YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan əməyin mühafizəsi sahəsində fəal dövlət siyasətinə malik olan ölkələrdən biridir

Müsahibimiz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə

-Fuad müəllim, 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi günü hər il ölkəmizdə də qeyd edilir. Bu günün qeyd olunmasının məqsədi nədən ibarətdir? Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar hansı tədbirlər həyata keçirilir?

-28 Aprel Ümumdünya Əməyin Mühafizəsi günü Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən etibarən qeyd edilir. BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur və 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Eyni zamanda, istehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsinə səbəb olur. Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması da işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, əməyin təhlükəsizliyi və sağlamlaşdırılması məsələlərinə dünya ictimaiyyətinin diqqətini artırmaq məqsədinə xidmət edir. Məlumat üçün bildirim ki, bu vacib tədbiri gənc, müstəqil dövlətimiz olan Azərbaycan Respublikası ilk dəfə 1999-cu ildə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirmiş və sonrakı illərdə də davam etdirilmişdir.

Qeyd edim ki, BƏT tərəfindən 2017-ci il üşün 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” mövzusu müəyyən edilib. İş yerlərində peşə risklərinin qiymətləndirilməsində, istehsalatda baş verən bədbəxt hadisələrin və qəza hallarının qarşısının alınmasında əməyin mühafizəsinə dair məlumatların toplanması əsas şərtlərdən biri olduğu üçün bu il üçün qəbul edilmiş həmin mövzu mühüm aktuallıq kəsb edir. Bu mövzu ilə bağlı bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən sosial partnyorlarımız olan Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri ilə birgə işəgötürənlər və onların əməyinin mühafizəsi sahəsinə məsul vəzifələrinə dair seminarlar təşkil olunur, bir sıra digər tədbirlər keçirilir.

lkəmizdə əməyin mühafizəsi sahəsində aparılan dövlət siyasətini, qanunvericlik bazasını  necə xarakterizə edərdiniz?

-Əməyin mühafizəsi sahəsində Azərbaycan fəal dövlət siyasətinə malik olan ölkələrdən biridir. Müstəqillik qazandığımız 1991-ci il oktyabr ayının 18-dən indiyədək ölkəmizdə çoxlu qanunvericilik, hüquqi-normativ sənədlər hazırlanıb qüvvəyə minmişdir. Bunların sırasında əmək və əməyin mühafizəsi məsələlərinə dair  qəbul edilmiş sənədlər heç də az deyildir. Əminliklə qeyd etmək olar ki, bu gün respublikamız əmək qanunvericiliyi, əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı dolğun qanunvericilik bazasına malikdir.

İlk növbədə qeyd etməliyik ki, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, 12 noyabr 1995-ci il tarixdə ümumxalq referendumu əsasında qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 35-ci (Əmək hüququ) maddəsində “Hər kəsin təhlükəsiz və sağlam işləmək hüququ vardır” deyə qeyd edilmişdir. Növbəti addım kimi isə, Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı 01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanun əsasında və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi təsdiq edilmiş və 1999-cu il 01 iyul tarixindən qüvvəyə minmişdir. Əmək Məcəlləsində bütün əmək məsələlərinin həlli ilə bərabər əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə də geniş yer ayrılmışdır.  Məcəllənin  207-239-cu maddələri məhz bu məsələləri əhatə edir. Məcəllə əsasında sonralar əməyin mühafizəsi,  o cümlədən texniki təhlükəsizlik, əməyin gigiyenası, sanitariya, müalicə-profilaktika məsələlərinə dair çoxlu qanunvericilik və normativ sənədlər qəbul edilib.

Eyni zamanda Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 27 yanvar 1997-ci il tarixli 544 saylı Fərmanına əsasən, respublikada əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət qurumu-Dövlət Əmək Müfəttişliyinin yaradılması əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə, o cümlədən əməyin mühafizəsi tələblərinə əməl olunması məsələsinin dövlətin diqqət mərkəzində olduğunu göstərmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin işçi vətəndaşların hüquqlarının müdafiəsinə xüsusi diqqət və qayğısının nəticəsi kimi, 16 fevral 2011-ci il tarixli Fərmanla Dövlət Əmək Müfəttişliyinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılıb, beləliklə də əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın statusu artırılıb. Təbii ki, bu, əmək hüquqlarının təminatının ölkədə aparılan sosial siyasətin əsas komponentlərindən olduğunu təsdiq edir.

-Ümumilikdə əməyin mühafizəsi hansı tədbirlər sistemini özündə ehtiva edir?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndində əməyin mühafizəsi anlayışı belə verilmişdir: “Əməyin mühafizəsi – işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir”. Başqa sözlə, əməyin mühafizəsi istehsalatda işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və o cümlədən texniki təhlükəsizliyin təmin edilməsinə, istehsalatda baş verən bədbəxt hadisələrin və qəza hallarının, əmək xəsarətlərinin və peşə xəstəliklərinin qarşısının alınmasına, işçilərin vaxtlı-vaxtında əməyin mühafizəsi üzrə təlimatlandırılmasına və biliklərinin yoxlanılmasına yönəldilmiş sosial-iqtisadi və hüquqi tədbirlərin məcmusudur. Bu, iş yerlərində əməyin mühafizəsinin mövcud norma və qaydalara, dövlət standartlarına uyğun təşkili, əmək prosesində iştirak edən işçilərə normal əmək şəraiti yaratmaq deməkdir.

-Müəssisədə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik kimin üzərinə düşür?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik işəgötürənin üzərinə qoyulur. İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri Əmək Məcəlləsinin 215,225-ci maddələrində, eləcədə müəssisələr haqqında əsasnamələrdə (nizamnamə), kollektiv müqavilələrdə təsbit olunur. Əmək Məcəlləsində əməyin mühafizəsinin dövlət tərəfindən tənzimlənməsi (maddə 212), icra hakimiyyət orqanlarının (maddə 213), bələdiyyələrin səlahiyyətləri (maddə 214), mülkiyyətçinin və işəgötürənlərin  vəzifələri (maddə 215) müəyyən edilmişdir.

Bununla yanaşı, qanunvericilik müəsisədə əməyin mühafizəsinin təmin olunması ilə bağlı işçilərin də vəzifələrini müəyyən etmişdir. Əmək Məcəlləsinin 216-cı maddəsində əməyin mühafizəsi üzrə işçilərin vəzifələri ifadə olunub. Buraya əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək, digər vəzifələr daxildir. Əmək Məcəlləsinə əsasən əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Ona görə də müəssisə rəhbərləri əməyin mühafizəsinin idarə olunması məsələsinə ciddi əhəmiyyət verməlidirlər. Belə ki, müəssisədə əməyin mühafizəsinin yüksək səviyyədə təşkil olunması işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə yanaşı keyfiyyətli məhsul istehsalına da təminat verir. Qabaqcıl dünya təcrübəsində də əməyin mühafizəsi müəssisədə yalnız işçinin təhlükəsizliyi üçün deyil, iqtisadi artım üçün də vacib amil kimi qəbul olunur.

- Əməyin mühafizəsinin idarəetmə funksiyaları əsasən nələrdən ibarətdir?

-İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması işçinin işlədiyi sexdən, müəssisədən başlamış onun tabe olduğu baş idarələrə, şirkətlərə, nazirliklərə qədər bütün səviyyələrdə əməyin mühafizəsinin idarə olunması metodlarının təkmilləşdirilməsi ilə sıx əlaqədardır. İdarə olunma müəyyən nəticələrə nail olmaq məqsədilə həyata keçirilir.

Əməyin mühafizəsinin idarə olunmasında əsas məqsəd əmək prosesində iştirak edən insanların sağlamlığının, təhlükəsizliyinin, əmək və iş qabiliyyətinin qorunmasının təmin edilməsindən ibarətdir. Eyni zamanda əməyin mühafizəsinin idarə olunması müəssisənin istehsal fəaliyyətinin əsas istiqamətlərindən biridir.Müəssisədə əməyin mühafizəsinin idarə olunmasına ümumi rəhbərliyi, həmin müəsisənin rəhbərləri həyata keçirir. Müəssisənin sexlərində, sahələrində, bölmələrində, obyektlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinə bu sahələrin rəhbərləri cavabdehdirlər.

Müəssisələrdə əməyin mühafizəsinin idarəetmə funksiyaları əsasən bunlardan ibarət olmalıdır:

-        dövlət hakimiyyəti orqanlarının, mülkiyyətçilərin, işəgötürənlərin və işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsalat qəzalarının, xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi;

-        işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması;

-        əməyin mühafizəsi işinin planlaşdırılması;

-        əməyin mühafizəsi sahəsində işlərin təşkili və idarə olunması;

-        əməyin mühafizəsi vəziyyətinin araşdırılması və uçotunun aparılması;

-        əməyin mühafizəsinin vəziyyətinə və onun idarəetmə sisteminə nəzarət;

-        əməyin mühafizəsinin təkmilləşdirilməsi üzrə işçilərin maddi maraqlandırılmasıdır.

- Bu sirr deyil ki, bir sıra müəssisələrdə hələ də əməyin mühafizəsi xidmətinin yaradılmasına, hətta  işçilərin əməyin mühafizəsi ilə bağlı mütəmadi təlimatlandırılmasına biganə münasibət mövcuddur?

- Əməyin mühafizəsi işinin təşkili idarəetmənin əsas təminatçısı sayılır. İşəgötürənlər Əmək Məcəlləsinin 223-cü maddəsinin tələbləri əsasında rəhbərlik etdiyi müəssisədə əməyin mühafizəsi xidməti yaratmağa borcludurlar. Xidmət heyətinin sayı barədə xüsusi normativ sənəd olmamasına baxmayaraq, işəgötürən istehsalat sahələrinin hamısını əhatə etməyə çata bilən sayda xidmət təşkil etməlidir.

Əslində müəssisənin bütün mühəndis heyəti və vəzifəli şəxsləri əməyin mühafizəsinin idarə olunmasında iştirak etməlidirlər. Bunun üçün müəssisədə əməyin mühafizəsinin təşkil edilməsi Qaydaları işlənib təsdiq edilməlidir. Qaydalarda vəzifəli şəxslər arasında iş bölgüsü, əlaqələrin qurulması, tabeçilik və kimin nəyə cavabdeh olduğu göstərilir. Eyni zamanda müəssisədə işçilərin əmək funksiyaları (Əmək Məcəlləsinin 57-ci maddəsinə müvafiq olaraq) tərtib və təsdiq edilərkən əməyin mühafizəsi üzrə ona həvalə edilən məsələdə orada öz əksini tapmalıdır.

Əməyin mühafizəsinin təşkili və idarə olunması məsələlərində işçilərə təlimatların keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, bir sıra müəssisələrdə işçilərə keçirilən giriş, ilkin, təkrar, vaxtaşırı və s. təlimatlar mükəmməl tərtib edilmir və vaxtlı-vaxtında keçirilmir. Hər bir peşə adamı üçün əməyin mühafizəsi üzrə təlimat hazırlanarkən o peşə üzrə tərtib və təsdiq olunmuş əmək funksiyasından istifadə olunmur. Halbuki, peşələr üzrə əməyin mühafizəsi təlimatları əmək funksiyasına müvafiq tərtib edilməlidir. Peşə sahiblərinə təlimatların çatdırılması və onların bu təlimatlarla tanış edilməsi heçdə həmişə təşkil edilmir. Nəticədə bədbəxt hadisələr baş verən zaman xəsarət alanın təlimatla tanış olmadığı və yaxud onun barəsində səthi məlumatı olduğu təhqiqat zamanı aşkar olunur.

-Fuad müəllim, bir sıra hallarda müəssisələrdə işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, yaxud işçilərin onlardan istifadə məsələsi də arxa plana keçir…

-Əlbəttə, işçilərin kollektiv və fərdi mühafizə vasitələrindən istifadəsi məsələsində də bir sıra çatışmamazlıqlar mövcuddur. Xüsusilə tikinti və tikinti materialları istehsalatları sahələrində işləyənlərin kollektiv və fərdi mühafizə vasitələrindən lazimi qaydada istifadə etmədikləri əmək müfəttişləri tərəfindən dəfələrlə müşahidə edilib. Bir də görürsən ki, hər-hansı hündürmərtəbəli binanın yuxarı mərtəbələrində armatur karkası quraşdıran işçinin başında dəbilqə, belində mühafizə kəməri, əlində əlcəyi yoxdur. Eləcə də tikinti materialları istehsalı ilə məşğul olan çoxsaylı daş karxanalarında əmək müqavilələri bağlamadan işə cəlb edilmiş vətəndaşın əynində heç bir fərdi mühafizə vasitəsinin olmadığının şahidi olursan. Əməyin mühafizəsi və o cümlədən texniki təhlükəsizlik qaydalarının pozulmasına dair çoxsaylı misallar çəkmək olar. Hansı ki, bu səbəblər üzündən istehsalatda bədbəxt hadisələrin baş verməsi halları artır.

Lakin Dövlət Statistika Komitəsinin hər ilin yekununa görə dərc etdiyi “Azərbaycan Statistik göstəriciləri” toplusunda qeyd olunduğu kimi, əməyin mühafizəsi tədbirlərinə ayrılan vəsaitin miqdarı ilbəil artır. Misal üçün bu məqsədlə ayrılan pul vəsaitinin miqdarı 2005-ci ildə 24265,2 min manat olmuşdursa, 2015-ci ildə bu vəsaitin miqdarı iki dəfədən çox artaraq 67873,5 min manat olmuşdur. Əslində ayrılan bu vəsaitlə əməyin mühafizəsi tədbirlərini daha da yaxşı təşkil etmək olar. Ancaq ayrılmış bu vəsaitin təyinatı üzrə xərclənməsi barədə məlumat dərc edilməməsi səbəbindən müvafiq təhlil aparmaq imkan xaricindədir. Bununla bərabər Dövlət Statistika Komitəsinin məlumatına əsasən hazırda respublika iqtisadiyyatının müxtəlif sahələrində əlverişsiz əmək şəraitində işləyənlərin sayı artmışdır. Belə ki, sənaye sahələrində sanitar-gigiyenik normalarına cavab verməyən şəraitdə işləyənlər 2005-ci ildə 20470 nəfər olmuşdursa, 2015-ci ildə bu artaraq 21371 nəfər olmuşdur. Tikinti sahəsində isə 2005-ci ildə 2125 nəfər, 2015-ci ildə 3610 nəfər həmin şəraitdə işləmişdir.

-Fuad müəllim, hazırda əməyin mühafizəsi ilə bağlı işəgötürənlər tərəfindən əsasən hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?

-Diqqətinizə çatdırım ki, iqtisadiyyatın mühüm sahələrindən olan tikinti sahəsində baş vermiş qəza və texniki təhlükəsizliyin pozulması halları ilə əlaqədar olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli 624 nömrəli Fərman imzalamışdır. Bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyati dövlət orqanları ilə birlikdə tikinti sahəsində işçilərin əmək şəraitinin və iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına, işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyim ilə işəgötürənlər tərəfindən təmin edilməsinə və əmək müqaviləsi əsasında tənzimlənməsinə nəzarəti gücləndirməsi tapşırılmışdır.

         Bu göstərilənləri nəzərə alaraq işəgötürənlər tərəfindən aşağıda qeyd edilən tədbirlərin həyata keçirilməsini vacib hesab edirik:

-        Müəssisədə əməyin mühafizəsi xidmətinin yaradılması;

-        Bütün peşələr, vəzifələr üzrə texniki təhlükəsizlik qaydaları barədə təlimatların işlənib hazırlanması və işçilərin tanış edilməsi;

-        İşçilərin əməyin mühafizəsi və o cümlədən texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, onların biliklərinin mütəmadi olaraq yoxlanılması, təlimatların qeydiyyatının aparılması;

-        Əməyin mühafizəsi məsələlərinə cavabdeh olan məsul vəzifəli şəxslərin, mütəxəssislərin (ƏM m. 219) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməyin mühafizəsinə dair təşkil etdiyi kurslardan keçməsi;

-        Əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsinə sərf etmək üçün lazimi maliyyə vəsaitinin və materialın ayrılması və təyinatı üzrə sərf edilməsi (ƏM m. 220);

-        İşçilərin xüsusi geyim və digər fərdi mühafizə vasitələri ilə təmin olunması, həmçinin fərdi mühafizə vasitələrindən istifadə olunmasına nəzarətin həyata keçirilməsi;

-        İş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, normal əmək və istirahət rejiminə riayət olunmasının təmin edilməsi, işçilərin geyinib-soyunma, yuyunma və digər təyinatlı məişət otaqları ilə təmin olunması;

-        İş yerlərinin əmək şəraitinə görə attestasiyasının aparılması;

-        İşçilərin ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müyinədən keçirilməsi;

-        İş yerlərinin ilkin tibbi yardım çantaları ilə təchiz olunması və bədbəxt hadisələr zamanı zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi barədə işçilərə xüsusi təlimatların keçirilməsi.

Əlbəttə, bu tədbirlərin həyata keçirilməsi iş yerlərində əmək şəraitinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına imkan verəcəkdir.