YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda qaz təsərrüfatı sistemində dövrün tələbinə uyğun sturuktur islahatları həyata keçirilir

Müsahibimiz “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev

- Əkbər müəllim, “Azəriqaz” İB tərəfindən müvafiq Dövlət proqramlarının icrası məqsədi ilə hansı işlər görülüb?

- Son illər qazlaşdırma sahəsində işlər daha da geniş vüsət almışdır. Ötən müddət ərzində “Azəriqaz” İB tərəfindən əvvəlki illərdə başlanılmış layihələr davam etdirilməklə yanaşı, yeni layihələrə də start verilmişdir. Həyata keçirilən layihələr, eləcə də aparılan islahatlar və təkmilləşdirmə tədbirləri qaz təsərrüfatının müasirləşməsini və yenidən qurulmasını sürətləndirib.

Qeyd edim ki, dövlət başçısının müvafiq sərəncamları ilə qəbul olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Birliyin yüksək səviyyəli mütəxəssislərinin iştirakı ilə 2014-2018-ci illərdə qaz təsərrüfatının yaxşılaşdırma və qazlaşdırma planı hazırlanmışdır. “Azəriqaz” İB-nin bütün sturuktur təşkilatları bu sənədlərlə nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün səfərbər edilmişdir və artıq proqram çərçivəsində xeyli iş yerinə yetirilmişdir.

2016-cı il ərzində təbii  qaz  təminatının  keyfiyyət  göstəricilərinin yaxşılaşdırılması,  qazın  uçot  sisteminin təkmilləşdirilməsi, qaz təsərrüfatının idarə olunmasında mövcud informasiya-kommunikasiya  texnologiyalarının  tətbiqi,  qazla  təmin  edilən  istehlakçı  sayının  artırılması,  bilavasitə  qaz  təsərrüfatı ilə  məşğul  olan  qurumların  maddi-texniki bazasının  möhkəmləndirilməsi və s. tədbirlər də həyata keçirilmişdir.

Əhalinin təbii qazla təmin edilməsi işlərinin  icrası əsasən ölkənin mövcud qaz şəbəkəsi sisteminin təkmilləşdirilməsi, zəruri hallarda onun ayrı-ayrı hissələrinin yenidən qurulması, avadanlıqların yeniləşdirilməsi və istismara yararlı halda saxlanılmasına yönəldilmiş texnoloji, texniki tədbirlərin görülməsi, yeni qaz kəmərlərinin tikintisi və zəruri avadanlıqların quraşdırılması və payız-qış mövsümündə tələbata uyğun səviyyədə qazın verilməsinə yönəldilmiş işlərdə davamlı şəkildə aparılmışdır.

Ölkənin bütün regionlarının  qazlaşdırılması, əvvəllər  qazla  təmin  olunmuş, lakin sonradan qaz təchizatı dayandırılmış  bölgələrin  qaz  təchizatının  bərpası, yeni  yaşayış  məntəqələrinə  və yaşayış  massivlərinə təbii  qazın verilməsi  və  nəticə etibarı  ilə  regionların  sosial – iqtisadi  inkişafının  sürətləndirilməsinə  dair  proqramın  icrası da ötən il ən  vacib  məsələlərdən  biri olmuşdur.

- İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli təbii qazla təmin olunması üçün nə kimi işlər görülüb?

Ümumilikdə, aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 46 672,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 8880,4 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmiş, 1360 yaşayış məntəqəsi təbii qazla təmin  edilmişdir.

İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2017-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatmışdır. Qeyd edək ki, 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da  40 817-i Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır.

Həmçinin, 01 yanvar 2017-ci il tarixə olan məlumata görə əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmuş və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılmışdır. 

- Texniki şərtlərin və layihə-smeta sənədlərinin hazırlanması istiqamətində işləri qənaətbəxş hesab etmək olarmı?

- Ötən il Birlik layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması məsələləri üzrə fəaliyyətini davam etdirib. Belə ki, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 4091 ədəd texniki şərt verilmişdir. Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 303 ədəd texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanmışdır.

Layihə-smeta sənədlərinin hazırlanması sahəsi üzrə də mühüm işlər görülmüşdür. Ötən il ərzində “Azəriqaz” İB-nin Layihə- Konstruktor Bürosu tərəfindən 1191 layihə-smeta sənədi hazırlanaraq, Birliyə və digər sifarişçilərə təhvil verilmişdir.

- Əkbər müəllim, qazın itki faizinin aşağı salınması üçün nə kimi işlər görülür?

- 2016-cı ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilib. Birlik tərəfindən ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələ də isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilib. Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədi ilə Birlik tərəfindən 2016-cı ilin yanvar-dekabr ayları ərzində görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərmişdir.

Respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olmuşdur.

Həyata keçirilmiş tədbirlər nəticəsində 2016-cı ilin 12 ayı ərzində 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə təchizat şəbəkəsində qazın itkisi azalmışdır.

- Təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınmasında hansı uğurlar var?

- Təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də davam etdirilir. Bunun nəticəsidir ki, ötən il ərzində Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunmuşdur. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 634 915 AZN dəyərində dəymiş ziyan hesablanmışdır.

- Əmək şəraitinin yaxşılaşdırılması, işçilərin sağlamlığının qorunması və ekologiya sahəsində hansı işlər həyata keçirilib?

- Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizə olunması, sağlamlığın qorunması, təhlükəsizlik və yanğın texnikası qaydalarının təmin edilməsi məqsədilə “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin, Azərbaycan Respublikasının Ekologiya Qanunvericiliyinin, Beynəlxalq Standartların  tələblərinə uyğun olaraq  bir sıra  işlər görülmüşdür.

Birliyin struktur bölmələrində əmək şəraiti vəziyyətinin yoxlanılması məqsədilə 20 aprel 2016-cı il tarixli müvafiq əmrlə yaradılmış Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın (DFK) 2016-ci il üçün tərtib edilmiş iş planı əsasında DFK tərəfindən Birliyin bəzi təşkilatlarında yoxlama keçirilmişdir.

Əmək və icra intizamının yüksəldilməsi, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına nəzarətin gücləndirilməsi məqsədilə Birliyin əməkdaşları tərəfindən struktur bölmələrdə müxtəlif qayda pozuntularına yol vermiş 264 işçi barəsində xəbərdarlıq kartı tərtib olunmuşdur. Onlardan əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını pozduqlarına görə 104 işçi barəsində müxtəlif intizam tədbirləri görülmüşdür.

Ətraf mühitin mühafizəsi və insanların sağlam təbii mühitdə yaşaması istiqamətində aparılan işlər sırasında yaşıllaşdırma işlərinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu sahəyə xüsusi diqqət yetirilmiş, Birliyin tabeli təşkilatlarında 5000 ədəd müxtəlif növ ağac tingləri,  dekorativ kollar və güllər əkilmişdir.

- “ASAN xidmət”lə “Azəriqaz” İB-nin əməkdaşlığı hansı səviyyədədir?

- Birliyin müvafiq şöbəsi 2016-cı il ərzində istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsini, müraciətlərdən asılı olaraq tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin təmin edilməsini, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini təmin etmişdir.

2016-cı il ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 119 537 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunmuşdur.

Sonda qeyd edim ki, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətlərdə fəaliyyətini bundan sonrada davam etdirəcəkdir.