Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, ölkə müsəlmanları ilk dəfə bir araya gələrək eyni vaxtda, bir yerdə, bir sırada vəhdət namazı qıldılar və bu, ənənəyə çevrilərək digər məscidlərdə də tətbiq olunmağa başladı.

 

- Ölkəmiz tərəfindən İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasəti, bütövlükdə  bu yöndə görülən tədbirləri necə səciyyələndirirsiniz?

- Ötən dövr ərzində, ümumilikdə İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi istiqamətində də əməli addımlar atılmışdır. Hələ Ümummilli liderin dövründən başlayaraq Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının işində fəal iştirak etmişdir. Ölkəmizin İslam dünyasının ayrılmaz parçası olduğunu dönə-dönə vurğulayan Ulu öndərin İslam Əməkdaşlıq Təşkilatının Mərakeş Krallığında keçirilən zirvə toplantısında səsləndirdiyi “Azərbaycan Respublikasının Prezidenti kimi mən öz qardaşlarımla - müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm” fikri onun İslam dünyası ilə əlaqələrə verdiyi əhəmiyyətin bariz göstəricisidir.

Dövrün çağırışlarını, tarixi inkişafın obyektiv inkişaf meylini hə zaman uzaqgörənliklə təhlil edən Ümummilli lider Heydər Əliyev Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmizin iki qitə arasında barışdırıcı missiyasının əhəmiyyətinə diqqət çəkərək deyirdi ki, “Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük”. Fəxrlə deyə bilərik ki, Ulu öndərin bütün fikir və ideyaları kimi, bu dünyagörüşü də Prezident İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun və yeni çalarlar əlavə olunmaqla  davam etdirilir. Beləliklə, bu gün həm Avropa Şurasına, həm də ISESCO-ya müsəlman ölkəsi kimi üzv olan Azərbaycan istər müsəlman, istərsə də Qərb ölkələri arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurub. Artıq Azərbaycan dünyada istər mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, istər tolerantlığın, multikultural dəyərlərin inkişafı, istərsə də müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm rol oynamaqdadır.

Ötən illər ərzində qeyd etdiyimiz istiqamətlərdə keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq, bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi tanınan Azərbaycan tərəfindən irəli sürüldüyünün şahidi olarıq. Buna misal olaraq ulu öndər Heydər Əliyev tərəfindən ölkədə əsası qoyulan “16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü”nün hər il qeyd edilməsi, 2007-ci ildə “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” Beynəlxalq elmi-praktik konfransın, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” seçilməsi, həmçinin 2006-cı ildə “İslamda dözümlülük” mövzusunda beynəlxalq konfransın, 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə toplantısının, “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun, 2014-cü ildə “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” Beynəlxalq konfransının, beş beynəlxalq humanitar forumun, ötən ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və digər mötəbər tədbirlərin keçirilməsidir.

 

- Siyavuş müəllim, qeyd olunanların fonunda, sizcə, ölkəmizdə 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsinin bütövlükdə, İslam dünyası üçün önəmi nədən ibarətdir?

- Düşünülmüş və hərətəfli siyasətin real nəticəsidir ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz sivilizasiyalararası və mədəniyyətlərarası, dini dözümlülük, birgəyaşayış ənənəsi, həmrəylik ideyasının təşviqi ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Belə ki, bu ilin Prezident İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan olunması vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addımdır. “İslam həmrəyliyi ili” yalnız din amilini deyil, eyni zamanda müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır. Həmçinin bu il çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçiriləcək ki, bu da müstəqil Azərbaycanımızın müsəlman dünyasındakı nüfuzundan xəbər verir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu, böyük siyasi, mədəni tədbirdir, böyük ictimai hadisədir: “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər”.

Yuxarıda sadalananların məntiqi yekunu kimi, bir mühüm faktoru da əlavə etmək yerinə düşər. Tarixən İslam dünyasının bir parçası, mədəni və dini mərkəzlərindən biri olan Azərbaycanın özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, ölkəmiz müxtəlif məsələlərlə əlaqədar müsəlman dövlətləri arasındakı bu və ya digər problemlərdə münsif rolunu oynaya bilir. Biz bilirik ki, İslam dünyasında bəzi məsələlərlə əlaqədar ziddiyyətlər, fikir ayrılıqları var, ayrı-ayrı müsəlman ölkələri arasında da qarşıdurmalar mövcuddur. Bunlar bəzən təriqət, məzhəb fərqliliyi fonunda ortaya çıxır. Azərbaycan isə bütün müsəlman ölkələri ilə eyni səviyyədə xoş və dostyana münasibətlərə malikdir. Məhz buna görədir ki, Azərbaycan İslam dünyasında da özünün uzlaşdırıcı, barışdırıcı və sülhpərvər mövqeyi ilə nümunədir. Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd etdiyi kimi: “Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz”.

Beləliklə, getdikcə dünya birliyi və nüfuzlu beynəlxalq təşkilatlar daha tez-tez etiraf etməkdədilər ki, dini zəmində ixtilafların, qarşıdurmaların, toqquşmaların kəskinləşdiyi, terrorizm, dini radikalizm kimi mənfi meyillərin artdığı bir dövrdə Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin edilməsi, ölkə vətəndaşlarının dinc və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin multikultural və tolerant dəyərlərin qorunub saxlanılmasına verdiyi dəstək digər ölkələr üçün nümunə və mühüm təcrübədir.