YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın dövlətçilik tarixinin çox mühüm bir səhifəsidir

Müsahibimiz Milli Məclisin deputatı Hikmət Babaoğlu

-Hikmət müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb. Ümumiyyətlə, Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolu nədən ibarətdir?

-1918-ci ildə Azərbaycan xalqının ictimai, siyasi, mədəni düşüncəsinin məhsulu olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandı. AXC Azərbaycanın beş minillik dövlətçilik tarixində xüsusi bir həlqədir. 1813-cü və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Çar Rusiyasının tərkibində müstəmləkə olmaqla çoxsaylı aşınma və repressiyalara məruz qalmışdı. Bu mərhələdə, həmçinin Azərbaycanda elmin, təhsilin, müstəqil iqtisadi siyasətin inkişafı üçün  hər hansı bir şərait olmamış, hətta xalqımızın qarşısına müxtəlif maneələr çıxarılmışdı. Belə olan halda, təqribən 90 il sonra yeni əsrin çağırışlarına – yeni dövrün tələblərinə uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdı. Şübhəsiz ki, AXC-nin yaradılması Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev qeyd edib ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır: “O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasları xeyli öncədən qoyulmuşdu. Belə ki, Cümhuriyyətin yaranmasını təmin edəcək ciddi intellektual, fəlsəfi, sosial və siyasi əsaslar XIX əsrin ortalarından başlayaraq formalaşdırılmışdı. Azərbaycan ictimai-mədəni və intellektual mühitində mühüm yer tutan maarifçilik hərəkatını bu kontekstdə xüsusi olaraq qeyd etməliyik. Abbasqulu ağa Bakıxanov, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin  Rəsulzadə, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və digər maarifçi mütəfəkkirlər o dövrdə Çar Rusiyasının ictimai-mədəni mühitində fəal mövqedən çıxış edərək yeni dövlətçiliyin yaranması üçün mədəni, ictimai və siyasi əsaslar formalaşdırırdılar. Əlbəttə ki, o dövrün fədakar maarifpərvər insanları olmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ideyası və məqsədinin gerçəkləşməsi də xeyli çətin olardı.

Bu dövrdə Çar Rusiyası daxilində mövcud olan ictimai-siyasi mühit və proseslərin dinamikası bu siyasi coğrafiyada xalqların milli özünüdərk və özünəqayıdış amalı ilə hərəkət etməsini şərtləndirirdi. Bu tarixi mərhələni Azərbaycan xalqının tarixində passionar təkan mərhələsi kimi xarakterizə etmək olar. Əlbəttə, bu, təkcə Azərbaycan xalqının ictimai-siyasi münasibətlərə fəal cəlb edilməsi ilə bağlı deyildi, Çar Rusiyası daxilində yaşayan çoxsaylı xalqlarda passionarlıq özünü göstərirdi. Burada daha çox iki proses müşahidə edilirdi: birincisi, dini özünüdərk və  özünəqayıdış, ikincisi isə, milli özünüdərk və özünəqayıdış. Dini özünüdərk və özünəqayıdışdan bəhs edərkən qeyd etmək lazımdır ki, bu dövrdə yaranan ictimai və siyasi təşkilatlar dini həmrəyliyi, özünüdərki və mənafeyini başlıca prinsip və tezis kimi irəli sürürdülər. Azərbaycanda yaranan Müsavat Partiyası da ilkin mərhələdə Çar Rusiyasında yaşayan müsəlmanların hüquqlarının qorunması  məsələsini fəaliyyət prinsipi kimi müəyyənləşdirmişdi. Bundan sonra ictimai-siyasi proseslər inkişaf etdikcə Velikorus şovinizminin təsiri və təzyiqi ilə yeni əks-təsir platforması formalaşmağa başladı. Yəni milli özünüdərk və özünəqayıdış prosesi çərçivəsində xalqların ictimai və siyasi fəallığının fonunda milliyyətçilik ideyaları özünü göstərməyə başladı. Təsadüfi deyil ki, elə bu mərhələdə türkçülük, islamçılıq və müasirlik fəlsəfəsinə söykənən cərəyanlar intişar tapdı. Bütün bunlar 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ideya əsaslarını formalaşdırdı.

1917-ci ildə Çar Rusiyasında baş vermiş inqilabdan sonra formalaşmış yeni situasiyanın fonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün ictimai-siyasi əsaslar yarandı. Çar Rusiyasında baş verən hadisələr nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə, Zaqafqaziya Parlamentini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası faktiki olaraq Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi. Zaqafqaziya Seyminin ən aktiv üzvləri olan Azərbaycan nümayəndələri 1918-ci il aprelin 9-da Zaqafqaziya Seyminin - Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Bununla belə, istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin ziddiyyətlərin ortaya çıxması Zaqafqaziya Seymini dağıtdı və mayın 25-də gürcü nümayəndələr, mayın 27-də Seymin Müsəlman Fraksiyası Seymdən ayrıldıqlarını bəyan etdilər. Zaqafqaziya Müsəlman Şurasının ayrıca iclasında isə Azərbaycanın müstəqilliyinin elan edilməsinə qərar verildi. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və Fətəli xan Xoyski Azərbaycanın müstəqilliyini elan etdi.  

Nəhayət, 28 May 1918-ci il tarixində Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamında qeyd edilmişdir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi: “Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.

-Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş qərarların önəmini necə qiymətləndirirsiniz?

-Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsasları müəyyənləşdirildi. Cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı, parlamentarizm ənənələri formalaşdırıldı, idarəetmənin hüquqi əsasları yaradıldı. Prezident İlham Əliyevin yuxarıda bəhs olunan Sərəncamında diqqətə çatdırılıb ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini bərabərsizliyi ortadan qaldırdı: “Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”.

Maraqlı bir nüansı diqqətə çatdırmaq lazımdır. Belə ki, həmin dövrdə qəbul edilən qərarlardan biri İrəvanın ermənilərə güzəştə gedilməsi oldu. Əslində, bu qərar 1903-1905-ci illərdən başlayaraq 1918-ci ilə qədər davam edən ermənilərin azərbaycanlılara qarşı terror və soyqırımı aktlarından xilas olmaq cəhdi idi. Cümhuriyyətin qurucuları düşünürdülər ki, bununla erməni problemindən qurtulacaqlar və hərbi-siyasi konfliktlər başa çatacaq.  Amma bu, özünü doğrultmadı, hətta müəyyən mərhələlərdə biz erməni məsələsinin daha da kəskinləşdiyini müşahidə etdik.

-Olduqca mürəkkəb bir tarixi dönəmdə və geosiyasi şəraitdə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz?

-Azərbaycan Xalq Cümhuriyyətinin  dövlətçilik tariximizdəki yeri və rolundan bəhs edərkən onun beynəlxalq əlaqələrinə, xarici siyasətinə də ayrıca nəzər yetirmək lazımdır. Məlumdur ki, indi islamofobiya kimi təzahür olunan meyillər o dövrdə də özünü göstərirdi, türk-müsəlman dövlətlərinə qarşı çıxış edən, bu ölkələrin güclənməsini istəməyən Qərb ölkələri diktə edən tərəf kimi AXC də daxil olmaqla türk-müsəlman siyasi coğrafiyasında güclü, müstəqil dövlətin fəaliyyət göstərməsini istəmirdilər. Belə bir şəraitdə Cümhuriyyətin qurucuları və dövlət xadimləri, diplomatlarımız çox böyük fədakarlıq göstərərək AXC-nin beynəlxalq müstəvidə tanınması uğrunda gərgin fəaliyyət göstərdilər və uğurlu nəticələrin əldə olunmasını təmin edə bildilər. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Parlament sədrinin uzunmüddətli səyləri və fəaliyyətinin nəticəsi kimi, Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olundu. Bu prosesdə Paris Sülh Konfransı və orada qəbul olunan qərarlar da mühüm rol oynadı. Çox təəssüf ki, 1920-ci il aprel ayının 28-də AXC yenidən rus-bolşevik işğalı nəticəsində öz müstəqilliyini itirdi. Ancaq buna baxmayaraq, bu dövlət Azərbaycanın dövlətçilik tarixində öz rolunu oynamaqla növbəti siyasi proseslər üçün mühüm zəmin və siyasi-hüquqi miras yaratdı.

- Bəs AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolunun daim xatırlanması və təbliğ olunmasının əhəmiyyəti nədən ibarətdir?

Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli liderin adı ilə bağlıdır. Bundan başqa, Ordu Günü, Respublika Günü və bu kimi digər tarixlərin məhz Cümhuriyyət dövrü əsasında müəyyənləşdirilməsi də ayrıca qeyd edilməlidir. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan dəyərin, hörmət və ehtiramın nümunəsidir.

Qeyd etdiyimiz kimi, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Çünki bununla dünya ictimaiyyəti görür və dərk edir ki, Azərbaycanın zəngin dövlətçilik tarixi və ənənələri var, müasir müstəqil Azərbaycan zəngin dövlətçilik ənənələri əsasında formalaşıb.

Ona görə də AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar bunu aşkar şəkildə ifadə edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamları bu qəbildən olan nümunələr sırasında xüsusi olaraq qeyd edilməlidir.

Onu da qeyd etmək lazımdır ki, bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasəti və zəngin dövlətçilik ənənələri ilə təmsil olunur. Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin siyasəti nəticəsində hazırda beynəlxalq arenada özünə layiqli yer tutan Azərbaycan həm Cümhuriyyət dəyərlərini yaşadır, həm də öz müstəqil siyasəti ilə fərqlənir. Bütün bunların fonunda iki başlıca nüans özünü göstərir: birincisi, hər kəs aydın dərk edir ki, Azərbaycan dövlət qurmağı və onu müstəqil şəkildə, məharətlə idarə etməyi bacarır. İkincisi isə, istər həyata keçirilən müstəqil siyasət, istərsə də dövlətçilik ənənələrinin yaşadılması Azərbaycan cəmiyyətində fərdlərin özlərini dövlətlə identifikasiya etməsini şərtləndirir. Prezident İlham Əliyevin bəhs olunan Sərəncamında bütün bu məsələlər öz əksini tapıb. Sərəncamda qeyd edilib: “Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”.

Doğrudan da, hər bir xalqın əldə etdiyi nailiyyətlər həm də onun milli və tarixi yaddaşı ilə əsaslandırılır. Xalqımızın milli yaddaşında min illərlə ölçülən dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. AXC-nin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam da məhz bu məqsədə xidmət edir.