YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin birlik və həmrəyliyinə böyük töhfələr verəcək

   Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov

- Fuad müəllim, məlum olduğu kimi bugünlərdə ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə - IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Sizcə, bu Forumun əhəmiyyəti nədən ibarətdir?

- Bilirsiniz ki, son illər Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. Bu baxımdan,  IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da öz miqyasına görə beynəlxalq müstəvidə böyük nüfuza malikdir. Ümumiyyətlə, bu gün dünyanın müxtəlif yerlərində siyasi, dini, etnik zəmində müharibələrin çoxalması mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi və inkişafı məsələsinin zəruriliyini daha da aktuallaşdırır.

Belə bir şəraitdə mədəniyyətlər və sivilizasiyalararası dialoq məsələsinin aktiv müzakirə predmetinə çevrilməsi bir zərurətdir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə bugünlərdə keçirilmiş  IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, 4-cü dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilib.

Daha əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində şübhəsiz ki, mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək.

- Azərbaycan «İslam Həmrəyliyi İli» çərçivəsində də bir çox önəmli tədbirlər həyata keçirir. Bu tədbirlər müsəlman ölkələri arasında həmrəyliyin güclənməsinə nə kimi töhfələr verəcək?

- Ümumiyyətlə, Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı olub.

Azərbaycan Şərqlə Qərb arasında bir körpüdür. Azərbaycan xalqı nadir xalqlardandır ki, həm Şərq, həm də Qərb dəyərlərini özündə birləşdirir. Zəngin milli dəyərlərimiz də buradan qaynaqlanır. Biz dünyada İslam ailəsinin bir parçasıyıq. Azərbaycanın müsəlman dövlətləri ilə münasibətləri qardaşlığa, dostluğa, səmimi əməkdaşlığa əsaslanır. Bu ölkələrlə bu münasibətlərimiz daha da  inkişaf etməkdədir.

Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında da  fəal təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birilərinin mənafe və mövqelərini müdafiə edirlər. Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu ölkələrin hər biri respublikamızın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapır.

Düşünürəm ki, Azərbaycanda 2017-ci ilin «İslam həmrəyliyi ili» elan olunması bütün müsəlman dövlətlərinə, bütövlükdə dünyaya bir mesajdır. Çünki hazırki şəraitdə İslam həmrəyliyi çox zəruridir. Məhz bu həmrəylik sayəsində müsəlman dünyasında münaqişələri, problemləri həll etmək, qarşılıqlı əlaqələri daha da genişləndirmək mümkündür. Çox sevindirici haldır ki, Azərbaycan belə bir təşəbbüslə çıxış edib. Bu fakt bütün müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir. 

- Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. IV İslam Həmrəyliyi Oyunları haqqında fikirlərinizi bilmək istərdik...

- Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində əhəmiyyətli rol oynayan ən başlıca amil də məhz Azərbaycanın daim İslam dünyasında əməkdaşlığa, inkişafa və həmrəyliyə öz töhfələrini verməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik.

IV İslam Həmrəyliyi Oyunları həm Azərbaycanın gücü və nüfuzunu bir daha nümayiş etdirəcək, həm də müsəlman aləmini - İslam ölkələrini Şərq və Qərbin qovuşuğunda birləşdirəcək. Paytaxt Bakının belə bir mötəbər tədbirə ev sahibliyi etməsi həm də ona görə əlamətdardır ki, dünya Oyunların tarixində bir rekorda, yəni 57 ölkənin idmançılarının iştirakına şahidlik edəcək.
Bilirsiniz ki, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyevanın Təşkilat Komitəsinə rəhbərlik etməsi bu mötəbər tədbirin yüksək səviyyədə keçiriləcəyinə tam əminlik yaradır. Bunu «Evrovision – 2012» mahnı yarışması və «Bakı-2015» Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunub keçirilməsinin timsalında da  daha aydın şəkildə görə bilərik.

Bütövlükdə, hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin birlik və həmrəyliyinə böyük töhfələr verəcək.

- Fuad müəllim, bu Oyunlar Azərbaycanın dünyada nüfuzlu idman ölkəsi kimi mövqeyinin güclənməsinə nə dərəcədə təsir göstərəcək?

- Beynəlxalq müstəvidə Azərbaycan nüfuzlu idman ölkəsi kimi tanınır. Çünki Azərbaycan nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi  edir. Eyni zamanda, idmanımızın  beynəlxalq səviyyədə uğurları da ildən-ilə artır. Bu baxımdan, əlbəttə ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi həm də ölkəmizin böyükmiqyaslı idman yarışlarına ev sahibliyi etmək imkanlarına malik olması reallığını nümayiş etdirir. Ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin səmərəli nəticələrindən biri də idman sektorunun davamlı tərəqqiyə malik olmasıdır. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib.

Ölkəmizin birinci Avropa Oyunları kimi qitənin bir nömrəli idman yarışına uğurla ev sahibliyi etməsinin, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi ölkə kimi seçilməsinin arxasında məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır.

Bilirsiniz ki, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurları hər zaman artır. Dövlət bayrağımızın nüfuzlu yarışlarda zirvələrə yüksəldilməsi hər birimizdə qürur hissi doğurur. Mən inanıram ki, bu Oyunlarda da Azərbaycan idmançıları yüksək nəticələr göstərəcək və bayrağımızı zirvələrə yüksəldəcəklər.

- Azərbaycan gənclərinin bu proseslərdə iştirakını necə qiymətləndirirsiniz?

- Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, bu o deməkdir ki, idmanın kütləviliyi həm də gənclərin inkişafı yönündə görülən işdir. Bilirsiniz ki, ölkəmizdə gənclərin inkişafına dair proqramlarda idmanın inkişafı prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işlərinin aparılması, onların idmana cəlb olunması bu məsələdə xüsusi əhəmiyyət kəsb edir. Çünki əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ona görə də, ölkə rəhbərliyi tərəfindən idmanın inkişafı hər zaman diqqət mərkəzindədir.

Bilirsiniz ki, idmançılarımızın da mütləq əksəriyyəti gənclərdir. Respublikamızda müasir idman infrastrukturu yaradılıb ki, gənclərimiz bu imkanlardan geniş şəkildə bəhrələnirlər. IV İslam Həmrəyliyi Oyunlarında gənclərimiz öz sözlərini deyəcəklər. Eyni zamanda, bir məsələni də vurğulamaq istəyirəm ki, bu Oyunlarda 8 mindən çox gənc könüllü kimi iştirak edəcək. Bu fakt, Azərbaycan gəncliyinin ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən proseslərdə fəal iştirak etməsinin göstəricisidir.