YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Biz İslamı milli mənəvi dəyər kimi qoruyuruq

Müsahibimiz Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov

- Nizami müəllim, məlum olduğu kimi dünyada mürəkkəb proseslər baş verir. Bütün bunlar türk dünyanın birliyinin güclənməsini zəruri edir. Sizcə, Azərbaycanın bu prosesdə, bütövlükdə türk dünyasında yeri və rolu nədən ibarətdir?

- Əlbəttə ki, Azərbaycanın türk dünyasında yeri  və rolu çox mühümdür. Ümumiyyətlə, türk xalqlarının qədim tarixi var. Məlum olduğu kimi türklər təxminən min beş yüz  ildən sonra, yəni ilk orta əsrlərdən tədricən oğuz, qıpçaq və karluqlara ayrılırlar ki, həmin proses eyni zamanda geniş coğrafiyalarda yayılmaqla və məskunlaşmaqla müşayiət olunur. II minilliyin əvvəllərindən etibarən müasir türk xalqlarının təşəkkülü başlayır. Və bu minilliyin ortalarında artıq tarix səhnəsinə çıxmış türk xalqları ümumi «türk» adı ilə yanaşı öz adları ilə tanınırlar. Bununla belə müasir türk xalqlarının həm «daxil»dən, həm də «xaric»dən adlandırılmasında coğrafi və ya regional prinsip XX əsrin əvvəllərinə qədər aparıcı olur. Məsələn: Anadolu türkləri, Qafqaz türkləri və ya tatarları, Volqaboyu türkləri və ya tatarları, Krım türkləri və ya tatarları, Türküstan və ya Orta Asiya türkləri.

XIX əsrin sonu XX əsrin əvvəllərində türk dünyasında güclənən milli azadlıq, özünüidarə (dövlət) müstəqilliyi hərəkatı bütün XX əsr boyu davam edib, həmin əsrin sonu XXI əsrin əvvəllərində hamımızın gözləri qarşısında olan mənzərənin yaranması ilə başa çatdı.   Artıq dünyada müstəqil türk dövlətləri var ki, bu da qürurvericidir.

Bu gün qloballaşan dünyada türk birliyinin güclənməsi çox aktualdır. Türk dünyasında həm iqtisadi, həm siyasi, həm də mədəni inteqrasiya qaçılmazdır və bu proses davam etməkdədir. Doğrudur, bu prosesdə ortaya problemlər də çıxır, amma problemlərin həlli üçün maraq da güclüdür. Bu mənada, əlifbaların uyğunlaşması dillər arasında kontaktların da genişlənməsinə şərait yaradır ki, biz türk xalqları olaraq bir-birimizi oxuya biləcəyik. Ədəbiyyatımızı, mətbuatımızı oxuyacağıq ki, bu da çox əhəmiyyətlidir. Biz bunu müxtəlif görüşlərdə də görürük ki, türk xalqları nə qədər bir-birinə yaxınlaşmaq istəyir. Məsələn, türk dünyasında mədəni inteqrasiya çox vacibdir. Mədəni inteqrasiya nə qədər güclənirsə, siyasi əlaqələrin genişlənməsi də bir o qədər möhkəm təməllər üzərində qurulur.

Təbii ki, Azərbaycan türk dünyasının birliyinin güclənməsinə böyük töhfələr verir və ölkəmiz bu yöndə bir çox təşəbbüslərin müəllifidir. Qeyd edim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantıları türk xalqlarının mədəni, iqtisadi inteqrasiyasına töhfədir. Bu görüşlər nəticəsində real iş görülür, böyük layihələr həyata keçirilir, türk dövlətlərinin beynəlxalq aləmdə yaxınlaşması, beynəlxalq təşkilatlarda bir-birini ardıcıl müdafiə etməsi müşahidə olunur. Gənc müstəqil türkdilli dövlətlər arasında əməkdaşlığın yeni formaları meydana çıxır. Məsələn, TÜRKSOY kimi çox önəmli mədəni təşkilatın gördüyü işlər göz qabağındadır.

İndiyədək zirvə görüşlərinin bir çoxu Azərbaycanda keçirilib və ölkəmizin iqtisadiyyatı, mədəniyyəti, respublikada gedən inkişaf türk dünyasında nümunə kimi qarşılanıb. Eyni zamanda, Türk dünyasında yeni ortaq qurumlar yaradılır. Məsələn, TürkPA  türkdilli dövlətlərin parlamentləri arasındakı əlaqələri yüksək səviyyəyə qaldırıb və bu qurumun ofisi Bakı şəhərində yerləşir. Türk Akademiyası isə fəaliyyəti müddətində onlarla dəyərli kitablar çap etdirib”.

Bilirsiniz ki, Ümummilli liderimiz Heydər Əliyevin də türk birliyinin güclənməsində müstəsna xidmətləri olub və bu gün türk dünyasında  böyük öndər olaraq Heydər Əliyev dərin ehtiramla anılır. Eyni zamanda, Prezident  İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir. Və təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz  sahibidir.

Bir sözlə, türk dünyasında da mövqeyimiz güclüdür. Son vaxtlar mediada, sosial şəbəkələrdə Azərbaycan və türk dünyası məsələləri geniş müzakirə olunur. Ona görə də qısa olaraq bu məsələyə də münasibət bildirmək istəyirəm. Ümumiyyətlə, dünya türkologiyasında, azərbaycanşünaslıqda bu məsələ öz həllini tapıb ki, Azərbaycan xalqı öz milli mövcudluğu ilə, mədəniyyəti  ilə artıq müstəqil hadisədir. Orta əsrin sonları, yeni dövrün əvvəllərindən başlayaraq bu belədir. Amma bu amil heç cür bizim türk mənşəli xalq olduğumuzu inkar etmir. Bununla yanaşı, biz «türkük» deyəndə bunu mütləqləşdirmək də olmaz. Çünki dünyada müxtəlif türk xalqları var və biz türk dünyasının bir hissəsiyik.

- Türk xalqlarının   mültikulturalizm ənənələləri də mövcuddur. Bu ənənələrin tarixi kökləri haqqında nə deyə bilərsiniz?

- Multikulturalizm türk xalqlarının daxilindən gələn məsələdir. Multikulturalizm müasir türk dünyasını iqtisadi, ictimai-siyasi və mənəvi-ideoloji baxımlardan səciyyələndirən ən mühüm mədəni göstəricilərdən biri, bəlkə də birincisidir. Və türk multikulturalizminin olduqca zəngin, mükəmməl, müqayisəyəgəlməz tarixi ənənəsi var. E.ə I minilliyin sonu II minilliyin əvvəllərinə qədərki təxminən min beş yüz illik bir dövrdə tədricən Altay dağlarından Qərbi Avropaya qədər geniş coğrafiyada məskunlaşmış türklər öz bilavasitə törəmələri-müasir türk xalqları üçün çox böyük və möhtəşəm mədəni irs qoyub getmişlər ki, onlardan biri də bugünkü dünyanın get-gedə daha çox ehtiyac duyduğu multikulturalizm, başqa sözlə, müxtəlif dillərdə danışan, müxtəlif dinlərə qulluq edən, müxtəlif adət-ənənələrin daşıyıcısı olan xalqlarla sülh, əmin-amanlıq şəraitində birgə yaşama texnologiyalarıdır.

Müasir dövrdə isə türk dünyası multikulturalizminin mənzərəsini bir neçə məqamla ifadə etmək olar. Bunlardan birincisi ondan ibarətdir ki, müstəqil, eləcə də yarımmüstəqil türk dövlətlərinin ərazisində yaşayan müxtəlif xalqların dilləri, dinləri, adət-ənənələri üçün heç bir təhlükə yoxdur. Həmçinin, artıq dil, din, adət-ənənə baxımından kifayət qədər fərqlənən türk xalqları arasında qarşılıqlı əlaqə, inteqrasiya meylləri güclənməkdədir. Eyni zamanda,  müasir dünyanın üzvi tərkib hissəsi olan türk xalqları həm bütövlükdə, həm də ayrı-ayrılıqda beynəlxalq dialoqda fəal iştirak etməyə çalışırlar. Xüsusilə Azərbaycan təcrübəsini qeyd etmək lazım gəlir və dərin kökləri olan türk multikulturalizmi dünyada harmoniya, sülh, əmin-amanlıq üçün yalnız sözdə deyil, təcrübədə də demək olar ki, alternativsizdir.

- Bu gün ölkəmizin bütün vətəndaşları azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib. İndiki dövrdə bu ideologiyanın inkişafı məsələləri barədə nə düşünürsünüz?

- Ümumiyyətlə, azərbaycançılıq ideologiyası bizim milli ideologiyamızdır. Müasir azərbaycançılıq ideologiyasının müəllifi isə Ümummilli liderimiz Heydər Əliyevdir. Bu gün Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu ideologiya daha da inkişaf etdirilir. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi XXI əsrin 10-cu illərinin əvvəllərindən başlayır. Və bizim günlərdə həm inamla, böyük enerji ilə, həm də miqyasını genişləndirərək və təkmilləşərək davam edir.

Müşahidələr və araşdırmalar göstərir ki, müasir mərhələdə – İlham Əliyev mərhələsində  azərbaycançılıq ideologiyasının  təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir ki, onlardan birincisi, həmin ideologiyanın tarixinə  elmi, ictimai-siyasi və mədəni marağın indiyə qədər görünməmiş bir şəkildə artmasıdır. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham  Əliyev mərhələsinin digər  mühüm əlaməti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə, Onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla,  intellektual-analitik həssaslıqla  yanaşılmasıdır. Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil və təbliğ olunması azərbaycançılıq ideologiyasının, Azərbaycan xalqının milli ideallarının təntənəsi deməkdir. Və  heç də təsadüfi deyil ki, bugünkü siyasi leksikonda “heydərəliyevçilik” anlayışı “azərbaycançılıq” anlayışının yeni tarixi şəraitdəki məzmununu və  mahiyyətini ifadə edir. İstər sovet  dövründəki məlum  şərtlər daxilində, istərsə də  müstəqillik dövrünün ondan heç də az mürəkkəb və ziddiyyətli olmayan illərində Ümummilli lider Azərbaycanı Azərbaycan və Azərbaycan xalqını Azərbaycan xalqı  edəcək bütün milli mənəvi enerji mənbələrinin tam gücü ilə işləməsi üçün hər cür  tədbirləri görməklə azərbaycançılıq ideologiyasını legitimləşdirə, reallaşdıra, beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətlə  “bizim siyasətimiz – bizim  işimizdir” deməsinə əsas verə bildi.

Azərbaycan xalqı və dövlətçiliyi tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif  ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Və bu proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, birmənalı təsdiq də edə bilməz. Lakin Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində  üç tamamilə humanist  dəyər komponenti ifadə olunur. Bunlar  etnik mənsubiyyət, dini mənsubiyyət və dünyəvi mənsubiyyətdir.

Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onun mənsub olduğu  xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur. O var ki, Azərbaycan xalqı da, dünyanın  bütün digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir.

Bütövlükdə, azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki  mövqelərini inamla yüksəltməkdədir.

 

- Dövlət başçısı tərəfindən 2017-ci il Azərbaycanda «İslam həmrəyliyi ili» elan olunub. Hazırda bununla əlaqədar olaraq ölkəmizdə bir sıra mühüm tədbirlər keçirilməkdədir. Sizcə, ölkəmiz İslam həmrəyiliyinin təmin olunmasına nə kimi töhfələr verməkdədir?

- İslam dini bizim xalq kimi formalaşmağımızda çox ciddi rol oynayıb. Ümumiyyətlə, türk xalqlarının mütləq əksəriyyətinin xalq kimi formalaşmasında İslam dini mühüm rol oynayıb. Eyni zamanda, biz həm ərəb, həm İran dünyası ilə bağlı olmuşuq . Təsadüfi ki, bizim dilimizdə çoxlu sayda ərəb və fars sözləri var. Yəni İslam dünyasına daxil olan bütün xalqlarla, ilk növbədə ərəb və farslarla mədəni əlaqələrimiz, həmrəyliyimiz həmişə güclü olub. Doğrudur, onun sosial, siyasi baxımdan müəyyən münaqişəli tərəfləri də olub, amma bununla yanaşı İslamın yayılmasında türklərin böyük xidmətləri var. Təsadüfi deyil ki, həzrəti peyğəmbərimizin türklərə münasibəti xüsusi  olub. Hədislərdə də türklərdən ibarət bir ordunun olduğu və bu ordudan İslam dininə qarşı çıxanlarla mübarizədə istifadə olunduğu bildirilir. Yəni türklərin İslam dininin yayılmasında xüsusi xidmətləri var. İlk növbədə, biz bunu «Kitabi Dədə Qorqud» dastanından da görürük. İslam həmrəyliyində türklərin rolu danılmazdır və bu o deməkdir ki, biz bu həmrəylikdə tarixən aktiv rol oynamışıq.

Müasir dövrdə də Azərbaycan dövləti  və xalqı İslam həmrəyliyində vacib rol oynayır.  Azərbaycan inkişaf etmiş dövlətdir və müsəlman dünyasına qarşı hər hansı konyuktur müdaxilələr olursa, ölkəmiz buna dərhal etiraz edir. Eyni zamanda,  müsəlman olduqlarına görə insanlara harda terror damğası vurulursa Azərbaycan bu yanaşmaya qarşı çıxır. Azərbaycan İslam dünyasındakı inkişafa töhfələr verir və  İslam ölkələri ilə bizim çox sıx əlaqələrimiz var. Beynəlxalq İslam təşkilatlarında da biz fəal iştirak edirik. Eyni zamanda, biz İslamı milli mənəvi dəyər kimi qoruyuruq. Qısa müddət ərzində ölkəmizdə nə qədər ibadətgahlar, məscidlər tikilib və ya  bərpa olunub. Bunların hamısı müasir dövrdə real olaraq dinimizə münasibətimizdir.

Eyni zamanda, İslam həmrəyliyinin çox mükəmməl bir şəkildə təzahür etməsi üçün, öz tarixi əsasları üzərində dayanması üçün özünün tarixiliyini, təbiiliyini qorunması üçün də biz mübarizə aparırıq. Bu və ya digər təriqətlərə qarşı bizim dövlətçilik təfəkkürümüzdə barışmaz bir münasibət var. Yəni tərqətçilik tarix boyu həmişə İslam dünyasında təfriqəçilik yaradır. Bu gün də həmin cəhdlər olduğuna görə, biz bu sahədə kifayət qədər ardıcıl bir şəkildə İslamı mənəviyyat kimi, birləşdirici humanist amil kimi, insansevərlik fəlsəfəsi kimi qoruyuruq. Dağıdıcı təriqətlər şəklində ortaya çıxacaq «təşəbbüslərə» isə imkan vermirik. Bizim dövlət strukturunda ayrıca qurum var ki, bu məsələlrlə çox ciddi məşğul olur və uğurla  fəaliyyət göstərir.

Biz İslam həmrəyliyini iki mənada başa düşürük. Birincisi, İslam daxilində həmrəylik, ikinci isə İslamın dünyada  yaratdığı həmrəylikdir. İslam sonuncu din olduğuna görə həmişə bütün dinlərə humansit münasibət bəsləyib, hörmətlə yanaşıb. Bu gün bütün bunlar Azərbaycan dövlətçiliyinin və ideologiyasının təcrübəsində mövcuddur.

- Nizami müəllim, bugünlər Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Ümumiyyətlə, həmrəylik və humanizm dəyərləri baxımından Novruz bayramının fəlsəfəsində hansı amillər dayanır?

- Azərbaycan Novruz bayramının beynəlxalq səviyyədə qeyd olunması, YUNESKO-nun mədəni dəyər sisteminə daxil olması uğrunda fəal mübarizə apardı. Bilirsiniz ki, bu mübarizənin önündə Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva gedirdi və onun səyləri nəticəsində qarşıya qoyulan məqsədə nail olundu. Yəni Novruz bayramının beynəlxalq miqyasda dünya dəyəri kimi qəbul olunmasında Azərbaycanın xüsusi rolu oldu. Novruz həm qədim türk düşüncə tərzini, həm  mədəniyyətini və dəyərlərini birləşdirən mədəni dəyərlər sistemidir. Novruz təbiətlə bağlı olan, təbiətin ruhu ilə nəfəs alan,  yəni insanı təbiətdən ayırmayan, insan-təbiət münasibətlərinə harmoniya gətirən bir dəyərdir, eyni zamanda bir fəlsəfədir.

Dövlətimiz Novruz bayramını yüksək səviyyədə qeyd edir, Novruzla bağlı atributların cəmiyyətə tanıdılmasında çoxlu işlər görülür. Novruz bayramı insan həyatının ən müxtəlif cəhətlərini əhatə edir, dostluq, yaxınlıq, həmrəyliyi ifadə edir. Bu bayram insanların bir-birinə xoş münasibətini, küsülülərin barışmasını, böyüklərə hörməti, dünyasını dəyişənləri anmağı tələb edir. Eyni zamanda, bu bayram insanlara yaşamaq üçün ruh verir. İnsan sanki gəncləşir, insan həyatına rəngarənglik gəlir. Ona görə də, xalqımız Novruz bayramını əsrlər boyu yaşadaraq bugünə gətirib və hər il böyük coşğu ilə qeyd edir.