YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bəşəriyyət cinayətkarları, işğalçıları tanımalı, soyqırıma hansı xalqın məruz qaldığını bilməli və ədaləti müdafiə etməlidir

   Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

- Musa müəllim, hər il 31 mart tarixi azərbaycanlıların soyqırımı günü kimi anılır.  Ümumiyyətlə, xalqımıza qarşı törədilmiş soyqırımın tarixi kökləri haqqında nə deyə bilərsiniz?

- Əlbəttə ki, bu prosesdə ermənilərin bizim torpaqlarımıza köçürülməsi birbaşa rol oynayıb. Ermənilərin torpaqlarımıza köçürülməsi rus imperiyasının siyasətinin nəticəsidir. 1723-cü ildə I Pyotr ilk dəfə dəniz vəsitəsilə Bakıya gəldi və  Kür çayı boyunca Bərdəyə qədər olan əraziləri işğal etdi. Ruslar bu ərazinin nə qədər zəngin, bərəkətli torpaqlar olduğunun əyani şahidi oldular. Əslində, rusların planlarında Hindistana qədər getmək var idi. I Pyotr torpaqlarımıza gələrkən əmin oldu ki, Qafqaz və Bakı, Xəzəryanı bölgə strateji əhəmiyyətə malikdir. Amma burada onlara müttəfiqlər lazım idi. Çünki Qafqazın əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət idi. Və müsəlmanlar, türklər arasında onlara müttəfiqlərin olması, onlara casusluq etməsi üçün xristian təəssübkeşliyinə əsaslanan qüvvə lazım idi. Ermənilər də uzun müddət idi ki, özlərinə arxa, himayədar axtarırdılar. Avropadan lazımi dəstək ala bilməyən ermənilər rus çarının sarayına tez tez müraciət edirdilər. I Pyotrun siyasəti ilə ermənilərin siyasəti üst-üstə düşdü ki, ermənilərin Qafqaza köçürülməsi Rusiyanın imperialist siyasətinə böyük bir dəstək ola bilər.

I Pyotrdan sonra rus çarları bu siyasəti davam etdirdilər. 1768-ci ildə II Yekaterina ermənilərin Rusiya tərəfindən himayə olunması ilə bağlı fərman verdi. Yəni bu məsələyə hüquqi status geyindirildi və Rusiyanın ermənilərin himayədarı kimi çıxış etməsinə əsas yaradan bir qanun qəbul olundu. Bundan sonra ermənilər müxtəlif vasitələrlə rus çar səltənətinə və ordusuna daxil olmağa başladılar. Təsadüfi deyil ki, rusların Qafqaz müharibələrində, o cümlədən Azərbaycanın işğal olunmasında ermənilər çox böyük rol oynadılar.

 1813-cü ilin 12 oktyabrında Gülüstan, 1828-ci ilin 10 fevralında isə Türkmənçay sülh müqaviləsi imzalandı. Bu müqavilələr nəticəsində Azərbaycan ikiyə bölündü. Bu dövrdən başlayaraq ermənilərin köçürülməsi nəticəsində Qafqazda əhalinin milli etnik tərkibi çox sürətlə dəyişməyə başladı. 1829-cu ildə isə Rusiya ilə Osmanlı dövləti arasında Adriopol sülh müqaviləsi imzalandı. Bu muqavilələrin şərtlərində biri bu idi ki, Rusiya həm İran, həm də Türkiyədə yaşayan erməniləri öz ərazisinə köçürüb onları öz himayəsinə götürür. Burada  məqsəd ermənilər üçün dövlət yaratmaq deyildi, sadəcə olaraq ruslarla ermənilərin maraqları üst-üstə düşürdü. Rusiya istəyirdi ki, həmin dövlətlərlə sərhədlərdə sabitliyi pozan qüvvə yerləşdirsin.

- Yəqin ki, bu qüvvə də ermənilərdən ibarət olub...

- Təbii ki. Çünki ermənilər hər cür satqınlığa, xəyanətə hazır idilər və belə də oldu. Onlar rus imperiyası üçün «səmərəli» şəkildə  istifadə olundu. Yuxarıda adını çəkdiyim müqavilələr nəticəsində 1830-1831-ci illərdə 40 min erməni İrandan, 80 min erməni isə Osmanlı ərazisindən Azərbaycan ərazisinə köçürüldü. Ermənilər İrəvan, Gəncə, Qarabağ, Naxçıvan vilayətlərinə köçürüldülər. Bundan sonrakı dövrlərdə isə bu siyasət davam etdi, İrəvan və Naxçıvan xanlığı ərazizisndə Rusiya formal olaraq bir erməni vilayəti yaratdı. Onu erməni vilayəti adlandırmaqda məqsəd o idi ki, artıq Qafqazda ermənilərin mövcudluğunu siyasi və hüquqi cəhətdən təsdiq etsinlər. Əslində, erməni vilayəti deyilən bu ərazi Naxçıvan və İrəvan xanlığının ərazisi idi, əhalinin nisbəti də  azərbaycanlıların xeyrinə idi. Bu ərazilərdə təxminən 80 min azərbaycanlı ailəsi, 20 minə qədər də köçürülmüş erməni ailəsi var idi. 1840-cı ildə Rusiya quberniya sisteminə keçdi və erməni vilayəti ləğv olundu. Onun yerində Yelizavetpol və İrəvan quberniyaları yaradıldı. Bu quberniyaların ərazisinə Rusiyanın erməniləri köçürmək siyasəti XX əsrin əvvəllərinə qədər davam etdi. Rus tədqiqatçsı Şavrov 1911-ci ildə yazırdı ki, Qafqazda yaşayan 1 milyon 300 min ermənidən 1 milyonu Rusiya  tərəfindən son dövrlər köçürülüb. Bu o deməkdir ki, bütövlükdə Qafqaz ərazisində yaşayan ermənilərin əksəriyyəti Rusiyanın İran və Osmanlı dövləti ilə müharibələrindən sonra köçürülüblər. Rusiya Qafqazı işğal edəndə, xüsusulə şimali Qafqazdaki müharibələr zamanı 2 milyona yaxın müsəlman və türk kökənli insanlar Osmanlı  ərazisinə köçdülər. Bununla da Qafqazda əhalinin milli-etnik tərkibi  süni surətdə dəyişdi. O zamanlara qədər bu ərazilərdə ermənilərin sayı  cüzi olsa da, köçürülmə nəticəsində bir milyon  nəfərə  çatdı. Eyni zamanda, Bakının sənayeləşməsi ilə əlaqədar buraya da ermənilər köçməyə başladı. Əslində o vaxta qədər Bakıda da erməni yox idi.

Ümumiyyətlə, köçürülmə zamanı ruslar ermənilərə həm maliyyə dəstəyi verdilər, həm də bir sıra  güzəştlər etdilər. Erməniləri azərbaycanlıların evinə yerləşdirirdilər, 6 il vergilərdən də azad etdilər. Torpaq islahatları adı altında ən bərəkətli torpaqlarımız ermənilərə verildi. Bütün bunların nəticəsində qısa müddətdə  ermənilər bölgənin varlı əhalisinə çevrildilər. Varlı əhaliyə çevrildikdən sonra isə ermənilər dövlət yaratmaq iddiasına düşdülər. Bu məqsədlə onların arxasında kilsə dayanırdı. Kilsə ermənilərdən «böyük Ermənistan» yaratmaq adı altında haqq yığmağa başladı. Bu pullar hesabına silahlı dəstələr yaradıldı.

1880-ci illərdən başlayaraq ermənilərin Qafqazda, şərqi Anadoluda dövlət yaratması məqsədinə xidmət edən siyasi partiyaları meydana çıxdı. «Armnyakan», «Qnçaq» partiyaları, bunların ardınca  1890-cı ldə Tiflisdə «Daşnakstyun» partiyası, 1895-ci ildə isə Nyu-Yorkda «Erməni Vətənpərvərlər İttifaqı» yarandı. Bu partiyaların, ictimai təşkilatların nizamnamələrində terror, silahli qiyamlar törətmək  əksini tapırdı ki, ermənilər öz məqsədlərinə çatsınlar. Amma bir məsələ var ki, dövlət yaratmaqdan ötrü müvafiq ərazidə həmin millətin sayı çox olsun. 1828-ci ildən sonra  xeyli sayda ermənilərin köçürülməsinə baxmayaraq, bu bölgədə erməni-azərbaycanlı nisbəti yenə də bizim xeyrimizə idi. 1897-ci ildə əhalinin siyahıya alınmasına görə, İrəvan quberniyasında 315 min nəfər azərbaycanlı yaşayırdı. Bu da əhalinin 87 faizindən cox idi. Belə bir halda, ermənilər bu ərazilərdə özlərinə dövət yarada bilməzdilər. Bu səbəbdən də, ermənilər təxribatlara əl atdılar. 1905-ci ildə Rusiyada inqilab dalğası, rus-yapon müharibəsi başladı. Bir qədər dövlətin idarə olunmasında hərcmərclik yaranmışdı. Bundan istifadə edən ermənilər İrəvanda, Zəngəzurda, Qarabağda, Bakıda, Ordubadda və başqa yerlərdə qırğın və talanlar törətməyə başladılar. Həmin dövrdə Gəncə-Qazax bölgəsində ermənilər tərəfindən 200,  Zəngəzurda 75 azərbaycanlı kəndi dağıdıldı. Ermənilər  Qarabağda da iğtişaşlar törətdilər. Bu hadisələri Azərbaycanın görkəmli yazıçıları Məmməd Səid Ordubadi «Qanlı sənədlər» əsərində, Mirmövsüm Nəvvab «1905-1906-cı illərdə erməni-müsəlman davası» kitabında şahid ifadələri əsasında yazıblar.

1905-1906-cı illərdə ermənilər öz məqsədlərinə çatmadılar. Amma onlar öz  qəddarlıqlarını, vəhşiliklərini  göstərdilər. 1905-1906-cı illərdə indiki Xocalı şəhəri  yaxınlığında ermənilər  meşənin içərisində yoldan keçən azərbaycanlıları tutub onların beldən aşağı hissədə dərisini kəsib diri -diri ağacın budağına bağlayırdılar. Ağacı buraxdıqdan sonra insanın bütün dərisi soyulurdu. Beləcə insanları qan aparırdı və ölürdülər. O zamandan həmin ərazinin adı «Bağrıqan» adlanırdı. Ermənilər  eyni vəhşiliyi  Zəngəzurda da törətmişdilər. İnsanların ayaqlarını iri ağacaların ayrı-ayrı budaqlarına iplə bağlayırmışlar. İpi kəsib budaqları buraxanda isə insanlar iki şaqqaya bölünürdülər. Bu vəhşiliklərlə ermənilər həm də  insanlarda qorxu yaradırdılar ki, bu ərazilərdən  köçüb getsinlər. Bu prosesdə erməni din xadimləri müsəlmanlara qarşı fəal pol oynadılar.

- 1918-ci ilin mart hadisələri haqqında nə deyə bilərsiniz? Bu qırğınların törədilməsində ermənilərə qüvvələr dəstək veriblər?

- I Dünya müharibəsi ərəfəsində Qərb dövlətləri Osmanlı dövətini çökdürməyə çalışırdı. Bu məqsədlə Osmanlı dövlətinin daxilində də təxribatlar törədilirdi. Bu təxribatların bir hissəsi də şərqi Anadoluda ermənilərin hüquqlarını müdafiə etmək adı altında törədilirdi. Hansı ki, o vaxta qədər ermənilər bu torpaqda çox rahat yaşayırdılar. Vanda, Ərzurumda və digər ərazilərdə ardıcıl olaraq ermənilərin türklərə qarşı təxribatları başladı. Bütün bunların qarşısını almaqdan ötrü Osmanlı dövləti 1915-ci ilin aprelində bir qərar vrdi. Bu qərara uygun olaraq təxribatçılar həbs olundu, ermənilər bir ərazidən digər ərazilərə köçürüldü. I Dünya müharibəsi başlayanda isə Rusiya və Osmanlı dövləti  bir-birilərinə qarşı blokda dayanmışdılar. Bu müharibədə ermənilər silahı öz dövlətlərinə qarşı çevirdilər. Bu təxribatlar nəticəsində vətəndaş müharibəsi başladı. Amma ermənilər dərk etdilər ki, bu ərazidə dövlət qura biməyəcəklər. Ona görə də, bu məqsədlərini Qafqazda reaallaşdırmağa çalışdılar.

1918-ci ildə Andranik Ozanynın başçılığı ilə 10 minlik hərbi dəstə Qafqaza daxil oldu. Digər tərəfdən, Bakıda da  bolşevik hakimiyyəti qurmaq adı altında Stepan Şaumyan erməni kilsəsi və daşnaklarla iş birliyinə girərək Bakıda erməni dövləti qurmaq üçün fəaliyyətə keçdi.  Və 1918-1919-c u illər xalqımız üçün ağır oldu. Şaumyanın rəhbərliyi ilə 15 min nəfərlik silahlı dəstə yaradıldı. Daşnakstyun partiyasının 4 min nəfərlik ordusu da buraya qoşuldu. Məqsəd Bakı və digər əraziləri azərbaycanlılardan təmizləmək idi. Bir  həftə ərzində Bakıda 30 min azərbaycanlı qətlə yetirildi. Ermənilər yenə də çox vəhşiliklər etdilər. Qadınlar təhqir olunaraq öldürüldü, uşaqlar diri-diri yandırıldı, süngüyə keçirildilər. Bakıda insanların evindən «Quran»lar toplanaraq yandırıldı.

Həmin dövrdə Qubada da  qətliam oldu, azərbaycanlılarla yanaşı ləzgi, yəhidilər də qətlə yetirildi, bütövlükdə Qubada 20 min insan öldürüldü, 122 kənd dağıdıldı. Lalayanın rəhbərliyi ilə Şamaxıda isə 8 min azərbaycanlı öldürüldü, 58 kənd dağıdıldı. Gəncədə də 12 min adam öldürüldü. Zəngəzurun isə 115 kəndi dağıdıldı, burada yaşayan 50 min insandan 10 min 68 insan qətlə yetirildi. Digər insanlar isə öz doğma torpaqlarından qovuldular.

 Andranikin ordusu görünməməş vəhşilik törətdilər. Zəngəzurun Vağadi kəndində 400 nəfər qadın, qoca,  uşaq qorunmaqdan ötrü məscidə sığınmışdılar. Ermənilər məscidin qapısını çöldən bağlayıb insanları diri-diri yandırmışdılar. Qadınlar özlərini qayadan atırdılar, çayda boğurdular, qalanlarını isə ermənilər öldürdülər. Şəki kəndində hamilə qadınların qarınlarını yarıb uşaqları süngüyə taxdılar. Evlərdə uşaqları divara mismarlayıb öldürdülər. Qafan rayonunda bir kənddə qadın çörək bişirdiyi yerdə ermənilər gəlib onun iki azyaşlı övladını təndirə atıblar. Qadın da usaqlarını xilas etmək üçün özünü təndirə atıb uşaqları ilə yanıb.

Ermənilər İrəvan ətrafında 211 kəndi dağıtdılar, 14 min insanı qətlə yetirdilər. Eyni qətliamlar basqa bölgələrdə də baş verib. Cənubi Azərbaycanda da 150 min azərbaycanlı qətlə yetirilib.

Bu qətliamların qarşını almaqda ötrü Tiflisdə və Batumidə konfranslar çağırıldı, danışıqlar aparıldı. 1918-ci il mayın 27-də Gürcüstan müstəqilliyini elan etdi. Mayın 28-də isə Azərbaycan Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətini  elan etdi. Belə bir vaxtda isə ermənilərin dövləti olmadığı üçün böyük dövlətlərin təhriki ilə İrəvanın ermənilərə verilməsi tələb olundu. Beləliklə, İrəvan və onu ətrafı olmaqla  9 min kvadratkilometr ərazi ermənilərə verildi. Azərbaycan Nazirlər Şurasının sədri Fətəlixan Xoyski xarici işlər naziri Məhəmməd Hacınskiyə yazırdı: “Ermənilərlə müharibəyə son qoyduq. Onlar ultimatiumu qəbul etdilər və müharibəni dayandıracaqlar. İrəvanı onlara verməli olduq”. Ultimatiumun şərtlərindən biri o idi ki, ermənilər bütün qətliamları dayandıracaq, ərazi iddiasında olmayacaq, silahlı hərəkətlər etməyəcəklər. Amma buna baxmayaraq, yenə də  o fəaliyyətlərini davam etdirdilər. 1920 –ci il dekabrın 1-də Stalin və Orcenikidzenin təhriki ilə Zəngəzur da ermənilərə verildi.

Ümumiyyətlə, bu qırğınların kökündə ərazi iddiaları dayanırdı. 1918-1920-ci il qırğınları nəticəsində  Qərbi Azərbaycanda yaşayan 600 min azərbaycanlıdan 575 min nəfəri ya qətlə yetirildi, ya da deportasiya olundu. 1918-ci ildə Zəngəzurda 50 min azərbaycanlı yaşayırdısa 1926-cı ildə onların 5 min nəfəri geri qayıtmışdı.

- Bəs sovetlər hakimiyyəti dövründə azərbaycanlıların soyqırıma məruz qalması hansı faktlarla öz əksini tapır? 

- SSRİ yaranandan sonra xeyli  ərazimiz ermənilərə verilsə də, onların separatçı hərəkətləri dayanmadı. Bu separatçı hərəkətlər təkcə insanların qətlə yetirilməsi, deportasiya olunması, etnik təmizləmə ilə həyata keçirilmədi. Eyni zamanda, ermənilərin soyqırımları bizim tarixi abidələrimizə, yer adlarına qarşı törədildi və bu bütün XX əsr boyunca davam etdi. Erməni tarixçisi Zaven Korkodyan “Sovet Ermənistanı son 100 ildə: 1831-1931”  kitabında yazır ki, Ermənistan ərazisində mövcud olan 2100 yaşayış məntəqəsinin 2000-nin adı erməni dilində deyil. Bu o deməkdir ki, bu torpaqlar ermənilərə məxsus deyil. Yazırdı ki, bunları erməniləşdirmək lazımdır. 1931-ci ildən sonra bu siyasət davam etdi. Ermənistan Ali Sovetinin qərarı ilə yüzlərlə yer adı dəyişdirildi. 1940-cı, 1968-ci və 1980-ci illərdə də anoloji qərarlar verildi. Beləliklə, 2100 yaşayış məntəqəsini adı tamamilə erməniləşdirildi.

1930-cu illərdə kolxoz quruculuğu dövründə ermənilər bu fürsətdən də istifadə edərək azərbaycanlıların zəngin, düşünən qismini qolçomaq adı ilə məhv etdilər, Sibirə sürgünə göndərdilər və ya güllələdilər.  1937-1938-ci illərdəki  repressiyalar dövründə də Qərbi Azərbaycandakı ziyalı potensialını anti-bolşevik adı ilə məhv etdilər. II Dünya müharibəsində azərbaycanlıların yarıdan çoxunu cəbhəyə göndərdilər, onların yarısı qayıtmadı. Hərbiyə yararsız olan insanları da müharibəyə göndərirdilər ki, onlar geri qayıtmasınlar.

Ermənilərin bu dövrdə də Azərbaycana qarşı ərazi iddiası davam edirdi. 1943-cü ildə Tehran konfransında erməni diasporunun nümayəndələri Molotovla görüşüb ondan xahiş ediblər ki, xaricdə yaşayan ermənilərin SSRİ ərazisinə köçməsi üçün müraciətləri var və bu məqsədlə Azərbaycan torpaqlarının bir hissəsi də Ermənistana verilsin. Müharibə dövründə bu məsələyə baxılmadı. Mikoyanın vasitəsilə 1947-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı qəbul olundu. Həmin qərara görə, Ermənistan ərazisində yaşayan azərbaycanlıların Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi prosesi başladı. Qərarı belə izah edirdilər ki, dünyanın müxtəlif yerlərindən yüz minlərlə erməni SSRİ-də yaşamaq istəyir, amma Ermənistanda yer yoxdur, azərbaycanlılar isə gedib pambıqçılığın inkişafı ilə məşğul olsunlar. 1948-1953-cü illərdə yüz min azərbaycanlı İrəvan və onun ətrafındakı ən məhsuldar torpaqlardan deportasiya olundu. İrəvan bölgəsi azərbaycanlı mahalı idi, bizim dil orada ünsiyyət vasitəsi idi və dövlət səviyyəsində azərbaycanlılar çalışırdılar. De-yure Ermənistan dövləti yaradılsa da, de-fakto azərbaycanlılar üstünlük təşkil edirdilər. Azərbaycanlıların köçürülməsi nəticəsində 500 azərbaycanlı kəndi boş qaldı və həmin yerlərə  az sayda erməni gəldi. Ermənilər azərbaycanlıları sıxışdırırdılar, onlara iş vermirdilər.

Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Ümummilli lider  Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb. Bu sənəddə göstərilir ki, Sovet hökumətinin qərarları xalqımıza qarşı deportasiya siyasəti idi və deportasiya isə soyqırımına aparan ən böyük cinayət aktlarından biridir. 

 

Nəhayət, 1988-ci ildə Qarabağ separatizmi başladı. Ulu öndərimiz Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verdikdən sonra Qorbaçov hakimiyyəti ermənilər üçün imkanlar yaratdı və indiki Ermənistanda azərbaycanlılara qarşı sonuncu deportasiya həmləsi oldu, 261 yaşayış məntəqəsində yaşayan 250 min soydaşımız doğma torpaqlarından qovuldu. Ermənilər bu zaman da insanlara qarşı vəhşiliklər törətdilər.

- Musa müəllim,  Ümummilli liderimiz Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Bu sənədin tarixi əhəmiyyəti nədən ibarətdir?

- Çox təəssüflər olsun ki, SSRİ dönəmində və müstəqilliyimizin ilk illərində ermənilərin azərbaycanlılara qarşı qətliamlarına hüquqi-siyasi qiymət verilmədi. SSRİ dövründə bu hadisələr ört-basdır etdirilirdi, ermənilərlə qardaşlıq himni oxutdurulurdu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələlərə  hüquqi-siyasi qiymət verdi. 1998-ci ilin mart ayında “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalandı. “Azərbaycanlıların soyqırımı haqqında”” Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Bundan  sonra tədqiqat işləri başladı, əsərlər yazıldı. Bu baxımdan, əlbəttə ki, imzalanan Fərmanın böyük əhəmiyyəti var. 2001-ci ildə isə «Ermənistan SSR-dən deportasiya olunmuş azərbaycanlıların məskunlaşması haqqında» Fərman verildi. Biz öz tariximizi, uğurlarımızı, faciələrimizi bilməliyik, düşmənlərimizi tanımalıyıq ki, gələcəkdə belə hadisələr baş verməsin.

1992-ci ilin fevral ayında baş verən Xocalı soyqırımı təkcə xalqımıza qarşı yox, bəşəriyyətə qarşı törədilmiş faciədir. Xocalı faciəsinin dünyada tanıdılması üçün dövlətimiz  və qeyri-hökumət təşkilatları sistemli fəaliyyət göstərir. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezdenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası bu faciənin bütün dünyaya bəyan edilməsində, qəbul edilməsində mühüm rol oynayır. Bu gün dünyanın bir sıra dövlətləri,  ABŞ-ın 23 ştatı Xocalı soyqırımını tanıyır.  Bu işi davam etdirməliyik. Bu təkcə bizim millətimiz və tariximiz qarşısında borcumuz deyil, eyni zamanda gələcək nəslillər qarşısında borcumuzdur. Bəşəriyyət cinayətkarları, işğalçıları tanımalı, soyqırıma hansı xalqın məruz qaldığını bilməlidir və ədaləti müdafiə etməlidir.

Prezident İlham Əliyevin imzaladığı  bir sıra fərman və sərəncamlarla, Mili Məclisin qəbul etdiyi qərarlarla istər Xocalı faciəsi, istər deportasiya aktları dövlət səviyyəsində qeyd olunur. Bütün bunların hamısı ona görədir ki, gələcəkdə belə faciələr baş verməsin və həqiqət bütün nəsillərə çatdırılsın, Azərbaycanın indiki gənc nəsli vətənpərvərlik ruhu ilə böyüsün və böyüyür də. Bu gün Azərbaycan güclü dövlətdir, bizim işimiz haqq işidir. Əminəm ki, biz o torpaqlarımıza qayıdacağıq, ərazi bütövlüyümüz bərpa olunacaq, Xocalı soyqırımını törədənlər cəzalarını alacaqlar.