YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan qadınlarının cəmiyyətimizin həyatında rolu yüksəkdir

   YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynova

- Sevinc  xanım, Azərbaycanda 8 Mart Beynəlxalq Qadınlar Günü sevilən bayramlardandır. Sizcə, bu bayramı Azərbaycan qadınlarının özünü cəmiyyətdə təsdiqi kmi dəyərləndirmək olarmı?

- Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü sevilən bayramlardandır. Bizim qadınlar hər cür təbrikə, ən böyük sevgiyə layiqdirlər. Qadınlar cəmiyyətin çox dəyərli, əvəzedilməz nümayəndələridir. Tarixin bütün dövrlərində cəmiyyətdə qadının tutduğu mövqe mühüm məsələlərdən biri olub. Qadınlar tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıblar.

Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş verib.  Ölkə rəhbərliyinin uğurlu dövlət idarəçiliyi, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, düşünülmüş və balanslaşdırılmış xarici siyasət Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirir. Bütün bu nailiyyətlər Azərbaycan qadınlarının özünü cəmiyyətdə təsdiq etməsi, eləcə də  ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır. Hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Bu isə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi  güclü dövlət qadın  siyasətinin  məntiqi nəticəsidir.

Mən  fürsətdən istifadə edərək qarşıdan gələn 8 Mart Beynəlxaq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı təbrik edir, can sağlığı, xoşbəxt həyat, ailə səadəti arzulayıram.

- Azərbaycanda dövlət qadın siyasətinin uğurları haqqında fikirlərinizi bilmək istərdik. Bu siyasət hansı nəticələr verməkdədir?

- Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, milli mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Tarixin bütün dövrlərində qadınlarımız həm sədaqətli, ləyaqətli həyat yoldaşı, həm görkəmli ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təsdiq edib, kişilərlə çiyin-çiyinə mübarizə aparıb. Heç də təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan qadınları haqqında yüksək fikirlər bildirir, onların idarəçilikdə təmsil olunması, fəallığının artırılması, bütün problemlərinin həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsi məsələlərinə çox diqqətlə yanaşırdı.

Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışıb. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılıb, müvafiq qərarlar qəbul olunub. Bu qərarların müəllifi də Ulu öndər Heydər Əliyev olub. İlk olaraq, Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Bilirsiniz ki, məhz Ulu öndərin Sərəncamı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 1998-ci ildə həmçinin, «Azərbaycanda qadınların rolunun artırılması haqqında» Sərəncam imzalanıb.

Ulu öndərin 6 mart 2000-ci il tarixdə «Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında» Fərmanı isə respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə oldu. Fərmanda respublikanın  bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə standartlara cavab verən statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər verilməsi haqqında tapşırıqlar verilməsi Ulu öndərin qadınlara böyük diqqəti idi.

Eləcə də, «Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı» və digər sənədlər dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi prosesində mühüm amil olub.

- Bu siyasətin uğurlu davamı haqqında nə demək olar?

- Ümummilli liderimizin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə qadın siyasətinin həyata keçirilməsində də mütərəqqi nailiyyətlər əldə olunub. Azərbaycanda məqsədyönlü gender siyasəti həyata keçirilir və bu sahəyə aid xüsusi dövlət proqramı qəbul olunub. Bu isə bir daha onu göstərir ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev bu sahəyə böyük diqqət  və qayğı göstərir.

Bu gün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. Ölkəmizin iştirakçısı olduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının müddəalarının milli qanunvericiliyə şamil olunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bunun üçün mükəmməl və zəruri normativ-hüquqi baza yaradılıb, müvafiq təsisatlar fəaliyyətə başlayıb.

Bildiyimiz kimi 11 il öncə Prezident İlham Əliyevin qərarı  ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət Komitəsi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır və bu yöndə böyük uğurlara imza atır. 

Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində həyata keçirilən davamlı tədbirləri yüksək dəyərləndirilməlidir. Görülən  bu  işlər dövlətimizin siyasi iradəsinin təzahürüdür. Həyata keçirilən səmərəli gender siyasətinin Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradır. Bu gün Azərbaycan qadını ölkəmizin milli maraqlarının qorunması, xalqımızın adət-ənənələrinin, dəyərlərimizin dünyada təbliğ olunması istiqamətində ciddi iş aparırlar. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, gördüyü işlər hər birimiz üçün örnək təşkil edir.

- Azərbaycan qadınlarının cəmiyyət həyatında rolu, ictimai proseslərdə iştirakı hansı səviyyədədir? Bunu necə dəyərləndirmək mümkündür?

- Tam məsuliyyətlə söyləyə bilərik ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Statistik rəqəmlər də bu fikri özündə ehtiva edir. Belə ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə, təhsil və mədəniyyət ön sıralardadır. Eləcə də, dövlət idarəetmə strukturlarında, seçkili orqanlarda, yerli özünüidarəetmə qurumlarında da qadınların təmsilçiliyi artmaqdadır.  Bu məqamlar Azərbaycan qadınlarının cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür.

Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərə çarpacaq dərəcədə artıb. Təbii ki, bu görülən işlərin nəticəsində mümkün olub. Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Qadınların biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, müxtəlif vakansiyalara qadınların cəlb olunması kimi tədbirlər bunlardan sadəcə bir neçəsidir.

Bir sözlə, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir.

- Sevinc xanım, bildiyimiz kimi, Azərbaycan qadınlarının Yeni Azərbaycan Partiyasında da təmilçiliyi yüksək səviyyədədir. Ümumiyyətlə, qadınların partiyamızın həyatındakı rolu haqqında da fikirlərinizi bilmək istərdik...

- Əlbəttə ki,  qadın siyasətinin həyata keçirilməsində dövlətin səyləri ilə yanaşı, ictimai təşkilatların, siyasi institutların da rolu qeyd edilməlidir. Bu mənada Yeni Azərbaycan Partiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bilirsiniz ki, qadınların partiyamızda təmsilçiliyi yüksək səviyyədədir. Ölkəmizin tanınmış, cəmiyyət həyatında fəal iştirak edən qadınlarının böyük hissəsi YAP-da təmsil olunurlar.

Təbii ki, qadınların YAP sıralarına qoşulması önların siyasi mövqeyini ifadə edir. Eləcə də, partiyamız qadınlar üçün böyük siyasi məktəbdir. Çünki bu məktəb vasitəsilə ölkəmizdə siyasətçi xanımlar yetişirlər.

Ümumiyyətlə, YAP Azərbaycan qadınlarının siyasi fəallığının artırılması istiqamətində mühüm addımlar atır. Məhz bunun nəticəsidir ki, Milli Məclisdə xanım deputatların sayı artır, həmçinin seçkili təsisat olan bələdiyyələrdə qadınların təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. Bələdiyyədə təmsil olunan xanımların böyük hissəsi məhz partiyamızın üzvləridir.

Qeyd edim ki, YAP Qadınlar Şurası da hər zaman fəaliyyətini genişləndirir, aktual məsələlərlə əlaqədar öz mövqeyini ortaya qoyur. Hər il partiyanın Qadınlar Şurası əlamətdar hadisələr, tarixi günlərlə əlaqədar tədbirlər keçirir. Seçki illərində isə təşkilatımız partiya rəhbərliyinin tapşırıqlarına uyğun şəkildə fəaliyyət göstərir, xüsusilə ölkə qadınlarının seçki prosesində fəal iştirakını təmin etmək üçün müxtəlif layihələr reallaşdırır. Onu da qeyd edim ki, YAP Qadınlar Şurası yalnız siyasi xarakterli deyil, cəmiyyyətimizi düşündürən müxtəlif məsələlərlə əlaqədar tədbirlər keçirir. bu tədbirlər, Bakı şəhəri ilə yanaşı, ölkəmizin bölgələrini də əhatə edir.

Bu il ərzində də YAP Qadınlar Şurası bir çox layihələr, tədbirlər keçirəcək. Bütün bunlar təşkilatımızın tədbirlər planında nəzərdə tutulur. Fəaliyyətimizin əsas  qayəsini partiyamızın Sədri, cənab  Prezident İlham Əliyevin siyasətinin uğurlarını ictimaiyyət, o cümlədən qadınlar arasında fəal şəkildə təbliğ etməkdir.