YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir

Müsahibimiz “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov

- Cavid müəllim, mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tamam olur. Hər il 10 may tarixi ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Ümummilli liderimizin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri haqqında fikirlərinizi bilmək istərdik...

- Bu günlərdə Azərbaycanda və Azərbaycan həqiqətlərinin tanındığı hər yerdə, azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 94 illiyi ilə bağlı tədbirlər keçirilir. Bu da təsadüfi deyil. Bu gün təkcə Azərbaycan və Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün tariximizin ən əlamətdar günlərindən biridir. Ümummilli liderimiz, dünya  siyasətinin korifeylərindən  biri, dahi dövlət adamı Heydər Əliyevin həyat və fəaliyyəti tariximizə məhz şərəf salnaməsi kimi daxil  olmuşdur. İndi  hamımızın mübarizə yoluna  və ölməz ruhuna güvənc yeri kimi  baxdığımız Ulu  öndərimiz yeni Azərbaycanın yaradıcısı və qurucusudur.

Heydər Əliyev öz tükənməz enerjisini son damlasına kimi xalqın, millətin yolunda istifadə etməklə, iyirminci əsrdə ikinci dəfə qazandığımız  müstəqilliyi qoruyub-saxlamaqla, Azərb­ay­ca­n həqiqətlərini dünyaya çatdırmaqla xalqın Ümummilli liderinə çevrildi. Belə insanlara tarixi şəxsiyyət deyirlər. Ona görə yox ki, tarixin hansısa zaman kəsiyində yaşayıblar, ona görə ki, belə şəxsiyyətlər həm də öz titanik fəaliyyətləri ilə tarix yaradırlar - Vətən tarixini. Həyatı və fəaliyyəti ilə Azərbaycanın şərəf tarixinin qızıl səhifələrini yaratmış böyük Heydər Əliyev kimi.

Bir anlığa iyirminci əsrin 90-cı illərinə qısa ekskurs edək.  Onda ölkə idarəolunmaz bir həddə çatmış, bütün sütunlar laxlamışdı. O illər ölkənin tarixində çox ağır bir dövr idi. Azərbaycanın iqtisadiyyatı dağıdılmış, dövlətlərarası münasibətləri tamam pozulmuşdu. Ölkəmiz bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Bunun səbəbi aydın idi. Siyasi səriştəsi olmayan insanlar ölkəni özlərinin maraq paliqonuna çevirmişdilər. Belə bir şəraitdə cəmiyyət siyasi hakimiyyətin dəyişməsini tələb edirdi. O zaman ölkənin bir qrup vətənpərvər ziyalısı Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini başa düşdü və bu təşəbbüslə çıxış etdi. 21 noyabr 1992-ci ildə partiyanın təsis konfransı Naxçıvanda keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Ondan sonra siyasi hadisələrin necə cərəyan etdiyini, cənab Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması ilə ölkəni sürükləndiyi uçurumdan necə xilas etməsinin hamımız yaxşı bilirik. Çünki biz bu yaxın keçmişimizin canlı şahidləriyik.

 

- Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Sizcə, bu qayıdış Azərbaycana nə verdi?

- Ulu öndərin 15 iyun 1993-cü ildə yenidən ölkənin siyasi rəhbərliyinə qayıtması ilə respublikamızda xaosun qarşısı alındı. Siyasi kurs müəyyən olundu, iqtisadi əlaqələr genişləndi, mədəni dəyərlərin qorunması istiqamətində mühüm addımlar atıldı, ölkənin həyatında yeni bir ab-hava yarandı. Təsadüfi deyil ki, məhz həmin gün Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin o tarixi qayıdışı nəticəsində Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsindən, hansısa dövlətlərin müstəmləkəsinə çevrilməkdən qurtuldu.

O tarixi qayıdış olmasaydı, bu gün ölkəmizin taleyinin necə olacağı barədə düşünmək çox çətin olardı. O tarixi qayıdış olmasaydı, Azərbaycan xarici düşmənlərin və daxili riyakarların maraq dairəsində parçalana bilərdi.

Uzun illər imperiya siyasəti altında yaşamağa məhkum olanlardan biri kimi Azərbaycan xalqı azadlığın dadını əsrin əvvəlində daddığından, onun bu istəyi daha güclü idi. Həqiqətən də “Bir kərə yüksələn bayraq bir daha enməz”. Bu azadlıq bayrağı yenidən Azərbaycan səmasında dalğalanmağa başladı. 28 may 1918-ci ildə yaranan Müstəqil Azərbaycan dövlətinin varisi kimi, 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri böyükdür. Amma onun ən böyük xidməti  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasını təmin etməsi idi.

Bütün bunlar asanlıqla başa gəlmirdi. Ölkədə normal iş və yaşayış atmosferi bərqərar olana kimi Ümummilli liderimiz gecəli-gündüzlü çalışdı.

İndi dövlətimizin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsi ölkədə Heydər Əliyev ideyalarının yaşamasının nə­ticəsidir. O bilirdi və həmişə xüsusi olaraq qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadir olacaq.  Ona görə də ümummilli lider iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm verirdi. 

1994-cü ilin oktyabr ayında dünyaya səs salan «Əsrin müqaviləsi” kimi nəhəng bir layihəni həyata keçirmək üçün ancaq Heydər Əliyev iradəsi lazım idi. O iradə ki, zaman-zaman insanların düşüncəsində əfsanəyə, nağıla çevri­lən­ləri reallaşdırdı. Xalqın oğlu xalqın yüz illər sonrakı taleyini həll etmək üçün  çiynini ağır bir işin altına verdi.

Heydər Əliyevin fiziki yoxluğundan əziyyət çəksək də, onun ideyalarının Azərbaycanda hakim olması bizə təskinlik verir. Bu gün ölkəmizdə onun yarımçıq qalmış arzularını xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı altında  reallaşdırır. İndi Azərbaycanın haqq səsi dünyanın ən yüksək tribunalarından eşidilməkdədir. Biz buna Heydər Əliyev siyasi xəttinə sadiq qalmağımızla nail olmuşuq. Ölməzlik budur.

Öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir. Bu ömrün hər anından bizim öyrənəcəyimiz çox şeylər var. Çünki o böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq. Bizdən sonra gələnlər də bilməlidirlər ki, Azərbaycanın dünyanın hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir dövr var. Bu dövr 1969-2003-cü illəri əhatə edir. Həmin illər ölməz bir insanın Vətəninə, xalqına xidmət göstərdiyi illərdir. O illərdə tarixə yazılan hər səhifə xalqımızın həyatında yeni bir eraya çevrildi.

1969-1999-cu illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı,  14300 texniki yeniləşmə  metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Sovetlər Birliyində rəhbər vəzifədə olarkən uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı, eləcə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu  Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilmişdir. Ulu öndərimiz Azərbaycanın dəmir yolu haqqında bildirib:  “Dəmir yolu sahəsinin  Azərbaycanda  dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox itizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi”.

1970-ci ildən 1988-ci ilədək üç nəfər dəmiryolçu-maşinist Qəzənfər Əliyev, qazançı Qənbər Balayev və qatar tərtibatçısı Danil Bondaryova Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ad verilmiş, 21 nəfər Lenin ordeni, 241 nəfər "Qırmızı Əmək Bayrağı", 302 nəfər "Şərəf Nişanı", 27 nəfər "Xalqlar Dostluğu" ordeni, 24 nəfər "Oktyabr İnqilabı" ordeni ilə təltif olunmuşdur. Cəmi 843 dəmiryolçu ordenlərlə, 380 nəfər isə medallarla təltif olunmuşdurlar.

Böyük azərbaycanlı olan Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri bu gün Vətənini, torpağını sevən hər kəsin həyat kredosuna çevrilib.

 

- Hazırda Azərbaycanda  Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Bütün sahələr, o cümlədən Azərbaycanın dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Bu barədə nə deyə bilərsiniz?

- Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla  davam etdirilən irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında  da uğurla  həyata keçirilir. Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tarixində yeni era başlayıb. “Azərbaycan Dəmir Yolları” QSC müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də  ciddi yanaşır. Bu yöndə  XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Bu il bağlantının istismara verilməsi gözlənilir.

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Butun yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilirlər. Qeyd edək ki, Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atdı.

Azərbaycanın xüsusilə önəm verdiyi  beynəlxalq nəqliyyat layihələrindən biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Astara stansiyasından İİR sərhədinədək 8,3 km uzunluğunda yeni dəmir yolu xətti çəkilib, Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.

Son iki il ərzində tranzit potensialının artırılması istiqamətində olduqca uğurlu addımlar atılıb. 2015-ci il avqustun 3-dən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunu fəaliyyəti canlandırılıb.  Artıq bu marşrut üzrə bir neçə qatar yola salınıb.

13 may 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vikinq qatarı” layihəsinə qoşulub. “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir.

Son vaxtlar dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü  başlayıb. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin  yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib.

Bakı sərnişin vağzalında aparılan əsasalı təmir işləri  islahatlar prosesinin əsas tərkib hissələrindəndir. Vağzalın  əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulub, vağzal binasının daxilində tam yenidənqurma işləri görülüb. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib.

Bakı və Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda olan tıxac problemini aradan qaldırmaq üçün bu iki şəhər arasında bir zamanlar mövcud olan dəmir yolu   əlaqəsini  yaratmaq  zamanın tələbi idi. Bunun üçün, ilk növbədə, dəmir yollarının  əsaslı təmirinə ehtiyac var idi. 3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verildi, centyabrın 2-də işlər başa çatdırıldı.  Onu da qeyd edək ki, hələ 13 may 2015-ci ildə Bakıda “Stadler Rail Group”   şirkətindən  KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin  alınması üzrə saziş imzalandı və  artıq qatarların beşi də  Bakı-sərnişin stansiyasına gətirilib.

2015-ci il sentyabrın 12-də Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yolasalma  mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi.

 “Azərbaycan Dəmir Yolları” QSC-də gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri yolların əsaslı təmiridir. 2015-ci ilin oktyabr ayında təmir işlərinin  növbəti mərhələsinə start verilib, bu günə kimi 200 km-dən artıq dəmir yolu əsaslı təmir edilib. Bununla yanaşı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur.

Son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Qazaxstandan 10 ədəd teplovozun alınması üçün müqavilə imzalanmışdır. Artıq teplovozlardan hamısı ölkəmizə gətirilib.

 Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod”  Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmış, qısa müddət ərzində  yeni yuk vaqonları ölkəmizə gətirilmişdir.

Hazırda Bakı-Böyük-Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam etdirilir.

 

- Cavid müəllim, hazırda dəmir yolu sahəsində hansı yenidənqurma işləri həyata keçirilir?

- 2016-cı il oktyabrın 12-də “Azərbaycan Dəmir Yolları» QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin  Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verildi. Burada yoldəyşən qurğuların yığılması üçün yeni meydança tikilib. Bu meydancada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. Bu, Azərbaycan Dəmir Yolunun tarixində ilk dəfədir. Artıq 30-a yaxın  yeni yoldəyişən qurğu dəmir yolunun müxtəlif mənzillərində quraşdırılıb.

 Aparılan iri həcmli yenidənqurma işlərinini əsas tərkib hissələrindən biri də  «Azərbaycan Dəmir Yolları» QSC-nin inzibati binasında əsaslı təmir işlərinin həyata keçirilməsi oldu. Təmir işləri müasir standartlar səviyyəsində həyata keçirilib,   dam örtüyü tamam yenilənib, burada işləyənlər üçün müasir starndartlara uyğun iş şəraiti yaradılıb, bütün iş otaqları mebel və avadanlıqıqlarla, sürətli internet şəbəkəsinə qoşulub, isitmə və soyutma sistemi mərkəzləşdirilib. 

Bu dövr ərzində dəmiryolçuların mənzil şəraitinin  yaxşılaşdırılması  məqsədi ilə Cəmiyyət rəhbərliyi ilə MHİRK-in əlbir fəaliyyəti hamını  sevindirib. İki il ərzində 150 dəmiryolçu mənzillə təmin edilib. Dəmiryolçuların yenə də mənzillərlə təmin edilməsi nəzərdə tutulur.

28 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış oldu və görülən işləri yüksək qiymətləndirdi. Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Bakı vaqon deposunda “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb. Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Səyyar “ASAN qatar” vasitəsilə 4 dövlət orqanı tərəfindən 9 növ xidmət göstərilir. Eyni zamanda, qatarda 3 növ funksional yardımçı xidmətlər - foto və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilib.

Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevaın bu il fevralın 10-da Bakı Dəmir Yolu Vağzalında və “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında aparılmış yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olması,  kollektivimizə uğurlar arzulaması dəmiryolçularda böyük ruh yüksəkliyi yaradıb.

29 dekabr 2016-cı il tarixdən daha bir qatar -  Naxçıvan - Məşhəd -Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başladı. Sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar  günləri) hərəkətdə olur.   Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir. Dəmir yolunda islahatlar prosesi davam edir. Ulu öndərimizin dediyi kimi:  “Dəmir yolu Azərbaycan  iqtisadiyyatının böyük bir hissəsidir”.